AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


05.11.2022  11:58 

Putinin müavini “cəhənnəmin ali hökmdarı” ilə vuruşur





A+  A-

Bu adam 10 il əvvəl Rusiyanın prezidenti, 2 il əvvəlsə baş naziri idi. Düzdür, Kremli ona müvəqqəti “kirayə”yə vermişdilər, amma əvvəl sələfi, sonra xələfi olan Putinlə müqayisədə özünü az-çox normal siyasətçi kimi təqdim edə bilmişdi. Sonralar içməyə başladı, Kreml elitasının 1 nömrəli alkaşına çevrildi.

“Vahid Rusiya” partiyasının sədri olsa da, Dövlət Dumasına son seçkilərdə Putin onu seçki kampaniyasına yaxın buraxmadı. Hazırda RF Təhlükəsizlik Şurası sədrinin - yəni, Putinin müavini kimi Rusiya siyasətində başını girləyir. Ukrayna savaşı başlayandan adam xeyli aqressivləşib, sanki içində bambaşqa birisi oturub – özünü kommunist-faşist kokteylindən ibarət Kreml ideologiyasının “baş ruhanisi” sanır, Apokalipsisdən, Armageddondan, şeytandan-iblisdən danışır, “Antixirist”lə, İblislə “dava”ya çıxır...

Dimon - Dmitri Medvedev Bibliya allüziyalarından gen-bol istifadə edir, amma ondan nə teoloq, nə də ideoloq çıxar. Siyasi hoqqbazlıqla başını başlara qoşmaq, rus neonasizmi ideoloqlarının – avrasiyaçı, Ukrayna savaşını “Məhşər günü” sayan Aleksandr Dugin, stalinist Aleksandr Proxanov və monarxist Konstantin Malofeyev (Çarqrad TV-nin sahibi) kimi radikal fiqurların Kreml üçün cızdıqları “yeni ideologiya”da pay sahibi olmaq istəyir. Amma rusların “Ayfonçik”, “Dima Tvitter”, “Qanlı cırtdan” (“Кровавый карлик”), “Şən qnom” (“Весёлый гном”) kimi ləqəb və ayamalar qoşduğu birisini ciddiyə almaq çətin işdir.

Medvedev “Telegram”da 4 noyabr – Milli birlik günü ilə bağlı rus xalqına təbrikində gerçəkdən “fontan” vurdu, daha uzaqlara getdi. Bəlkə də bu isterik sərsəmləmədən, abdal iddialardan , siyasi-mənəvi deqradasiyadan yan keçmək olardı, lakin eks-prezidentin “konsepsiyası” özündə rus siyasi elitasının ruh halını, kapitulyasiyaya yuvarlanan Rusiyanın simptomlarını əks etdirir. Döyüş meydanında Ukraynaya uduzduqca Rusiyanın yüksəkməqamlı siyasi-ictimai və dini xadimləri (rus əsgərlərinə cənnət vəd edən patriarx Kirildən tutmuş, “cihad”a çağıran Ramzan Kadırova kimi) mistik-dini müstəvidə “əks-hücum”a keçiblər, “satanist Kiyev rejimi” və “Allahsız Qərb”lə “antisatanist” savaşı aparırlar. Medvedev bu savaşda Rusiyanın “müqəddəs hədəfi”ni belə formulə edir: “Cəhənnəmin ali hökmdarını dayandırmaq”...

“Telegram”dakı postunda Medvedev özü-özünə beş sual verir və cavablandırır.

1-ci sual. “Niyə görə vuruşuruq?”

Medvedevin cavabına görə, Rusiya “ özününkülərin hamısı, bütün öz torpaqları, öz minillik tarixi uğrunda vuruşur”. Əlavə edir ki, Rusiyaya “yad ərazilər lazım deyil, özününkü yetərincədir”. Belədirsə, Rusiya nədən Ukrayna ərazilərini ilhaq edir, izahı yoxdur. Maraqlıdır, Medvedev Ukraynadan danışır, amma yazısının bir yerində belə adını çəkmir.

2-ci sual. “Bizə qarşı kim vuruşur?”

Cavab: “Biz bizə nifrət edənlərə, bizim dilimizi, dəyərlərimizi və hətta bizim inancımızı qadağan edənlərə, bizim vətənimizin tarixinə münasibətdə nifrət səpənlərə qarşı vuruşuruq.

Bu gün can verən dünyanın bir hissəsi bizə qarşıdır. Bunlar bir yığın ağılsız nasist- narkomanlar, onların başlarını dumanlandırdığı, qorxutduğu xalqlar və Qərb itxanasından hürən böyük köpək sürüsüdür. Cürbəcür qayışlanmış donquldayan donuz balaları və dağılan Qərb imperiyasının çənəsindən süzülən tüpürcəkdən çıxan dardüşüncəli obıvatellər onlarla birlikdədir. Özlərinin uydurduqları ədəbsiz vərdişlərdən və normal insanlara bəxş edilmiş əxlaqı rədd edən ikiüzlü standartlarından başqa onların inancları və idealları yoxdur. Ona görə də onlara qarşı ayağa qalxmaqla biz sakral (ilahi) güc qazanmışıq”.

3-cü sual. “Bizim köhnə dostlar hardadır?”

Cavab: “ Bəzi qorxmuş dostlarımız bizdən imtina ediblər – tüpürək onlara. Deməli, onlar dost deyildilər, sadəcə təsadüfi yol yoldaşları, bizə yapışanlar və havayı yeyənlərmiş. Uzaqlara qaçan qorxaq xainlər və tamahkar satqınların qoy yad ellərdə sümükləri çürüsün. Onlar bizim aramızda yoxdurlar, biz daha güclü və təmiz olduq”.

4-cü sual. “Niyə uzun müddət susduq?”

“Biz zəif idik və vaxtsız dağılmışdıq (boşalmışdıq)” deyən Dimon “ölmüş əvvəlki Vətən”in yükünün altından çıxdıqlarını və artıq yuxudan ayıldıqlarını deyir: “İyrənc müstəmləkə keçmişləri ilə yuxulayan və dünya üzərində öz hakimiyyətlərini saxlamağa təşnə olan quldarlar və istismarçıların, qaranlıq dünya hökmdarlarının zorladığı ölkələr bizim ayılmağımızı gözləyirdilər. Çox ölkə artıq onların cəfəngiyyatına inanmır, amma hələlik onlardan qorxurlar. Tezliklə onlar tamamilə oyanacaqlar. Onda çürümüş dünya nizamı çökəcək, onların bütün təkəbbürlü kahinləri, qaniçən adeptləri, təlxək nökərləri və şərəfsiz manqurtları çoxtonluq dağıntıların altına gömüləcək”.

5-ci sual. “Bizim silahımız nədir?”

Medvedev: “Silahlar müxtəlif olur. İmkanımız var ki, bütün düşmənlərimizi cəhənnəmə göndərək, lakin bu bizim vəzifəmiz deyil. Biz ürəyimizdə Yaradanın sözünü dinləyir və itaət edirik. Bu söz bizə müqəddəs hədəfi göstərir. Bu hədəf - Satana, Lütsifer və ya İblis adlarından istifadə etməsindən asılı olmayaraq cəhənnəmin ali hökmdarını dayandırmaqdır...”

Adam Moskva bazarında kələm turşusu satan babusya kimi qarğış-lənət edir. Orta Əsrlər leksikonu ilə danışır, içinə sanki Tayqa şamanı, İŞİD cihadçısı və ya kənd kilsəsinin radikal dyakonu girib. Bəlkə də bayram günü iki-üç badədən sonra ona A.Dürerin “Cəngavər, ölüm və şeytan” qravürasını göstəriblər...

Dimon öz cəfəngiyyatı ilə guya Ukrayna və Qərbi demonlaşdırır, amma Rusiyanın özü demonlaşır, bəlkə də çoxdan demonlaşıb. Medvedevin “moizə”si tam bir diaqnozdur: Rusiya siyasi səhnəsində, avtokratiyasında proseslər Corc Oruellin ssenarisi üzrə gedir - narrativ böyük antiutopikin “1984” romanındakı kimidir: “Hərb – sülh, azadlıq – köləlik, cahillik – gücdür...”

Qəzənfər Həmidoğlu

Xəbər 961 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +