Vergilər Nazirliyində “paket” sistemi ləğv olunur; vergi əməkdaşlarının sahibkarları himayə etməsi yasaqlanır
Üç gün sonra Fazil Məmmədovun vergilər naziri postundan uzaqlaşdırılmasının 2-ci ayı tamamlanır. Ötən müddət ərzində Fazil Məmmədovun taleyinə aydınlıq gətirilməyib, onun həbs ediləcəyi və ya yaxın ətrafının iddia etdiyi kimi, səfir göndəriləcəyi haqda deyilənlər də söz-söhbətdən o tərəfə keçməyib.
XəzərNews.az musavat.com-a istinadən bildirir ki, Fazil Məmmədov vəzifədən çıxarılandan sonra Vergilər Nazirliyində “təmizləmə əməliyyatı”na başlanıb. Uzun illərdən bəri vergi orqanlarında kök salmış, sahibkarların qəniminə çevrilən korrupsioner şəbəkənin iş başından uzaqlaşdırılması üçün başladılan proses davam edir.
Fevralın 2-də isə Fazil Məmmədovun bacısı oğlu, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun oğlu Vergilər Nazirliyində tutduğu vəzifədən azad olunub. Elnur İsgəndərovun öz ərizəsi ilə vəzifəsini tərk etdiyi bildirilir.(missiya.az)
Mayor (kiçik vergi xidməti müşaviri) rütbəsi verilən Elnur İsgəndərov Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Bəyannamələr idarəsində direktor müavini vəzifəsində çalışırdı. Elnur İsgəndərov həmin vəzifəyə adı Binəqədi Rayon İcra Hakimiyyətində korrupsiya işlərində hallanandan sonra keçirilmişdi. 2016-cı ilin iyun ayında sabiq vergilər naziri Fazil Məmmədov bacısı oğlunu direktor müavini vəzifəsinə təyin etmişdi.
Vergilər Nazirliyinin fəaliyyətində və kadr heyətində ciddi dəyişikliklər davam edəcək. Bu barədə nazirliyə yaxın mənbələr xəbər verir. Nazir Mikayıl Cabbarov nazirliyi və onun strukturlarını qısa müddətdə mafiyalardan tamamilə təmizləmək və fəaliyyətini qanun çərçivəsinə qaytarmaqda qərarlıdır. Məlum olduğu kimi, bu istiqamətdə çox mühüm addımlar atılıb və atılmaqda davam edir. Bu addımlardan biri də Vergilər Nazirliyinin biznes sektorunda yoxlamaları tamamilə dayandırmasıdır.
“Trend”ə hökumətdəki mənbələrdən daxil olan məlumatda bildirilib ki, yoxlamaların dayandırılması nazirlikdəki rəhbər dəyişikliyindən sonra aparılan struktur və kadr islahatları ilə bağlıdır. Belə ki, kadr dəyişikliyi vergi yoxlamalarını aparan şəxslərə də təsir edib. “Hazırda vergi yoxlamalarına nəzarət nazirin müavini İlkin Vəliyevə keçib. Bununla belə, kurator olmasına baxmayaraq, heç bir yoxlama aparılmır. Mənbə bunu yalnız kadr dəyişikliyi ilə deyil, həm də yeni nazirin vergi yoxlamalarının aparılması prosesində müəyyən dəyişikliklər edə bilməsi ilə izah edir” - deyə, məlumatda bildirilirdi. “AzPolitika.info”nu məlumatlandıran mənbə də bu xəbəri təsdiqləyərək, nazir Mikayıl Cabbarovun nazirliyin işində tam şəffaflıq yaradılana və etibarlı kadr heyəti formalaşdırılana qədər yoxlamaları dayandırmaq haqda tapşırıq verdiyini bildirir. Mənbənin sözlərinə görə, Mikayıl Cabbarov yeni vəzifəsinə təyinat aldıqdan sonra nazirlik işçiləri ilə fərdi və kollektiv görüşlərində Vergilər Nazirliyinin cəmiyyətdəki imicini müsbətə doğru dəyişməyi qarşıya əsas vəzifələrdən biri kimi qoyub. Nazir çox aydın mesaj verir: Kim yeni qaydalarla işləməyə razıdırsa, işinin başında qalacaq, əks halda, yaxşı yol!
Bəs “yeni qaydalar” dedikdə nə nəzərdə tutulur?
Məsələn, bundan sonra Vergilər Nazirliyində “paket” sistemi olmayacaq! Həmçinin bundan sonra vergi əməkdaşlarının “dolanmaq” üçün bir-iki sahibkara himayədarlıq etməsinə, onların vergi yükünü azaltmasına icazə verilməyəcək. Əvəzində işçilərin qanuni əmək haqları və mükafatlarında zamanla artımlar həyata keçiriləcək. Vergidə qeyri-rəsmi büdcənin formalaşdırılması praktikası tamamilə aradan qaldırılacaq, bütün vergilər qanun əsasında toplanaraq, dövlət büdcəsinə keçiriləcək. Bunun üçün vergi əməkdaşlarının sahibkarlarla şəffaf münasibətlər qurmasını təmin edən mexanizmlər hazırlanıb həyata keçiriləcək. Hazırda bu mexanizmin yaradılması üzərində iş gedir. Bəzi bilgilərə görə, bununla bağlı həm Avropa ölkələrinin, həm də qonşu Gürcüstanın təcrübəsi öyrənilir. Ona görə də vergi əməkdaşlarına hələlik yoxlama aparmaq qadağan edilib. İş adamlarının, məmurların nəzarəti altında olan biznes subyektlərinin hansısa səbəbdən vergidən yayındırılmasına və ya əlavə “yüklənməsinə” dözüm nümayiş etdirilməyəcəyi də nazirlik əməkdaşlarının diqqətinə çatdırılıb. “Mikayıl Cabbarovun vergilər naziri təyin olunduqdan sonra ilk olaraq yüksək vəzifəli şəxslərin qohumlarını, yaxınlarını Vergilər Nazirliyində tutduqları vəzifələrdən uzaqlaşdırması da əslində hamıya bir mesaj oldu” - mənbə bildirir. Məlumata görə, M.Cabbarovun Vergilər Nazirliyindəki önəmli postlardan uzaqlaşdırdığı və adları cəmiyyətə açıqlanan 64 nəfər illərdir sahibkarlara zülm edən dəstənin özəyini təşkil edənlər olub. Bu siyahının cəmiyyətə məlum olmayan qismi də var və “təmizləmə” prosesi davam edir. “Vəzifədən uzaqlaşdırılanlar arasında çox yüksək vəzifəli şəxslər, o cümlədən Prezident Administrasiyasından ”tapşırılanlar" da olub, lakin nazir kadr məsələsində prinsipial tutumunu davam etdirir" - mənbə əlavə edir.
Bu arada Fazil Məmmədovun bahalı avtomobillərini satmağa başlaması xəbəri də yayılıb. Bakupost-a daxil olan məlumata görə, keçmiş məmur-oliqarx bu avtomobillərini bazar qiymətindən xeyli ucuz təklif edir. Bunun səbəbi isə adına olan əmlakları təcili surətdə azaltmaq istəməsidir. Qeyd olunur ki, avtomobillərin satışı ilə sabiq nazirin bacısı oğlu məşğul olur. Məlumatlı mənbənin sözlərinə görə, keçmiş nazir təkcə avtomobillərini deyil, bir neçə mülkünü də satışa çıxarıb.
Xatırladaq ki, F.Məmmədov işdən azad olunandan sonra mətbuatda Vergilər Nazirliyində korrupsiya halların aşkarlanması, buna görə də keçmiş nazirin istintaqa cəlb edilmək ehtimalı barədə xəbərlər yayılıb.
Xəbər 2097 dəfə oxunub.