Müstəqilliyin ilk illərində Sovetlər dövründə biganəliyə məruz qalan, uçulub dağılan məscid və ziyarətgahlarla yanaşı, kilsə və sinaqoqların bərpasına da dövlət vəsaiti ayrılmağa başlanıldı. Bu proses Azərbaycan xalqı ilə yanaşı, bu coğrafiyada yaşayan digər din mənsublarının da dini-mənəvi duyğu və ehtiyaclarına uyğun aparıldı.
Belə ki, Bakıda Rus Pravoslav Baş Kafedral kilsəsi olan Jen Mironosets kilsəsi 1920-ci ildə bağlanıb, Sovet hakimiyyəti dövründə anbar kimi istifadə olunub və dağıntılara məruz qalıb. Müstəqilliyimizin bərpasından sonra məbəd təmir edildi. Hazırda Qafqazın ən böyük Rus-pravoslav kilsəsi olan Jen-Mironosets məbədi memarlıq xüsusiyyətlərinə və tarixi keçmişinə görə Pravoslav aləminin ən görkəmli kilsələrindən biri kimi qəbul olunur. Bundan başqa, Bakıda Xilaskar Yevangelik Lüteran Kilsəsi, Gəncə şəhərindəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsi də dövlət tərəfindən təmir olundu.
Müxtəlif dini konfessiya nümayəndələri arasında əməkdaşlığın genişlənməsində, onların maddi və mənəvi abidələrinin öyrənilməsində, təbliğində dövlət qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatları da müəyyən rol oynayır.
Azərbaycanın cənub bölgəsində (Cəlilabad), (Lənkəran), (Astara) mövcud olan xristian və yəhudi abidələri bu gün də mövcudluğunu qoruyub saxlayır. Bölgədə 1917-ci ilə qədər 7 rus kilsəsi olmuşdur ki, bu kilsələr də konkret olaraq Lənkəran şəhərində (4), Qumbaşı kəndində (Lənkəran r.), Astara şəhərində, Göytəpə şəhərində və Günəşli (keçmiş Pokrovka, Cəlilabad r.) kəndində yerləşmişdir.
Hələ Sovet dövründə bu kilsələrin bəziləri istifadə olunmadığı üçün uçulub-dağılsa da böyük əksəriyyəti bölgənin memarlıq görünüşünə xüsusi rəng qatır. Eyni zamanda regiona səfər edən turistlərin daha çox dayandığı yerlərə çevrilir. Bu ərazilərdən könüllü miqrasiya nəticəsində köçüb gedən rusların, yəhudilərin hər fürsətdə burada yaşayan valideynlərini, qohumlarını ziyarət etdikləri zaman görmək istədikləri milli abidələridir. Onların bəzilərində ibadət olunmasa da qapıları bağlı deyil, sırf intellektual məqsədlər üçün (məsələn kitabxana) istifadə olunur.
Təəssüf ki, bu gün həm xristian, həm də yəhudi dini abidələri ilə bağlı filmlərin böyük əksəriyyəti Bakı və Gəncə şəhərlərində yerləşən kilsə və sinaqoqlar haqqındadır. Düşünürük ki, ölkə və toplum olaraq bizim tolerantlığımız təkcə böyük şəhərlərlə məhdudlaşmamalıdır. Biz Azərbaycanı tolerantlığın ünvanı adlandıranda ümumi ölkəni nəzərdə tutmalıyıq. Bu gün olduğu kimi, yaxın və uzaq keçmişdə də ruslar və yəhudilər təkcə Bakıda yaşamayıblar. Onlar və onların maddi-mədəniyyət abidələri ilə bağlı Azərbaycanın hər yerində izlər, nişanələr bu gün də qalmaqdadır (respublikada 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir).
Qarabağın işğaldan azad olunmasında sonra isə bu kimi filmlərin əhatə dairəsi bir az da genişlənib. Qarabağda, xüsusən də Şuşada, Kəlbəcərdə və işğaldan azad olunmuş digər ərazilərimizdə mövcud olan xristian abidələri kameraların obyekti olub. Təəssüf ki, Azərbaycanın digər ərazilərində, xüsusən də cənub bölgəsində - Lənkəran, Astara, Cəlilabadda mövcud olan bu abidələr qismən də olsa diqqətdən kənarda qalıb.
Niyə qismən?
Ədalət naminə qeyd edək ki, adını çəkdiyimiz hər üç rayon ərazisində mövcud olan kilsələrlə bağlı KİV-lər, xüsusən də TV-lər qısa da olsa xəbərlər dərc edib, sujetlər hazırlayıblar. Amma bu xəbərlər və sujetlər bölgədə movcud olan xristian abidələrinin illərdir mövcudluğunu, Azərbaycanın tolerant mühitini lazımı formada geniş auditoriyaya çatdıra bilməyib.
Məsələn, Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” adlı layihə həyata keçirir. Layihə çərçivəsində Azərbaycan ərazisində xristian dininə aid olan və dövlət tərəfindən qorunan məbədlər, kilsələr və ibadətgahlara dair qısa videoçarxlar təqdim olunur. Amma yenə də paytaxtdan kənara çıxa bilmirlər. Bu qısa videoçarxlar movcud tolerant mühiti ehtiva edə bilmir, informativ deyil, kontent səthidir.
Əlbəttə, təkcə Bakının və ya Qarabağın deyil, ölkənin hər bir yerində multukultural və tolerant ab-havanın hələ illər əvvəl mövcud olduğunu və bu gün də ayaqda qaldığını həm yerli, həm də beynəlxalq ictimaiyyətə çatdırmaq üçün xristian abidələrinin tədqiqinə böyük ehtiyac var. Bu həm də dini turizm baxımından əhəmiyyətlidir.
Dünyada qəbul olunmuş belə bir yanaşma var: “Din, incə bir materiyadır”. Qloballaşan multikultural və tolerant dünyamızda insanların yalnız bir hissəsini iqtisadi, siyasi və mədəni yüksəlişimizlə təəccübləndirə bilərik. Amma millətlərə və onların mənsub olduqları dinlərə qayğı göstərəcəyimiz təqdirdə isə hər kəsi təəccübləndirməyi bacararıq. Dünya yəhudiləri Azərbaycanı və azərbaycanlıları niyə sevir? Əlbəttə ki, ölkəmizdə yaşayan yəhudilərə, onların dini dəyərlərinə, abidlərinə göstərdiyimiz münasibətlərə görə...
Biz, bizə qarşı olan bu yanaşmanı təkcə yəhudilərlə məhdudlaşdırmamalı, böyük bir coğrafiyanı əhatə edən və 2.2 milyard insanın ibadət etdiyi xristian və yəhudi dini abidələrinə münasibətdə də genişləndirməliyik. Bunun üçün də mövcud olan potensialı zamanında dəyərləndirməli, müasir informasiya-kommunikasiya vasitələrinin, xüsusən də internet medianın, sosial platformaların hüdudsuz və sərhədsiz imkanlarından istifadə eməklə dünyaya təqdim etməliyik. İndiki mürəkkəb geosiyasi vəziyyətdə bu bizə qarşı yönələn təhdidlərin qismən də olsa qarşısını ala bilər.
Azərbaycanda yaşayan hər bir kəs, onun etnik və dini mənsubiyyətindən asıllı olmayaraq, öz vətəni ilə fəxr edir, düşmənlərə qarşı amansız mübarizəyə hər zaman hazırdırlar. Biz bunu birinci Qarabağ savaşında, həm də 2020-ci ildə qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsində gördük. Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı Albert Aqarunov, rus milli kimliyi ilə şəhid olan Denis Pronin, Dmitri Aleksandroviç Solntsev, molokan Vladimir Koveşnikov və neçə-neçə igid oğulların qəhramanlığı vahid amal uğrunda mübarizənin ana xəttini – fəlsəfəsini təşkil edirdi. Bu oğullar milli birliyimizin sözdə deyil, əməldə, canları və qanları ilə təminatçısına çevrildilər. Təklif etdiyimiz layihə də məhz bu ab-havanı qoruyub saxlamağa xidmət edəcək.
N.Niftiyev
Məqalə “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycanda tolerantlıq: “Cənubda çalınan kilsə zəngləri və sinaqoqlar...” layihəsi çərçivəsində hazırlanıb.
Xəbər 4787 dəfə oxunub.