Nə qədər qəribə səslənsə də, bu gün Bakı şəhərində bir sıra şirkətlər var ki, müəyyən məbləğin qarşılığında tələbələr üçün elmi məqalələr, referatlar, bakalavr və magistr diplom işləri yazmaqla məşğuldur.
Hətta iş o yerə çatıb ki, şirkətlər arasında daha ucuz qiymətə diplom işləri yazmaq uğrunda açıq rəqabət də gedir. Şüar isə adətən belə olur: Mövzunun adını verməklə hazır işi təhvil alırsınız!
Belə şirkətlərdən biri də Bakı Dövlət Universitetinə yaxın yerdə fəaliyyət göstərən "Rakurs-S” adlı MMC-dir. Şirkət sosial şəbəkələrdə reklam etdiyi paylaşımında tələbələrə müraciət edərək sərfəli qiymətə dissertasiya işi yazdıqlarını bildirir.
Məsələni dəqiqləşdirmək üçün sözügedən şirkətlə əlaqə saxladıq. Şirkət əməkdaşı gördükləri işin qiymətləri haqqında məlumat verdi və sonda bildirdi ki, indiyə kimi onların yazdığı diplom işləri geri qayıtmayıb:
"Bütün işlər mütəxəssislər tərəfindən yazılır. Bakalavr diplom işinin qiyməti 350-450 manat aralığında dəyişir. Magistr dissertasiya işinin yazılması isə 700-800 manat aralığındadır. 8 ildir ki, bu sahə ilə məşğuluq. İndiyə kimi yazdığımız diplom işinin geri qaytarılması halı ilə qarşılaşmamışıq”.
"Gənclik” metrostansiyasının yaxınlığında yerləşən "Proyaz” şirkəti də bu fəaliyyətlə məşğuldur. "Plagiatsız diplom işləri” şüarı ilə çıxış edən şirkətin əməkdaşı saytımıza açıqlamasında bildirdi ki, diplom işlərinin qiyməti mövzudan asılı olaraq 250-400 manat aralığında dəyişir. O, bütün işlərə zəmanətin verildiyini də vurğuladı.
Aydındır ki, diplom işlərinin müdafiəsi universitetlərdə həyata keçirilsə də, ən son mərhələdə Nazirliyi tərəfindən təsdiq olunur. Buna görə də Təhsil Nazirliyi ilə əlaqə saxladıq.
Nazirliyin mətbuat katibi Cəsarət Valehov bildirdi ki, sözügedən hallarla bağlı sorğunu Təhsil Nazirliyinə yox, universitetlərə ünvanlamaq lazımdır:
"Diplom işinin keyfiyyətini universitetlər müəyyənləşdirir. Biz sadəcə olaraq diplom işlərinə dövlət nömrə nişanı vururuq. Ətraflı məlumat almaq üçün universitetlərə müraciət edin”.
Məsələnin ən dəhşətli tərəfi isə bu cür fəaliyyətlə məşğul olan şirkətlərin universitetlərin binalarına yaxın ərazidə yerləşməsidir. Bakı Dövlət Universiteti bu mənada xüsusi olaraq fərqlənir. Bu universitetin yan-yörəsində hər addımbaşı bu qəbildən olan şirkətlərə rast gəlmək mümkündür.
Universitetin mətbuat katibi Pərvanə İbrahimova bildirdi ki, həmin şirkətlərin Bakı Dövlət Universitetinə yaxın ərazidə yerləşməsi bu universitetin tələbələrinin ora müraciət etdiyi anlamına gəlmir:
"Tələbələrimizin bu yola əl atması halları ilə qarşılaşmamışıq. Universitetimizə qəbul olan hər bir tələbə birinci, ya da ikinci kursdan etibarən elmi-tədqiqat işlərinə cəlb olunur. Bu prosesdə elmi rəhbər ona diplom işini yazmaqda istiqamət verir. Dediyiniz şirkətlərin bizim universitetimizdə təhsil alan tələbələr üçün diplom işi yazması ilə bağlı fakt yoxdur”.
Təhsil eksperti Kamran Əsədov hesab edir ki, hansısa şirkətin müəyyən ödəniş qarşılığında elmi iş yazması qanunsuz fəaliyyət deyil, lakin Azərbaycanda vəziyyət fərqlidir:
"Kifayət qədər aktual mövzuya toxunmusunuz. Çünki Azərbaycan ali təhsil elminin ən ciddi problemi plagiat elmi işlərin yazılması ilə bağlıdır. Azərbaycanda müdafiə olunan elmi işlər lokal xarakter daşıyır. Təəssüflə qeyd etməkliyik ki, Azərbaycanda müdafiə olunan elmi işlər dünya elmində ciddi qəbul edilmir. Əslində hansısa şirkətin müəyyən ödəniş qarşılığında elmi iş yazması qanunsuz fəaliyyət deyil. Çünki konstitusiyamızda əqli mülkiyyət hüququ ilə bağlı maddə var və hər bir şəxs öz beyninin məhsulunu sata bilər. Bu, dünyada qəbul edilmiş missiyadır, amma Azərbaycanda vəziyyət fərqlidir. Əqli-mülkiyyət hüququ şəxsin hansısa ixtirası və kəşfi ilə bağlı ola bilər. Yəni şəxs elmi iş yazıb patentləşdirir və onu satır. Azərbaycanda bu cür şirkətlərə müraciət edənlər daha çox elmi potensialı olmayan şəxslərdir. Bu cür şəxslər elmi iş yazmaq üçün özlərini əziyyətə verməyərək belə şirkətlərə müraciət edir və öz maddi imkanlarının hesabına prosesi aradan qaldırırlar. Buna şərait yaradan amillərdən biri də Ali Təhsil haqqında Azərbaycan Respublikası Qanunun qəbul edilməməsidir. Çünki ali məktəblərdə elmi işlərin müdafiəsi bu qanunun tələbləri əsasında həyata keçirilməlidir”.
Ekspert bildirdi ki, sözügedən xoşagəlməz halların baş verməsinin bir digər səbəbi diplom işlərinin həcmi ilə bağlıdır:
"Dissertasiya işlərinin həcmi ilə bağlı məhdudiyyətlər aradan qaldırılmalıdır. Dünya təcrübəsində hər kəsin öz potensialına uyğun olaraq işlərin həcmi müəyyənləşir. Məsələn, ABŞ-da 3-4 səhifə yazaraq doktorluq dissertasiyasını müdafiə etmək mümkündür. Digər tərəfdən tələbələrdə vcdan olmalıdır. Tələbələr özlərinin olmadığı məhsulu özününkü kimi təqdim edirlər. Onlar yalançı elm xadimləridir. Təəssüf ki, Azərbaycanda elmi ad insanlara reklam üçün lazım olur. Nə qədər ki, elmi ad və dərəcələr reklam üçün istifadə olunacaq, belə şirkətlərin də sayı durmadan artacaq”.
Kamran Əsədovun sözlərinə görə, Azərbaycanda Ali Attestasiya Komissiyasının imkanları o qədər geniş deyil ki, dissertasiya işlərinin plagiat olub-olmadığını müəyyənləşdirə bilsin:
"Hesab edirəm ki, Ali Attestasiya Komissiyası ilk növbədə elmi işlər üçün həcm məhdudiyyətini aradan qaldırılmalıdır. Azərbaycanda Təhsil Nazirliyinin səlahiyyətlərinin məhdud olması da problemi qəlizləşdirən amillərdəndir. Nazirliyin hər hansı sahə ilə bağlı nə elmi institutu, nə də kadr potensialı yoxdur. Dünya təcrübəsində elmi işlərin yazılması üzərində nəarəti Təhsil Nazirliyi həyata keçirir. Yaxin illərdə Azərbaycanda Təhsil Nazirliyinin adı dəyişdirilərək Təhsil, Elm və Texnologiyalar Nazirliyi qoyulsa, elmin inkişafında böyük uğurlar əldə edə bilərik”.
Bir çoxlarının diqqətindən qaçsa da, bu kimi hallar Azərbaycan təhsili adına böyük bir ləkədir. Belə çıxır ki, magistr elmi dərəcəsi almaq üçün 700 manat pul xərcləmək kifayət edir. Məsələyə şərh verməkdən çəkinən Təhsil Nazirliyinin tutumu da vəziyyətin nə dərəcədə acınacaqlı olmasından xəbər verir. Sözügedən neqativ hallarla bağlı birbaşa məsuliyyət daşıyan qurumun "sualı bizə yox, universitetlərə ünvanlayın” kimi açıqlama verməsi məsuliyyəti öz üzərlərindən atmaqdan başqa məqsəd daşıya bilməz.
(femida.az)
Xəbər 2028 dəfə oxunub.