10.05.2023 16:33
Şeyxi saymayan imamlar... - Məscidlərdə “təmizləmə əməliyyatı”
Son vaxtlar mətbuatda bir neçə imamın məsciddəki vəzifəsindən istefa verməsi ilə bağlı məlumatlar yer alıb. Onların hansı səbəbdən istefa vermələri açıqlanmasa da, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının sözləri bu barədə ipucu verdi.
Komitə sədri həmin imamların Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin fətvasına əməl etmədiklərini bildirib. Bu açıqlama cəmiyyət tərəfindən böyük müzakirələrə səbəb olub.
Bəs görəsən, həmin imamlar niyə QMİ-nin fətvasına uymur? Onlar şeyxi dini lider kimi qəbul etmirlər, yoxsa xaricdən gələn fətvaları dinləyirlər?
XəzərNews.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, xaricdən gələn təlimatlara uyan hər bir dindar potensial terrorçu, kriminal fəaliyyətə meylli şəxs kimi qiymətləndirirlməlidir:
“Bu xaricdən asılılıqla bağlıdır. Bir çoxları təlimatı xaricdən alır, ona görə də daxildə Azərbaycan Respublikasının Konstitusiyasına, din sahəsi ilə məşğul olan qurumların təlimatlarına uyğun fəaliyyət göstərmək istəmirlər. Yaxud da bu təlimatlara uyğun fəaliyyət göstərirlərmiş kimi görüntü yaratsalar da, mahiyyətcə başqa yerlərdən təlimat alırlar. Bu da bizim müstəqil dövlət kimi varlığımız üçün təhlükədir. Ümumiyyətlə, Azərbaycana kənardan hər hansı dini tapşırıq icra etməyə yönəlik bütün fəaliyyətlərə qarşı ən sərt mövqe sərgilənməlidir. Çünki bu, bizim milli təhlükəsizliyimizlə bağlı məsələdir. Bizə düşmən olan ölkələrin din xadimləri tərəfindən Azərbaycanda hansısa dindar yönləndirilirsə, o, tipik terrorçu və ölkə qanunlarına tabe olmayan, kriminal fəaliyyətə meylli şəxs kimi anlaşılmalıdır, çünki bunun başqa adı yoxdur. Dindar səmimi inancını davam etdirər, gedib sakitcə məsciddə namazını qılar, dövlətin dediyi vaxtda bayram namazını qılar, dövlətin müəyyən etdiyi şərtlər altında asayişin qorunmasına, təhlükəsizliyin təmin olunmasına köməklik göstərər. Dindar o demək deyil ki, öz kefi istədiyini etsin, dövlətə qarşı getməyə özünə haqq qazandırsın. İbadəti gözə soxmaq, onu siyasiləşdirmək, hansısa ölkənin simvolları ilə onu təqdim etmək yolverilməzdir”.
Millət vəkili bu kimi hallarla mübarizəndə dövlət qurumlarını dəstəklədiyini bildirib:
“Azərbaycan dövləti belə şeylərə yol verə bilməz. Ona görə də mən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdə atdığı bütün addımları dəstəkləyirəm və hesab edirəm ki, bunlar normal addımlardır. Hətta son vaxtlar məscidlərə qadın imamların təyin olunması da çox müsbət haldır, bu tendensiyanı da genişləndirmək lazımdır. Qanunlarımıza tabe olmayan şəxslər məscidlərdə öz tabe olduqları çevrələrin təbliğatını apara biməzlər, dövlətimiz buna yol verə bilməz. Azərbaycan dindarı inanclı şəxs olmaqla yanaşı, birinci növbədə Azərbaycanın vətəndaşıdır, Konstitusiyaya tabe olan subyektdir. Tabe olmursansa, sənə qarşı atılan addımları da normal qarşılamalısan, çünki heç bir dövlət öz daxilində özünə qarşı təbliğat aparan başqa ölkələrin maraqlarını təmin etməz. Azərbaycan da bu cür şəxslərin qarşısında sərt şəkildə dayanacaq”.
Onun sözlərinə görə, dövlətə qarşı təbliğat aparan dindarlar rəsmi mövqelərdən hökmən uzaqlaşdırılmalıdırlar:
“Bu məsələdə imamların Şeyxə tabe olmamağından söhbət getmir, çünki üzdə hamısı tabe olurlar, lakin arxa planda apardıqları təbliğat birbaşa Azərbaycan dövlətinin əleyhinə olan təbliğatdır. Xurafatı, cəhaləti yaymaq elə dövlətimizin dünyəvi quruluşuna qarşı təxribatın başqa bir növüdür. Ona görə də bu cür təxribat xarakterli fəaliyyət göstərən şəxslər rəsmi mövqelərdən uzaqlaşdırılmalıdırlar. Cəmiyyətdə də onlar hər hansı tabesizlik göstərərsə, bu zaman onlar dövlətin qanunları ilə cəzalandırılmalıdır. Çünki biz dünyəvi dövlətik, din dövlətdən ayrıdır və dini siyasiləşdirmək olmaz. Dini siyasiləşdirən bütün qüvvələrə qarşı ən sərt, amansız formada mübarizə aparılmalıdır. Burada söhbət təkcə hüquq-mühafizə orqanlarının mübarizəsindən getmir, həm də ideoloji, siyasi mübarizə aparılmalıdır. Bu istiqamətdə də həm Qafqaz Müsəlmanları İdarəsinin yanaşmaları xeyli dəyişib, məsələlərə daha prinsipial yanaşma göstərirlər, eyni zamanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu istiqamətdə birmənalı şəkildə dövlətin maraqlarını təmin edən, başqasının inancına müdaxilə etməyən fəaliyyət göstərir ki, bu da normaldır”.
Xəbər 4377 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|