“Dünyada idman sahəsinin çoxşaxəli strategiya ilə inkişaf etdiyi bir zamanda ölkəmizin bu sahəyə cavabdeh qurumunun icad etdiyi “idarəçilik modeli” təəccüb və məyusluq doğurur”.
Bu sözləri qlobal idman siyasəti üzrə politoloq Pərvin Mehdiyev deyib.
Politoloq bildirib ki, Azərbaycan Qanunvericiliyi dünyanın roman-german sistemi üzrə Müstəqil Dövlətlər Birliyinin nümunəvi Qanunvericilik sənədlərinə uyğun, yerli şərait nəzərə alınmaqla tərtib edilmişdir ki, ölkəmizdə tərtib edilən hər yeni layihə həmin sistemin tələblərinə uyğunlaşdırılmalıdır. Bədən tərbiyəsi və idman sahəsi üzrə tərtib edilən bütün normativ sənədlər də həmçinin. Politoloq vurğulayıb ki, ölkəmizdə idman sahəsinə cavabdeh qurumun yeni idarəçilik layihəsi Azərbaycanın qanunvericilik sisteminə ziddir, yəni hüquqi baxımdan yanlışdır:
“Hər idman növünün (fənninin) ayrıca beynəlxalq təşkilatı fəaliyyət göstərir. Onların hər birinin öz spesifik fəlsəfəsi, dünyada təbliği üzrə siyasi dəsti-xətti var. Beynəlxalq idman federasiyalarının əksəriyyəti həmin idman növünün yarandığı ölkədə deyil, Avropa qitəsində yerləşir. Bu da ondan irəli gəlir ki, bütün idman təşkilatları beynəlxalq idman hərəkatlarına istiqamət verən qurumlara yaxın olmaq istəyir. Məsələn, sambo Rusiyada yaransa da, qərargahı İsveçrənin Lozanna şəhərində yerləşir. Digər bir misal, karate Yaponiyada yaransa da, qərargahı İspaniyanın Madrid şəhərindədir. Nə üçün? Çünki məqsəd həmin idman növlərinin dünyada populyarlığının artırılması və Olimpiya proqramına daxil edilməsindən ibarətdir. Əsas məsələ budur”.
Gənclər və idman naziri Fərid Qayıbovun Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının yaradılması və bu prosesin digər ölkələri də əhatə edəcəyi ilə bağlı açıqlamasına münasibət bildirən ekspert qeyd edib ki, bu tip modelin varlığı dünyanın heç bir ölkəsində yoxdur:
“Məndə olan məlumata görə, olimpiya idman növü olduğu üçün cüdo və qeyri-olimpiya növü olan karate həmin assosiasiyaya daxil deyil. Yaxşı, onda belə bir qurum nəyə lazımdır? Onlar şəxslərə görəmi yaradılır? Digər tərəfdən də “yapon mədəniyyəti” deyilir. Bu, idman təşkilatıdır yoxsa, mədəniyyət? Əlbəttə, idman növü həmin xalqın mədəniyyətinin bir parçasıdır. Amma dünyada idman təkcə mədəniyyət olaraq formalaşsaydı, onda həmin məntiqlə idman və mədəniyyət nazirliyi yaradılmalı idi. Elə deyilmi?
Ona görə də bu iki ayrı-ayrı sahələrin bir çətir altında birləşdirilməsi məntiqə uyğun deyil. Ölkənin müvafiq qanunlarına da ziddir. Həmçinin ölkəmizdə beynəlxalq idman federasiyasının yerli nümayəndəsi (federasiya) olan təşkilatın cavabdeh dövlət qurumu ilə münasibətlərinin tənzimlənməsində əlavə səddin yaranması baş verəcək.
Görünən odur ki, dövlət qurumu bu yolla özünün işini asanlaşdırmağı, daxil olan müraciətlərin əlavə filtrasiyasını aparmağı hədəfləyir. Buda bir çox əlavə problemlərin qabarmamasına nail olacaqlar. Amma bu model cəmiyyətimizdə artıq bəzi sualların yaranmasına səbəb olub.
Əgər nazirliyin məqsədi təşkilatları komplektləşdirməkdirsə, nazirlik niyə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına Azərbaycan Mini Futbol Federasiyasını əlavə etmədi, ikinciyə ayrı fəaliyyətə yaşıl işıq yaratdı?
Yay Olimpiya proqramına daxil olan reqbinin ölkəmizdə nümayəndəsi olan Azərbaycan Reqbi Federasiyası niyə akkreditasiyadan keçməyib? Hər dəfə müraciətləri bloklanır. Bu məntiqlə baxsaq, sabah kim zəmanət verə bilər ki, İran, Fransa və dövlətimizə düşmən olan digər ölkələr idman və mədəniyyət adı altında maraqlarımıza zidd olan mənfi təbliğatları ölkəmizdə aparmayacaq?
Belə davam etsək, onlarla sual yaranacaq. Görünən odur ki, bu tip qərar verilən zaman birtərəfli düşünülmüş və yarana biləcək digər fəsadlar haqqında fikir mübadiləsi aparılmayıb. Amma bir şeyi unutmaq lazım deyil, möhtərəm Prezidentimiz tərəfindən idman sahəsində qarşıya qoyulan əsas hədəfləri! Əsas hədəf Yay Olimpiya Oyunlarıdır!”
Politoloq qeyd edib ki, ölkədə idman federasiyaları mövcud qanunvericilik tələblərinə uyğun müstəqil fəaliyyətdə olmalıdır. Həmçinin dünyada beynəlxalq idman federasiyası statusu verən qurumdan akkreditasiyadan keçmiş idman növlərinin ölkəmizdə sərbəst fəaliyyətinə əlavə müdaxilələr edilməməlidir:
“Çünki dünyada bu sahəyə cavabdeh olan müstəqil qurum var, onun da qoyduğu beynəlxalq standartlara cavab verən idman təşkilatları dünyanın digər qlobal qurumları tərəfindən qəbul edilir və hesablaşılır. İkincisi, mövcud Bədən tərbiyəsi və idman Qanunvericiliyinə (Bədən tərbiyəsi və idman haqqında Qanun və Gənclər, bədən tərbiyəsi və idman sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu Kitabçası) uyğun olaraq təşkilatların akkreditasiyası dövlət qurumu tərəfindən aparılırsa, idman federasiyalarının icra orqanının saxlanma xərcləri dövlət büdcəsindən Vahid Tarif İxtisas Sorğu Kitabçasında qeyd edilən tələblər üzrə olmalıdır. Necə ki, əksər ölkələrdə belədir və bizim Qanunvericilikdə bu, öz hüquqi həllini tapsa da, çox təəssüf ki, hələ də tətbiq edilmir”./Aut.az
Xəbər 1341 dəfə oxunub.