24.08.2018 14:11
Azərbaycanın xarici borcları niyə artır? – TƏHLİL
Son vaxtlar Azərbaycanın xarici borcları ilə bağlı məsələ daha da aktuallaşıb. Bu il aprelin 1-ə olan məlumata görə, Azərbaycanın xarici dövlət borcu 9 milyard 643 milyon dollardır – 16 milyard 393 milyon manat.
Dünya praktikasına görə, ölkələrin xarici borcların qiymətləndirilməsi üçün 3 əsas indikatordan istifadə olunur:
1. Xarici borcun miqdarı ixracın 200%-dən çox olmamalıdır.
2. Xarici borcun ÜDM-ə nisbəti 40%-i aşmamalıdır.
3. Xarici borca xidmətlə əlaqədar bütün ödənişlərin ÜDM-ə nisbəti 5%-dən yüksək olmamalıdır.
Bu indikatorlar əsasında təhlil edək:
1. 2017-ci ildə Azərbaycanın ixracı 15 milyard 475,6 milyon dollar olub. Xarici dövlət borcunun 9,43 milyard dollar olduğunu nəzərə alsaq, deməli, xarici borcun miqdarı ixracı cəmi 62 faizinə bərabərdir ki, bu da kritik həddən düz 3,2 dəfə azdır.
2. Azərbaycanın xarici borc 2018-ci il üzrə proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 22 faizini təşkil edir – bu il 74 milyard 647 milyon manat ÜDM istehsalı nəzərdə tutulub. Beləliklə, Azərbaycanın xarici dövlət borcu ÜDM-in 22 faizi həddində qiymətləndirilir ki, bu da kritik həddən (40 faiz) xeyli aşağıdır.
3. 2017-ci ildə 1 milyard 513,6 milyon manatı dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəlib. 2017-ci Azərbaycanda ÜDM istehsalı 70 milyard 135 milyon manat olub. Yəni dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə ÜDM-in cəmi 2,2 faizini təşkil edir. Bu isə normadan (5 faiz) 2,2 dəfə azdır.
Beləliklə, hər 3 indikator üzrə hesablamalara görə, Azərbaycanda xarici borcun həcmi normal həddədir və narahatçılığa əsas yoxdur. Üstəlik nəzərə alsaq ki, Mərkəzi Bankın valyuta ehtiyatları 5,5 milyard dollar, Dövlət Neft Fondunun ehtiyatları isə 38 milyard dollardır, onda narahatçılığa ümumiyyətlə, əsas yoxdur. Ancaq hər halda narahatçılıq üçün əsaslar da var.
Son 18 ayda xarici dövlət borcunun artmasının iki əsas səbəbindən biri hökumətin Beynəlxalq Bankın zərərli aktivlərini və xarici borcunu öz üzərinə götürməsi olub. Hökumət Beynəlxalq Banka verilən dəstəyin səviyyəsini onun sistem əhəmiyyətli bank olması və hər hansı bir problemin yaranacağı təqdirdə ölkənin bütünlükdə bank sisteminə təsir göstərəcəyi ilə izah etdi.
Digər əsas səbəb isə Cənubi Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsi ilə bağlı götürülən borclara verilən dövlət zəmanətidir. Bu layihənin icrası ilə məşğul olan "Cənub Qaz Dəhlizi” QSC -nin səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur. QSC dövlət zəmanəti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından, Asiya İnfrastruktur İnvestisiya Bankından, Avropa Yenidənqurma və İnkişaf Bankından, Asiya İnkişaf Bankından 2,5 milyard dollar kredit götürüb. Təbii ki, Cənubi Qaz Dəhlizi ölkənin iqtisadi inkişafında nikbin gələcək vəd edir və QSC bu kreditləri dövlətin dəstəyi olmadan belə ödəmək gücündə olan şirkətdir. Bu baxımdan xarici dövlət borclarının artmasında narahatlıq üçün ciddi əsaslar yoxdur.
Ancaq bu barədə həyəcan təbili çalan ekspertlərin də əsasları yetərincədir.
Əsas narahatçılıq doğuran məqam isə dövlətə məxsus şirkətlərin və səhmdar cəmiyyətlərin borclanmalarıdır. Burada söhbət həm xarici borcun miqdarından, həm də onun necə xərclənməsindən getməlidir.
Uzağa getməyək, elə götürək SOCAR-ı. Son illərdə SOCAR-ın getdikcə artan borcları və investisiya yatrılan layihələri şəxsən məndə müəyyən suallar doğurur. Şirkətin ictimaiyyətə açıqlanan 2017-ci il hesabatına əsasən söhbət təxminən 10 milyard dollar borcdan gedir. Doğrudur, SOCAR-ın aldığı borclara dövlət zəmanəti verilmir və ictimaiyyətə açıqlanan məlumatlardan göründüyü kimi, həmin vəsaitlərin əsas hissəsi şirkət tərəfindən əsasən, ölkə xaricində həyata keçirdiyi və sərmayə qoyduğu layihələrə yönəldilir. Bu sırada Türkiyədə neft-kimya kompleksi, "STAR Neft Emalı Zavodu, bir sıra ölkələrdə yanacaqdoldurma məntəqələri və şəbəkələri var. Bu kontekstə SOCAR-ın xaricdəki təmsilçilərinin bahalı Rolls-Royce avtomobillərdə gəzmələri və eləcə də bahalı villalarda yaşamaları ilə bağlı mətbuatda dolaşan məlumatları xatırlatmaya bilmərəm və və bu məlumatları SOCAR rəsmiləri hələ də təkzib etməyib.
Fikrimcə, Beynəlxalq Bankın acı təcrübəsi bu şirkətin də mencmenti tərəfindən unudulmamalıdır. Çünki Beynəlxalq Bankın keçmiş rəhbərliyinin dövlət zəmanəti olmadan, içiboş layihələrə götürdüyü kreditlər sonradan hökumətin başağrısına çevrildi.
Eyni hal bir sıra səhmdar cəmiyyətlərdə də mövcuddur. Məsələn, 2006-2016-cı illərdə Azərbaycanın Dəmir Yolunun yenilənməsinə 500 mlyyon dollara yaxın xarici, bir o qədər də dövlət investisiyası cəlb edlib və bu məqmda qeyd edim ki, həmin borclar bir neçə il ərzində qaytarılmalıdır. Lakin keçmiş nəqliyyat naziri Ziya Məmmədovun və onun müavini, "Azərbaycan Dəmir Yolları" QSC-nin sabiq sədri Arif Əsgərovun müəllifliyi ilə vəsaitlər səmərəli və təyinatı üzrə xərclənmədiyindən dəmir yolundakı problemlər həll olunmamış qalmışdı.
Yalnız son 2 ildə bu problemlər çözülməyə başlayıb.
Digər "borc nəhəngi” olan "Azərenerji” ASC də ən çox xarici borcu olan səhmdar cəmiyyətlərindədir. Son illərdə dövlətdən ən çox maliyyə dəstəyi alan bu qurum elə bir o qədər də xarici borclanmaya gedib və açıqlanan məlumatlardan görürük ki, bu pullar ölkənin enerji sisteminin qurulmasına, generasiya güclərinin, elektrik stansiyalarının qurulub istifadəyə verilməsinə yönəldilib.
Lakin bu yaxınlarda Mingəçevirdəki "Azərbaycan İES”-da baş verən hadisə, ölkənin işıqsız qalması fonunda 1 milyard dollardan çox borcu olan qurumun həmin pulları necə "səmərəli” istifadə etməsi haqqında əlavə şərhə ehtiyac görmürəm.
Yaxud da Hacı İbrahim Nehrəmli 2 milyard dollara yaxın dövlət kreditini Xəzər adaları kimi mənasız layihələrə xərcləyib batırmasını indi uşaq da bilir. Bu baxımdan ekspertlərin narahatçılığı normaldır.
Son illərin acı nəticəsini nəzərə alan hökumət indi yalnız ölkə əhəmiyyətli strateji layihələrin maliyyələşdirilməsi üçün götürülən kreditlərə dövlət zəmanəti verir. Məsələn, Cənubi Qaz Dəhlizi kimi layihələrə. İndi artıq ayrı-ayrı dövlət şirkətlərinə dövlət zəmanəti ilə kreditlərin götürülməsi yasaqlanıb. Eyni zamanda, hazırda dövlət borcunun orta və uzun müddətdə idarə edilməsi strategiyası adlı sənədin hazırlandığını və bu sahədə də ciddi qaydaların tətbiq olunacağını mətbuatdan bilirik.
İri dövlət şirkətləri və səhmdar cəmiyyətlər dövlətə məxsus olsalar da faktiki kommersiya qurumlarıdırlar və onların əsas vəzifəsi dövlətin vəsaitlərini fəaliyyət göstərdikləri sahələrə yönəltməklə mənfəət götürmək olmalıdır. Yəni vəsaitlər təyinatı üzrə effektiv xərclənməlidir. Yaxın illərin acı təcrübəsi göstərir ki, vəsaitləri effektiv xərclənməyəndə həm şirkət, həm də dövlət arzuolunmaz duruma düşür. Necə ki, "Azərbaycan Dəmir Yolları” QSC, "Azərenerji” timsalında bunu müşahidə etdik.
Borc götürmək qəbahət deyil. Lakin yaxşı olar ki, milyardlarla borcu olan həmin qurumlar yalnız öz borclarının həddi və ya ödəmə qabiləyyəti ilə bağlı yox, həm də də həmin kredit vəsaitlərinin yönəldildiyi sahələrdən əldə olunan gəlirlər və mənfəətlər, bunun nəticəsində dövlətə ödədikləri dividentlər barədə məlumatlar versinlər. Necə ki, uzağa getməyək qonşu Rusiyada olduğu kimi. Rusiyada hər il iri dövlət şirkətlərinin xarici kreditlərdən necə istifadə etməsi haqda hesabatları açıqlanır.
Bütün hallarda dövlət zəmanətli kreditlərin xərclənməsinə nəzarət güclü olmalıdır. Əks halda krediti dövlət öz cibindən – yəni vətəndaşların cibindən ödəməlidir.
Qadir İbrahimli
Xəbər 13611 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|