17.01.2024 10:02
Şuşa fatehi iki nazirliyin arasında qalıb
- Elnur, qadan alım, eşitdim Füzulidəsən. Dostunu da götür, bizə gəl.
Zəng edən Mikayıl kişi idi. Şuşa fatehi İsanın atası. Vətəni canından çox sevən, müharibədən sonra yarımcan qalan İsanın...
Kişidə qabiliyyətə bax, ha! Bu qədər qayğının arasında evinə qonaq çağırır...
Dəvət üçün təşəkkür edib İsanı xəbər alıram.
Cavabı belə olur: "Ağrıları tutanda bir yerdə dinclik tapmır. Amma bu gün yaxşıdır. Televiziyada Şuşanın görüb, uşaq kimi sevinir".
Aramızda belə bir dialoq baş verir:
- Mikayıl dayı, İsaya salam söylə.
- Gəl, özün söylə. Evimizi ki, tanıyırsan...
Şəhid ailələri və müharibə əlilləri haqda yüzdən çox məqalənin müəllifi olan həmkarım Seymur Verdizadənin vətənpərvərlik damarı baş qaldırır: "İsa Şuşaya qədər gedib. Biz də onun ziyarətinə gedək".
- Gedək!
İsa Quliyev Füzuli rayonunun Qərvənd kəndindədir. Taleyin köçkünlük yükünü ailəlikcə daşıyıb, müharibənin ağrı-acısını elliklə yaşayıblar. Beşiyinin başında layla əvəzinə yurd həsrətli, torpaq niskilli bayatılar səslənib. Elə o vaxtdan İsanın körpə qəlbi düşmənə nifrət hissi ilə alışıb-yanıb, qisas hissi düşüncələrinə hakim olub. Yaşının üstünə yaş gəlsə də, uşaqlıq illərini yeniyetməlik, gənclik çağları əvəz etsə də, doğma Füzulini, cənnət Qarabağı azad etmək arzusu heç vaxt dəyişməyib. İllərin "qanadında" həyatdakı ən böyük arzusuna doğru can atıb...
18 aylıq hərbi xidmət dövrünü uğurla başa vursa da, onun üçün peşəkar hərbçi karyerası bundan sonra başlayıb. Azərbaycan Ordusunda könüllü xidmət etməyi seçərək, Vətənə xidmətini gizir kimi davam etdirib. İndi İsa Quliyev kimi igid oğulların formalaşan Azərbaycan Ordusunun qarşısında bir vəzifə dayanırdı: Qarabağı azad etmək, düşməni kürüyüb sərhədlərimizdən kənara atmaq!
O gün uzaqda deyildi...
..."Vur!" əmrini İsa və döyüşçü dostları sevinclə qarşıladılar. Bu, həmin tarixi an idi! Azərbaycan xalqı bu günü düz 27 il gözləmişdi...
İsa müharibənin ilk günündən qanlı döyüşlərə atılmışdı. Düşmənin postları dağıdılır, kəndlərimiz, qəsəbələrimiz, şəhərlərimiz bir-birinin ardınca işğaldan azad olunurdu. İndi onun qar kimi saf, təmiz qəlbi qürur hissi ilə dolub-daşır, sevinc, xoşbəxtlik iki damla göz yaşına çevrilib yanaqları aşağı yuvarlanırdı...
...İllərin jurnalisti Seymur Verdizadə sualı-suala calasa da, İsa hərbçi təmkini qoruyur, təvazökarlığından zərrə qədər də vaz keçmirdi: "Biz Vətən qarşısındakı borcumuzu yerinə yetirdik. Döyüşlərə atılanda heç vaxt orden-medal, mükafat barədə fikirləşmirdik".
Düz deyir! Qəhrəmanlar Vətəni təmənnasız sevir ..
"Şuşa uğrunda döyüş dünya hərb tarixinə yazıldı", - İsa iki peşəkar jurnalistin israrlı sualları qarşısında aram-aram danışır: "Düşmən "dəmir yumruq"un təsirindən yerə yıxılsa da, təslim olmaq istəmirdi. Şuşanın hər küçəsi, hər dalanı uğrunda qanlı döyüşlərə getdi. Mən noyabrın 9-da, müharibənin başa çatmasına cəmi bir neçə saat qalmış yaralandım. Düşmən qumbarasının nişanələrini hələ də bədənimdə gəzdirirəm".
Atası Mikayıl Quliyev Şuşa uğrunda döyüşdə İsanın başından yaralandığını, qəlpələrdən birinin müharibədən sonrakı dövrdə boğaz nahiyəsinə qədər irəlilədiyini deyir. Bildirir ki, tibb elmi İsanın vücudundan müharibənin bu acı nişanəsini götürməkdə acizdir: "Qəlpə həssas bölgədə olduğu üçün onu cərrahi müdaxilə ilə götürmək mümkünsüzdür. Bu yaxınlarda Türkiyədən də cavab gəldi ki, ölüm riski yüksək olduğu üçün bədənin həmin nahiyəsini əməliyyat etmək qeyri-mümkündür".
Mikayıl kişi bizi masanın üstündə qalaqlanmış sənədlərlə tanış edir. Məlum olur ki müharibədən sonrakı 3 il 2 ay ərzində İsanın döymədiyi xəstəxana qapısı qalmayıb. Amma onun dərdinə əlac edən, mənfur düşmənin nişanəsi olan qəlpəni çıxaran yoxdur. Əvvəl başında olan qəlpə indi boyunun yumşaq nahiyəsinə qədər irəliləyib...
Bunca əziyyətə baxmayaraq İsa bu günə kimi əlillik dərəcəsi ala bilməyib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq komissiyasında təmsil olunan həkimlər onun sağlam olduğunu iddia edirlər. Müdafiə Nazirliyi isə səhhətindəki problemlərə görə onu yararsız elan edərək, ordudan tərxis edib. Beləcə, İsa nə əlil kimi müavinət, nə də sağlam adam kimi işləyib maaş ala bilir. Bu müşkülü çözülsə, özü də, ailəsi də rahat nəfəs alacaq...
İsa müharibədən 5 medalla qayıdıb. Hamısında da Müzəffər Ali Baş Komandanın imzası var. Amma onun daha bir imzaya ehtiyacı var. Bu imza İsanı iş və aş qayğısından xilas edəcək. İsa çoxdan haqqı olan əlillik dərəcəsini alıb dövlətin verdiyi imtiyazlardan faydalanmalıdır. Canı, qanı bahasına keşiyində durduğu Vətən indi onun qayğısına qalmalıdır.
Elə biz vətəndaşlar da...
Eşidirsinizmi, vətəndaş məmurlar?
Elnur MƏMMƏDLİ
yenisabah.az
Xəbər 4046 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|