“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


03.06.2024  13:46 

Bəşər Əsəd İranı kürəyindən vurdu - Çin də ərəblərin yanında





A+  A-

Tanınmış politoloq Elxan Şahinoğlu yazır ki, Çinin İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Pekinə etiraz notası verilib. İki ölkə arasında 400 milyard dollarlıq uzun müddətli yatırım sazişi var. Buna baxmayaraq, Pekin Tehranın regional siyasətinə önəm vermir. Belə ki, “Çin Xalq Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin birgə iclasının yekun bəyanatının 26-cı bəndində yer alan əsassız iddialara Çin hökumətinin dəstəyi” rəsmi Tehran tərəfindən qəzəblə qarşılanıb. İran 3 adanı-Böyük Tomb, Kiçik Tomb və Əbu Musanı öz ərazisi hesab edir. Çin isə bu məsələdə BƏƏ-ni müdafiə edir.

Nə üçün Çin İran üçün son dərəcə həssas olan bu məsələdə BƏƏ-nin yanındadır? Elxan bəy hesab edir ki, Çin ərəb ölkələrinin enerji imkanlarından daha çox faydalanmaq istəyir. Ona görə də bu məsələdə BƏƏ-nin, müvafiq olaraq ərəb ölkələrinin yanında yer alır.



Bu məsələdə İranla Suriya arasında da ixtilaf var. Təsəvvür edə bilirsizmi? İran SEPAH-ın əli ilə Bəşər Əsədi iqtidarda saxlaya bildi. Birmənalı olan odur ki, İran və Rusiyanın dəstəyi olmadan Bəşər Əsəd iqtidarı çoxdan itirmişdi. Hal-hazırda da İran Bəşər Əsədin iqtidarda qalması üçün əlindən gələn hər şeyi edir. Buna baxmayaraq, Bəşər Əsəd də eynən Çin kimi 3 ada məsələsində İranın yox, məhz BƏƏ-nin yanında yer alır. Bu məsələ ingilisdilli ərəb mediasında da ciddi müzakirələrə səbəb olub. Məsələn, “newarab.com” saytında gedən “Gulf islands dispute: Why is Syria supporting the UAE over Iran?” (Körfəz adaları mübahisəsi: Suriya niyə İranı yox, BƏƏ-ni dəstəkləyir?) adlı məqalə bütövlükdə bu məsələnin təhlilinə həsr olunub.

Söhbət ondan gedir ki, Suriya may ayında Bəhreyndə keçirilən Ərəb Liqasının sammitində sözü gedən adaların BƏƏ-yə aid olması ilə bağlı bəyannaməyə səs verib.

Xatırladaq ki, İran 1971-ci ildən bu adalara iddia və nəzarət edir. Deməli, o vaxt Böyük Britaniya həmin ərazini tərk edib. Az sonra BƏƏ müstəqilliyini elan edib. Fürsətdən yararlanan İran adalara əl qoyub. Ərəblərin iddiası belədir.

O da önəmlidir ki, Suriya 13 il əvvəl yarım milyon insanın ölümünə səbəb olmuş vətəndaş qırğınına görə Ərəb Ölkələri Liqasından qovmuşdu. Suriya 2023-cü ilin mayında yenidən bu liqaya qoşulub.



Əlbəttə, bu məsələnin dini tərəfi də var. Belə ki, Bəşər Əsəd Suriya əhalisinin cəmi 10 faizini təmsil edən ələvi təriqətinə məxsusdur. O vaxt Suriyada əhalinin 10 faizini xristianlar, 80 faizini isə sünni ərəblər təşkil edirdi. Ələvilik şiə təriqəti olduğuna görə İran Bəşər Əsədin iqtidarda qalması üçün az qala bütün dünya ilə vuruşub...

Suriya ərəb ölkəsi olduğuna görəmi belə bir addım atıb? Şübhəsiz ki, bu amil son dərəcə önəmlidir. Bəşər Əsəd çox gözəl bilir ki, BƏƏ-yə qarşı çıxmaq, (BƏƏ kiçik ölkə olsa da geniş maliyyə imkanları səbəbindən Ərəb dünyasında xüsusi çəkiyə malikdir) bütövlükdə Ərəb Liqasında hiddətlə qarşılanar.

Düzdür, Suriya Hafiz Əsəd dönəmində İran-İraq müharibəsi zamanı (1980-88) ərəb millətçiliyinə arxa çevirərək İranın yanında yer alıb. Bu faktor da 2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsində İranın Bəşər Əsədin müdafiəsinə qalxmasını təmin edib.

Heç də təsadüfi deyil ki, İran mediası Bəşər Əsədin bu qərarını “İranın kürəyinə arxadan sancılmış xəncər” kimi dəyərləndirib.

Bu ada söhbəti təkcə BƏƏ üçün yox, bütövlükdə Körfəz ölkələri üçün strateji önəm daşıyır. Belə ki, Hörmüz boğazı Oman körfəzi ilə Fars körfəzi arasında yer alır. Bu boğaz “Avesta”da adı keçən xeyir tanrısı Hörmüzün adını daşıyır. Sözü gedən adalar Hörmüz boğazının yaxınlığındadır. Bu boğaz üzərindən isə dünyadakı neft satışının ən azı 40 faizi daşınır. Yəni Hörmüz boğazına nəzarət etmək üçün bu adalar son dərəcə gərəklidir. Özü də təkcə ərəblər üçün yox, ərəblərin müttəfiqi olan Qərb üçün də bu, həssas məsələdir...

Ancaq Çindən fərqli olaraq Suriyanın belə bir mövqe tutmasına İran son dərəcə təmkinli münasibət sərgiləyib. Bu fərqli yanaşmanın səbəbi nədir? İran fərqindədir ki, Ərəb dünyasında ona ən yaxın ölkə Suriyadır. Bu məsələyə görə Bəşər Əsədin üzərinə yerimək sonda Suriyanın əldən çıxmasına səbəb ola bilər. Suriyanın isə sünni ərəb ölkələrinə qoşularaq şiə İrana qarşı cəbhədə yer alması rəsmi Tehran üçün qətiyyən arzuolunan deyil.



Düzdür, Suriya Rusiyanın Ukraynada Krım, Gürcüstanda isə Cənubi Osetiyaya ilə əlaqəli iddialarını tanıyıb. Bununla belə, İranın 3 adaya iddiasından yana olma rəsmi Dəməşq üçün siyasi baxımdan son dərəcə mürəkkəb və ziddiyyətli situasiya yarada bilərdi.

Suriyada Ərəb Sosialist Bəəs Partiyası iqtidardadır. Bu, millətçi bir partiyadır. Bu partiya Səddam Hüseyn dönəmində İraqda da iqtidarda olub. Pan-ərəbizmə bağlı bir partiya Ərəb dünyasına arxa çevirə bilməzdi.

Haşiyəyə çıxaraq qeyd edim ki, hazırda İsrail ilə ölüm-dirim savaşı aparan HƏMAS da İrana son dərəcə bağlıdır. Bu təşkilatı ayaqda saxlayan da İrandır. Ancaq bəllidir ki, İranın Bəşər Əsəd rejiminə dəstək verməsi HƏMAS tərəfindən etirazla qarşılandı. Niyə? Çünki HƏMAS İrana bağlı olsa da sünni ərəblərin yaratdığı təşkilatdır. Belə bir təşkilat dini azlığı təmsil edən ələvi Bəşər Əsədin 80 faizlik süni suriyalılara hökm etməsinə qarşı idi. Hələ orası da var ki, HƏMAS-ın siyasi rəhbərliyi uzun müddət Dəməşqdə fəaliyyət göstərmişdi. Buna baxmayaraq HƏMAS Suriyada sünni üsyançıların tərəfini tutdu. O vaxt Livanın “Hizbullah” təşkilatı HƏMAS üzvilərini İranın tələbi ilə ölkədən qovdu. Rəsmi Tehran HƏMAS-a maliyyə dəstəyini dayandırdı. Bir neçə il sonra bu dəstək yenidən bərpa olundu. Yəni ərəb millətçiliyi bəzən İrana belə problemlər yaşadır.



İran Suriyaya 10 milyard dollarlarla maliyyə dəstəyi verib. Ancaq indi Bəşər Əsədin iqtidarına elə bir təhlükə yoxdur. Ona görə də Bəşər Əsədin İrandan asılılığı ciddi şəkildə azalıb. Viran qalmış Suriyanı yenidən tikmək üçün isə Körfəz ölkələrinin maliyyə dəstəyinə Suriyanın ciddi ehtiyacı var. Söhbət 500 milyard dollardan gedir.

Bundan başqa captagon adlı kimyəvi tərkibli narkotik maddənin 80 faizi qeyri-qanuni şəkildə Suriyada istehsal olunur. 1980-ci ildə Almaniyanın ortaya çıxardığı bu dərmanın satışı sonra dayandırıldı. Suriya bundan istifadə etdi. Ərəb ölkələri ilə yaxınlıq bu narkotik maddə üçün yeni satış bazarları yarada bilər. Bu isə Suriya üçün əlavə gəlir mənbəyi deməkdir. Captagon milyardlarla dollar deməkdir...

Onu da xatırladım ki, İsrail bu ilin oktyabr ayından Suriyaya qarşı intensivləşən hava hücumları ilə bir neçə SEPAH yetkilisin məhv edib. Aprelin 1-də İranın Dəməşqdəki səfirliyinin binasına İsrail tərəfindən endirilən hava hücumu xüsusi ilə dağıdıcı oldu və rəsmi Tehranda xof yaratdı. İran 13-14 aprel tarixlərində ilk dəfə raket və dronlardan istifadə edərək İsrailə qarşı birbaşa hücuma keçdi. Səs-küylü təbliğata baxmayaraq İsrail tərəfi bu hücum zamanı heç bir tələfat vermədi. Bir daha bəlli oldu ki, həm İran, həm də Suriya İsrailə qarşı birbaşa hərbi əməliyyat keçirməkdən ehtiyat edir.

Eynən 3 ada məsələsində Suriyanın tutduğu mövqeyə də İran ehtiyatla yanaşır. Çünki bu, təkcə İran üçün deyil, həm də Suriya üçün ciddi nəticələr doğura biləcək məsələdir...

Elbəyi Həsənli. Sürix

Xəbər 10788 dəfə oxunub.




15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub

14.12.2024  17:07 

Bakı metrosunda ölüm hadisəsi


BÜTÜN XƏBƏRLƏR +