26.02.2024 16:19
Nadir Qafarzadənin atası “qanuni oğru“ olub
Müğənni Nadir Qafarzadə haqqında maraqlı məlumatlar yayılıb.
Xəzərnews.az kulis.az-a istinadən həmin məlumatları təqdim edir:
Nadir Əziz oğlu Qafarzadə 11 fevral 1971-ci ildə Azərbaycanın Şabran rayonunda anadan olub. Altı bacıdan sonra dünyaya gələn Nadirin doğulması valideynlərinin ayrılmamasına, bir yerdə yaşamalarına səbəb olub. Belə ki, Nadirin anası xəstəxanaya onu dünyaya gətirmək üçün yollananda, atası şərt qoyur ki, bu dəfə də qızın olsa, evə gəlmə. Çoxsaylı nəzir verən ailənin yeddinci övladı isə oğlan olur.
***
Müğənninin atası Əziz Qafarov "qanuni oğru" olub. Həbsxanada Əliağa Vahidlə birgə cəza çəkən Əziz kişinin ləqəbi "Qəqə əmi" olub. Nadir bəyin sözlərinə görə, Əliağa Vahidlə dostluq edən, qadın düşkünü olan atası ev, ailə adamı olmayıb, anasını çox incidib. Hətta ölüm ayağında belə atası anasından halallıq istəyəndə, Nadirin anası ona halallıq verməyib.
Nadirin 13 yaşı olanda atası dünyasını dəyişir. Ailənin bütün yükü onun anasının çiyinləri üzərinə düşür.
***
Anası, bacıları və qohumları tərəfindən ərköyün böyüdülən Nadir çox dəcəl olub. Hətta o qədər dəcəl olub ki, ailə üzvləri onun üçün müxtəlif cəza tədbirləri tətbiq ediblər. Yeniyetmə yaşlarında bu cəzalara hazır olmayan Nadir isə bir neçə dəfə intihara cəhd edib. Anası həmişə ona deyirmiş ki, səndən adam olmayacaq, amma qardaşın ağıllı uşaq olacaq. Ancaq tale elə gətirir ki, hər şey əksinə baş verir. Müsahibələrinin birində Nadir bu haqda deyir:
"Anam mənə dediklərinə görə peşman oldu. O, dünyasını dəyişəndə mən burda deyildim, güclə özümü çatdırdım. Anam son dəfə mənə dedi ki, o biri övladlarımı sənə tapşırıram. Ələxsus da, mənim evdə qalan bacı və xəstə qardaşımı mənə vəsiyyət edib getdi. O, mənimlə evin böyüyü kimi davranırdı, halbuki mən kiçik idim. Onun səsi həmişə qulağımdadır. Düzdür, onların yaxşı vaxtlarında mən nə bacımın, nə də qardaşımın yadına düşməmişəm. Pis günləri olanda isə gecə saat üçdə də olsa, məni axtarırlar. Onlardan küskün də olsam, çovğun boran da olsa, özümü onlara yetirmişəm".
Nadir Qafarzadə 1992-ci ildə Sevinc adlı xanımla nişanlanıb. Onlar nişanlı olsalar da, Sevincin ailəsi qızlarının Nadirlə ailə qurmasına razı olmurlar. 1993-cü ildə Sevinc Nadirə qoşulub qaçır. Onların toyu olur. Evləri olmadığından onlar balaca bir otaqda xəstə, əsəbləri zəif olan qocaya baxmalı olublar. Üç ildən sonra həmin kişi rəhmətə gedir. Nadir onu valideynlərinin yanında dəfn edir. Kişinin evi isə qohumlar arasındakı böyük çəkişmələrdən sonra Nadirə qalır.
***
Evliliyinin ilk illəri ehtiyac içərisində yaşayıb, aclıq çəkib. Hətta ehtiyacdan və aclıqdan hamilə xanımı yaxşı qidalana bilmədiyi üçün bir qız, bir oğlan övladını itirir. Elə həmin ərəfədə Nadirin həyat yoldaşı ona boşanmaq təklif edir. Ancaq Nadir razılaşmır və onlar birgə həyatlarına davam edirlər. Sonrakı illərdə cütlüyün iki oğul övladı dünyaya gəlir.
***
Evliliyinin ilk günlərində bacısı və həyat yoldaşı arasında yaranan münaqişəyə görə Nadir bacısını döyüb, onu acılayıb. Müsahibələrinin birində bu haqda deyir:
"Mən yoldaşıma görə bacımı döymüşəm. Yeni evlənmişdik, atamgilə getmişdik. Özü də Sevinclə məni tanış edən bacım ona sataşdı. Bacım baldızlıq etməyə başladı. Söz atırdı, yoldaşım susurdu. Durdum, iki şillə vurdum. Dedim, sən nə istəyirsən axı bu yetimdən? Bacımın ərinə dedim ki, arvadını yığışdır. Xanımıma xəyanət də etmişəm. Toyumuzdan üç gün sonra etiraf etdim ki, xəyanət etmişəm. Səhvim olduğunu dedim, pis oldu. Dedi ki, mən qaçmasaydım, çıxıb atamın evinə gedərdim. İndi gedəcəyim yerim yoxdur. Mənə çox pis təsir elədi. And verdim ki, bir daha olmayacaq".
***
Nadir Qafarzadənin anası da dünyadan erkən köçüb. Ağır xəstəliyi olduğundan müalicəsi çoxlu pul tələb edib. Ancaq müğənninin bu dərmanları almağa imkanı olmayıb. Sonralar Nadir anasının ölümünə görə həmişə özünü günahkar sayıb. Bu barədə müsahibələrinin birində deyir:
"Anam yaşamaq istəyirdi. Təəssüflənirəm ki, o, mənim bu günlərimi görmədi. Anamın dərmanlarını almağa pulum olmurdu. Məndən soruşurdu ki, dərmanlarımı almısan? Yalandan deyirdim ki, hə. Hərdən məni qınayırlar ki, anamı dəfn edəndən sonra gedib toy oxumuşam, amma bilmirlər ki, mən həmin pulla anamın cənazəsini yerdən götürmüşəm, onun ehsanını vermişəm. Həmin toyda Almaz Ələsgərli də mənimlə birgə idi. O, mənə dedi ki, sən toy oxumursan, nəsə özündə deyilsən. Anamın ölümünü ona deyəndən sonra məni anladı. Mən bunu edə bilməsəydim, anamın məclisini verə bilməzdim. Yaşadığım həyatı düşmənimə də arzulamıram. Özümü bağışlaya bilmirəm. Elə bilirəm ki, anamın qatili mən olmuşam".
1989-cu ildə Rusiyanın Murmansk Vilayətində həqiqi hərbi xidməti başa vurandan sonra Nadir Asəf Zeynallı adına Musiqi Kollecində "Opera müğənnisi və musiqi müəllimi" ixtisası üzrə təhsil alıb.
***
Orta məktəbdə oxuduğu müddət ərzində musiqi ilə də məşğul olub. Belə ki, Azərbaycan Dövlət Tele-Radio Şirkətinin "Qırmızı Qərənfil" məktəblilər ansamblında solist kimi fəaliyyət göstərib. Bir çox musiqi müsabiqələrinin və mahnı festivallarının qalibi olmuşdur. Bunlara nümunə kimi "Qızıl Buta", "Grand" (2 dəfə), "İlin mahnısı", "İlin müğənnisi" və "İlin klipi" kimi mükafatları göstərmək olar.
Nadir Qafarzadənin ən böyük arzularından biri kinorejissor Vaqif Mustafayevin filmlərindən birində rol almaqdır. O, hətta qeyd edib ki, Vaqif Mustafayevin filmində rol alarsa, bu iş onun sənətinin zirvəsi olacaq.
Xəbər 4178 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|