1997-ci ildə uzaq Moldovada bir oğul dünyaya gəldi. Atası azərbaycanlı, anası moldavan olan bu uşağa Romir adı qoysalar da ailə və yaxınları onu əzizləyərək Rameş kimi çağırırdı. Balaca Romir 1 yaşının tamamında anası ilə birgə Azərbycana – Lənkəranın Aşagı Nüvədi kəndinə köçür. Ata Rəşadət Əliyev Moldovada işlədiyi üçün davamlı gedib-gəlsə də ana ilə bala bir-birinə sığınıb azərbaycanlı olmağa çalışdılar. Mənən və ruhən azərbaycanlı olsalar da illərdir anaya vətəndaşlıq verilməyib, miqrasiyanın get-gəli isə onu hövsələdən çıxarmayıb. 25 il davamlı olaraq Azərbaycanda miqrant kimi yaşayıb, amma bezməyib, Azərbaycanı sevməkdən vaz keçməyib, bürokratiya isə bu sevgiyə mane olmayıb. Vətənə əsgər böyüdüb, onu təmtəraqla yola salıb, geri qayıdanda isə boynuna sarılıb, 1,6 illik həsrət bitdi deyərək bərk-bərk qucaqlayıb, qoxusunu var gücü ilə içinə çəkib...
Ananın bu sevinci çox çəkmir. Yağı düşmən atəşkəsi pozmuşdu, Vətən darda idi... Bütün qanı və canı ilə azərbaycanlı olan Romir Vətənin bu dar günündə orduya getmək istəyirdi. Artıq Lənkəran şəhərinə 2 şəhid gəlmişdi, hamı kimi ana da narahat idi, getmə, məni tək qoyma deyirdi. Oğul isə israrlı idi...
Romir Əliyevi tanıyaq
Romir Əliyev 14 may 1997-ci ildə Moldova Respublikasında anadan Ana tərəfdən moldovan idi. Orta məktəbi bitirdikdən sonra 2015-ci ildə hərbi xidmətə yollanıb. 2017-cı ildə hərbi xidmət müddətini bitirmiş və mülki şəxs olaraq fəaliyyətini davam etdirib.
27 sentyabr 2020-ci il başlanan Vətən Müharibəsində Romir Əliyev könüllü əsgər olaraq iştirak edib. Cəbrayılın, Füzulinin, Zəngilanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub.
Romir Əliyev 20 oktyabr 2020-ci ildə Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
Romir Əliyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edildi.
Dedi ata gedirəm, bayrağımı qapıdan asarsan...
Şəhidin atası Rəşadət Əliyev Romirin 1997-ci ildə Moldova Respublikasında anadan olduğunu, 1 il sonra isə Lənkərana köçdüklərini bildirib: “Anası moldovandır, onlar burda yaşasa da mən gedib-gələrdim. Çox sakit və həyalı uşaq idi. Mən heç vaxt onu hansısa iş üstündə danlamamışam. Səhf etmirəmsə bir dəfə hansısa iş üstünüdə sadəcə deyinmişəm, vəssalam. Orta məktəbi yaxşı oxuyub, 8-ci sinifdən idamana gedib. Müəllimi də Vüqar Soltanov idi. İdmana gedəndən 6 ay sonra yarışlara, olimpiadalara qatılıb. İlk dəfə Bakıda keçirilən yarışların birində uduzdu və elə o gündən idmanı buraxdı. Müəllimi V.Sultanov 3 ay gəlib-getdi ki, o idmana davam etsin. Lakin Romir idamana bir də qayıtmadı. Ali məktəbə hazırlaşmağa başladı və sənədlərini Bədən Tərbiyəsi və İdman Akademiyasına verdi. Test imtahanını versə də müsabiqədən keçmək üçün 5000 manat pul istədilər. İmkan olmadı o pulu verməyə, belə olan halda da keçə bilmədi. İkinci il hazırlaşanda Hərbi komissarlıqdan möhlət sənədi tələb etdilər, o sənədi vermək üçün komissarlıqda bizdən 2000 manat pul istədilər. Yenə də imkanımız olmadı. Belə olan halda Romir hərbi ximətə getməyə qərar verdi”.
R.Əliyev deyir ki, 2015-ci ildə Romir əsgər gedib və xüsusi təyinatlıların kəşfiyyat bölüyündə xidmətə başlayıb: “6 ay hazırlıqdan sonra onu başqa hərbi hissəyə apardılar. Romir həm də “Aprel döyüşləri”nin iştirakçısı idi. Hərbi xidmətdən qayıtdıqdan sonra 5-6 ay istirahət etdi. Sonra yenidən ali məktəbə hazırlaşdı və Lənkəran Dövlət Universitetinin Aqronomluq fakültəsinə qəbul oldu, amma oxumadı. Belə olan halda inşaat materiallarının satış yerində satıcı, daha sonra isə Çay fabrikində çalışdı. İlk əmək haqqını gətirib mənə verdi, amma qəbul etmədim, dedim bu sənin haqqındır. Beləliklə, müharibəyə gedənə qədər hətta iki növbədə işlədi. 10 aydan sonra - sentyabrın əvvəlində bütün əmək haqlarını toplayıb yenə mənə verdi, hardasa 5000 manat... Yenə qəbul etmək istəmədim, dedim ki, bu pulla onun toyuna hazırlıq işlərinə başlayaq, razı olmadı”.
R.Əliyev deyir ki, sentyabrın 27-də müharibə başlayır və Lənkərana 2 şəhid gəlir: “Sentyabrın 28-də mənə zəng gəldi və Romiri komissarlığa çağırdılar. Sən demə özü könüllü yazılıbmış, biz bunu sonradan öyrəndik. Mənim yoldaşım miqrant olduğu üçün (Romir şəhid olana kimi qeydiyyata alınmırmış) Romirin səfərbərliyə çağırılması qanunvericiliyə zidd idi. Düzdür anası bir az canfəşanlıq etdi, amma Romir fikrində qəti idi, mənə “Allaha and verdi”, getmək istəyirdi. Dedi mənə taksi çağır, sən gəlmə, elə də etdim... Həyətdə oturub ayaqqabısının bağını bağlayırdı, mən də yanında idim, “dedi ata gedirəm, bayrağımı qapıdan asarsan”. Və biz Romiri müharibəyə yola saldıq. Səhərə yaxın zəng vurdu və Ağcəbədidə olduğunu bildirdi. Sentyabrın 30-da danışdıq, məlum oldu ki, 3 günlük təlimdən sonra cəbhə bölgəsinə aparıblar. Oktaybrın 1-də təkrar danışdıq, dedi Füzulidəyik... Elə bu söz ağzında qaldı, telefonda güllə səsləri ara vermirdi. Bu hadisədən sonra 4 gün zəng gəlmədi. Nəhayət 5-ci gün əlaqə yaratdı və Cəbraildə olduqlarını bildirdi, çox sevinirdi”.
Sən demə həmin gün şəhid olubmuş...
Romirin atası deyir ki, şəhid oğlu döyüşə-döyüşə Zəngilana qədər gedib: “Sonuncu danışığımız oktyabrın 18-də oldu. Dedi ata böyrəylərim ağrıyır, evə gəlsəm məni müalicə etdirərsən? Bu dəhşətli mənzərə idi, çox pis oldum, əlbəttə dedim. Bir saat danışdıq, dedi haqqını halal et və çoxlu-çoxlu dua Oktyabrın 20-də işdə idim, qarşıma yemək qoydular, istədim yeyəm, əlim, bədənim əsməyə başladı. Ev sahibi dedi ki, sənə nə oldu? Dedim bilmirəm, deyəsən uşağıma nə isə olub. Kənara çəkilib Romiri yığdım, telefonu açmadı, evə gəldim, gecə saat 3-ə kimi onu təkrar yığdım. Sən demə həmin gün şəhid olubmuş. Səhər açıldı, yuxusuz olduğum üçün halım yox idi. İşə də getmədim. Oktyabrın 21-də axşam tərəfi gördüm ki, yollarımıza çınqıl tökürlər. Bizim küçədən 3 nəfər müharibəyə getmişdi. Fikirləşdik ki, görəsən hansı evə şəhid gəlir. Evdə oturdum, xanımıma dedim ki, məhəlləyə şəhid gəlir, gözləyək, əgər qapı döyülsə, deməli, şəhid bizim qapıya gəlir. Heç 25-30 dəqiqə keçməmişdi ki, qapımız döyüldü və dedilər ki, oğlun şəhid olub. Füzuliyə getdik, qospitala girdim, kaş girməyəydim, öz oğlum yaddan çıxdı... Nə isə Romiri götürüb Lənkərana qayıtdıq və oktyabrın 22-də dəfn etdik”.
Şəhid atası deyir ki, onun bir vərdişini heç vaxt unutmur: “Evə giriş pillələrini həmişə qaça-qaça çıxardı. Mən görmədim ki, o pillələri bir dəfə yeriyə-yeriyə düşsün. O vərdişi hərdən yadıma düşür və kövrəlirəm... Biz hər gün görüşər və qucaqlaşardıq. Namaz qılar, oruc tutardı. Şəhidlik məqamına inanardı. Tək oğul övladım idi, indi bizim üçün çox çətindir. O məndən nə istəyib, etmişəm. Ona çox güvənər, inanardım. Romirdən sonra biz evə qapandıq. Bizi elə Romirin müəllimi Vüqar Soltanov xilas etdi, hər gün gəlib mənimlə söhbət apardı, şəhər çıxartdı... Belə-belə indi-indi özümə gəlirəm. Küçənin girişində Şəhidlər Xiyabanı düzəltmişəm, bütün o işləri Romirin 11 min manat sığorta pul ilə etmişəm, qəsəbənin 7 şəhidini ora “toplamışam”. Ərazini zibillikdən təmizləyib, orda həm də dayanacaq düzəltmişəm. İndi mən həmin xiyabanın təmizliyi ilə məşğul olur, əmək haqqı alıram. Mən ordan aldığım vəsaiti də ancaq ora sərf edirəm. Başımı qarışdırmağa ordan yaxşı yer yoxdur. Amma anası hələ də gərginlikdən, stressdən çıxa bilmir. İnsan nə qədər evdə oturar? Yaxşı olardı ki, anasını da işlə təmin etsinlər. Dərziliyi bacarır, məşğulluğa da müraciət etmişik, amma nəzərə alan yoxdur. Yaxşı olardı ki, ailələrə bu kimi məsələlərdə yardım etsinlər. Biz çox şey istəmirik axı?!”.
R.Əliyev deyir ki, son bir ildə rayon İcra Hakimiyyəti şəhid ailələri ilə daha sıx işləməyə başlayıb: “Başçının müavini var idi, Vəsilə xanım, işdən çıxardılar və indi işi məhkəmədədir. Vəsilə xanım başçı ilə bizim aramızda keçilməz sədd idi. O, bir il bizim haqqımız yeyib, hər dəfə bizi qarşılayar, yola verərdi. Ondan sonra vəziyyət tamamilə dəyişib, yəni düzəlib. İndi biz başçının otağına evimizə girən kimi giririk. Bizimlə bir yerdədi, problemlərimizin həllinə dərhal reaksiya verir. İldönümlərin keçirilməsi ilə bağlı bütün şəhid ailələrinə 1000 manat vəsiat ayırır ki, mərasimləri rahat keçirə bilsinlər. Məmurları şəhid ailələrinin evinə göndərir, onların problemləri ilə maraqlanırlar. Biz sadəcə diqqət istəyirik və hazırda onu da hiss edirik. Amma 5-6 ay əvvəl belə deyildi. Mən şəhid övladımın birinci ildönümünü keçirmək üçün kredit götürmüşəm, hələ indi də ödəyə bilmirəm. Problemimiz də yox deyil, məsələn, evimiz su damır. Yaşat Fonduna müraciət etmişəm, elə bir vəsiat ayırıb ki, onunla yalnız şəhidin otağını birtəhər düzəldib muzeyə çevirmiş, əşyalarını, fotolarını ora toplamışıq”.
Oğlum öz qanı ilə mənə vətəndaşlıq aldı
Şəhidin anası Miroslava Əliyeva Romirin digər gənclərdən fərqli olaraq geniş sosial həyatı olmadığını söylədi: “İşdən gəlib ancaq evdə oturar, atası ilə televizora baxar, telefonla məşğul olardı. O nə məni, nə də atasını heç zaman incitməyib. Ailəmizin daha möhkəm və Vətənə sədaqətli olması üçün Azərbaycana gəlməyimiz vacib idi. Mən yeganə oğlum Romiri milli ruhda, Azərbaycan ənənələri ilə Vətənə, millətə bağlı şəkildə böyütdüm. Adətən Ana Vətən deyirlər. Buna görə də Romirimə deyirdim ki, Azərbaycan sənin həm anandır, həm də atan. Oğluma heç zaman anasının başqa millətdən olduğunu hiss etdirmədim. Digər şəhidlərimizi də öz balamdan ayırmadım. Hərbiyə marağı çox idi, 3 dəfə də sənəd verdi, anası – yəni mən miqrant - Moldovalı olduğum üçün götürmədilər. Amma müharibəyə apardılar... Mühribədə tez-tez danışırdıq, deyirdi ana darıxma. Amma necə darıxmayım, axı mən anayam. Bir oğlum, arxam var idi, o da Vətən yolunda şəhid oldu. Azərbaycan mənim Vətənimdir, mən 25 ildən çoxdur burda yaşayıram. İllərdir Miqrasiya Xidməti məni qeydiyyata almadı, hər il pul verib vaxtı uzatmaqla yaşadım, amma bezmədim, Azərbaycanı sevdim. Uşaqlarıma da şəxsiyyət vəsiqələrini pul verib almışıq. Romir şəhid olandan 3-4 ay sonra isə mənə vətəndaşlıq verdilər. Azərbaycanda mənim kimi 3 şəhid anası var, hər üçümüzə şəxsiyyət vəsiqəsi verdilər. İllər sonra, belə çıxır ki, oğlum öz qanı ilə mənə vətəndaşlıq aldı”.
Moldovan əsilli şəhid anası açıqlaması zamanı hazırda işlə təmin olunmaq istəməsini də dilə gətirib: "Mən 25 il Azərbaycanda miqrant kimi yaşadığım üçün mənə rəsmi olaraq işləmək hüququ verilmədi. Oğlum şəhid olduğu zaman Lənkəran rayon İcra Hakimiyyətinə iş üçün müraciət etdim. Onlar həyat yoldaşımı Şəhidlər Xiyabanında abadlıq işləri ilə bağlı işə cəlb etdikləri üçün o zaman mənə işlə bağlı kömək edə bilməyəcəklərini bildirdilər. İndi Romirin atası hər gün öz oğlunun uyuduğu xiyabandakı torpağı belləyir. Sanki o, torpaqdan oğlumuzun qoxusunu alır. Mən isə Məşqulluq Mərkəzinə iş üçün müraciət etmişəm. Həmçinin dərzi kimi fəaliyyətə başlamaq üçün özünəməşqulluqla bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində qeydiyyatdan keçmişəm, amma hələ ki, konkret bir cavab ala bilməmişəm. Dərzi kimi fəaliyyətə başlaya bilsəm, ilk işim əsgərlərimiz üçün hərbi formalar tikmək olacaq. Əminəm ki, öz əllərimlə hazırladığım formaları geyinən əsgərlərimiz onu şəhid anasının tikdiyini bildikləri zaman daha şücaətlə və mərdliklə döyüşəcəklər. Həm də başım qarışar, evdə qala bilmirəm, hara baxıram Romiri görürəm, onun fotolarına baxıb daha da həyəcanlanıram".
Ana deyir ki, ən böyük arzusu Birinci-vitse Prezident Mehriban Əliyeva ilə görüşməkdir: “Bəlkə də vurduğum teleqramlar ona gedib çatmır, axı o şəhid ailələrinə qarşı çox diqqətlidir. Bu məsələdə bir az da şübhəliyəm, nə zaman teleqram vururam, İcra Hakimiyyətindən bizi çağırırlar. Əslində heç bir xahişim də yoxdur, sadəcə görüşmək istəyirəm. Müraciət etmişəm, inanıram ki, o məni qəbul edəcək”.
Şagirdlərimiz şəhidlərimizi unutmur
Aşağı Nüvədi kəndində ailə ilə görüşdükdən sonra Romirin təhsil aldığı orta məktəbdə olduq, şəhidin müəllimləri ilə görüşdük.
Şəhidin müəlliməsi Zümrüd Əliyeva deyir ki, Romirə 5-ci sinifdən dərs deyib: “Romir orta səviyyədə oxuyan şagird olsa da əxlaqı və tərbiyəsi əladan da yuxarı idi. Mən 5-6 il müddətində bir dəfə də ona irad bildirməmişəm. Sakit, nizam-intizamlı şagird idi, məktəbə aid bütün dərs vəsaitləri qaydasında olardı. Məktəbdən kənar da özünü sinifdəki kimi aparırdı. Biz onun üçün çox heyfsəlinik. Hər dəfə onun üçün salınan Şəhidlər Xiyabanının yanından keçəndə ötən illərə qayıdır, onu xatırlayıram. Çox sakit idi, onun kimi şagirdlərə indi çox az-az təsadüf edirik”.
Zümrüd Əliyeva deyir ki, hazırda şagirdlərimiz arasında çox yüksək vətənpərvərlik və azərbaycançılıq hissi formalaşıb: “Şagirdlərimiz şəhidlərimizi unutmur. Onların məzarlarını ziyarət edir, şücaətlərindən ağız dolusu danışırlar. Biz də müəllim kollektivi olaraq gənc nəslə şəhidlərimizin məktəb illərini anladır, onların Vətən, Torpaq uğrunda şəhadətə yüksəldiklərinə diqqət çəkirik. Hiss edirik ki, bu söhbətlərdən onlar da canlanır, istəyirlər ki, özlərini onlara oxşatsınlar”.
Romirin digər müəllimi Pərvanə Həsənova da müharibənin hələ də davam etməsindən təəssüflənib: “Gənclərimiz şəhid olur, analarımızın ürəyi ağrıyır. Əlbəttə, Vətən üçün şəhid olurlar, bu bizə qürur verir. Allah dövlətimizə kömək olsun. Təsəllimiz odur ki, torpaqlarımız işğaldan azad olur. Romir mənim qardaşımın bircə oğlu idi, vəziyyətlərini gördünüz, ata yerli olsa da, anası başqa millətdən, başqa məmləkətdəndir. Bircə təsəllisi Romir idi, onu da şəhid verdi, biz bütün şəhidlərlə fəxr edirik. Romirin müharibəyə getmək səhnəsi heç vaxt yadımdan çıxmayacaq. Anası ayaqlarına yıxıldı, yalvardı getmə, məni buraxma... Amma Romir dedi ki, ana mən getməliyəm, Vətənim üçün, şəhidlərimizin qisasını almaq üçün... Beləcə ana-bala bir-birinə yalvarırdı, ana deyirdi getmə, oğlu deyirdi icazə ver gedim. Adama çox qəribə gəlir, illər öncə Moldovada anadan olan bir uşaq Azərbaycanda şəhid oldu”.
P.Həsənova əlavə edib ki, müəllim kollektivi Romirin ad günü, anım günlərində ailəni tək buraxmır: “Atası deyəndə ki, Romir bizi tək qoydu, biz müəllimləri də deyirik ki, sən tək deyilsən, bütün uşaqlar sənin balalarındır. Romirin məzarı başında deyirəm ki, oğul rahat yat, atan nəyinki qapıda, hər yerdə sənin bayrağını asıb”.
Allah rəhmət eləsin!
Rəhman Məlik
Müsahibə “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli azlıqlardan olan şəhidlərin tanıdılması, bu kateqoriyadan olan gənclər arasında azərbaycançılığın və Vətən müharibəsi qələbəsinin təbliği” layihəsi çərçivəsində hazırlanıb.
Xəbər 7490 dəfə oxunub.