Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


14.06.2022  12:43 

Arif Əliyev: “Bu cür təxribatçı mövqe Rusiyanın informasiya siyasətidir”





A+  A-

İyunun 4-də ölkəmizdə Rusiyanın dövlət informasiya agentliyi - "RİA Novosti"nin girişinə blok qoyuldu. Buna səbəb özünü Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri kimi təqdim edən Artak Beqlaryanın sözügedən agentliyə müsahibəsi idi.

Ümumiyyətlə, “RİA Novosti” son vaxtlar Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində müvəqqəti məskunlaşan rus sülhməramlılarının nəzarət etdiyi ərazidə fəaliyyət göstərməyə çalışan erməni separatçılarının yalan və böhtan dolu təbliğatını aparmaqla məşğuldur. Agentliyin özünü "nazir" kimi təqdim edən Beqlaryandan müsahibə alması isə rəsmi Bakının səbr kasasını daşırmış oldu. Düzdür, "RİA Novosti" separatçıdan aldığı müsahibəni iki gün sonra saytdan sildi. Məsələ isə burasındadır ki, bu, agentliyin Azərbaycana qarşı təxribat kampaniyasında birinci iştirakı deyildi.

Bir neçə gün öncə isə "RİA Novisti"dən geri qalmayan “Sputnik Azərbaycan”la bağlı da önəmli qərar verildi. Düzdür, "Sputnik"in ölkəmizdəki fəaliyyəti hələlik qadağan edilməyib. Amma saytın şef-redaktoru Veranika Antonova-Trizno bu günlərdə Azərbaycanı tərk etməli olacaq. Çünki onun ölkə ərazisində işləmək üçün icazəsinin vaxtının uzadılmasına rəsmi imtina cavabı gəlib.

Yeri gəlmişkən, “Sputnik Azərbaycan”ın mətbuat mərkəzinin prodüseri və Triznonun həyat yoldaşı olan Anton Pavlovun icazəsinin də vaxtı uzadılmayıb. Məlumatı Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Elnur Kələntərli təsdiq edib. Xidmət rəsmisi bildirib ki, sözügedən şəxslərin iş icazələrinin uzadılması ilə bağlı müraciətlərinə imtina cavabı verilib.

Onu da bildirək ki, ölkədə iş icazəsinin uzadılması ilə bağlı edilən müraciətin ləğvi zamanı avtomatik olaraq yaşayış icazəsi də ləğv edilir.

"RİA Novosti"nin bloklanmasından sonra "Sputnik Azərbaycan"ın rəhbərliyində olan şəxsin iş icazəsinin uzadılmasına imtina cavabı onu göstərir ki, bu, rəsmi Bakının Azərbaycan əleyhinə materiallar dərc edən daha bir Rusiya informasiya resursuna xəbərdarlığıdır. Yəni ki, təxribatlar davam edərsə, "Sputnik Azərbaycan"ı da "RİA Novosti"nin aqibəti gözləyir.

"Yeni Nəsil" Jurnalistlər Birliyinin və "PressKlub"un rəhbəri Arif Əliyev AYNA-ya müsahibəsində deyib ki, Rusiya informasiya platformaları ilə bağlı rəsmi şəkildə belə bir qərarın verilməsi sıradan olmamaqla yanaşı, kifayət qədər cəsarətli addımdır:

- Azərbaycan hökuməti dəfələrlə xəbərdarlıq etmişdi ki, Azərbaycan ərazisindəki erməni terrorçularına dəstək verilməməli, dövlətin milli maraqlarına qarşı təbliğatda iştirak edilməməlidir. Amma indiyədək sadəcə xəbərdarlıqla kifayətlənilirdi, bloklama siyasəti həyata keçirilməmişdi. Eyni zamanda, ciddi təsir üsullarına da əl atılmamışdı. İndi Azərbaycan açıq-aydın mövqeyini bildirir və ciddi qərarlar verir. Bu, bir neçə amillərlə bağlıdır.

- Hansı amillərdir onlar?

- Birincisi, Rusiyanın dünyada əvvəlki siyasi mövqeyi, dəstəyi və hökmü indi yoxdur. Ukraynaya qarşı təcavüzkar müharibə Rusiyanı nüfuzdan və dəstəkdən məhrum etdi. İkincisi, Azərbaycan 44 günlük müharibədə qələbəsi ilə heç də gücsüz olmadığını nümayiş etdirdi, maraqlarını qoruya biləcəyi mesajını verdi.

Hökumətin Rusiya informasiya agentlikləri ilə bağlı qərarını dəstəkləyirik. Bunadək biz dəfələrlə hökumətə bu resursların milli maraqlarımız əleyhinə çıxış etdiyi barədə çağırışlar etmişdik. Əlbəttə, bütövlükdə informasiya resurslarının bloklanması siyasətini məqbul hesab etmirik. Amma açıq-aşkar şəkildə Azərbaycan əleyhinə təbliğat aparan, ölkəmizin təhlükəsizliyinə toxunan təbliğatı aparanların əməlləri uzun müddət cavabsız qala bilməzdi.

Təbii ki, bu, rəsmi Bakı tərəfindən qəbul edilən sıradan qərar deyil. Ona görə yox ki, burada Rusiyanın hansısa media resursunun yayımı məhdudlaşdırılır. Söhbət Rusiya dövlətinin aparıcı media quruluşunun bloklanmasından gedir. Azərbaycana kifayət qədər dəstək verən bir faktor da odur ki, "RİA Novosti"nin, "Russia Today"in fəaliyyətini məhdudlaşdırran birinci ölkə deyilik. Artıq demək olar ki, Avropanın, Amerika qitəsinin bir sıra ölkələri bu qərarı qəbul edib. Məhz ona görə ki, bu media resursları təkcə KİV resursu deyil, Rusiyanın propoqanda maşınıdır.

- Yəni ki, bu, informasiya azadlığına təsir kimi qiymətləndirilə bilməz...

- Əlbəttə ki, bu, media azadlığına basqı deyil. Burada söhbət "RİA Novosti"nin jurnalistika fəaliyyətindən yox, təbliğat fəaliyyətindən gedir. İkincisi, dəfələrlə bu resursların milli maraqlara zidd təbliğatlarını durdurmaları barədə xəbərdarlıqlar edilib. Xarici ölkənin informasiya orqanlarının Azərbaycanda fəaliyyətini tənzimləyən bir sıra qaydalar mövcuddur ki, "RİA Novosti", "Russia Today" kimi qurumlar bu qaydaları kobud şəkildə pozur. Söhbət media azadlığından gedirsə, media azadlığının önündə gedən ölkələr Skandinaviya ölkələridir, Şərqi Avropa ölkələridir - hansı ki, Rusiya KİV qurumları ilə bağlı bu qərarı Azərbaycandan da qabaq veriblər. Hətta onlar daha sərt addımlar atıblar, "RİA Novosti", "Russia Today" kimi təbliğat maşınlarının sosial şəbəkələrdəki səhifələrini də məhdudlaşdırıblar.

- Rəsmi Bakıdan radikal qərar separatçı Beqlaryanın müsahibəsinin dərcindən sonra verildi. Daha sonra "RİA Novosti" terrorçunun müsahibəsini saytdan götürdü. Bu, Azərbaycana "biz səhvimizi anladıq, bloku aradan qaldırın" çağırışı deyil ki?

- Rusiya rəsmi qurumlarında belə geriçəkilmə qərarları zaman-zaman verilib. Yəni əvvəl bilərəkdən "səhv" edirlər, sonra "səhvlərini" anlamış kimi göstərirlər. Xatırlayırsınızsa, Rusiya Müdafiə Nazirliyinin Qarabağla bağlı informasiyalarında da təxribat xarakterli elementlər olurdu. Gah "Dağlıq Qarabağ Respublikası" yazırdılar, gah bayraqları "səhv" salırdılar, xəritələrdə "səhvə" yol verirdilər və s. Azərbaycanın etirazlarından sonra informasiyalarda düzəliş edilirdi. Amma bir düzəlişlə məsələ düzəlmir. İndi də Azərbaycanın ciddi təsir üsuluna əl atması nəticəsində "RİA Novosti" müsahibəni saytdan götürdü.

Amma indiki şəraitdə bizim üçün heç bir zəmanət yoxdur ki, iki həftədən sonra yenidən Beqlaryandan müsahibə götürüb yaymayacaqlar. Yaxud da, digər təxribatçı informasiya verməyəcəklərinə dair zəmanət yoxdur. Çünki biz bunların təxribatlarının davamlı olduğunu uzun illərdir görürük. İndi Beqlaryanla müsahibə faktı rəsmi Bakının sərt qərar verməsi üçün, necə deyərlər, son damla oldu. Amma onlarla təxribatçı, milli maraqlarımıza zidd faktları sadalamaq olar ki, onlar bunu ediblər. Qarabağdakı separatçılarla bağlı mütəmadi olaraq məlumatlar yayıblar, hətta qondarma qurumun "hərbi təlimləri" haqqında reportajlar verilib və s. Söhbət təkcə Beqlaryanın müsahibəsindən getmir, məsələyə bir qədər geniş baxmaq lazımdır.

- Belə fikirləşirsiniz ki, "RİA Novosti"nin, "Russia Today"in informasiya siyasətini dəyişdirəcəyi inandırıcı deyil?

- Bu, "RİA Novosti"nin, "Russia Today"in yox, Rusiyanın informasiya siyasətidir. Əgər Rusiya bu informasiya siyasətini dəyişmək istəyirsə, bu, başqa mövzudur. Amma mən bu siyasətin dəyişəcəyini düşünmürəm, simptomlarını görmürəm. Çünki bu təbliğat Kremlin təkcə Azərbaycana qarşı yox, bütövlükdə postsovet məkanı ölkələrinə qarşı siyasətidir. Bu, Rusiyanın bütövlükdə, xarici siyasətinin əsas aparıcı xəttidir.

Mən dövlətin əvəzindən danışan, qərar qəbul edən deyiləm. Deyə bilmərəm ki, blok götürüləcək, yaxud götürülməyəcək. Lakin düşünürəm ki, Azərbaycan bu addımı atıbsa, geri çəkilməsi çətindir. Çünki belə cəsarətli bir addımın atılması geri çəkilməkdən qat-qat çətindir. Əgər rəsmi Bakı "RİA Novosti" ilə bağlı blok qərarını götürərsə, güman ki, hansısa zəmanət qarşılığında bunu edəcək. Əks təqdirdə, Rusiya media resurslarının təxribat dolu təbliğatı davam etdirəcəklərinə heç bir şübhəmn yoxdur. Çünki bu, nə bir ayın, nə də bir ilin informasiya siyasətidir – bu, uzunmüddətli dövrün siyasətidir.


Xəbər 6181 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +