22.06.2018 16:54
Zəhərlənməyə görə beş nəfər həbs edildi
Pambıq sahələrində baş verən zəhərlənmə ilə bağlı Baş Prokurorluq, Kənd Təsərrüfatı və Səhiyyə nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi birgə məlumat yayıb.
XəzərNews.az-ın məlumatına görə, 2018-ci il iyunun 10-da Saatlı rayonunun Simada kəndi ərazisində fermer Lətif Xəlidova məxsus olan pambıq tarlasından, iyunun 16-da Tərtər rayonunun Seydimli kəndi ərazisində fermer Rasim Həsənovun istifadəsində olan torpaq sahəsindən, iyunun 19-da İmişli rayonu ərazisində “MKT İK” Məhdud Məsuliyyətli Cəmiyyətinin İmişli filialına məxsus əkin sahələrindən, iyunun 20-də Tərtər rayonunun Xoruzlu kəndi ərazisində fermer Tural Nəbiyevə məxsus torpaq sahəsindən bir qrup şəxs zəhərlənmə diaqnozu ilə müalicə müəssisələrinə daxil olub.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Baş Prokurorluq, Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də, Qida Təhlükəsizliyi Agentliyinin rəhbər və məsul əməkdaşlarından ibarət komissiya baş vermiş hadisə ilə bağlı zəhərlənmənin səbəblərini araşdırmaq məqsədilə müvafiq rayonlara ezam edilib.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Baş Prokurorluğun rəhbər vəzifəli şəxsləri İmişli rayonunda sahibkarlar və yerli mütəxəssislərlə görüşlər keçirib, onları maraqlandıran sualları cavablandırmış, baş vermiş hadisənin təkrarlanmaması üçün konkret tapşırıqlar verib.
Bununla yanaşı, bu sahədə çalışan şəxslərin pestisidlərdən istifadə zamanı texniki təhlükəsizlik qaydaları ilə təlimatlandırılması, o cümlədən əhalinin maarifləndirməsi işləri genişləndirilib, bu fəaliyyətə həmçinin yerli icra hakimiyyəti orqanlarının əməkdaşları cəlb edilib.
Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə nazirliyin məsul əməkdaşları İmişli və Yevlax rayonlarında olaraq zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə daxil olmuş şəxslərin müalicəsini nəzarətə götürüb. Hazırda hər cür tibbi təminatla əhatə olunan xəstələrin səhhəti üçün hər hansı təhlükə müəyyən edilmir.
Qeyd olunan faktlar üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində 2018-ci il 10 iyun tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərə qarşı müəyyən edilmiş mübarizə qaydalarının pozulması ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
İstintaq zamanı çoxsaylı şahid və zərərçəkmiş şəxslərin dindirilməsi və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə bitki ziyanvericilərinə qarşı tətbiq edilmiş kimyəvi maddələrin, bitki, torpaq və digər nümunələri götürülərək, onların tədqiqatı aparılıb, məhkəmə tibbi, kimyəvi və digər ekspertizalar təyin olunub.
Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Quliyev Camal Alqulu oğlu 2018-ci il 20 iyun tarixində tutduğu vəzifədən azad olunub.
Xidməti vəzifələrinin icrası zamanı pestisidlərin dövriyyəyə buraxılmasına dair reqlament və təlimatın tələblərini, eləcə də dərmanlanma işlərinin görülməsi zamanı texniki təhlükəsizlik qaydalarını pozmaqda təqsirləndirilən “MKT İK” Məhdud Məsuliyyətli Cəmiyyətin Saatlı filialının icraçı direktoru Çingiz Gözəlov və baş aqronomu Gülməmməd Küçiyev, həmin Cəmiyyətin İmişli rayon filialının direktoru Maarif Quliyev və baş aqronomu Surxay Məmmədov, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin İmişli rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Qəhrəman Qəhrəmanov barəsində 2018-ci il 21 iyun tarixdə həmin şəxslərə Cinayət Məcəlləsinin 222.3 (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunaraq, barələrində həbs-qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə digər müraciətlər də araşdırılmaqla insanların həyat və sağlamlığına təhlükə yaradan bu qəbil hadisələrin qarşısının alınması üçün profilaktiki tədbirlər həyata keçirilməklə, zəruri istintaq hərəkətləri davam etdirilir.
Araşdırma zamanı həmçinin müəyyən edilib ki, bəzi şəxslər tərəfindən sui-istifadə hallarına yol verilərək, həyatı və sağlamlığı üçün heç bir təhlükə və zəhərlənmə əlamətləri olmayan vətəndaşlar gələcəkdə kompensasiya almaq adı ilə müalicə müəssisələrinə müraciət etməyə sövq edilirlər. Həmin əməllərin təşkilatçıları barəsində də araşdırmalar aparılmaqdadır.
Xəbər 1464 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|