12.04.2017 14:11
Bakı metrosunda nəzarətçi əməliyyatı - Xanımlar ixtisara düşdü
Bakı Metropoliteni QSC daha çox bəylərin üstünlük verildiyi kadr dəyişikliklərinə başlayıb.
XəzərNews.az bildirir ki, BakiPost.az-ın əldə etdiyi məlumata görə, qurum metrostansiyalardakı nəzarətçilərin dəyişilməsi prosesinə start verib. Belə ki, yaxın vaxtlara kimi əsasən xanımların işlədiyi nəzarətçi vəzifəsinə bəylər cəlb olunur. Onlar arasında ali təhsilini yeni başa vuran gənclər və tələbələr üstünlük təşkil edir.
Daxil olan digər məlumata görə, Bakı Metropolitenindən yaş senzi ilə əlaqədar xeyli sayda işçi xaric olunub. Xüsusən də xanım əməkdaşlar işləri ilə vidalaşmalı olublar.
Məlumat üçün bildirək ki, bu ixtisarlar metrodakı kassaların ləğv olunması prosesində də müşayiət olunmuşdu.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti rəhbəri Nəsimi Paşayev BakiPost.az-a açıqlamasında nəzarətçi ştatına bəylərin cəlb olunması məsələsini təsdiq edib: "Onlar qatarların qəbul edilib yola salınması üzrə nəzarətçidirlər. Onların əsas funksiyası qatarları qəbul edib yola salmaq və o işə nəzarət etməkdir. Doğrudur ki, əvvəllər bu işdə daha çox xanımlar çoxluq təşkil edirdi. Amma bu o demək deyil ki, bəylər yox idi. Bəylər var idi. Sadəcə olaraq xanımlar çoxluq təşkil edirdi. Amma artıq son vaxtlar ora bəylər də cəlb olunur.
Biz neçə ildir ki, xüsusilə "Bakı Metropoliteni" QSC yaradıldıqdan sonra yaradılmış təlim-tədris mərkəzində həmin əməkdaşlara xüsusi kurslar keçirik. Öncə iş elanı açıq şəkildə verilir. Xüsusilə də bəylərin ali təhsilli olmaları şərti qoyulurdu. Onlar işə qəbul olmamışdan öncə xüsusi kurs keçirlər. Kursda sertifikat qazananlar həmin işlə təmin olunurlar. Burada əsas məqsədimiz bəylərimizin də xanımlarla bərabər həmin funksiyanı yerinə yetirə bilmələrinin təmin edilməsidir”.
Nəsimi Paşayev qeyd edib ki, həmin bəylərdən ali təhsilli olmalarının tələb olunmasının səbəbi onların gələcəkdə daha da yüksək vəzifəyə təyinat almaları üçün zəmin yaratmaqdır: "Qatarların qəbul edilib yola salınmasına nəzarət bu insanlar üçün ilk pillədir. Onlar daha sonra pillə-pillə yüksələ bilər. Məsələn, stansiya növbətçisi, rəis müavini və ya rəis ola bilərlər. Həmçinin Dispetçer İdarəsində də işləyə bilərlər. Hətta onlar bağlı olduqları hərəkət xidmətinin rəisi belə ola bilərlər. Məlumat üçün bildirm ki, bizim hazırda hərəkət xidmətinin rəisi 20 il öncə metroplitendə nəzarətçi kimi işə başlayıb. Ali təhsilli olduqları halda həmin şəxslərin qarşılarında yüksəlmək üçün hər hansı maneə qalmır. Ona görə də buna daha çox üstünlük vermişik”.
Xəbər 1321 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|