Azərbaycan Dövlət Tərcümə Mərkəzində tanınmış şairə Nigar Həsənzadənin ana dilimizdə çap olunan ilk kitabının təqdimat mərasimi keçirilib.
Seçilmiş şeirlərin rus dilindən tərcüməçisi Salam Sarvan, redaktoru Mahir Qarayevdir. Kitaba ön sözü Ramiz Rövşən yazıb.
Mərasimdə çıxış edən
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin rəhbəri, Xalq yazıçısı Afaq Məsud bildirib ki, Nigar Həsənzadənin ana dilimizdə çap olunan ilk kitabı çox uğurlu alınıb. Seçilmiş şeirlərin rus dilindən Azərbaycan dilinə tərcümə edən Salam Sarvan bu işi çox böyük ustalıqla həyata keçirib.
NİGAR HƏSƏNZADƏNİN ALİ MİSSİYASI
Afaq Məsudun sözlərinə görə, Nigar Həsənzadənin missiyası tək şairlik deyil:
“Onun daha ali missiyaları var. İllər keçdikcə, yaşa dolduqca Nigar Həsənzadə özü tapacaq onun daha hansı missiyalarının olduğunu. Bu gün Nigar Həsənzadə aktiv fəaliyyətdədir. Qazilərimizə dəstək göstərir. Onların kitablarının çap olunması və təqdimat mərasimlərinin təşkil edilməsi işini öz üzərinə götürüb. Tamamilə təmənnasız olaraq bu işi görür. Mən düşünürəm ki, zamanla onun Azərbaycan naminə görəcəyi çox işlərin şahidi olacağıq. Mən Nigar Həsənzadəyə işlərində uğurlar arzulayıram. Arzu edirəm ki, Allah ona sağlamlıq və güc versin ki, ürəyindəki o alovla bu işləri görə bilsin. Allahın insana bəxş etdiyi ən ali missiyanı bu gün Nigar Həsənzadə həyata keçirir. Bundan sonra da gözəl şeirlər yazsın, yaratsın”.
SÖZLƏRİN SEVİŞDİYİ MİSRALAR, MİSRALARDA ÇIRPINAN RUH
Kitabın ön söz müəllifi,
Xalq şairi Ramiz Rövşən deyib ki, Nigar Həsənzadənin şeirləri bu gün Azərbaycan poeziyası ilə bağlı bədbinliyi aradan qaldırır:
“Məşhur bir ifadə var. Deyirlər şair ayrıca bir insan növüdür. Nigar məhz o insan növünə aiddir. Bu gün poeziya böhran keçirir. Yazıçılar sevinə bilərlər. İndi zaman nəsr zəmanəsidir. Mənə elə gəlir ki, bunda poeziyanın da öz günahı var. Yəni şeir təkçə söz kombinasilaları deyil, şeir həm də ruh hadisəsidir. Təssüf ki, bu gün poeziyada o ruh zəifləyib, poetik enerji nisbətən azalıb... Nigarın şeirlərində əvvədən axıra qədər, hər misrasında ruh var. Nigarın ruhu çırpınır hər misrada. Şeir təsviri sənətlə musiqi arasında bir keçiddir. Bu Nigarda var. Nigarın şeirlərində həmçinin ritm, ahəng var. Sözlərin bir-biri ilə münasibəti çox poetkdir, sanki sevişirlər. Nigarın şeirlərinin rus dilindən tərcüməçisi Salam Sarvandır. Sarvanla Nigar tam fərqli şəhərlərdir. İkisi də gözəl şairdi. Ancaq Nigarla müqayisədə Salam sakitdir, müəyyən emosiyalarını saxlayan şairdir. Salam şeirlərində o qədər də emosiyaya getməyi sevmir. Amma onun şerlərində dilin bütün imkanları var, dil özü haqqında bilmədiyi informasiyaları verir bu şeirlərdə. Elə Nigarın şerlərində də bu belədir. Şairin dilə ən böyük xidmətlərindən biri də odur ki, o, dilin bilinməyən imkanlarını açır və göstərir. Nigar bir Azərbaycanlı şairə olaraq öz şerlərində rus dilinin bütün imkanlarını aça bilir”.
Ramiz Rövşən çıxışına şairlərlə bağlı şerilə davam edib:
Bir az günəş, bir az hava,
bir az yağış olmalı.
Bir az ağac, bir az yuva,
bir az da quş olmalı.
Bir az gecə, bir az küçə,
bir az işıq olmalı.
Bir az cavan, bir az qoca,
bir az uşaq olmalı.
Bir az özgə, bir az doğma,
bir az tanış olmalı.
Bir az nəğmə, bir az dua,
bir az qarğış olmalı.
Bir az sevgi, bir az günah,
bir az savab olmalı.
Bir az şübhə, bir az sual,
bir az cavab olmalı.
Bir az dünən, bir az bu gün,
bir az sabah olmalı.
Bir az kafir, bir az mömün,
bir az Allah olmalı…
ŞERİLƏRİNİN QANADINDA VƏTƏN ÜÇÜN UÇAN
Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı əvvəlcə Nigar Həsənlinin ictimai fəaliyyətindən, Londonda yaşadığı zamanlarda Azərbaycan naminə gördüyü işlərdən söz açıb:
“Bir dəfə Siyavuş Məmmədzadə dedi ki, mən neçə illərdir ki, rusca yazıram, amma səsimi eşidən yoxdur. Amma Azərbaycan dilində balaca bir bir kitab buraxdım, hara gedirəm ondan danışırlar. Bu bizim dilimizin böyüklüyünün sirridir və bunu inkar etmək olmaz. Nə yaxşı ki, Nigar kimi rus dilində yazan şairlərimiz də var. Mən Nigarı Londondan, orada yaşadığı vaxtlardan tanıyıram. Düzü, bir az təssüflənmişdim ki, niyə bizim belə gözəl qızlarımız vətəni qoyub gedirlər xaricə. Doğrudur, Nigar orda da fəal idi, Azərbaycanla bağlı xeyli işlər görmüşdü. Ancaq onun ürəyi, ruhu imkan vermədi vətəndən kənada qalsın. Tale elə gətirdi ki, o qayıtdı və qayıdandan sonra çiynində hər bir Azərbaycan qadınının daşıdığı ağırlığı hiss etdi. Bir vətəndaş kimi bu yükün altına girdi. Bəzi xaricdən gələnlər orada yaşadıqları kimi burada yaşamaq istəyirlər. Nigar isə əksinə, yeni, SÖZ layihsi ilə meydana atıldı, müxtəlif xeyriyyəçilik işlərilə məşğul oldu. Qazi şairlərin görüşlərini təşkil etdi, onlara dəstək verdi. Nigar bütün ürəyini, mərhəmətini o ehtiyacı olan insanlara, qazilərə, gənc şairlərə, rəssamlara, istedadlı insanlara verdi. Bu, Nigarın insani keyfiyyətləridir”.
Sabir Rüstəmxanlı qeyd edib ki, Nigar Həsənzadənin poeziyasında daxili bi azadlıq var:
“Nigarın bir xoşbəxtliyi də ondan ibarətdir ki, şeirləri rus dilindən tərcümə edən Salam Sarvan sözü duyan insan kimi Nigarın şeirlərindəki o ruhu duyub, sevib.
Nigar bütün ruhu ilə, təbiəti ilə doğulmuş bir şairdir. Ruh adamıdır, şeirlərinin qanadındadır. Allah ona o istedadı verib. Nigarın hər uğurlu addımlarını görəndə, deyirəm nə yaxşı ki, qayıtmısan, aramızdasan və seçdiyin işlərlə məşğulsan. Mən Nigara uğurlar arzulayıram”.
6 AYA SÖZ-SÖZ, MİSRA-MİSRA
Seçilmiş şeirlərin rus dilindən tərcüməçisi,
şair Salam Sarvan isə bildirib ki, bügünədək çoxlu sayda müxtəlif şairlərin şeirlərini tərcümə edib. Ancaq Nigar xanımın şeirlərinin tərcüməsi ona bir az ağır gəlib:
“Şeirləri tərcümə edən zaman mənə elə gəldi ki, Nigarın şeirləri rus şeir dilinin mənə aydın olmayan qatındadır. Etraf edim ki, mən rus dilini o qədər də dərin bilməyə bilərəm. İkinci bir məqam isə Nigar öz şeirlərinə, misralara, misralardakı ayrı-ayrı sözlərə, ümumiyyətlə bütün sözlərə qarşı həddən artıq həssasdır. Biz əslində bu şeirləri misra-misra, söz-söz tərcümə etdik. Elə olurdu ki, bir sözün üzərində saatlara müzakirə aparırdıq telefonda. Ona görə də bu həcmdə kitab adı halda 3 aya ərsəyə gələ bilərdisə bu kitab 6 ay çəkdi. İşin asan tərəfi də ondan ibarət idi ki, əslində biz bu kitabı Nigar xanımla birlikdə tərcümə etdik. Hər misranı məsləhətləşə - məsləhətləşə, nəticədə ən yaxşı yaxşı variantı taparaq”.
Sonra Salam Sarvan tərcümə etdiyi seirlərdən birini səsləndirib.
Əməkdar artist Gülzar Qurbanova Nigar Həsənzadə yaradıcılığının ədəbiyyata verdiyi töhfədən söz açaraq onun şeirlərini səsləndirdi.
KAİNAT DOĞRU QAPIYA GƏTİRDİ
Sonra çıxış edən
Nigar Həsənzadə yaradıcılığına verilən qiymət, ona ünvanlanan xoş sözlər üçün hər kəsə təşəkkür edib:
“Məh hələ illər öncə özümü inandırmışdım ki, əgər şeirlərim nə vaxtsa ana dilimə tərcümə olnacaqsa, kainat özü məni doğru qapıya gətirəcək. Mən heç vaxt ümidimi kəsmədim. Bu gün kitabımın məhz Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən çap və tərcümə olunduğu üçün qürur duyuram. Bu kitaba Afaq Məsud, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Salam Sarvan xeyir dua verib. Hər birinə öz təşəkkürümü bildirirəm”.
Sonra Nigar Həsənzadə şeirlərindən bir neçəsini səsləndirib.
Qeyd edək ki, N. Həsənzadə “SÖZ” ədəbi və “İgidlərin sözü” sosial-bədii layihələrinin yaradıcısı və müəllifi, Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun Mədəniyyət, sosial və humanitar məsələlər komitəsinin rəhbəridir.
N.Həsənzadə 2000-2014-cü illərdə Londonda çalışıb, 5 kitabın müəllifidir./Bakupost.az
Xəbər 1117 dəfə oxunub.