08.01.2018 09:46
“İtkin düşən alpinistlər bu hallarda sağ qala bilər...” - Rəylər
Ekspertlər dağçıların axtarışlarının nəticə verməməsinin səbəblərinı sıraladılar
Artıq iki həftədir ki, itkin düşən alpinistlərdən heç bir məlumat yoxdur. Hadisə ilə bağlı cinayət işi də açılıb. Bu haqda Respublika Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatında deyilir. Məlumatda qeyd olunur ki, 23 dekabr 2017-ci il tarixdə “Şahdağ” Milli Parkı ərazisində yerləşən “Tufandağ” zirvəsi istiqamətində qalxan “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin itkin düşmələri barədə daxil olmuş məlumat əsasında dekabrın 27-də Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin müvafiq qurumları tərəfindən helikopter cəlb olunmaqla axtarışa başlanılıb.
İlkin araşdırmalarla müəyyən edilib ki, N.Bunyatov, B.Hüseynov və F.Cəbrayılzadə dekabrın 23-də saat 14 radələrində “Tufandağ” zirvəsinə qalxmaq məqsədilə rayonun Quba rayonunun Xınalıq kəndindən “Şahdağ” Milli parkının “Xınalıq” keçid məntəqəsinə gələrək zirvə istiqamətində hərəkət edib və naməlum şəraitdə itkin düşüblər. Hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
İki həftədir itkin düşən alpinistlərin sağ qalmaq ehtimalı varmı?
XəzərNews.az bildirir ki, Tibb elmləri doktoru, professor Adil Qeybulla məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb: “Bildirim ki, alpinistlərin sağ qalma ehtimalı, təəssüf ki, çox cüzidir. Yalnız əgər onlar əsir düşübsə, kimlərsə aparıbsa və yaxud kimlərsə xilas edibsə, haradasa isti bir yerdə qalıblarsa, bu zaman sağ qala bilərlər. İnsan tibbi baxımdan uzun müddət bu cür şaxtalı havada çöldə qala bilməz. Bir müddətdən sonra onun orqanizmində donma prosesi gedir. Yəni, mərkəz dərinin iflici olur və nəticədə bütün bədən donur. Lap tutaq ki, üstlərində gəzdirdikləri yataq ləvazimatları ilə soyuqdan qorunmağa çalışsalar belə, bir müddət sonra soyuğa tab gətirmək mümkün olmur. Beləliklə bütün bu ehtimallar da sıfıra bərabərdir, çünki belə bir situasiya olsaydı, məlumatlar yayılardı. Yəni, çox güman ki, qar uçqunu olub, alpinistlər qar altında qalıb. Bu halda artıq onların sağ qalma ehtimalları yoxdur. Bəziləri ehtimal edir ki, alpinistlər vəhşi heyvanların hücumuna məruz qala bilər. Lakin bu ehtimal da inandırıcı görünmür, çünki belə olsaydı hansısa qan izləri və sairə müşahidə edilərdi. Düşünürəm ki, onları qar uçqunun altından axtarmaq lazımdır”.
Həkim-alpinist Vasif İsmayıl da alpinistlərin qar altında qaldığını düşündüyünü deyib. Onun fikirlərini qısaldılmış şəkildə təqdim edirik: “Dağda alpinistin başına 2 yerdə qəza gələ bilər - hərəkət halında, düşərgədə (bivuak). Bizim hadisədə alpinistlərə aid hər hansı iz 2 həftə ərzində hələ də tapılmayıb. Bunlar hansı hallarda mümkündür? 1) Hərəkət halında qayadan sürüşmə. Bu qəza növündə 3 idmançının birlikdə yuvarlandığını nəzərə alsaq, onlara aid hər hansı bir izə rastlamaq mümkün idi. 2) Hərəkət halında qar uçqununa düşmək. Bu qəza növündə alpinistlərin qar uçqunu altında qalması baş verdiyi üçün onların heç bir izinə rastlamamaq mümkündür. 3) Hərəkət halında çatlara düşmək. Buz çatlağına düşmə halında da alpinistlərin heç bir izi qalmaz. 4) Düşərgə halında qar uçqununa düşmək. Düşərgə halında qar uçqununa düşmüş idmançılar ancaq bir dəstədən ibarətdirsə, ancaq öz gücləri hesabına qarın altından çıxa bilərlər. Uçqunla gəlmiş qar sement kimi çox sərt olur. Onu eşərək kənara çıxmaq çətindir (amma mümkündür).Düşərgədə qar uçqununa yaxalanmış idmançılardan da heç bir iz qalmaya bilər.
5) Düşərgə halında ikən qar altında qalmaq. Bu qəza növündə də idmançılardan iz qalmaya bilər. İdmançılarımızın düşərgə saldıqları gün hava şəraitinə nəzər saldığımızda küləkli, qarlı çovğun olduğunu görürük. Bu sırada idmançıların hərəkət halında olduğunu düşünmürəm. Mənim ehtimalımca qəza düşərgə halında ikən baş verib. Ya düşərgə halında qar uçqunu, ya da düşərgə halında qar altında qalma".
Xəbər 2148 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|