Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB


28.02.2023  20:18 

Qarşıda bir uzun yol var





A+  A-

Yaxşı tanıdığın, yaxşı kimi tanıdığın şairdən gözləntin həmişə böyük olur. Bəlkə elə buna görə, poeziyamızda özünəməxsus cığırla illərdir enişsiz irəliləyən Rəsmiyyə Sabirin növbəti yaradıcılıq hesabatını – “Zindan sevinci” adlı son kitabını açarkən, daxilimdə xəfif bir nigaranlıq var idi. Xoşbəxtlikdən, çox tez, elə ilk misraların işığındaca əriyib getdi, rahatlıqla, məmnluqla əvəzləndi:

Səhifədən səhifəyə keçdikçə, eynən əvvəlki qıvraq, azadə üslubla qarşılaşdım. Yenə həmin səliqə-sahmanın mövzuya doğru yöndən yanaşmanın, sözlə yumşaq rəftarın, məzmunu formaya tam oturtmaq, yersiz məcazlardan, əndazəsiz mübaliğələrdən yayınmaq bacarığının şahidi oldum. İrili-xırdalı hər şeirində bir az da artırmış, daha yetkin Rəsmiyyə Sabir gördüm...

Kitab klassik divan tərzində, amma bir yox, altı minacatla başlayır. Və hamısında oxucu zövqünə sarı çətin səfər niyyətində uğur ricasından daha qabarıq, fərdi ağrıları doğuran ümumi əskikliklərdən qurtuluş diləyi var:

“...Soyuyur insanların,
Yaxılıram, İlahi!”

“...Qoyma bu dərdi-kədəri,
Qoyma məni yeyə, Allah!”

“... Ürəyim ağrıyır, Tanrım,
Dünya boyda
dərd daşıyan ürəyim.”

“...İçi cah-cəlallı cahan vermisən,
Durub seyr edirəm gendən, İlahi!”

Rəsmiyyə Sabirin bu şeirləri axır vaxtlar poeziyamızda hövsələlərə meydan oxuyan dəb xatirinə, Şərif Ağayar demişkən, yekə görünmək, Allaha “göstəriş” vermək üçün yazmayıb. Sadəcə, səmimiyyətini, saflığını lirik dualarına gətirib. Əllərini Uca dərgaha qaldırıb, sidqi-ürəklə “Səni duyduğum andan, Razıyam keçəm candan..., “Ömrümün başından ayağınacan, Özümdən sənə yol gəldim...” - söyləyib...

Allahın insana ən böyük bəxşişi Vətən sevgisidir. Sənət əhlinin xoşnaxışlığı ondadır ki, bu hissi yalnız öz varlığında yaşamır, təkcə quruca dillə yaxın ətrafa bildirib dayanmır, rəssam çəkdiyində, memar tikdiyində, bəstəkar nota köçürdüyündə geniş kütləyə, ictimaiyyətə yetirir. Şair də şeirləri ilə oba-oba, el-el bəyan edir doğma yurda məhəbbətini:

“...Hər qarış torpağın müqəddəs, əziz,
Ölsək belə səni yaşadırıq biz...”

“...Bir ölüb, min dirillik,
Səni yaşadarıq biz,
Vətən!...”

“... Anamın sinəsi torpaq,
Köksün üstə baş qoyuram...”

Xalqımızın çoxillik Qarabağ həsrətini, yenidən ona qovuşmaq istəyini dolğun şəkildə ifadə edən “Bağışlama bizi, Vətən” adlı şeirinin Rəsmiyyə Sabirin yaradıcılığında xüsusi yeri, onun şair kimi qəbul olunmasında xüsusi rolu var:

“...Səni əsir ikən qoymuşuq darda,
Cəngavər ruhumuz hardadır, harda?
Qoynuna gəlmədik, of, bu bahar da,
Bağışlama bizi, Vətən!...”

Gəldik, cəngavər ruhumuzla gəldik. Hər bahar qoynuna gül dəstəsi ilə gələk deyə bir payız qılıncla gəldik. Düşməndən qısasımızı alıb, torpaqlarımızı, qürurumuzu geri qaytardıq...

Əsl şeir həyatdan qopmur, hədəflərini dəyişə-dəyişə, döyüşə-döyüşə zamandan zamana addayır... Hələ İrəvanın, Təbrizin “Quşlardan alırıq səs-sorağını”. Onları quzğunlar caynağından saldırmışıq, “Bağışlama bizi, Vətən !...” Bu gün arxa cəbhədə monopolizmlə, rüşvətlə, süründürməçiliklə savaşa qalxmışıq. Köklərini dibdən kəsməsək, “Bağışlama bizi, Vətən !..”

Şeiriyyətin təməl daşı axtarış, yaraşığı orijinallıqdır. Təzə fikirlər tapıb, təzə naxışlar vurmalısan. Bundan ötrü isə istifadə edəcəyin sözləri yoğurub, şəkildən-şəkilə salıb, poetik kəşfə çevirməlisən:

“...Ürəyim kabab olunca,
Qəm yığışır iyə, Allah!..”

“...Atamın əlləri saxlayır
təməli uçuq Yer kürrəsini...

“Kəsilmiş qollardakı zəncirlərin cingiltisi ..., şikəst ayaqların addım səsi...,içində yıxılan adam...” Belə gözlənilməz ifadələrin zənginliyi ilə Rəsmiyyə Sabir öz lirikasına bədii güc qazandırır.

Eyni zamanda, qarşılaşmalar aparıb, təzadlar qurunca, şeirlərində dinamikliyi artırır.

...İçim, çölüm od içində,
Üşüyürəm niyə, Allah!..

“... Bundan sonra
bir qızın
arzusu yox,
yuxusu çin çıxacaq,
Şəhidim!..”

“...Qara günlərin xanımı
ağsaçlı anam...
Ağ geyinib
qara torpağa qarışdı...”

Rəsmiyyə Sabir dili mükəmməl bildiyindən,yeri gəldikcə, qrammatik imkanlardan da yararlanır və bu onun şeirlərinə çeviklik gətirir:

“...Dərdim üst-üstə gəlir,
Çıxılıram, İlahi!..”

Burada riyaziyyatdakı toplama, çıxma əməlindən söhbət getmir, yüklər – qayğılar, ağrılar, itkilər çoxaldıqca, ömrün qısalmasına işarə vurulur. Yaxud, “,,,Yer kürrəsinin üstündə deyil, Sözümün üstündə durmuşam...” – deyəndə, müəllif dayanmağı, qərarlaşmağı yox, dönməzliyi, mətinliyi nəzərdə tutur...

Rəsmiyyə Sabir bütün yaranmışları öz yaxını, simsarı bilir, doğması-əzizi hesab edir. Onlarla dərdləşir, onların dünyadan vaxtsız gedişinə qəlbən acıyır:


“...Mənim dərd bacım oduncaq,
Sən ağac kimi yandın,
mən adam kimi,
Tüstü ruhlarımız qarışdı...”

“...Zərli kəpənəklərin
Ölümünə ağladım...”

Beləcə, səriştəsini, peşəkarlığını, fitri istedadının üstünə gəlib, şeirlərinin daha oxunaqlı alınmasına çalışır. Usandım - demədən üzü bitkinliyə irəliləyir:

“Hələ ki, qarşıda bir uzun yol var,
Ömür də dumana, sisə düşəcək.
Tale bazarında bəxt paylananda,
Mənim də payıma nəsə düşəcək...

“Nəsə” niyə, Rəsmiyyə xanım! İnanırıq ki, alın yazın və yazdıqların birləşib, yaradıcılıq fəaliyyətinə layiqli qiymət, şəxsiyyətinə sayğı gətirəcək...

Arif FƏRZƏLİ

Xəbər 1399 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +