13.04.2023 12:35
“Sevimli Dad” adı ilə... - Mal əti yazıb, camış əti qatıblar
Xəbər verdiyimiz kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kolbasa və sosiska məhsullarında aparılan yoxlamaların nəticəsini açıqlayıb. Ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən 57-si kolbasa, 32-si sosiska olmaqla, ümumilikdə 89 adda məhsuldan nümunələr götürülərək, müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında analiz edilib. Yoxlama nəticəsində 89 məhsuldan 9 məhsulda (6-sı kolbasa, 3-ü sosiska) uyğunsuzluqlar müəyyən edilib ki, bunlardan 4 məhsulda (3-ü kolbasa, 1-i sosiska) uyğunsuzluq təhlükəsizlik göstəriciləri ilə, 5-də isə (3-ü kolbasa, 2-si sosiska) etiket məlumatları ilə bağlıdır.
Ən qorxulusu isə bir neçə markaya məxsus kolbasa və sosiska məhsullarının üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb. Bunlar “Köhnə Dad”-a məxsus yarımhisə verilmiş “Servelat” kolbasası, “Sevimli Dad”-ın “əla növ südlü sosiska”sı, “Səhliyalı”ya məxsus “Halal 5+”-in “Sacüstü” halal sosiskasıdır.
Pozuntu aşkar edilən məhsullardan biri – “Sevimli Dad” adı ilə “əla növ südlü sosiska” istehsal edən “M&T” Ltd firmasının menecment sisteminin rəhbəri və laborotoriya müdiri, Biologiya üzrə fəlsəfə doktoru Azadə Rzayeva FED.az-a şirkətin istehsalı olan məhsulda tapılan problemlə bağlı vəziyyəti izah edib.
Laboratoriya müdiri etiraf edib ki, doğrudan da sosiskanın üzərində tərkibində mal əti olduğu göstərilsə də, mal əti tapılmayıb, əvəzində onun tərkibində camış əti olub:
“Biz bununla bağlı AQTA-nin əməkdaşları ilə görüşmüşük. Ümumiyyətlə, yanlış anlaşılma olub. Markalanmada səhv olaraq “mal əti” yazılıb, amma resepturamızda “mal və ya camış əti” olaraq gedir. Problem bundadır. Əslində problem də sayılmaz, sadəcə məhsulun tərkibində mal və ya camış ətinin biri olmalıdır, fakt odur ki, tərkibində camış əti var”.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) İctimai Şuranın üzvü Eyyub Hüseynov Publika.az-a bildirib ki, məhsulun tərkibinə qatılan maddələrin markalanma zamanı qeyd olunmaması istehlakçıların hüququnun pozulmasıdır.
Onun sözlərinə görə, yerli istehsalçılar mal əvəzinə camış ətindən istifadə edirlər. Buna görə də, AQTA yoxlamalar zamanı kolbasaların tərkibində mal əti müəyyən edə bilməyib.
“İstehsalçı şirkət kolbasanın üzərində camış əti olduğunu mütləq qeyd etməlidir. Camış əti ölkəmizə Hindistandan gətirilir. Xəstə olmayan yaşlı camış ətinin kiloqramı çox ucuz qiymətə – 3-4 manata başa gəlir və ondan da kolbasa sexləri istifadə edir. Təəssüflər olsun ki, istehsalçı şirkətlər məhsulun markalanması zamanı camış ətindən istifadə oldunduğunu qeyd etmirlər. Camış iribuynuzlu heyvanlara aiddir, buna görə də mal əti hesab oluna bilər. İstehlakçı hüquqlarının pozulmaması nöqteyi-nəzərindən məhsulun üzərinə “camış əti” yazılsa, doğru olar. Onda AQTA bunu ciddi nöqsan kimi qiymətləndirməzdi. Lakin birmənalı şəkildə əhalinin camış əti ilə bağlı informasiyası azdır. Qeyd edim ki, camış əti inək ətindən daha sağlamdır. Çünki camışın saxlanılmasında baytarlıq müdaxiləsi çox az olur. Adıçəkilən şirkətlər AQTA-nın tələbinə uyğun olaraq məhsulun etiketini dəyişdirib üzərinə camış ətindən istifadə olunduğunu qeyd etsinlər. Kiloqramı 2 manata olan, eyni zamanda xaricdən idxal olunan kolbasa məhsulları da ciddi yoxlanılmalıdır”.
Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov bildirib ki, camış ətinin kolbasaya əlavə olunması etiketdə göstərilməlidir, amma bunu etmirlər, standartlarda çox vaxt mal əti, dana əti göstərilir:
“Çünki dana əti keyfiyyət baxımından üstün hesab olunur. Bütün bunlar marketinq hiylələrindən biridir. AQTA tərkibində mal ətinə rast gəlinməyən kolbasa məhsullarının adını açıqladı. Şirkətin açıqlama verərək camış ətindən istifadə edildiyini bəyan etməsi şübhə doğurur. Kolbasada müəyyən yağ turşuları var, onun miqdarı çoxdursa, uzunqulaq ətindən istifadə olunması ehtimalı da çoxdur.
Camış əti xüsusiyyətlərinə görə mal ətinə çox yaxındır. Əgər məhsulda camış və mal əti də yoxdursa, şübhə yaranır ki, heyvan şümüyündən istifadə edilib. Çünki çox vaxt camış ətindən istifadə etmirlər, üyüdülmüş sümük və ya heyvanın çıxıntılarından, yararsız ətlərindən istifadə olunur.
Eyni zamanda tərkibinə rəngləndirici, dadlandırıcı, ömrünü uzatmaq üçün qoruyucu maddələr vururlar. Eyni zamanda, üzərinə nişasta əlavə olunduğu qeyd olunur, amma nə nişastası olduğu yazılmır. Maya dəyəri də ucuz başa gəldiyi üçün həmin kolbasa və sosiska məhsullarının qiyməti də çox ucuz olur. Həmin məhsulların kiloqramını 5-6 manata satılır. Halbuki o qiymətə yarım kilo ət almaq mümkün deyil. Güman ki, soyadan da istifadə olunur, amma çox vaxt bunu göstərmirlər. Ona görə də istehsalçı şirkətlər ətin növünü, hətta ədviyyatlara qədər bütün qatılan maddələri göstərməlidirlər”.
Xəbər 1039 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|