Ekspertlər ölkədə yeni tikililərin əsas problemindən danışdılar
Bakıda yeni inşa edilmiş binalardan mənzil alanların istehlakçı hüquqları Mənzil Tikinti Kooperativləri (MTK) tərəfindən mütəmadi olaraq pozulur. Xüsusilə də redaksiyamıza edilən şikayətlərdən belə aydın olur ki, uzun müddətdir ki, MTK-lar binaların təhvil-təslim problemini həll edə bilmirlər. Nəticədə isə mənzil alan vətəndaşlar faktiki olaraq sənədsiz evdə yaşamağa məcbur olurlar. Ekspertlər bildirirlər ki, bu hal hər iki tərəf üçün xoşagəlməz sonluqlarla nəticələnə bilər.
Məsələ ilə bağlı bir neçə MTK ilə əlaqə saxladıq. Onlar günahı Bakı Şəhər İcra Hakimiyyətinin üzərinə atdılar. Bildirdilər ki, icra hakimiyyəti tərəfindən müəyyən məbləğ tələb olunduğu üçün sənəd ala bilmirlər.
XəzərNews.az-ın məlumatına görə, mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert bildirib ki, məsələ ilə əlaqədar bir sıra qurumlar günahkardır: “Bu günə qədər işlək bir prosedur qaydaları müəyyən olunmayıb ki, binaların təhvil verilməsi hansısa qaydalara uyğun olmalıdır. Bu isə əlavə problemlər yaradıb. Belə ki, bir neçə qurumun binalarla bağlı son rəy vermək hüququ var. Bunlar arasında Bakı Şəhər İcra Hakimiyyətindən tutmuş, Fövqəladə Hallar Nazirliyinə qədər qurumların adlarını qeyd etmək olar. Ümumi bir prosedur qaydaları olmadığı və bu qaydalar iş adamlarına bilərəkdən çətinliklər yaradıldığı üçün binaların təhvil verilməsi prosesi uzun illərdir ki, problemə çevrilib. Təhvil verilməyən binalarda isə sənədləşmə işini aparmaq mümkün olmur. Hətta bəzi binalara kommunikasiyaların çəkilməsində, əsasən də qazın verilməsində ciddi problemlər olur. Eyni zamanda kommunal xidmət göstərən qurumlar da texniki səbəb üçün kifayət qədər böyük məbləğlərdə pul istəyirlər. Bütün bu kimi hallar tikinti sektoru üçün vacib və iqtisadi aktivlikdə ciddi effekti olan bir sahənin inkişafına mane olan əsas amillərdir. Bu məsələdə qurumların ümumi ortaq məxrəcə gəlmələrinə ehtiyac var. Çox yayğın şəkildə, müxtəlif qurumların təsdiqini tələb edən bir hal müəyyənləşib ki, bu da korrupsiya və iş adamlarının incidilməsinə yol açıb. Hesab edirəm ki, məsələn, şəxsiyyət vəsiqəsinin verilməsi necə asan prosedura çevrilibsə, binaların da qeydiyyata alınması o cür sadə prosesə çevrilməlidir. Bəlkə də bu sahənin ”ASAN xidmət"ə verilməsində yarar var. Çünki “ASAN xidmət” onsuz da dövlət və hökumət qurumlarının bir çox funksiyalarını artıq özündə birləşdirən, paralel bir idarəetmə formasına çevrilib. Məsələ gerçəkdən də iş adamları, bina sahibləri üçün ciddi bir problemdir. Vətəndaşlar da bundan əziyyət çəkilər. Sənədləşmə işləri aparılmadığı üçün vətəndaş alqı-satqı prosesini həyata keçirə, banklara girov qoyub kredit götürə və digər bu kimi məsələləri edə bilmir".
Tikinti üzrə ekspert Nüsrət İbrahimov isə hesab edir ki, problemin səbəbkarları elə MTK sahiblərinin özləridir: “Tikinti şirkətlərinin bəziləri binaları ilkin sənədləri qeydiyyatdan keçirmədən tikirlər. Başqa biriləri isə aralıq sənədlərini qeydiyyatdan keçirmirlər. Eyni zamanda rast gəlmişəm ki, bəzilərinin sənədləri yerindədir, ancaq layihədən kənar tikililəri var. Ya mərtəbə artıq olur, yaxud da qabaritlər. Yanğınsöndürmə, seysmik davamlılığın nəzərə alınmaması kimi hallar səbəbindən də bina sənədsiz qala bilir. Bu problemlər həll olunduqda isə təhvil-təslimdə elə bir problem yoxdur. Bundan başqa, onu da qeyd edim ki, bu gün mövcud qanunvericilik elədir ki, tikinti şirkətləri binanı təhvil verməkdə maraqlı deyillər. Yəni onlar binanı dövlət qəbul komissiyasına təhvil verdikdən sonra altı ay ərzində bu tikilini özünüidarəetməyə verməlidirlər. Bu isə onların maraqlarından kənardır və ona görə də təhvil vermirlər. Bu sahədə çalışan adam kimi birmənalı deyirəm ki, günahın hamısı tikinti şirkətlərindədir. İcra hakimiyyəti məsələsinə gəlincə isə hələ sovetlər dönəmində belə bir qayda var idi ki, müəssisə, işçilərinə bina tikmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edirdi. İcra hakimiyyəti torpaq ayırırdı və onun müqabilində müəssisədən tikdiyi mənzilin 10 faizini alırdı. Həmin mənzillər isə ev növbəsinə dayanan şəxslərə verilirdi. İndi isə tikinti şirkətləri həmin mənzilləri Bakı Şəhər İcra Hakimiyyətinə vermək istəmirlər. Nəticədə də müxtəlif bəhanələr gətirirlər”.
Məsələnin hüquqi tərəfi barəsində danışan hüquqşünas Əsabəli Mustafayev əsas günahı vətəndaşlarda görür:
“Çünki ev alan zaman gərək mütləq evin kim tərəfindən tikilməsi, qanunlara əməl olunub-olunmamasını öyrənmək lazımdır. İkincisi də əgər vətəndaş kooperativə pul verirsə, qəbz, maliyyə arayışı, order tələb etməlidir. Həmçinin protokol da verilməlidir ki, filan nömrəli mənzil ona satılıb. Nəticə olaraq gedib mənzili özəlləşdirmək lazımdır. Vətəndaş yalnız pulun ödənilməsi ilə kifayətlənirsə, bu, çox ciddi problemlər yarada bilər. Təkcə pulun ödənilməsi onun hansısa mənzilin mülkiyyətçisi olması anlamını vermir. Bəzən alıcılar özləri səhlənkarlıq edirlər və sənədləri tələb etmirlər. Çox zaman tikinti prosesində olan evləri satırlar. Nəticədə alan adam evin açarını ala, işlərə nəzarət edə bilmir. Nəticədə isə eyni mənzilin ikinci satışı kimi problemlər də ortaya çıxır. Bütün bunlara görə hesab edirəm ki, alıcı yalnız bütün sənədlər olduğu halda mənzili almalıdır. Belə olarsa, problem olmaz. Mənzil alarkən ehtiyatlı olmaq lazımdır. Əgər kimsə sənəd verməməklə bağlı hansısa bəhanə gətirirsə, deməli, artıq dələduzluğa başlayır. Vətəndaşlar bu məsələyə diqqətli yanaşmalıdırlar”.
Xəbər 2624 dəfə oxunub.