07.02.2017 11:16
Gəl boyuna qurban, ay Vətən Oğlu
39 gün düşmən əsirliyində qalıb, 40-cü gün vətən torpağına qovuşan Çingiz Qurbanovun xatirəsinə
Dekabrın 28-i zəng vurub atası Salmanla danışıb, bayramlaşanda həmişəki kimi hər şeyin yaxşı olduğunu və yaxşı olacağını söyləmişdi əsgər Çingiz Qurbanov. Həmin gün atası və qardaşı ilə 1 saatdan çox həmsöhbət olmuşdu. Deyib-gülüb danışmışdılar. Atası ona gözaydınlığı verib dedmişdi ki, “Oğul, gözlərin aydın, diplomunu aldım. Yanvarın 2-də gətirəcəyəm görərsən...” .
Çingiz 2017-ci ilin ilk günlərində 4 il zəhmət çəkib oxuduğu Azərbaycan Texniki Universitetinin Optik cihazlar üzrə fakültəsini əla qiymətlərlə bitirmişdi. Salman kişi övladlarından çox razı idi. Çingiz ali məktəbi 2016-cı ildə müvəffəqiyyətlə bitirib, “Aprel döyüşləri”ndən cəmi bir neçə ay sonra, iyul ayının 11-də hərbi xidmətə yola düşmüşdü. Gəncədə təlimləri başavurandan 3 ay sonra isə, özü ərizə yazıb ön cəbhədə qulluq etmək istədiyini bildirmişdi. 6 ayını təzə tamamlamışdı, Yeni il bayramının gəlişi münasibəti ilə ona evə getməyə məzuniyyət verilsə də, məzuniyyətini öz arzusu ilə 2017-ci ilə saxlamışdı. Anası Nailəyə də demişdi ki, “yanıma gəlmə, özüm gələcəyəm...”.
Dekabrın 29-u günorta çağlarında düşmənlə təmas xəttində yenidən erməni təxribatının baş verməsi və 1 əsgərimizin şəhid olub, daha sonra isə nəşinin ermənilər tətəfindən əsir götürülməsi haqqındakı xəbəri hamının ürəyini dağlamışdı. İllərdir sınan qürurunuz yenə sınmışdı, yenə əyilmişdi... yenə hərənin ağzından bir avaz gəlirdi... kimisi Vətən təssübkeşliyi ilə, kimisi də elə boş söz olsun deyə, düşmənə cansız bədəni ilə əsir düşən Çingiz Qurbanovun nəşinin qaytarılmasını müzakirə edirdi. Bu az imiş kimi, günlərin birində bizə düşmən olan ermənilərin qadınlarına qucaq açanları gördük və bunun guya “xalq diplomatiyası” olduğu kimi gülünc iddialar irəli sürüldü. Həmin günlərdə Çingizin nəşi İrəvana aparılarkən, biz İrəvandan gətirilən bir qoca harsına qucaq açdıq... Şəhid anaları, şəhid bacıları, şəhid övladları yanıb töküldülər...
Dekabrın 29-dan bəri oğlunun yolunu gözləyən Nailə ananın da gözləri yollardan yığılmadı... Ancaq ona ümid vermişdilər, ona demişdilər ki, bir az da səbirli ol, oğlunu qaytaracağıq.
Fevralın 5-i günorta çağı Müdafiə Nazirliyindən aldığımız xəbər o harsını da unutdurdu. Hamı sevindi, Çingizin yolunu gözləyənlər əllərini Göy Tanrıya açıb şükr etdilər... Məlum oldu ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlahm Əliyevin xüsusi səyi nəticəsində , Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçumuzun nəşinin geri alınması prosesi baş tutub.
Çingiz Qurbanovun nəşini Müdafiə Nairliyinin hərbi qulluqçuları Qazaxdan Bakıya qədər 460 km yolu təmtəraqla gətirdilər. Çingizi layiq olduğu məqama bərabər tutdular. Paytaxt Bakımızda da Çingiz Qurbanovu təmtəraqla qarşıladılar. Bayraqlarımız Çingzin yolunda farağat dayanmışdı.
Çingiz Qurbanov həlak olduğu vaxtdan ötən 39 günün tamamında onu gözləyən qardaşı, bibiləri, anası Nailə, atası Salman tabutun pişvazına çıxdılar. Bayrağa bürünmüş tabutun başına dolandılar, laylalar dedilər, ah-fəqanları göyə yüksəldi...
Bibisi Nüşabə Hacıyevanın dediyi kimi, “Sağ-salamat gəlişinə sevinməliykən, tabutda gəldiyinə sevindik”. Salman kişi əlini oğlunun tabuna çəkirdi, tumarlayırdı, əzizləyirdi... ucadan deyə bilmədiklərini ürəyində, səsizcə deyirdi:
“Ay oğul 40 gün idi gözlərim yol çəkirdi, başqa bir dərdim yoxdur, oğul dərdiydi dərdim...”.
Çingiz tələbə olanda onun üçün həm atalıq , həm analıq etmişdi. Bakıda ev kirayələyib, oğlunun savadlı, Vətənə gərəkli övlad olması üçün keşiyini çəkmişdi, qulluğunda durmuşdu. Təkcə oğlu deyildi, dostu idi Çingiz... Ondan soruşacağı o qədər sualları var idi ki... Qeyrət zamanı idi. Qəhrəman oğlunu yola salmağa gələnlərin qarşısında qəhrəman atası kimi dayanmalıydı. Dərd onu əysə də, içəridən sındırsa da elin, Vətənin, dövlətin bu gün oğluna göstərdiyi şərəf onu əyilməyə qoymadı... Göz yaşlarını ürəyinə axıtdı.
Bu 39 gün içərisində ölməyən, əzablar çəkən Nailə ana yumağa dönmüşdü, heydən düşmüş ana ucadan qışqıra da bilmirdi, böyüklər demişdi ki, tabutu açmaq olmaz, o isə oğlunu bağrına basmaq, əzizləmək, ən azı son dəfə qoxlamaq istəyirdi... Arada bir tabutu aralayıb baxmaq istəyirdi... Onu da qoymadılar... bu da anaya bir zülm, bir dərd oldu... O tabutu açmaq yasaq idi... O tabuta analar baxa bilməzdi... Çünki Çingizin üzündəki gülüşü, səmimiliyi, mehribanlığı görməyəcəkdi. Çingiz hər kəsin yaddaşında onu görməyə gələnlərə çərçivədən baxan sonuncu gülüşlərini hədiyyə edirdi... Sağlığında da dostlar , qohumlar onu belə görmüşdülər. Axı Çingiz hamıya deyirdi ki, hər şey yaxşı olacaq.
İstədim soruşam ki, “Ana bu 39 günü necə yaşadın?”, mən soruşmadım, özü pıçıldadı oğluna: “ Şirin-şirin laylalarla layla çaldığım oğul, xəbərin vardımı, bu 39 gündə boğazımdan su getmədi, “oğul” deyib yandım, alovlandım... Oğul, dur səsimə səs ver, əlacım-gərəyimsən... Sənin üçün çox darıxmışam bala, dediyim sözləri eşidərsənmi... İndi səni hardan sorum, hardan alım xəbərini... 39 gün 39 ilimə bərabər oldu... Gəldin... Səni belə görməz olaydım... Məni torpağına qarışdır bala... Çingiz deyəndə səsimə kim səs verəcək, oğul deyəndə, əlimdən kim tutacaq...”.
Fevral ayının 6-sı Müdafiə Nazirliyinin Təlim-tədris Mərkəzində Çingiz Qurbanovla vida mərasimi keçirildi. Belə vida mərasimi ancaq qəhrəmanlara nəsib olur. Vida mərasimində müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, hökumət nümayəndələri, generallar və millət vəkilləri, hərbçilər iştirak edirdilər.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi şəhidimizin nəşinin düşməndən geri alınması prosedurunu asanlaşdırmaq üçün onun 29 deakbr günü etdiyi qəhrəmanlıq haqqında əsl xəbərləri ictimaiyyətə çatdırmamışdı. Bu gün güllərə, çiçəklərə bəzənən Çingiz 29 dekabr tarixində elə Mübariz İbrahimov, Fərid Əhmədov qədər şücaət göstəribmiş. Məlum oldu ki, 29 dekabr günü Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən 3 ermənini atdığı sərrast atəşlə məhv edib, 1-ni isə həmin andaca ağır yaralayıb. 4-cü yaralı erməni zabiti isə yanvarın 16-sı ölüb.
Çingizin anadan olduğu kənd Azərbaycanın qədim şəhəri olan Dərbəndin yaxınlığında yerləşir. İndi Dərbnddən Həzrə kədini 1 sərhəd ayırır. Dərbənd də qədim albanların və türklərin ana yurdudur. Buralarda 2500 il bundan əvvəl ləzgilər də, buduqlar da, tatlar da bir ailə kimi yaşayıblar. Ta qədimdən Dərbənddən üzü Şirvana yayılan bir məsəl var “Şirvanda şıxlar, Dərbənddə qırxlar”.
Bu məsəl ərəblərin Azəraycanı işağl etdikləri zamandan yadigar qalıb. 8-ci əsrdə İslam qoşunu gəlincə, yəni müsəlmanlar Dərbənd qalasını ələ keçirərkən, Vətəninin ərəblər tərəfindən işğalına dözməyən Xəzər padşahı Xaqan xan üzünü qoşununa tutub deyir: “Bu gün hər kim müharibədən üz çevirsə, mükafat olaraq məndən əzab görəcəkdir”.
Onun sərkərdələri olan Səlman və Rəbiə düşmənlə döyüşə atılırlar. Qüvvələri az olsa da, ürəklərindəki Türk ruhu onları sınmağa qoymur, bacardıqca irəli gedirlər. Sonda Səlman və Rəbiyə 40 nəfər könüllü ilə birlikdə daha bir hücuma keçib, şəhid olurlar. Lakin Dərbənd qalasını düşməndən geri alırlar. Dərbənd yenə Xaqana, türklərə qalır. Bu qələbədən sonra Xaqan Dərbəndə 3000 nəfər əsgərini yerləşdirib, ərəblərə qarşı vuruşmaq üçün Şama qayıdır...”. Həmin 40 nəfərin məzarı bu gün də Dərbənddə Qırxlar məzarı kimi ziyarətgahdır. Şeyxlərin məzarları isə Şirvanda müqəddəs sayılıb. Hər kəsin and yeri olub bu məzarlar. Bu gün bizim and yerimiz olan Şəhidlər Xiyabanlarımız kimi.
Dünən Müdafiə Nazirliyinin Təlim-tədris Mərkəzindən də qəhrəmanlığı ilə şəhadətə yüksələn balamızın qəlbindəki ruh o torpaqlardan bəhrələnib. Döyüş ruhu ilə özündən artıq sayda olan düşmənə qarşı hücuma keçən 22 yaşlı qəhrəman Çingiz Qurbanovu Bakıdan doğulduğu Qusara qədər uzanan 190 km yol boyu irəliləyən böyük maşın karvanına hər kəs əsgər salamı verir, onun tabutunun qarşısında Azərbaycanın üçrəngli bayrağını dalğalandırırdılar. Bakı-Qusar yolu bayraqlara , çiəklərə bürünmüşdü. Vətənimizin 22 yaşlı qəhrəman oğlunu elə QƏHRƏMAN kimi qarşılayırdılar. Çingiz Qurbanovun tabutunu Qusarın Şəhidlər Xiyabanına gətirib, Vətənin torpaqlarıın azad edilməsi uğrunda şəhid olanların sırasında dəfn etdilər. Şərəfinə yaylım atəşləri açıldı, şərəfinə Azərbaycan Respublikasının Himni səsləndi...
Sonra isə Qazaxdan Qusara qədər 660 kilometr məsafədə Çingizin tabutu ilə qol-boyun olan bayrağımızı onun atasına verdilər. Bayrağı öpüb ürəyinin üstünə qoydu, oğlunun nəfəsini hiss etmək istədi. Bir neçə dəqiqə sonra Çingizin əbədi köçdüyü son mənzili gül-çiçək dənizinə döndü. Toyuna gətiriləcək güllər məzarını bəzədi.
Çingiz Qurvanovun qaytarılması xəbərini eşidən andan, “Gəl boyuna qurban, ay Vətən oğlu” mahnısının sözləri qəlbimdə qövr etdi. Onu Vətən torpağına əmanət edib gələndən sonra isə Çingiz balamıza belə layla çaldım:
Şahdağın gözləri yollarda qaldı,
Gəl boyuna qurban ay Vətən oğlu.
Xızı dağlarını sis-duman aldı,
Gəl boyuna qurban ay Vətən oğlu.
Yollar da yoruldu yol gözləməkdən,
Dillər qabar oldu “Çingiz” deməkdən,
Ay oğul 40 günü tamam etdin sən,
Gəl boyuna qurban ay Vətən oğlu.
Şirvanda Şıxlara and verdim səni,
Dərbənddə Qırxlara tay tutdum səni,
Qəmli laylalarda uyutdum səni,
Gəl boyuna qurban ay Vətən oğlu.
Tabutun əsgərlər çiynində qalxdı,
Bayraqlar yoluna pişvaza çıxdı,
Axdı, anaların göz yaşı axdı,
Gəl boyuna qurban ay Vətən oğlu.
Mənə yaraşmayır təkəbbür, qürur.
Hələ alınmayan qisasın durur,
Ruhun yuxlarıma gəlib soruşur:
Dur qisasımı al, ay Vətən oğlu.
Sonra Rüstəm Behrudinin bir xatırlamasını oxudum: qədim türklər igidin qisası, torpağın öcü alınmayınca, şəhidi dəfn etməzdilər. Bu gün o gün deyil. O Göy Türklərin zamanından çox zamanlar keçib, ancaq ruhumuz ölməyib. Biz təzədən doğulmuşuq, indi bizim zamanımızdır, indi daha belə olmayacaq. Biz Dərbənddəki Qırxlar, Ötükəndəki 40-lar kimi döyüşə atılmalıyıq. Biz döyüşməsək , qan tölməsək, o torpaqları geri almasaq, şəhidlərimizin ruhu rahat olmayacaq. Onları dəfn etdiyimiz zaman söylədiyimiz “Bu qan yerdə qalmayacaq” şüarlarını əmələ çevirməliyik. Daha bir 25 il də gözləyib böyütdüyümüz oğulları yenə özümüzdən sayca az olan mənfur düşmənin əlinə verməmək üçün Biz döyüş istəyirik! Vətənimizə Qələbə gətirəcək döyüşü istəyirik. Bizə yol verin, yol verin!!!
(modern.az)
|
28.12.2024 21:56
28.12.2024 21:13
Hökumə Əliyevanın cənazəsi Bakıya nə vaxt gətiriləcək? -Video
27.12.2024 13:04
27.12.2024 01:34
26.12.2024 21:04
26.12.2024 19:42
26.12.2024 19:26
26.12.2024 12:04
Qoşqarın kimliyi müəyyən olundu - Nəşi bu gün ailəsinə veriləcək
26.12.2024 10:43
25.12.2024 23:55
25.12.2024 23:45
25.12.2024 23:37
25.12.2024 17:23
25.12.2024 15:39
25.12.2024 13:12
24.12.2024 16:13
24.12.2024 15:53
24.12.2024 15:33
“Nizami: daxili aləm“ sənədli filminin təqdimatı keçirilib -Fotolar
24.12.2024 12:12
24.12.2024 10:58
Əxlaqsızlığa sponsorluq edənlər: “İstanbul NS“ klinikası, “Halva“ restoranı, “Legend Motors“...
23.12.2024 23:22
23.12.2024 22:14
Bakıda əmək münasibətlərinə dair konfrans keçirilib - FOTOLAR
23.12.2024 18:57
23.12.2024 18:40
Krivoy-Roq şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı tədbir keçirilib -Fotolar
23.12.2024 16:19
23.12.2024 16:09
“Zapravkalar” sürücüləri aldadır? – 10 min manat təzminat...
23.12.2024 16:01
“Nar” və “NETTY” rəqəmsal təşəbbüslərini mükafatlandırdı -Fotolar
23.12.2024 15:54
“43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim”- Diplomu saxta çıxan Abdıyeva
22.12.2024 15:57
Şahin İsrafilov və dostlarının Qubadakı “sərgüzəştləri” sakinləri CANA YIĞIB – ŞİKAYƏT
22.12.2024 14:29
22.12.2024 11:31
Bu sahə bərbad durumda: Nə yol xəritəsi var, nə də standartlar
21.12.2024 23:12
4 milyon manat necə ələ keçirilib? - Zeynal Usubovun da pulu gedib
21.12.2024 22:58