Bu, nədir? Allahın əməllərimizə görə bəşəriyyətə növbəti “hədiyyəsimi”, yoxsa dünya güclərinin topsuz-tüfəngsiz növbəti əzələ nümayişimi: 3-cü dünya savaşı başladımı? Birinciyə inanmıram – çünki Allah Rəhman və Rəhimdir. İkinci bir qədər inandırıcı görünür. Bir sıra təhlilçilər, hətta bunu güclü beyin mərkəzlərində hazırlanmış olduqca dağıdıcı gücə malik olan bioloji silahla da xarakterizə edirlər. Belədirsə, artıq, siyasi rəngə bürünmüş bu zəhərli “silah” atılıb, “qəlpələrindən” bizə də pay düşüb. Ölkəmiz istəməsə belə, bu “qəlpələri” yığışdırmaq üçün gərəkən addımlar atmağa məcburdur. Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah koronavirus təhlükəsi ilə bağlı bütün ölkə ərazisində ciddi karantin rejimi tətbiq edib. Əslində, bu gün dünyanın 80 %- dən çoxunda aqibət eynidir: dünya məcburi dincəlir və hamı sonluğun nə ilə bitəcəyini səbirsizliklə gözləyir. Dünya sanki məqsədli şəkildə sükunət nöqtəsinə sürüklənir - məqsəd dünyanı sıfırlamaq və yeniləməkdirmi, bilmirəm. Sonuncda hər şey gün kimi aydın olacaq. Hələ ki, dünya “od” içində yanır. Tüstüsü çəkilən kimi qoxusu da bilinəcək.
Təbii ki, dünya sahibsiz deyil. Baş verənlər, hətta, bəşəri əməl olsa belə, Allahın iradəsindən kənar deyil – hər şey ilahi nəzarətdədir. Bunu, Yaradanın təqdiri kimi də dəyərləndirməliyik. Amma heç inana bilmirəm ki, yarasa, yaxud kərtənkələdən, yaxud da ikisinin müştərək iş birliyindən bu nəhənglikdə bəşəri bəla qısa zaman kəsiyində bəşəriyyəti sarmaşıq kimi bürüsün və miqyassız metastaz versin. Necə olur ki, Çinin kiçik bir əyalət şəhərindən pöhrələnən virus adı çəkilən ölkəyə bitişik olan Koreyanın, Monqolustanın, Vyetnamın, Hindistanın, Pakistanın, Rusiyanın həmsərhəd vilayətlərinin və digər ölkələrin başı üzərindən birbaşa İrana, oradan da İtaliyaya, sonra isə İspaniyaya hoppanır, ardınca da dünyanı bürüyür? Amma Belarusda həyat öz ahəngi ilə davam etməkdədir. Burada koronavirusa nə yoluxan var, nə də o haqda düşünən. Ona bitişik Ukraynada isə yoluxanların sayı artan templə gedir. Bu, necə ola bilər? Bəlkə, Kainatın ənginliklərindən – yad planetlərdən açıq təhdid var: cızığımızdan çox çıxmışıq, ona görə? Bəlkə, Kosmosda nələrsə baş verib, biz bilmirik? Bəlkə?.. Açıq qalan suallar o qədərdir ki, bitib tükənmək bilmir... Allah betərindən qorusun!
Məncə, bunun idoloji “silaha” oxşarlığı daha çoxdur. Necə olur ki, bundan qat-qat dəhşət doğuran epidemiyalar zamanı, hətta Xirosimo və Naqasakiyə atılan atom bombalarından da dəfələrlə böyük dağıdıcı təsir gücünə malik olan 1986-cı il Cernobıl AES-də baş verən partlayış zamanı belə dünya bu qədər təlaşlanmadı? Halbuki, dünyanın yarıdan çoxu illərlə Çernobıl “havasını” ciyərlərinə çəkib mürgü döydi. Ölən, yaralanan və ömürlük şikəst qalanların nə sayı bilindi, nə də hesabı. Amma heç yerdə heç kəsə bircə günlük demirəm, heç bircə saatlıq da “evdə qalın”, yaxud da bir başqa cür “qorunun” deyilmədi...
Düşünürəm ki, dünya düzənində bunca insanları xof, vahimə altında saxlamaq koronavirusdan daha dəhşətli ola bilər. Şüuraltı xoflanmaq insanda qeyri-ixtiyari fobiya yarada və onu birbaşa xəstəliyin ağuşuna ata bilər. Bu, olduqca təhlükəlidir. Bir tərəfdən də yaşın 65-dən yuxarı olma “məsələsi” adamı qeyri-ixtiyarı ayrı düşüncələrə qərq edir. Heç fərqindəsinizmi, bəlkə dünya cavanlaşmaq “eşqinə” düşüb? Ümumdünya Səhiyyə Təşkilatının qərarına əsasən, virusa yoluxan və ölənlərin yaşı, cinsiyyəti, bu vaxtadək hansısa xəstəlikdən əziyyət çəkib-çəkməmələri haqda məlumatların verilməməsi də narahatedici məqamlardandır. Şəxsən, mənim üçün maraqlıdır ki, görəsən, indiyə kimi bircə nəfər də olsa, hansısa qaraçı millətindən olan kimsə bu xəstəliyə yoluxubmu, hələ ölməyi qalsın bir yana. Bu, böyük “oyundurmu”, yoxsa reallıqdırmı, bilmək olmur. Hər halda nəsə var. Var ki, bu qədər narahatlıq da var. Allah Özü dünyamızı hifz etsin! Allah dövlətimizi, millətimizi – Azərbaycanımızı qorusun! Amin!
Bu gün bütün bəşəriyyət küll halında dua etməkdədir. Ateisti də, bütpərəsti də, kafiri də, mömini də səhər-axşam Yaradana dua edir, bu bəlanın tezliklə dünya üzərindən sovuşmasını diləyir. Bu gün bu böyük “əsərin” baş qəhrəmanı Odur – Allahın Özüdür. Onun izni olmasaydı, təbii ki, bütün bunlar baş verməzdi. Diqqət edin, Allah bütün nəzərləri bir nöqtəyə cəmləyib – Özünə itaətə. Bir daha isbat edir ki, yenilməz güc və qüvvət sahibi Özüdür. Yəni, ey insan, sənin əldə etdiklərin, yersiz təkəbbür sahibi olmaqlığın və s. hoqqabazlığın faydasızdır: verilən ömrü Adəm övladı adam kimi yaşa.
Əslində, adına “korona” deyilən virus mənim üçün yoxdur – o haqda düşünmədiyim üçün güman edirəm ki, ən azından ölkəmizdə də yoxdur. Çünki olan və olmayan bir şeyin yoxdan var olması həmişə səs-küylü olur. Yersiz panika daha qorxunc və vahiməlidir. Vardırsa belə, “Ebola” və sair o biri viruslar kimi, korona da bir işə yarıyan deyil, ondan xoflanmağa, hədsiz təlaş keçirməyə gərək yox, odur ki, əndişələnməyin. Çox qısa zaman kəsiyində (bəlkə də ən birinci elə bizim ölkəmizdə) həyat əvvəlki ahəngi ilə davam edəcək. Amma ehtiyyat tədbirləri görülürsə, ona da ciddi riayət etmək hər kəsin vətəndaşlıq borcudur. Bundan sui-istifadə etmək, ağlagəlməyən şaiyələrin yayılmasına (vəzifəsindən, sosial mövqeyindən asılı olmayaraq) yol vermək dövlət və millət adına xəyanətdir. Başa düşməliyik ki, hamılıqla tarixi sınaq qarşısındayıq. Bu gün yardımlaşmaq ən böyük vaksin hesab olunmalıdır.
Çətindir. Bunu bütün dövlət başçıları etiraf edir. Buna tam olaraq heç bir ölkə hazır deyildi. Amma “Covid -19” bəşəriyyəti qəfil haqladı. Ayrı-ayrılıqda hər dövlətin süfrəsində olanlar ortaya çıxdı... Ölkəmiz də çətin günlərini yaşayır. Əhalisinin böyük qisminin günəmuzd işləməsi səbəbindən bu gün bu zümrədən olanlar üçün daha çətin bir dönəmdir. Təbii ki, ilk növbədə hökumət onların statistikasını aparıb, yardıma daha çox ehtiyacı olanların təminatına diqqəti artırmağa borcludur. Amma bununla yanaşı, imkanlı soydaşlarımız sosial yardımlaşmanı heç kimdən siqnal gözləmədən həyata keçirsələr, daha yaxşı olar. Bu gün fasiləsiz işləmək məcburiyyətində qalan soydaşlarımız əsla sosial yardımdan kənarda qalmamalıdır. Hətta, oğrular da bu müddətdə öz əzəli peşələrini dondursalar pis olmaz – 1988-ci ilin Meydan Hərəkatında olduğu kimi. Atalar demiş, elnən gələn bəlanı özümüzə dərd deyil, toy-bayram bilməliyik. Amma təəssüflər olsun ki, bəzən təcrübəsizlikdənmi, yaxud hansı səbəblərdənsə xoşagəlməzliklər də baş verir. Bir neçə gün öncə Masallının Boradigah qəsəbəsində yaşı 65-i ötmüş sakinlərə istifadə müddətinin bitməsinə 14 gün qalmış İran istehsalı olan 16 ədəd “pəm-pəm” (bakkuş) paylanılır. Niyyət xoşməramlı olsa da, əməl bir qədər qüsurludur. “65 yaşdan yuxarı insanlar qorunmaq məqsədilə evdən çıxmamalıdırlar” o demək deyil ki, onlar hamılıqla tamam ehtiyac içindədirlər və onlara “bakkuş” paylanmalıdır. Yaxşı olardı ki, yerli hökumət nümayəndələri, yaxud da bələdiyyə üzvləri daha aztəminatlı ailələrin siyahısını tərtib edib, qapılarına gedərək “bu şirniyyatlar sizin körpələrinzə, dövlətin, yaxud da hansısa iş adamının hədiyyəsidir” desəydilər, təsəvvür edin, bu qədər səs-küylü olmazdı, həm də təqdirəlayiq hal kimi dəyərləndirilərdi. Amma küçənin ortasında bunu etmək, həm də bu sayaq, dövlət və şərəfli tarixi keçmişi olan bir qəsəbə sakinləri adına utancvericidir. Sadəcə, bu vaqeəyə boradigahlı kimi çox üzüldüm. Düşünürəm ki, növbəti dəfələrdə fərqli – yəni hər şey qanun və əxlaq çərçivəsində olar.
Şəxsən mən, “korona” adlı virusa bir qədər fərqli prizmadan baxıram. Baxın, illər idi ki, ərəblərin əyyaşlığına dözmək zorunda qalmışdıq – içi mən qarışıq bir kimsənin ən çəlimsiz ərəbə belə “özünü qonaq kimi apar” demək qüdrətində deyildik, elə içimizdə qovrulurduq. Amma korona “virus” libasına bürünüb çox sərt dedi və dediyini də etdi. Hələ mən əxlaqsızlıq yuvasına çevrilən bir çox kafe, restoran və barlardakı biabırçılıqları, küçə və parklardakı açıq-saçıq həyasızlıqları dilə gətirmirəm. Bizim bacarmadığımızı korona bacardı. Mən, koronanın dünyamızda “qonaq” olacaq müddəti ciddi karantin dövrü kimi deyil, Ümumdünya Sanitariya Gününə (Qiyamətə) böyük hazırlıq mərhələsi kimi dəyərləndirirəm. İşdi-şayət, korona yol azıb məni tapsa və bağrına basıb özü ilə aparsa, bunu da Allahın təqdiri kimi, min yol daha əfzəl bilərdim. Çünki Uca Yaradan dünyamızı saflaşdırmaq istəyir. Hökm Onun hökmü, Fərman Onun fərmanıdır. Amma bütün bunlara rəğmən, qorunmalıyıq və ciddi karantin rejiminə elə ciddi də əməl etməliyik.
Əslində, düşünən, idrak edən hər kəs potensial virus daşıyıcısıdır və bu virusun adı tamam başqa bir şeydir , hər halda bilməsəniz yaxşıdır. Heç bir ciddi karantin, maska-filan burda işə yaramır. Bu virusun vaksini olsa da, hələ ki, “dövriyyəyə” buraxılmayıb...
Az qala unudacaqdım. Dünyaca məşhur Mikrosoft şirkətinin yaradıcısı multi milyarder Bill Qeyts 2015-ci ildə dünyanı dağıtmaq gücünə malik olan hansısa mikrob və virusdan nələrsə demişdi. Bu haqda fikirləşməyinə və ciddi nəticələr çıxarmağına dəyər...
Vasif Hüseynov
Xəbər 26936 dəfə oxunub.