09.02.2018 13:15
Bu gün Xızır Nəbi bayramıdır
Bu gün qədim bayramlarımızdan sayılan Xızır Nəbi və ya Xıdır Nəbi adlandırılan bayramdır.
XəzərNews.az xəbər verir ki, hər il qış yarıya çatanda, Böyük Çİlləylə Kiçik Çillə arasında Xıdır bayramı keçirilib. Oxucularımıza bu bayram haqqında qısa məlumat veririk.
Qədim tarixə malik olan və el arasında geniş yayılmış bayramlardan biri də Xıdır İlyas və ya Xıdır Nəbi adlandırılan mərasimdir. Bu bayram bir-birindən cüzi fərqlərlə demək olar ki, Azərbaycanın bütün bölgələrində keçirilir. Xıdır İlyas adətən təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və s. təbii proseslərlə müşayiət edilir. Tədqiqatlarda Xıdır Nəbi bir şəxsiyyət olaraq "suyun, külək və havanın himayəçisi" kimi təqdim olunur Xızır peyğəmbərlə eyniləşdirilir.
Dədə babadan qaydadır ki, hər il qış yarı olanda Böyük Çilləylə Kiçik Çillə arasında Xıdır bayramı keçirilərdi. Bəzi yerlərdə Xızır Nəbi, bəzi yerlərdə isə Xıdır İlyas adı ilə tanınan bu el bayramı ötən əyyamlarda böyük təmtəraqla qeyd olunardi. Köhnə kişilərin hesabına görə Kiçik Çillənin əvvəlində, indiki vaxtla götürdükdə təqribən fevralın 1-ci ongünlüyü ərzində axşam şər qarışandan sonra uşaqlar, cavanlar bir yerə toplaşar, dəstələnib Xıdır nəğməsi oxuya-oxuya qapıları döyər, Xıdır adına pay yığardılar.
Başqa mənbələrdə isə həmin gecənin İkinci Çillənin qurtarmasına 2-5 gün qalmış keçirildiyi bildirilir. Və həmin bu mərasim "Xıdır Nəbi" bayramı adlandırılır.
Kiçik Çillənin çıxması münasibətilə keçirilən Xıdır Nəbi bayramı həm də qədim əkinçilik görüşləri ilə əlaqədardır. Üç gündən ibarət olan Xıdır Nəbi bayramının birinci günü torpaq tərif olunardı. Torpağın üstündə od qalanardı ki, torpağın nəfəsi qızınsın. Bağlar təmizlənər, çör-çöp, xəzəl yığılıb yandırılardı. Bayramın ikinci günü evdəki hər öküzün adına üç düzsüz kömbə bişirilib öküzlərin qarnının altından diyirləyər və oxuyardılar:
Xıdır Nəbi, Xıdır Ilyas
Bitdi çiçək, oldu yaz!
Bayramın üçüncü günü cütcü və əkinçinin şəxsində torpağı becərən, şum şumlayan, əkin əkən əməkçilər tərif olunardı. Boz at üzərində gələcək Xıdır Nəbinin əlində od olacağı güman edilərdi. Onun torpağı isidən, odla yanaşı günəş və su, adamlara sağlamlıq gətirəcəyi düşünülərdi. Mərasimdə əkinçi, cütçü və sayaçı nəğmələri oxunar, "Xıdır Nəbi"yə nəğmələr, şerlər qoşulardı. Bayramın hər üç günündə cavanlar əkin yerlərindən keçib Xıdır Nəbini axtarmağa gedərdi. Onlara "Xıdırçı" deyərmişlər. Xıdırçılar hava işıqlanmazdan əvvəl əllərində şam Xızırın dalınca gedər və nəğmələr oxuyardılar.
Bu bayram demək olar ki, bütün türk xalqlarında keçirilir. Daha çox Xıdırelləz, Hıdırelləz bayramı adı ilə tanınır. Hıdırelləz böyük çoxluqla Anadolu və Balkan türkləri arasında qeyd edilməkdədir. Qədimdən Ruzi-Hızır (Xızır günü), yəni Xıdırelləz xalq arasındakı inama görə Xızırla Ilyasın bir araya gəlməsi xatirinə keçirilir. Bu bayram yeni təqvimə görə hər il 6 mayda qeyd olunur. Julyen təqviminə görə isə 23 aprelə düşür. Türkiyədə qədim təqvimə görə il ikiyə bölünür. 23 apreldən (6 may) 28 Oktyabrə (8 Noyabr) qədər 186 gün Hızır günləri adıyla yaz mərasimi, bu tarixdən təkrar 23 Aprela (6 may) qədər davam edən 179 gün də Noyabr günləri adıyla qış mövsümü meydana girir. Başqa bir fikrə görə Xızır Nəbi bayramı iranlıların Novruzundan beş həftə əvvəl, yəni Şubat ayının ortalarına təsadüf edir. Bunun qədim on iki heyvanlı Türk Təqvimindəki ilbaşı ilə eyni olduğunu, dolayısı ilə bu bayramın əslində qədim türklərin yeni il bayramı hesab edildiyini göstərən mənbələr var.
Bu bayram Azərbaycanda Xızır Nəbi bayramı, İranda Əhli-haqq zümrələri arasında Zati Mutlaq ( Ali) şərəfinə Əli-Heydər adıyla, Təbriz ətrafındakı Qızılbaşlar zümrəsində isə yenə də Xızır Nəbi bayramı adı ilə tanınır.
Yuxarıda deyilənlərdən də göründüyü kimi həmin bayramın keçirilməsi, qeyd olunma tarixi səbəblərində müxtəliflik olsa da nəticədə keçirilən mərasimlər, icra olunan adətlər sonda birləşir.
Xızır Nəbi bayramının nə vaxtdan bəri keçirildiyi tam məlum olmasa da onun türk xalqları arasında geniş yayıldığına şübhə yoxdur. Xızır Nəbi bayramı yuxarıda dediyimiz kimi Novruz bayramından əvvəl keçirilir. Əslində isə bütün Novruz bayramı ərəfəsi çərşənbələrlə birlikdə Xızır peyğəmbərin adı ilə bağlıdır. Xızırın yazın gəlişi – 4 ünsür: su, od, torpaq, hava ilə bağlılığına inanan xalq onu o qədər ilahiləşdirmişdir ki, həyatın başlanğıcı kimi götürülən ünsürləri məhz onun adı ilə bağlayır.
Xalqın Xızır peyğəmbərə olan inamı o həddə malikdir ki, bu ad insanların and yerinə çevrilmişdir. "Xızır Ilyas haqqı", "Xızıra and olsun", "Xıdır Zindi babaya and olsun" və bu səpkili digər andlar xalqın məhəbbət və inamından doğmuşdur. Bəzi alqışlar da məhz Xızır peyğəmbərin adı ilə bağlıdır. Məsələn, "Xıdırın diləyi üstündə olsun", "Xıdır Nəbi köməyin olsun", "Xıdır Nəbi hayına yetsin", "Xıdır Nəbi kömək əlini üstündən əskik eləməsin", "Xızır köməyinə yetsin", "Xızır səni dardan qurtarsın", "Xızır səni yolda qoymasın", "Xızıra rast gələsən", "Xızır payını versin", "Xıdırzində diləyini qəbul etsin", "Xıdırzində diləyini xeyirə yazsın", "Xıdırzindəyə apardığın qurban sənin arzunu versin".
Azərbaycan folklorunda Xızırla bağlı inamlar da sayca üstünlük təşkil edir. Eyni zamanda həmin inamları çoxşaxəli də adlandırmaq olar. Məsələn, "Tut ağacını qurumamış kəsmək günahdır". Deyilənə görə bu ağacı Xızır peyğəmbər ehsanlıq üçün əkib [6]. Yaxud "Xızır gecəsi" peyğəmbər hansı qapıdan öz buğda payını apararsa, həmin il o evin ruzisi artar, bin-bərəkəti olar.
Berqama, Balıkəsir və Təkirdağı bölgələrində Xıdırelləz günü tarladan toplanan çiçəkləri qaynadaraq suyundan içmək xəstələrə şəfa sayılır. Bu sudan 40 gün boyunca günəş çıxmamışdan əvvəl gözə sürtmənin gənclik, gözəllik və uzunömürlülük verəcəyinə inanırlar. Bundan başqa çəmənlikdən toplanan yeyilə bilən otlarla çörək və bazlamaların bişirilməsinin də dərdə dəva olduğuna, Xıdırelləz gecəsində bütün sulara nur yayıldığı üçün bu gecə suya girənlərin xəstəliyinin aradan qalxacağına inanılır.
Xəbər 1791 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|