“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


09.11.2022  16:05 

Zəfərdən 2 il sonra - Geosiyasi reallıq və oyunlar...





A+  A-

Entoni Blinken, Ceyhun Bayramov və Ararat Mirzoyan arasında noyabrın 7-də Vaşinqtonda keçirilən görüşdə ABŞ-ın dövlət katibi bildirdi ki, “birbaşa dialoq davamlı sülhə aparan ən yaxşı yoldur”.

Son iki ildə, xüsusilə son zamanlar üçüncü tərəflərin iştirakı ilə Azərbaycan və Ermənistan arasında bir xeyli görüş keçirilib, amma bu, tərəfləri sülhə yaxınlaşdırmayıb. Danışıqlarda ciddi irəliləyişin olmamasına çox faktor təsir edir, amma onların sırasında vasitəçinin öz mənafelərini güdməsi, münaqişədən geosiyasi alət kimi istifadə etməsi daha həlledici amil kimi ön plana çıxır.

Blinkenin “birbaşa dialoq”dan danışması, dövlət katibinin nə dərəcədə səmimi olmasından asılı olmayaraq, Azərbaycanın maraqlarına uyğundur. Xüsusilə Soçi görüşü və Putinin “Valday”dakı açıqlamaları ilə son 30 ildə bildiyimiz həqiqət növbəti dəfə öz təsdiqini tapdı: Rusiya münaqişənin həllində nəinki maraqlı deyil, əksinə hər vasitə ilə sülhə əngəl olur. 30 il sonra “sülhməramlı” kimi geri dönən bu dövlətin yalnız Qarabağda deyil, ümumiyyətlə regionda varlığı Azərbaycan üçün ekzistensial riskdir.

Düzdür, 44 günlük savaşdan sonra bəziləri Rusiyanın 200 illik Qafqaz siyasətinə korrektə edəcəyi qənaətində idilər və ya Ermənistan-Azərbaycan qarşıdurmasında ən azı neytral qalacağına ümid edirdilər. Baxmayaraq ki, ortalıqda rus ayısının soxulduğu yeri yuva sayması və xoşluqla çıxmaması praktikası vardı. Və Zəfərin 2-ci ildönümü ərəfəsində anti-Azərbaycan mahiyyətini Rusiyanın özü açıb çölə tökdü. Putin “Valday”da açıq-aşkar, utanmadan Ermənistan xalqı və rəhbərliyini “öz xüsusiyyətləri olan Qarabağ” üzərində Azərbaycanın suverenliyini tanımamağı çağırdı. Ardınca Kreml Ruben Vardanyan kartını "koloda"dan deyil, köhnə qumarbaz kimi alt tumanından çıxardı – dələduz milyarderi separatçı qurumun “dövlət naziri” təyin etdirmək, üstəlik, Rusiyanın aparıcı mediasında “proqram müsahibəsi”ni təşkil etməklə köhnə destruktiv oynunu yenidən səhnələşdirməyə başladı. İstisna edilmirdi ki, terrora bulaşan Arayik Arutyunyan və digər separatçılardan fərqli olaraq “təmiz” Vardanyanla Qarabağ ermənilərinin təmsilçisi kimi Bakının hansısa formatda təması mümkün ola bilər. Amma Moskva çox səbr etmədi, Vardanyanın neqativ rol və simasını gözümüzə soxdu. Sanki Vardanyan fiquru Rusiyanın əlində Azırbaycana qarşı qalmış sonuncu kontrarqumentdir və onu artıq xərcləməyə məcbur olub...

Əksər ekspertlər hesab edirlər ki, Ermənistanla Azərbaycan anlaşsa, Rusiya qoşunları Qarabağdan çıxmalı olacaq, daha sonra regionu tərk etməli və Cənubi Qafqazı nüfuz dairəsi kimi itirməli olacaq. Əlbəttə, belə də olacaq. Cənubi Qafqazsda sülh olarsa, Rusiyanın burda nə iti azıb?!

Aydındır ki, Rusiyanın təsir resursları və mexanizmləri qaldıqca regionda sülh olmayacaq. Üstəlik, Rusiya sadəcə postsovet məkanını öz təsiri altında saxlamağa və ya nüfuz dairəsindən çıxmasına əngəl olmağa çalışmır. Rusiya Federasiyası köhnə, klassik imperiya kimi davranır: torpaq ələ keçirməyə can atır. Ayaqları nə vaxtsa harasa dəyibsə, hesab edirlər ki, orda “legitim haqları” var. Putin fevralın 24-dən Ukraynada apardığı işğalçı savaşla bunu təsdiq, “Valday”da isə açıq bəyan etdi. Rusiyanın Homo Putines elitası XIX-XX əsrin imperiya refleksləri ilə Qarabağı “abxaziyalaşdırmaq” və ya “sxinvaliləşdirmək”dən danışır. Baxmayaraq ki, Ukrayna müharibəsi Rusiyanı geosiyasi planlarını reallaşdıra bilməyəcək hala salır, resurslarını göz önündə əridir...

Soçi görüşündəki və ondan sonrakı neqativlər fonunda xarici siyasət idarələri rəhbərlərinin Vaşinqton görüşü pozitiv dəyərləndirilə bilər: ən azı Rusiyanın neqativ vasitəçiliyinin İrəvan və Bakıya təsirini neytrallaşdırmaq baxımından. Hər bir halda Kremlin patronajlığından kənardakı dialoq platforması bir şansdır və dəyərləndirmək lazımdır. Həmçinin Putinin absurd təklifləri fonunda Blinkenin birbaşa dialoq təşəbbüsündə tərəflərin mənafelərinə qəsd yoxdur. Sülh müqaviləsi bağlanacaqsa, bu, yalnız Azərbaycanla Ermənistan arasında birbaşa dialoqla mümkün olacaq.

Düzdür, “Qarabağ yükü”nü Azərbaycanla Rusiyanın üzərinə atan İrəvan Bakı ilə dialoq məsələsində də müstəqil subyekt kimi çıxış etməyə hələlik cəsarət etmir, arxasına hansısa supergücü və regional gücü almağa çalışmaqla ümid edir ki, hərb meydanında aldığı zərbələri danışıqlar masasında bəlkə yüngülləşdirə bildi. Lakin Ermənistan rəhbərliyi belə manevr və manipulyasiyaları ilə öz ölkəsinin təhlükəsizliyini riskə atır.

Özəlliklə Paşinyanın molla rejimi ilə flirti Cənubi Qafqazın siyasi gündəliyini müəyyənləşdirəcək faktor, Ermənistan üçün Azərbaycan qarşısında xilas yolu, Qərb üçünsə anlaşılan deyil. İranın regionda bacaracağı yeganə iş Ermənistanı suriyalaşdırmaq ola bilər ki, bunun da sonun İrəvanın Zəngəzuru itirməsi ola bilər.

Ermənistan-Azərbaycan danışıqlarında Tehran və Moskva, müəyyən anlamda Paris əngəlləri Paşinyanın Rubikonudur, onlar keçilməsə, sülhə yol uzanacaq...

Geosiyasi mənzərə

Ruslar Qarabağla bağlı məkrli planlar cıza, ssenarilər yaza bilərlər. Amma Rusiya Ukrayna bataqlığına gömüldükcə dünyada və regionda oyun qaydaları dəyişir, Moskvanın hərbi-siyasi gücü, təsir mexanizmləri tükənir. Nə RF köhnə Rusiya imperiyası və ya SSRİ, nə də Türkiyə ilə Şuşa Bəyannaməsi imzalayan Azərbaycan əvvəlki Azərbaycandır.

44 günlük Vətən müharibəsindən və Ukrayna savaşından sonra Cənubi Qafqazda fərqli geosiyasi reallıq və konfiqurasiya formalaşır: Rusiya regiondan gedir; Türkiyə tədricən, amma fəal şəkildə gəlir, hərbi-siyasi, diplomatik gücünü artırır; İran hansısa formada özünü regiona “ilişdirmək” istəyir ki, Cənubi Qafqazın geosiyasi mənzərəsinin gələcək şəkillənməsində iştirak edə bilsin və nəhayət, Qərb Rusiyanın gedişi fonunda regionda əsas oyunqurucu olmağa can atır.

Rusiya-Ukrayna savaşının gedişindən asılı olaraq mümkündür ki, yaxın 2-3 ildə, XXI əsrin ilk rübünün sonunda dünya nizamının Rusiyasız yeni cizgiləri qətiləşsin və bu fonda Cənubi Qafqazın yeni geosiyasi formatı oturuşmağa başlasın.

• İkinci Qarabağ savaşındakı rolu və Ukrayna müharibəsindəki strateji-taktiki gedişləri göstərdi ki, Türkiyə regional supergüc statusunun hüdudlarını artıq aşır: Boğazlarda rus hərbi gəmilərinin Qara dənizə yolunu kəsən Türkiyə bu hövsənin ən güclü hərbi donanmasına sahibdir, Aralıq dənizində prinsipial mövqe sərgiləyir, İsrail və ərəb monarxları ilə münasibətlərini normallaşdırmaqla Yaxın Şərqdə ön plana çıxır, Türk dünyası ölkələri ilə sıx əlaqələr qurmaqla Mərkəzi Asiyada geosiyasi zondaj işləri aparır.

Ərdoğan yeganə liderdir ki, Putinlə hansı dildə danışmağı bacarır və 2023-cü ilin yayında keçiriləcək prezident seçkisi yaxınlaşdıqca onun beynəlxalq arenada daha aqressiv fəallaşacağı gözlənilir. Türkiyənin region ölkələrini siyasi nəzarətinə götürmək kimi bir qayğısı yoxdur, daha çox regional iqtisadi-ticari əməkdaşlığın qurulmasına can atır, Cənubi Qafqazda sabitlikdə maraqlıdır. Bu anlamda Ankara Ermənistanın təhlükəsizliyinin qarantı rolunu da üzərinə götürə bilər və proses gec-tez buna gətirib çıxaracaq. Hələliksə Ermənistan özünü infantil aparır - Azərbaycan və Türkiyənin acığına pənahını Moskva, Tehran və Qərb paytaxtlarında axtarır.

• Vaşinqton görüşündə tərəflərə “birbaşa dialoq” təklif edən və sülhə doğru "cəsarətli addımları”na görə Azərbaycan və Ermənistanı tərifləyən Blinken Bayramov və Mirzoyana güman ki, danışıqlardakı mövqeyi, regionda hansı rol almaq istəməsi və Rusiyanın təzyiqlərinə qarşı arqumentləri ilə bağlı ABŞ-ın siyasətinə aydınlıq gətirib. ABŞ-ın Ermənistan-Azərbaycan danışıqlarındakı hədəfi Bakıya aydın olmalıdır ki, Moskva və İranın təzyiqlərinə, Paşinyanın manipulyasiyalarına qarşı oynunu qura bilsin.

Yeri gəlmişkən, ABŞ Konqresinə aralıq seçkilərdə gözləntilərə və Baydenin aşağı reytinqinə rəğmən respublikaçılar demokratlar üzərində gurultulu uğura nail ola bilmədilər. Bununla belə, respublikaçılar 435 yerlik Nümayəndələr Palatasına nəzarəti cüzi üstünlüklə də olsa, qaytarmaq üzrədirlər ki, bu da onlara qarşıdakı 2 ildə Ağ ev administrasiyasının sttrategiyasına əngəllər yaratmağa imkan verəcək. Demokratlarla müqayisədə respublikaçı mühafizəkarlar rəsmi Bakı ilə daha normal təmaslar qura bilirlər. Konqresdə respublikaçıların güclənməsi ABŞ-ın İrana qarşı sərt sitasət yürütməsi, İsrail və Səudiyyə Ərəbistanının mövqelərinin güclənməsi deməkdir.

• Moskva kimi Tehran da regionda status-kvonun dəyişməsini istəmir, keçmişin paradiqmaları ilə yaşayır. İranın daxilindəki alovu sərhədlərindən kənarda gərginlik yaratmaqla, ərəbləri hədələməklə söndürmək cəhdi, özəlliklə də Rusiyadan sonra Cənubi Qafqazda yaranacaq “boşluğu” doldurmaq üçün artıq hərəkətə keçməsi - Ermənistanda fəallaşması, Araz sahillərində “Sepah”ın quru qoşunlarına panton körpülərlə təlimlər keçirtməklə Azərbaycana qorxudacağını güman etməsi molla rejiminin öz gücünü və situasiyanı adekvat dəyərləndirə bilməməsinin göstəricisidir.
İranın anlamsız təlimləri əks-effekt verdi. Artıq bir həftədir Azərbaycan ordusunun Xüsusi Təyinatlı Qüvvələri İranla sərhəddə genişmiqyslı təlimlər keçirir. XTQ komandanı general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə keçirilən təlimlərdə Hərbi Hava Qüvvələrinin, Raket və Artilleriya Qoşunlarının hissə və bölmələri də cəlb olunublar.

Təlimlər davam edir və coğrafiyası genişlənir. Bakının Tehran qarşısında geri çəkilmək fikri yoxdur, güc nümayişinə, molla narrativlərinə, “200 il əvvəl bölgəyə Rusiya gəldi, İran getdi, indi Rusiya gedir, İran gəlir”, “şiə qardaşlığı” kimi nimdaş iddialara dözmək niyyətində də deyil.

Ayətullahların hansısa keçmişdən yapışması, 200 il əvvələ qayıtmaları isə gülüncdür.

1925-ci ildə Qacarların son hokmdarı Əhməd Şah Qacar devrilənədək 10 əsrdən artıq bir dövrdə əcəm (1935-ci ildən rəsmən “İran” adlanır) coğrafiyasında siyasi hakimiyyət türklərə, əsasən oğuz xanədanlara məxsus olub. Bu coğrafiyada baş vermiş köklü dəyişiklik və inqilablara məhz Azərbaycan türkləri imza atıblar: Sərdari-milli Səttarxan (Məşrutə inqilabı, 1905–1911), Şeyx Məhəmməd Xiyabani (Güney Azərbaycanda Milli hökumət – “Azadıstan”,1920), Seyid Cəfər Pişəvəri (Azərbaycan Milli Hökuməti,1945–1946). İran İslam İnqilabı (1978-1979) da məhz Təbrizdəki üsyanla başlamışdı. 1978-ci ilin fevralın 18-də Şəriətmədarinin çağırışı Təbriz üsyana qalxmışdı. 100 min nəfərin iştirak etdiyi üsyanı Şahın ordusu yatıra bilmədi və etirazlar bütün ölkəyə yayıldı. O vaxt hələ Parisdə olan Ayətullah Xomeyni Təbriz əhalisinə minnətdarlıq müraciəti göndərmişdi.

Hazırda İranın dini-siyasi elitasında, ordusunun generalitetində yetərincə azərbaycanlı var, rejim yumşalarsa və dəyişərsə, həmçinin İranın Azərbaycana qarşı aqressiv siyasəti davam edərsə, onların hansı mövqe tutacağı Tehranın özü üçün də qaranlıqdır. Təbrizin üsyana qalxması isə yalnız molla rejimini deyil, bütünlükdə İranın mövcudluğunu letal sona apara bilər...

• 44 günlük savaşdakı qələbədən sonra Azərbaycanın sakitləşəcəyini, gərginlik və çəkişmələrdən qaçacağını gözləyən Moskva və Tehran hesablamalarında, köhnə oyunlarla istəklərinə nail olacaqlarına ümid etməkdə yanılıblar. Bakı və Ankara regionda hədəflədikləri geosiyasi reallığa nail olmaqda israrlı görünürlər. Çoxumuza bu tandemin hərəkəti ləng və bəzən kompromisə meyilli kimi görünə bilər. Amma səbrlə, tədricən və konyunkturaya uyğun addımlayırlar. Bakının əlində Vardanyan kartını istənilən anda neytrallaşdırmaq üçün yetərli hərbi-siyasi rıçaqlar var. Azərbaycanın Rusiya “sülhməramlı missiyası”nın Qarabağda qeyri-sülhməramlı işlərlə məşğul olmasına qarşı kontrarqumentləri də yetərincədir. Belə görünür ki, 2023-cü ildə Laçın dəhlizinin bağlanması və ya Ermənistana gediş-gəlişin nəzarət altına götürülməsi qaçılmaz olacaq...

Qəzənfər Həmidoğlu

Xəbər 16361 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +