07.02.2019 10:45
Mübariz İbrahimovun doğum günüdür
Bu gün Azərbaycan Milli Ordusunun giziri, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.
XəzərNews.az xəbər verir ki, o, 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid olmuş M.Piriyev adına Əliabad kənd orta məktəbinə daxil olub. 2005-ci ildə orta təhsilini başa vurub, hərbi xidmətə çağrılıb.
Hərbi xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət "İnter Sekyuriti” MMC-də mülki işlərdə işlədikdən sonra, 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.
2010-cu ildə Mübariz İbrahimovun valideynlərinə yazdığı son məktubunun əlyazması:
Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz.. Haqqınızı halal edin.
Mübariz İbrahimovun ölməsinə baxmayaraq, Ermənistan onun cəsədini 141 gün saxlamışdır. Ermənilər İbrahimovun cəsədinin şəkillərini internet saytlarında yayımladı.
Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm danışıqların nəticəsində, İbrahimovun meyidi 6 noyabr 2010-cu il tarixdə Ağdam-Bərdə yolunun üzərində, işğal altındakı Baş Qərvənd kəndi yaxınlığında Ermənistan tərəfdən alındı. Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Azərbaycan Respublikası Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirildi.
Şəhid, qəhrəman İkinci Fəxri xiyabanda dəfn olunmuşdur. 2010-cu il noyabrın 11-də Təzəpir məscidində prezident İlham Əliyevin adından şəhid hərbçilər İbrahimov və "İgidliyə görə" medalıyla təltif olunmuş baş leytenant Fərid Əhmədovun xatirəsinə ehsan mərasimi keçirildi.
Xəbər 1381 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|