06.06.2019 10:45
“Bu şəhərə məmnuniyyətlə gəlirəm” - Mariya Zaxarova Bakı haqda
"Bakı mənim daim böyük məmnuniyyətlə gəldiyim yerlərin siyahısına daxildir".
XəzərNews.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə “Moskva-Baku” portalı jurnalistinin UEFA Avropa Liqasının Bakıdakı finalının siyasiləşdirilməsi cəhdləri barədə sualını şərh edərkən bildirib.
M.Zaxarova qeyd edib ki, Rusya XİN idmanın siyasiləşdirilməsinə qarşı çıxır: “Biz bir tərəfdən idmanda siyasiləşdirmələrə adət etməliyik, digər tərəfdən isə bu, o demək deyil ki, biz bununla razılaşmalıyıq. İdman tədbirlərinin siyasiləşdirilməsi xüsusən də BMT tərəfindən müəyyən edilən sənədlərlə, ölkələrin ikitərəfli, çoxtərəfli razılaşmaları ilə ziddiyyət təşkil edir. İdman ayırmağa deyil, birləşdirməyə yönəldilməlidir”.
Bakıya məmnuniyyətlə gəldiyini bildirən RF XİN-in nümayəndəsi deyib: “Bakını təhlükəli şəhər adlandıra bilmərəm. Mən bu şəhərə məmnuniyyətlə gəlirəm. Mən Bakıya həm Xarici İşlər Nazirliyinin əməkdaşı kimi getmişəm, eyni zamanda, hansısa qeyri-rəsmi tədbirlərdə də iştirak etmişəm. Azərbaycan paytaxtında son 10 ildə baş verən dəyişikliklər məni heyrətləndirdi və bu barədə daim danışıram. Bakı mənim daim məmnuniyyətlə gəldiyim yerlərin siyahısına daxildir”.
M.Zaxarova, həmçinin Rusiya və Azərbaycanın xarici siyasət idarələri arasındakı sıx əməkdaşlığı da qeyd edib. “Ötən ilin sonunda Sergey Lavrov Bakıya səfər etdi, bu il Azərbaycanın xarici işlər naziri iki dəfə - aprelin 4-də və 16-da Moskvada oldu. Diplomatlarımız arasında əlaqələr işçi səviyyəsində saxlanılır. Biz sözsüz ki, XİN-lərarası birgə məsləhətləşmələrin keçirilməsi praktikasını davam etdirməyə köklənmişik”, - deyə M.Zaxarova ölkələrimiz arasında müntəzəm olaraq müxtəlif səviyyəli dialoqların dəstəklənməsini də əlavə edib. “Bildiyiniz kimi, ölkələrimiz arasında müxtəlif səviyyələrdə və müxtəlif formatlarda müntəzəm siyasi dialoq dəstəklənir. Buraya təkcə ikitərəfli format, beynəlxalq meydanlarda qarşılıqlı fəaliyyət formatları deyil, həm də yüksək səviyyəli Rusiya, Azərbaycan, İran görüşünün formatı da daxildir. Bu formatda iş davam edəcək. Bizim funksional səlahiyyətlərimiz bölüşdürüldüyü üçün ümumi anons verə bilmərəm. Lakin deyə bilərəm ki, bu format fəal şəkildə mövcuddur. Sözsüz ki, fəaliyyətini davam etdirəcək. Gələcək görüşlərin substantiv məzmununun müəyyən edilməsi üçün işlər gedir. İqtisadi əməkdaşlıq üzrə parlamentlərarası komissiya fəal işləyir. Komissiyaya Rusiyanın iqtisadi inkişaf naziri və Azərbaycanın iqtisadiyyat naziri başçılıq edirlər, onların rəhbərlik etdikləri müvafiq qurumlar arasında müntəzəm məsləhətləşmələr aparılır”, - deyə Zaxarova bəyan edib.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının perspektivləri barədə suala cavab verən XİN-in rəsmi nümayəndəsi bildirib ki, Rusiya XİN “regionda uzun illər davam edən böhranın nizamlanması istiqamətində işi irəlilətmək üçün əlindən gələni edir”.
Xəbər 1173 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|