21.06.2023 09:46
“Möcüzəli Naftalan”a ayrılan milyonlar necə yoxa çıxarılır?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin vəzifələrindən biri də sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) yardımçı olmaq, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılmasına yönəlik tədbirlər görməkdir. Sözügedən Agentlik bu məqsədlə hər il dövlət büdcəsi hesabına minlərlə əlil, şəhid ailəsi və müharibə veteranlarını müxtəlif istirahət mərkəzlərinə, sanatoriyalara göndərir.
XəzərNews.az Yenicag.az-a istinadla xəbər verir ki, Agentliyə ayrılan büdcə vəsaitləri ildən-ilə artırılsa da, şəhid ailələrinin, qazi və əlillərin göndərildiyi sanatoriyalarda, istirahət mərkəzlərində xidmət və qidanın keyfiyyəti nədənsə artmaq əvəzinə azalır.
Məlum olduğu qədər, Sosial Xidmətlər Agentliyi tərəfindən minlərlə şəxsin hər il dövlət büdcəsi hesabına istirahətə göndərildiyi məkanlardan biri də “Möcüzəli Naftalan” Sanatoriyasıdır. Ancaq mediada yazılan və iaşə obyektlərində keyfiyyətə və xidmətə nəzarət edən rəsmi qurumlardan biri olan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) açıqlamasında “Möcüzəli Naftalan” Sanatoriyasında xidmətin standartlara uyğun olmadığı bildirilir. Məsələn, AQTA əməkdaşları 2021-ci ildə Naftalan şəhəri, N.Gəncəvi 20 ünvanında fəaliyyət göstərən “Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi” MMC-yə məxsus ictimai iaşə sahəsinə baxış keçiriblər.
Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin, həmçinin sanitariya norma və qaydalarının kobud şəkildə pozulması faktları aşkar edilib. Araşdırmaya əsasən, müəssisədə döşəmənin tamlığının pozulduğu, divar və tavanın sanitar norma və qaydalara uyğun olmadığı, həmçinin dezinfeksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib.
Eyni zamanda, müəssisənin qida məhsullarının saxlanıldığı anbarda mal qonşuluğu qaydalarına əməl edilmədiyi, istehlak üçün nəzərdə tutulmuş ət və ət məhsullarının, süd və süd məhsullarının baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi və istifadə müddəti bitmiş qida məhsulları aşkarlanıb.
Bir müddət öncə Rəna Əliyeva adlı vətəndaş müəllim kimi göndərişlə getdiyi “Möcüzəli Naftalan” Sanatoriyasında başına gələnlər barədə mətbuat vasitəsilə ictimailəşmiş şikayətində narazılığını belə ifadə edib:
“Ondan başlayım ki, mərkəzə çatar-çatmaz gördüyüm qələbəlik məni təəccübləndirməyə bilməzdi. Çünki “Möcüzəli Naftalan” bölgədə daha əvvəl yaranan, digərlərinə nisbətən kiçik sanatoriyalardan sayılır. Buna baxmayaraq, mərkəzdə gələnə “yox” deyilmirdi. Hətta zirzəmidə də çarpayı qoyub müştəri qəbul edirlər.
Orada öyrəndim ki, sanatoriya 94 yerlikdir, amma yeməkxanada 60-dan çox masa qoyulmuşdu və birində 4-6 nəfər otururdu. Bu isə 200-300 nəfər deməkdir. Yeməkxanada nəinki oturmağa, durmağa belə yer olmur.
Zirzəmi və xəstələr üçün nəzərdə tutulmayan bütün yerlərdə çarpayı qoyulub. Məlumatsız adamları şəraitsiz yerlərdə qəbul edir, “putyovka” ilə gələnlər səs-küy saldıqda isə bir-iki gündən sonra yuxarı otaqlara yerləşdirirlər.
Təsəvvür edin ki, bir yeməkxana masasında əyləşən 4 nəfər üçün cəmi bir xiyar və bir pomidor qoyurlar. Otaqların şəraiti barədə isə danışmağa dəyməz. Yataq dəstləri sanki illərdir dəyişilmir. Hər gün dəyişilməli dəsmallar, yataq dəsti, prosedur üçün verilən üzlüklər 10 gün sonra dəyişdirildi. Yəni deməyənə qədər dəyişmirlər. Adam o qədər çoxdur ki, prosedurlar arasında hamı qaçaqaçdadı ki, dəqiqəsi keçməsin. Dincəlmək mümkün deyil”.
Standartlara cavab verməyən belə bir bərbad sanatoriyaya hər il dövlət büdcəsi hesabına Sosial Xidmətlər Agentliyi tərəfindən minlərlə vətəndaşın göndərilməsi olduqca düşündürücü məqamdır. Axı necə ola bilər, hər il müasir standartlara cavab verən onlarla istirahət mərkəzinin istifadəyə verildiyi Azərbaycanda büdcədən maliyyələşən dövlət qurumu ancaq özünün seçdiyi 4-5 sanatoriya ilə illərlə əməkdaşlıq edir?
Xəbər 1154 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|