09.11.2023 09:27
İrəvan prosesi çıxılmaz vəziyyətə salır... - Elçin Əmirbəyov
Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ancaq İrəvan hökumətinin sülh prosesində öz iştirakını imitasiya etməyi dayandıracağı, Azərbaycanın bir il əvvəl təqdim etdiyi və beynəlxalq hüququn beş əsas prinsipinə əsaslanan layihə üzərində konstruktiv şəkildə məşğul olacağı halda mümkün olacaq.
Xəzərnews.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliyanın “Adnkronos” nəşrinə müsahibəsində deyib.
Elçin Əmirbəyov sülh sazişinin müsbət nəticəsinin ikili yanaşma ilə çıxış edən Ermənistan hakimiyyətinin səmimiyyət səviyyəsindən asılı olacağını bildirib. Çünki Ermənistan tərəfi bir tərəfdən sülh sazişini yekunlaşdırmaq istəyindən danışır, digər tərəfdən isə Azərbaycana qarşı diplomatik müharibəyə başlayıb.
“Son günlərdə İtaliyada səfərdə olan Ermənistan hakimiyyətinin nümayəndələri BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti, Avropa İttifaqı kimi müxtəlif beynəlxalq platformalardan sui-istifadə edir və məsələni siyasiləşdirir. İrəvan bununla bütün maraqlı tərəflərin diqqətini nəinki əsas yoldan yayındırır, həm də prosesi çıxılmaz vəziyyətə salır. Sülh sazişinin əldə olunması üçün Ermənistan əvvəllər götürdüyü öhdəlikləri yerinə yetirməli və verdiyi vədlərə əməl etməlidir. Ermənistan paralel yollarda öz dar siyasi məqsədlərini həyata keçirməyə çalışmaqdan əl çəkməli və ən yüksək səviyyədə sülh sazişi layihəsi ilə bağlı yenidən danışıqlara başlamalıdır”, - deyə Azərbaycan rəsmisi vurğulayıb.
Elçin Əmirbəyov Ermənistanın Qarabağda etnik təmizləmə və soyqırımı ilə bağlı ölkəmizə qarşı irəli sürdüyü ittihamların tamamilə əsassız olduğunu bildirib: “Məhz Ermənistan 30 il ərzində bu ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib. 1992-ci il fevralın 26-da Ermənistan tərəfindən Azərbaycan vətəndaşlarının məskunlaşdığı Xocalı şəhəri tamamilə yerlə-yeksan edilib. Bir gecədə 613 azərbaycanlı, o cümlədən qadınlar, qocalar və uşaqlar qətlə yetirilib və soyqırımı törədilib”.
O, Azərbaycanın ölkəmizin bütün vətəndaşlarına, o cümlədən Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin hüquqlarına hörmət etdiyini vurğulayıb. Ölkəmizin Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi yenidənqurma və bərpa işlərinin məqsədinin Ermənistanın təxminən otuzillik işğalı zamanı törətdiyi dağıntıların nəticələrini aradan qaldırmaq olduğu bildirilib: “Azərbaycan hökuməti işğaldan azad olunan ərazilərdə infrastrukturun yenidən qurulmasına 7 milyard dollardan çox vəsait xərcləyib. Lakin biz hələ də piyada və tank əleyhinə minalar, digər partlamamış hərbi sursatlarla çirkləndirilmiş bu ərazilərdə böyük problemlə üzləşirik. Ermənistan işğal dövründə bu ərazilərə 1,5 milyona yaxın piyada əleyhinə mina yerləşdirib. Azərbaycan tərəfində mina qurbanların sayı durmadan artır. Atəşkəsin əldə olunmasından bu günə kimi Azərbaycan mina terroru nəticəsində 337 itki verib”.
Azərbaycan-İtaliya münasibətlərindən bəhs edən Elçin Əmirbəyov hazırda yüksək səviyyədə olan iki ölkə əlaqələrinin əla siyasi dialoqa, çox fəal və canlı iqtisadi əməkdaşlığa əsaslandığını bildirib: “Əməkdaşlığımız təkcə təbii qaz tədarükü ilə məhdudlaşmır. Lakin bu, tərəfdaşlığımızın mühüm hissəsini təşkil edir. Biz İtaliya ilə iqtisadi və ticarət əməkdaşlığımızı genişləndirmək və şaxələndirmək imkanlarını araşdırırıq. Azərbaycan İtaliyanı Avropa İttifaqında özünün əsas tərəfdaşlarından biri hesab edir. Əməkdaşlığın digər sahələrindən biri də təhsildir ki, biz Bakıda İtaliya-Azərbaycan Universiteti layihəsini reallaşdırırıq. Həmçinin kənd təsərrüfatı, müdafiə və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını araşdıra bilərik. Mövcud əməkdaşlığın inkişafı üçün potensial böyükdür. Çünki hər iki tərəfdə xoş niyyət və əlverişli mühit var”.
O, həmçinin Azərbaycanın Yaxın Şərqdə atəşkəsin mümkün qədər tez əldə olunmasını istədiyini qeyd edib./AZƏRTAC
Xəbər 9439 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|