28.11.2022 11:25
“Cənub rayonlarımızda mövhumat hər şeyi üstələyib”
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Bakupost.az -a müsahibə verib.
XəzərNews.az həmin müsahibəni təqdim edir:
- Sabir bəy, artıq 2 aydan çoxdur ki, İranda etiraz aksiyaları davam edir. Necə hesab edirsiniz, bu aksiyalar gənc bir qızın - 22 yaşlı Məhsa Əminin polis tərəfindən qətlə yetirilməsindən doğan sosial partlayışdır, yoxsa illərlə yığılıb qalmış problemlərdən cana doyan xalqın azadlıq hərəkatı?
- Bu hadisələr İrandakı rejimin fəaliyyətinin təbii nəticəsi, onun mahiyyətindən doğan bir sonucdur. İndiki rejimi quran Ruhullah Xomeyni ötən əsrin 70-ci illərinin sonunda şah rejimindən bezən xalqa söykənirdi. O, xalqın tələbi ilə hakimiyyətə gəldi. Xalq da onu böyük izdihamla qarşıladı. O zaman bu prosesdə qadın hərəkatı ciddi rol oynadı. Xomeyni xalqa arxalandığı üçün indiki rejimi qurdu. Ancaq ötən müddət ərzində İran rejimi xalqı özündən uzaqlaşdırıb. Xalqla araya bir uçurum salıb, narazılıq yaradıb. Söhbət təkcə iqtisadi vəziyyətdən getmir. Xalqın milli haqqı, söz haqqı, din haqqı tapdalanırdı. Konstitusiya ilə insanlara verilmiş bir sıra hüquqlar həyata keçirilmirdi. Bir çox səbəblərdən bu hakimiyyət özünü doğrultmadı. Millət ümid edirdi ki, İslami dəyərlərə hörmət olunacaq, amma İslami dəyərlər ayaq altına atıldı. İslamda millət sevgisi, öz ana dilində danışmaq qadağan deyil. Məhəmməd Peyğəmbər deyirdi ki, millət sevgisi insanın haqqıdır. İnsan millətini sevər. Kimsə millətinə olan sevgisinə görə qınanmamalıdır. Amma bunlar millət sevgisini unutdurub onun yerinə şiə, məzhəb sevgisi gətirmək istəyirlər. Məzhəb sevgisi ilə keçən əsrin ortalarında kommunistlərin gətirdiyi partiya sevgisi arasında heç bir fərq yoxdur. Onlar 1920-ci illərdən başlayaraq allahsızlığı təbliğ edirdilər. Allahsızlar partiyası yaradırdılar, dini inkar edirdilər. On minlərlə din xadimini sürgün etdilər, güllələdilər. Sovet xalqı anlayışı, sinfi düşüncə milli təfəkkürün üstünə keçdi. Ona görə də millətlər unudulurdu. Kommunizm dövründə milli kimlik haqqında danışmaq gerilik əlaməti sayılırdı. İranda da ona bənzər vəziyyətdir. Din dövlətinin dinə qarşı olan SSRİ-dən heç bir fərqi yoxdur. Çünki hər ikisi proseslərə maksimalist yanaşır. Ona görə də İrandakı xalqların konstitusiya ilə verilmiş hüquqları əllərindən alınıb, milli kimliyi az qala unutdurulub. Belə olduqda din dinliyindən çıxır. Mən bunu İranın Ali rəhbəri, ayətulla Xameneyiyə yazdığım məktubda da qeyd etmişdim ki, İranda İslam dini deyilən bir şey yoxdur, sizdə fars şovinist siyasəti mövcuddur. Əslində, bu da faşizmin ayrı bir üzüdür. Yəni, dini alətə çevirmək, siyasətə qurban vermək olmaz. Siyasət ayrıdır, din ayrı. Dindən istifadə edərək dövlət qurub, dövləti Allahın qoyduğu qayda-qanunlardan, Peyğəmbərin göstərdiyi yollardan uzaqlaşdırmaq, İranı Farsistana çevirmək, digər xalqların hüquqlarını tapdalamaq yolverilməzdir. Bu, İranın yalançı din siyasətinin ölkəni gətirdiyi yerdir. Bu siyasət, əslində, yalnız İranda yaşayan xalqlara yox, bütün İslam aləminə qarşıdır. Mən uzun müddət İslam Dövlətləri Təşkilatının Parlament İttifaqının siyasi komitəsinin üzvü olmuşam. Orada İranın İslam aləminə nə qədər problemlər yaratdığını görmüşəm. İranın Yəmənə, Səudiyyə Ərəbistanına münasibəti göz qabağındadır. Məkkə qalıb, indi Kərbəlada yeni bir din mərkəzi yaradırlar. Bu da İranın İslama gətirdiyi bölücülükdür. İran əhalisinin yarısı türklərdir. Onların qan qardaşı Azərbaycan burda müstəqil respublika qurur, torpaqlarını azad edir, İran bunu sevinclə qarşılamaqdansa, illərdir bizə qarşı düşmənlik siyasəti yürüdür.
- Yeri gəlmişkən, 2009-cu ildə Xameneyiyə yazdığınız həmin məktuba ciddi reaksiyalar olmuşdu... Bu gün Güney Azərbaycanda türklərə qarşı repressiyaların genişləndiyi bir vaxtda yeni bir məktub yazmaq istərdinizmi?
- Güney Azərbaycanla, millətimizin taleyi ilə bağlı həm poetik, həm siyasi publisistika nümunəsi olan yazılarım çoxdur. Cənubi Azərbaycan mövzusu Azərbaycan parçalandığı gündən - 1828-ci ildən başlayaraq xalqımızın böyük övladlarını düşündürüb. Mirzə Fətəli Axundzadənin, Cəmaləddin Əfqaninin, Əhməd bəy Ağaoğlunun, Əli bəy Hüseynzadənin, Cəlil Məmmədquluzadənin, M.Ə. Sabirin yaradıcılığında, M.Ə. Rəsulzadənin siyasi fəaliyyətində bu mövzu aktual olub. Güney və Azərbaycanın bütövlüyü həmişə bizim ictimai fikrimizin mərkəzindədir. Hətta sovet dövründə də Süleyman Rüstəm, Səməd Vurğun, Rəsul Rza, Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Balaş Azəroğlu, Sörab Tahir, Xəlil Rza, Məmməd Araz və başqaları bu mövzunu daim gündəmdə saxlayıblar. Bizim nəslin yaradıcılığında da ən önəmli yerlərdən birini bu mövzu tutur.
İndi bəzən deyirlər ki, Elçibəy bütövlük məsələsini siyasi müstəviyə gətirib. Elçibəyin bu sahədə xidməti danılmazdır, amma hər şey öz adı ilə deyilməlidir. Bu cür fikirlərlə biz Elçibəyi böyütmürük. Əksinə, tarixin varislik ənənəsini pozuruq. Əslində, Elçibəy də həmin ənənələri davam etdirən adam idi. Azərbaycançılıq 1918-1920-ci illərdə milli hökumətin əsas ideoloji xətlərindən biri idi.
Dediyim kimi, Güney Azərbaycan mövzusu heç vaxt unudulmayıb. Xüsusən Cənubdan gəlmiş ziyalılar bu mövzunu daim gündəmdə saxlayıblar. 1945-46-cı illərdə Cənubu Azərbaycanda milli hökumət qurulmuşdu, Bütöv Azərbaycan məsələsi dünya siyasətinin mövzusuna çevrilmişdi. Bunu necə unudub siyasi müstəvini 1990-cı illərə gətirmək olar?
O ki qaldı mənim məktubuma, ondan sonra İrandan mənə xeyli cavab yazdılar. Qədim Sasani adları ilə, Təbrizdən yazılmış kimi göndərilirdi. Amma Təbrizdən yazılmırdı, hamısı Tehrandan idi. O məktubları yığıb hamısına bir cavab yazdım ki, biz düşmənçilik istəmirik, millətimizin taleyindən narahat olduğumuz üçün yazırıq. Bu yaxınlarda nəşr edilmiş "Vətəndaşlığın əlifbası" adlı kitabımda da Güney Azərbaycan mövzusu geniş yer tutur.
Prezident İlham Əliyev bir zamanlar demişdi ki, mən 50 milyonun Prezidentiyəm. Bu yaxınlarda Səmərqənddə bir daha ifadə etdi ki, biz öz sərhədlərimizdən kənarda yaşayan soydaşlarımızın da hüquqlarını müdafiə etməliyik. Diplomatik yolla deyilmiş ifadə idi. Bu, sanki qığılcım oldu, mövzu genişləndi. Son açıqlamaları isə son dərəcə böyük tarixi əhəmiyyət daşıyır. Yazıçıların qurultayında demişdim ki, ola bilər, biz yaxınlarda ikinci bir Azərbaycan dövlətinin şahidi olarıq.
- Etirazlar başlayan ərəfədə İran rəsmiləri Azərbaycana hədə-qorxu gəlir, sərhədlərimizə qoşun çəkir, Zəngəzur dəhlizi əleyhinə çıxır, eləcə də Ermənistana dəstəyini artırırdı. Sizcə, bu davranışların hazırda İranın daxilində baş verənlərə təsiri oldumu?
- Təbii ki. İranda ayıq, ziyalı təbəqə də var. Onlar İran dövlətinin Azərbaycana qarşı etdiyi haqsızlıqlarla barışmaq istəmirlər. Bəziləri bunu açıq şəkildə deyir, bəziləri demir. Amma Azərbaycan dövlətinin varlığına sevinirlər. Biz bunu İrandakı görüşlərimizdə də müşahidə etmişik... İran rəsmiləri ilə söhbətimizdə dedim ki, sizin Rusiya ilə tarixi düşmənçiliyiniz var, dəfələrlə savaşınız olub. Azərbaycan dövləti yaranıb və arada bu dövlətin varlığı sizi qoruyur. Amma siz bizim başımızın üstündən Rusiya ilə birgə anti-islam, anti-türk siyasəti aparırsınız. Bu siyasətin nəticəsi olaraq Rusiyanın ciddi araşdırmaçısı, rus alimi Aleksandr Duqin bir kitab çap etdirmişdi. Ondan Rusiya məktəblərində dərslik kimi istifadə edirdilər. Orada açıq yazılmışdı ki, Moskva, İrəvan və Tehran araya girib türk dünyasının birləşməsinə imkan verməməlidir. Sonradan Türkiyədə, Qazi Universitetində türk dövlətlərinin problemlərinə həsr olunmuş konfransda Duqini gördüm. Çıxış edəndə dedim ki, mən başa düşmürəm, bu adamı bura niyə dəvət etmisiniz? Bu adam bizə qarşı düşmənlik siyasəti aparır. O isə çıxışında dedi ki, mən o vaxt o fikirdə idim, bu gün fərqli düşünürəm, Rusiyanın Türkiyə ilə yaxınlaşmasını istəyirəm. Mən də bildirdim ki, o kitab dərslikdir, hazırda tədris olunur, sən isə burda bir universitetin auditoriyasında danışırsan. Yəni balans itir. İranın strategiyası Ermənistanla, Rusiya ilə, türk düşmənlərinin hamısı ilə dostluqdur. Təki Türkiyə ilə Azərbaycan güclənməsin. Ancaq İranda 40 milyona yaxın Azərbaycan türkü yaşayır, hələ başqa türklər də var. İran daim bu faktoru nəzərə almalıdır. Mən İranda sonradan prezident olmuş bir nazirlə görüşəndə dedim ki, siz türklərə haqq tanımalısınız. Olmasa, gec-tez xalq ayağa qalxacaq. Onda siz günahı bizdən görəcəksiniz. Halbuki, biz bu məsələyə qarışmırıq. Bizim torpaqlarımız 30 ildir ki, işğal olunub. Ona görə özümüzə ikinci bir düşmən qazanmaq istəmirik. İranla sakit, dinc qonşuluq siyasəti yürüdürük.
Amma artıq bıçaq sümüyə dirənib. İran 30 il davamlı olaraq Ermənistana kömək edib. Qarabağ kəndlərini ermənilər farslarla birlikdə dağıdırdılar. O evləri ucuz qiymətə iranlılara satırdılar. Onlar da daşına, taxtasına, dəmirinə qədər çıxarıb İrana aparırdılar. Bu, düşmənçilik idi. Azərbaycan bunların hamısını görür, dözürdü. İranın bu cür yekəxanalıqla ordusunu Araz qırağına yığması, Arazın bir qolunun üzərində körpü salması, ağır texnikasını yönəltməsi, ermənilərə daha geniş qucaq açması, Təbrizdə ermənilər, Qafanda iranlılar üçün konsulluq açılması dövlət siyasəti deyil, dövlət çılğınlığıdır. Tehranın İrana qarşı heç bir pis niyyəti olmayan Azərbaycana qarşı düşmənlik siyasəti yürütməsi bağışlanan bir hal deyil. Biz, əslində, müstəqil olduğumuz ilk illərdən İsraildə səfirlik açmalı idik. Müstəqil siyasətimiz bunu tələb edirdi. Buradan ayrılan yəhudilər hara getsələr də, bizim dostlarımızdır. Bundan əlavə, biz İrana deməli idik ki, bizim insanların hüquqlarını nəzərə alsın. Biz burada azsaylı xalqların öz dilində oxumağına şərait yaratmışıq. Onlar 40 milyon xalqın hüququnu necə tapdalayır? Bir dəfə Amerikada bir konqresmenlə danışanda bu məsələni qaldırdım. Dedi, axı onların sayı sizin dediyiniz kimi 40 milyon deyil, azdır, 20 milyondur. Dedim ki, mən Amerika strateji araşdırma mərkəzlərinin jurnallarına baxmışam. Vaxtilə İranda Azərbaycan türklərinin sayı 40 milyon göstərilirdi, sonra 35 milyon, sonra 20 milyon. Getdikcə, türklərin sayını azaldırlar və biz bunu görürük. Dedim ki, lap orada 5 milyon türk olsun. Bu qədər insanın dilini əlindən alarlar? Heç 1 milyonun da dilini, hüquqlarını əlindən almaq olmaz. Dünyanın ən qədim xalqlarından biriyik. Firdovsi özü yazırdı ki, 26-27 əsr bundan əvvəl bir İran var idi, bir Turan. O Turan yerindədir. Bölünüb, hazırda 7 türk dövləti var. İran min illər boyu türk dövləti olub. Əhəmənilərdən əvvəl də türk dövləti idi, Səlcuqlardan da bəri türk dövləti olub. Bu dövlət idarəolunmaz bir vəziyyətə düşəndə Azərbaycanda mərkəzdənqaçma siyasəti başlandı. Ona görə də 18-ci əsrin ikinci yarısında Nadir şahdan sonra Azərbaycan xanlıqları - türklərin 20 balaca dövləti yarandı. Almaniya, Rusiya, Fransa, İngiltərə də bu yolu keçib. Bu 20 xanlıqların başçılarının çoxu bir-birinə qohum idi. Onlar axır-əvvəl birləşmək yolunu tapacaqdılar. Rusiya ilə Qacarların savaşı bu prosesin qarşısını aldı. O vaxt mərkəzi hakimiyyətdən qopmuş xanlıqları İran necə öz ərazisi saya bilər? Bunların tarixdən xəbərin yoxdur? Quzey Azərbaycan min il türk dövləti olub. Biz bir müddət Osmanlının tərkibində olmuşuq. İran bura Aran dövləti, Şirvan dövləti, Bakı hökuməti deyir. Aranın, Bakının, Şirvanın sənə nə dəxili var? Qacar dövlətini bərpa etmək istəyirsən? Qacar dövləti də mənim dövlətimdir.
- İranda etirazlar uzun müddətdir davam etsə də, müəyyən pərakəndəliyin olduğu, vahid idarəçilik, liderlik məsələsi ilə bağlı problemlər yaşandığı deyilir. Bu fikirlərlə nə dərəcədə razısınız?
- Şübhəsiz, bu problemlər var. Çünki hərəkat hazırlıqsız başlayıb. Bu etirazların içərisində Azərbaycan, kürd, ərəb Bəlucistan hərəkatı var. Hətta türklərdən fərli olaraq, bəziləri silahlıdır. Bunların koordinasiyasına, kənardan dəstəyə ehtiyac var. Bu hərəkata dəstək verənlər arasında Qərb tərəfindən müdafiə olunan xalq mücahidləri var. Xaricdə kifayət qədər fəaliyyətləri olan başqa təşkilatlar da var. Amma əlaqələndirmə zəifdir. Ona da təəssüf edirəm ki, bir sıra ölkələr Qacar dövlətini fars dövlətinə çevirdilər, Pəhləviləri hakimiyyətə gətirdilər. Onlar bu gün İrana etiraz etsələr, rejimi dəyişmək istəsələr də, İrandakı xalqların müstəqilliyik hərəkatına dəstək olan qüvvələr azdır. Ancaq şübhəsiz ki, son sözü xalq deyəcək. Bu gün İranda uşaqları güllələyirlər. Həddi-buluğa çatmamış qızları zindalara salıb təcavüz edirlər. Vəhşilik orta əsrlər düşüncəsindən də o tərəfə keçir. Bu yanaşma illərdir davam edir. Hətta Urmiya gölünü də qəsdən qurutdular ki, azərbaycanlılar köçüb getsin. Ərdəbil civarlarında bulaqların suyunu çəkib aparırlar. Çox fəlakətli proses gedir. Amma xalqın qarşısını almaq olmaz. İran artıq çöküş ərəfəsindədir.
Dünya çempionatında İranın futbol komandası himni oxumadı. Deputatların da bəziləri xalqı müdafiə edir. Deyirlər ki, xalqın narazılığı nəzərə alınmalıdır. İranın dini rəhbəri uşaqlarla danışanda anasına deyir ki, türkcəni də öyrədin. İndi yadlarına düşür. Vaxtilə görüşdüyüm Əli Əkbər Vilayəti indi başqa havalar çalır. Onun da fikirlərində riyakarlıq var. Deyir ki, hər bir azərbaycanlı iranlıdır, hər bir iranlı azərbaycanlıdır. Ancaq hər bir azərbaycanlı iranlı deyil.Sən İrana Persiya deyirsən, Azərbaycan xalqı fars deyil. Hər bir azərbaycanlı türkdür və azərbaycanlıdır. Münasibətləri yumşaltmaq istəyirlərsə, o ayrı məsələ. Biz müharibə tərəfdarı deyilik. Heç bir məsələnin silahla, zorla həll olunmasını istəmirik. 30 ildir ki, dünyanın hər yerində İranda yaşayan türklərinin hüquqlarının pozulduğunu deyirik. Buna son qoyulmalıdır.
- Ancaq İran etirazçılara divan tutmaqda davam edir, baş verənlərə görə isə ən çox Azərbaycan, Türkiyə və İsraili günahlandırır. Rusiyada da belə düşünənlər var. Hətta bu yaxınlarda rus politoloqlardan biri Türkiyədə Güney Azərbaycan hökumətinin qurulduğunu bildirmişdi. Sizcə, Güney Azərbaycan siyasi elitası müstəqilliyə nə dərəcədə hazırdır?
- İrandakı proseslər barədə o cür düşünənlər çoxdur. Bizim cənub rayonlarımızda mövhumat hər şeyi üstələyib. Millətin bir hissəsinin dindən, orucdan, namazdan başqa dərdi yoxdur. İranın da bir hissəsi bu cürdür. Şüurun, təfəkkürün milli ideallara köklənməsi üçün hələ çox iş görülməlidir. Ancaq biz oturub gözləsək ki, müəyyən proses getsin, millət ayılsın, cəmiyyət haqqın yolunu tapsın, uduzarıq. Toplumun yolunu aydınladan, siyasi fikirləri ortaya qoyan şəxsiyyətlər olmalıdır. Keçən əsrin 20-ci illərində Türkiyənin vəziyyəti İranın vəziyyətindən daha ağır idi. Türkiyədə də həmin təriqətlər, tayfalar var idi. Amma böyük Atatürk ortaya çıxıb güclü, demokrat, bir çox parametrlərlə Avropa dövlətlərindən üstün olan bir dövlət qurdu. Hazırda İran hakimiyyəti xalq hərəkatının yumruqları, zərbələri altında getdikcə zəifləyir. Liderlər də ortaya çıxacaq.
- Bəs bu prosesə Azərbaycan cəmiyyətinin, eləcə də dövlətin dəstəyini yetərli hesab edirsinizmi?
- Azərbaycan Prezidenti dövlət səviyyəsində öz sözünü deyib və deyir. Bir neçə gün əvvəl açıq şəkildə bildirdi ki, biz cənubda yaşayan soydaşlarımızın taleyin biganə qala bilmərik. Azərbaycan cəmiyyəti də hazırdır. Amma biz 30 il ərzində onlara dəstək verməli idik. Kadrlar yetişdirməli, gələnləri oxutmalı, qalıb işləmələri üçün şərait yaratmalı idik. Bunları etmədik. Amma nə yaxşı ki, Güney Azərbaycanın gözünün qabağında örnək olaraq bu dövlət var. Lazım gələrsə, orada hər şey asanlıqla qurula bilər.
- Sizin də qeyd etdiyiniz kimi, İranda baş verən aksiyalara beynəlxalq dəstək yetərincə deyil. Ona görə də İran rejimi bir sıra şəhərlərdə etiraz aksiyaları iştirakçılarını güllələməkdən belə çəkinmir. Etirazlar qanla yatırıla bilərmi? Bu prosesin sonunu necə görürsünüz?
- Hər halda İranda indiki rejimin dəyişməsində beynəlxalq maraq var. Digər tərəfdən, İranın nüvə silahı əldə etmək istəyi onun təhlükə mənbəyinə çevrilməyinə səbəb olub. Xüsusən də İsrail bu məsələdən narahatdır. Ona görə də bəziləri elə bilir ki, bu hərəkat Azərbaycan, Türkiyə və İsrailin birgə layihəsidir. Halbuki, belə bir şey yoxdur. Təbii ki, İran rejiminin dəyişməsini, orada demokratiyanın qurulmasını istəyən dövlətlər var. Amma nə bizim, nə də başqa ölkələrin molla rejimindən sonra nə olacağı barədə aydın strategiyası yoxdur. İranın indiki rejiminə müxalif olan bəzi qüvvələr də İran mərkəzçiliyini üstün tuturlar. Yəni, onlar da indiki rejimdən o qədər də fərqlənmirlər. Amma proseslər davam edir. Bu gün, bu ay, gələn ay da olmasa, baş verənlər artıq rejimin sonunun çatdığını göstərir. Milləti qıra-qıra axırına çıxa bilməzlər. Bir də gördünüz, ordunun da, hakimiyyətdəkilərin də bir hissəsi xalqın tərəfinə keçib. O zaman hər şey sürətlə dəyişəcək...
Xəbər 4781 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|