17.02.2022 11:59
Kəramət düzmü deyir, yoxsa cəfəngiyyat üyüdür?
Kəramət Böyükçölü açığı bir söz adamı, şəxsiyyət olaraq bəyənmirəm. Amma dünən bir fikri diqqətimi çəkdi. Yazıb ki, biz həmişə Xeyirlə Şərin bir-birinə qarşı mübarizə apardığını görmüşük, indisə Şərlə Şər üz-üzədir...
Bu fikir mənə maraqlı gəldi və dünəndən düşündürür...
Kəramət düzmü deyir, bəylər? Yoxsa yenə də gəlişigözəl cəfəngiyyat üyüdür?
Gəlin, bir az düşünək. Məncə, Xeyirlə Şərin mübarizəsi daha çox romantik ideyadır, arzudur, xəyaldır, idealdır. Biz ona, demək olar ki, həyatda rast gəlmir, bu barədə daha çox kitablardan oxuyuruq. Bir az da saxtalıq var bu ideyada, doğrusu. Çünki real zəmini yoxdur. Romantikanın isə gərək ayağı yerdən üzülməsin. Bizim yazarların çoxu, təəssüf ki, bunu dərk etmirlər. Bu səbəbdən də yazdıqları adama yapışmır, hətta toxunmur...
Çin qızı söylədi iki növcavan
Başqa bi şəhərə oldular rəvan.
Gəncin biri Xeyir, birisi Şərdi,
Onlar adları tək işlər görərdi...
Ancaq böyük Nizaminin qələmə aldığı və dualist fəlsəfənin ən parlaq nümunələrindən olan bu əsərdə də biz Xeyirin Şərə qarşı mübarizə apardığını görmürük? Amma elə bilirik ki, aparır, yaxud çox şey kimi bu da bizə yanlış təlqin, tədris olunur. Gəlin, yadımıza salaq. Hekayədə Xeyir Şərə qarşı hər hansı tədbir görürmü? Onun bəd niyyətli, alçaq hərəkətlərinə qarşı nəsə edirmi? Xeyr!
Şər öz işindədir, yəni pisliyini etməkdədir, Xeyir də yaxşılığından qalmamaqda. Amma nəticədə həmişə Xeyir qalib olur, Şər də məğlub duruma düşür. Buradan çıxan ideya, nəticə odur ki, son məqamda dünyada hər zaman Xeyir qalibdir. Dünya elə qurulub ki, orada Şər çox yürüyə, uzağa gedə bilmir, müvəqqəti qələbələr qazansa da, son nəticədə məğlub olur.
Bu fəlsəfəyə görə, Şərə qarşı mübarizə aparmaq yox, sadəcə Xeyir işlər görmək lazımdır. Başqa sözlə, Şərə qarşı mübarizə aparmaq elə Xeyir işlər görməkdir.
Konkret halda, rüşvətxora qarşı mübarizə rüşvət almamaq, büdcə oğurluğuna qarşı mübarizə onda iştirak etməmək, qohumbazlığa, yerliçiliyə qarşı mübarizə də bunlara bulaşmamaqdır. Yoxsa bütün enerjini yalnız başqalarını ittiham etməyə sərf edəcəksənsə, onda bu Xeyir-Şər mübarizəsi olmayacaq.
Bəli, Qərb fəlsəfəsi işığında baxanda bunun da nəticəsi olur. Filosoflar dəqiqləşdirə bilər, Şərlə Şərin mübarizəsinə əksliklərin vəhdəti, yaxud inkarı inkar qanunu da deyilir. Yəni Şərlər bir-biriylə mübarizə aparır, bir-birini sıradan çıxarır, nəticədə Xeyir üstünlük qazanır və sonda qalib gəlir. Amma o yenə də konkret kiməsə qarşısa mübarizə aparmır, sadəcə Xeyir əməlləri sayəsində zəfər çalır...
Konfutsi də deyirdi ki, qaranlığı lənətləməkdənsə, bir şam yandır. Konkret olaraq, Ramiz Mehdiyevi söyən, lənətləyən, elmi məhv etməkdə ittiham edən adamlar yığışıb alternativ Akademiya yarada, elm adamlarına, perspektivli ailimlərə dəstək verə, ixtiraları, kəşfləri həvəsləndirə bilərlər. Yadınızdadırsa, vaxtilə Nizami Süleymanov Milli Yaradıcılıq Akademiyası yaratmışdı, su filtrləri istehsal edirdi. Mən onun keyfiyyəti haqda danışmayacağam, çünki bu haqda səhih məlumata malik deyiləm, ancaq formal baxımdan çox gözəl təşəbbüs idi.
Siz də yaradın. Pulunuz, imkanlarınız da var. Bir az işləyin, nəticələr əldə edin, ondan sonra dövlətin, xarici elm dairələrinin yardımını da istəyin.
Xəbər 5191 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|