24.01.2019 11:26
Cəhənnəm vadisi
Təbii fəlakətlər qaçılmazdır – hər il dünyanın müxtəlif ölkələrində baş verən zəlzələlər, vulkan püskürmələri, qar uçqunları, çay daşqınları, meşə yanğınları və s. öz qurbanlarının sayını artırmaqla bərabər, insanları həm də vahimə və xof içində saxlamaqdadır. Biz təbiətdən nəyi alırıqsa, qarşılığı da eyni cür olur, həm də daha sərt.
Qar, çovğun, güclü külək, qasırğa və s. qış fəslinə xarakterik olan təbiət hadisəsidir. Bir neçə gün öncə qəfil dəyişə biləcək hava şəraiti ilə bağlı olaraq sinoptiklərin verdiyi SOS siqnalından sonra dövlət qurumları bütün ölkə boyunca yanvar ayının iki gününü (17-18) tamamən “bloklayıb” insanların ehtiyatlı olmalarını tövsiyə etdilər. Amma gözləntilər özünü heç də tam olaraq doğrultmadığından bu məsələyə hərə bildiyi qədər yozum verdi və bu da təbii idi. Çünki bundan dəfələrlə artıq anomaliyalar olsa da, bu sayaq “qayğıkeşlik” görməmişdik. Bu, nə həngamə idi ki, bilənlərlə bilməyənlərin nisbətindəki fərq ölçüyəgəlməz oldu...
Binəqədi rayonunda demək olar ki, bütün yaşayış binalarının giriş qapılarına vətəndaşların ehtiyatlı davranmaları üçün xəbərdarlıq vərəqələri də yapışdırılmışdı. Bunu ilk baxışdan müsbət hal kimi dəyərləndirmək də olar, yəni dövlət, yaxud rayon rəhbərliyi vətəndaşına dəyər verir, qayğısına qalır və s. İndi gəlin görək, vətəndaşlar hamılıqla bunu elə bu sayaq da dəyərləndirirmi? Əlbəttə, yox və bir çoxları bu məsələdə kifayət qədər haqlı olduğunu isbatlayacaq arqumentlər də səsləndirə bilər. Deyər ki, neçə illərdir qış fəslinin bir nömrəli problemi olan istilik məsələsinin həllində nə aidiyyəti (“Azəristiliktəchizat” ASC), nə də digər üst qurumlar edilən çoxsaylı müraciətlərə əhəmiyyətsiz yanaşır, səsimizi eşitməzdən gəlirlər və s. Biri elə bizim qonşumuz olan (7-ci mik., bina 14, mənz. 44) Sultanə Şıxlinskaya kimi. Ölkənin ən soyuq təşkilatı olan “Azəristiliktəchizat” ASC tənha yaşayan bu yaşlı və xəstə müəllimənin qışın şaxtasında donmasına illərdir ki, seyrçi münasibət bəsləyir, almadığı istiliyə görə adına olan (təkcə onun yox, bu qəbildən olan bütün abonentlərin) abonent koduna “haqq” yazdırır, şikayətinə çürük qoz qədər də əhəmiyyət vermir, “kotelnidəkilər” para qarşılığında “istədiyin vaxt istilik məsələni həll edə bilərik” deyir, amma heç bir dövlət qurumu bununla maraqlanmır. İndi bu insanı necə inandırasan ki, hansısa bir qurum, təşkilat sənin qayğına qalır, sənə dəyər verir, səni “külək aparmasın deyə”, ehtiyatlı olmanı istəyir və s. Vallahi və billahi, inanmayacaq. İllərdir ki, inamını qıra-qıra dalana dirəmisən və indi də deyirsən ki, inan. Axı, necə inansın ki, hər il qış mövsümünü müxtəlif ünvanlara telefon açaraq istiliyin verilməsini xahiş-minnət etməklə başa vurur. Hər il soyuqdan donur, amma səsini eşidən olmur. Əgər, bu qadının yerində hansısa yüksək vəzifə tutan birisi olsaydı və onun mənzilindəki istilik xəttində nasazlıq yaransaydı, elə həmin gün, həmin dəqiqə problem həllini tapardı. Ona görə də sadə, səsi eşidilməyən, əli heç yerə çatmayanlar üçün dövlətin “Azəristiliktəchizat”a və ümumiyyətlə digər bu sayaq qurumlara ayırdığı pullar qazanxanalarda və sair “xanalarda” hələ ki, “tüstüsüz” yanır və yanacaq. Soruşan da yoxdur ki, sizlər hansı haqla istilik almayan abonentlərin hesabına “haqq” yazdırırsınız və bunun ödənilməsini tələb edirsiniz. Bu ki, birbaşa dövləti cinayətdir.
Qara, covğuna görə binaların giriş qapılarına xəbərdarlıq vərəqələrinin yapışdırılması hər nə qədər müsbət haldırsa, ondan daha əfzəli heç olmasa ildə bircə dəfə də olsa, vətəndaşın, xüsusən də yaşlı, xəstə sakinin qapısını döyüb onun üzləşdiyi problemlərlə maraqlanmaqdır, yəni sözün bütün mənalarında ona dəyər verməkdir. Bununla onun həyatına elə xoş bir ahəng qatmış olarsınız ki, bunu sözlə ifadə etmək belə mümkün olmaz. Düzdür, qapılarımız ara-sıra döyülür, o da zir-zibil puluna görə.
O gün blokda rastlaşdıq S.Şıxlinskaya ilə. Pilləkənləri güclə qalxırdı. Bir xeyli giley-güzardan sonra sual etdi ki, “görəsən, binamızın bu istilik məsələsi həll olunacaqmı, bu cəhənnəm əzabından qurtula biləcəyikmi”? Nə deyəcəyimi gözləmədən elə tez-tələsik verdiyi sualı özü də cavablandırdı: “yəqin ki, öləndə”.
Söz gəlişi: Əvvəllər bu bina öz sakit ahəngi ilə olduqca fərqli görünürdü. Geniş və istirahət etmək üçün hər cür şəraiti olan səliqəli həyəti, qonşuların mehriban münasibəti və s. adamın ruhuna dinclik qatırdı. İllər ötdükcə çox şeylər dəyişdi. İndi nə o həyətdən əsər-əlamət var, nə o qonşulardan. Binanın özü və həyəti çoxdan “səliqəyə” salınıb: şadlıq evi, dükanlar, avtodayanacaq... Binanın zirzəmisi isə bütün növ həşəratların ümumdünya toplantı mərkəzinə çevrilib. İndi buralar bəzən cəhənnəm vadisini xatırladır adama. Sanki Cinayət məcəlləsinin heç bir bəndində əksini tapmayan maddələrlə burada yaşamağa məhkum olunmuşlarıq.
Ötən yazıda qeyd etdiyim kimi, nə qədər ki, “Azəristiliktəchizat” ASC kimi qurumlar sənə soyuq münasibət bəsləyəcək, nə qədər ki, çökmüş bu Sistemin qalıqlarını təmizləyib BƏRPA işləri aparılmayacaq, belə də olacaq – vətəndaşla dövlət qurumları arasında çəkilmiş soyuq xətt S.Şıxlinskaya kimilərinin səsini daş divarların soyuğunda boğacaq... Onun inamını qıracaq, onun sənə - sənin timsalında dövlətin heç bir atributuna səmimi məhəbbəti olmayacaq. İndi təsəvvür edək ki, 2000-ci il zəlzələsinə bənzər zəlzələ pusquda dayanıb və günlərin xoş olmayan bir günündə xəbərdarlıqsız-filansız insanların başının üstünü alıb. Onda nə edəcəksən, hansı “qayğıkeşliyi” göstərəcəksən, qaçmağa, daldalanmağa yer tapmayan insanlara nə deyəcəksən? Heç nə!
2000-ci ilin 25 noyabrını bu gün bəlkə də bir çoxları unudub. Həmin gün ölkənin paytaxtı anidən elə titrədi ki, sanki insanları bir yumağa çevirib altına gömürəcəkdi. Allahın qəzəbindən yer insanların ayaqları altından qaçırdı. O gün insanların beyni də, ruhu da güclü bir titrəyişə məruz qalmışdı. Gecənin qaranlığı mikro-qiyamət səhnəsini xatırladırdı və hərə öz tutumuna görə cəhənnəm küləyinin ətrini qoxulaya bildi...
Bakıda 6,5 bal gücündə zəlzələnin olacağını heç kəs ağlına gətirməzdi. Amma oldu və hamı vahimə içində bir-birinə qarışdı: ağlaşan kim, hara gəldi qaçan kim, əllərini göyə qaldırıb Gözəgörünməzdən göz yaşları içində imdad diləyən kim. Zəlzələ bircə anın içində hamını adiləşdirdi, yazıqlaşdırdı. Qəfil silkələnmə insanları qəfil yaxalamışdı: kimini yataqda, kimini hamamda, birini dar macalda, kəsəsi, hərəni bir məqamda. İnsanlar “topdan ölümün” bircə addımlığında idi və “topdan güzəşt” limiti qısa zaman kəsiyində kəsilmişdi - əgər, bir neçə saniyə də beləcə ötsəydi, bir Allah bilir ki, fəlakətin miqyası necə ölçüyəgəlməz olardı... “Əsərin baş qəhrəmanı” olan Allah bizi silkələyərək taybatay açdığı tövbə qapısına tərəf istiqamətləndirdi. Biz Onun böyük əhvini görməzdən gəldik, xəfif “qulaq burmasından” isə heç birimiz ibrət götürmədik və yenidən üzümüzə niqab çəkdik.
Zəlzələ anında paytaxtımızın binaları azacıq “rəqs” etməklə bu təbii fəlakətə dəyanətlə dözə bildi və itkisiz, dağıntısız bundan qurtula bildik. O zaman nə indiki qədər bir-biri ilə çiyin-çiyinə verib pıçıldaşan göydələnlər var idi, nə də binaların zirzəmisini oyub özlərinə “isti yuva” quran “yerdələnlər”. Daha qaçmağa yer də qalmayıb...
Yazını tamamlayarkən sübhün gözləri hələ sabahlara tam açılmamışdı. Süpürgəçi xala hər gün olduğu kimi, bu gün də həyəti süpürür və zir-zibili toparlayıb yaxınlıqdakı zibil qutusuna atmaqla gündəlik işi ilə məşğul idi. Ara-sıra asta səslə “heç belə də nainsaflıq olar, Allah insaf versin...” deməklə həyət-bacaya yuxarı mərtəbələrdən atılan tullantıları yığışdırarkən öz-özünə giley edirdi. İnsafən, bizim bu süpürgəçi xala çox insaflı adamdır və belələrinin qarasına çox da “dərinə” gedib bərkgedən ifadələrlə heç zaman giley etməz. Bir də, bu zavallı qadın hardan bilsin ki, içi də çölü kimi zir-zibil yığnağı olan və onun əziyyətinə əziyyət qatan bu sayaq ləyaqət hissini itirmiş insafsız toplumun insaf limiti çoxdan tükənib. Bizdə sadəcə, şərəf və ləyaqəti ərəb turistlərinin ağuşunda mürgü döyənlərin səbri tükənmək bilmir. Burda hələ ki, limit yoxdur.
Vasif Hüseynov
Xəbər 19131 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|