“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


22.11.2021  14:09 

“Yeri eşib qurd yeyirdim...” - Əsir düşmüş gizirimiz - VİDEO





A+  A-

Gizir Baxşəliyev Emin Zahir oğlu 1988-ci il yanvar ayının 22-də Yevlax şəhərində anadan olub. 2006-cı ildə orta məktəbi bitirib hərbi xidmətə yollanıb və 2008-ci ildə ehtiyata buraxıldıqdan sonra yenidən öz istəyi ilə hərbiyə qatılıb.

Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub daha sonra gizir rütbəsinə qədər yüksəlib. Azərbaycan Silahlı Qüvvələrində 15 il xidmət edib.

XəzərNews.az xəbər verir ki, Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə yaralanaraq əsir düşən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Emin Baxşəliyev Bakupost.az -a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Emin, döyüş yolunuz necə başladı?

- 2020-ci il sentyabrın 27-si artıq döyüş tapşırığı verildi və komandalar müxtəlif istiqamətlərdə döyüş tapşırıqlarını yerinə yetirməyə başladı. Əlbəttə, 2016-cı il aprel döyüşlərində də iştirak etmiş hərbçi gizir olaraq döyüşlərə qatıldım. Döyüşlər başladığı vaxtdan sentyabrın 30-na kimi düşmənin bir neçə postunu ələ keçirdik və qrup olaraq başqa istiqamətə getdik. Oktyabrın 1-i Talış yüksəkliyi və Soquvşan ərazisində döyüşə girən zaman mühasirəyə düşdük. Düşmən çoxlu minamyotlarla bizə yağış kimi atəş açırdı. Şəhidlərimiz, yaralılarımızın çox olmasına baxmayaraq, düşmənin bütün qüvvələrini məhv etdik. Həm vuruşurduq, həm də şəhid yoldaşlarımızı daşıyırdıq. Yaralı əsgərlərimiz belə son ana qədər vuruşurdu.

- Şəhid yoldaşlarınız çox oldu?

- Əlbəttə, dostum, iş yoldaşım, yerlim Səfərov Nicat Vaqif oğlu qucağımda şəhid olub. Gözlərini də mən bağladım. Həmçinin sentyabrın 29-da minamyotun qəlpəsi Yusifzadə Ozalın ürəyinin sol istiqamətindən girmişdi, o da gözümün qarşısında şəhid oldu. Digər üç nəfərdən biri əsgər, biri zabit, digəri isə könüllü döyüşlərə qatılan silah yoldaşlarımız da şəhidlik zirvəsinə ucalıblar.

- Hansı döyüşdə və necə yaralandız?

- Oktyabrın 1-də Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə düşmənin mühasirəsinə düşdük, orada ən son yaralı dostumu çıxartmaq istəyəndə minomyotun qəlpəsi sol ayağımı ağır yaraladı. Daha sonra huşumu itirmişəm. Ayılanda isə gördüm ki, ətrafımda çoxlu şəhid yoldaşlarım var. Oktyabrın 1-dən 5-nə kimi neytral ərazidə qaldım.

- Beş gün neytral zonada qalanda nə ilə qidalanırdınız?

- Yarpaqların üzərində səhərə yaxın şeh olurdu, onu dodağıma vururdum ki, dilim-dodağım susuzluqdan partlamasın və bir az susuzluğum keçsin. Bəlkə də sizə təəccüblü gələr, amma ətrafımda olan ağacla yeri qazıb soxulcanlar çıxardıb onlarla qidalanırdım. Özümə təsəlli verirdim ki, nəsə yemişəm. Hətta orada bir neçə çöl pişiyi və çöl donuzunun da hücumuna da məruz qaldım. Şükür, Allah saxlayanda saxlayır.

- Bəs, əsir düşməyiniz necə baş verdi?

- Oktyabrın 5-i özümü bir az toparlayıb sürünə-sürünə geri qayıtmaq istəyirdim. Amma sol ayağımdan heç ümidim yox idi. 5 gün ərzində sol ayağım artıq şişmişdi, qurd basmışdı deyə fikirləşdim ki, tək ayaqla birtəhər təkan verərək gedə bilərəm. Heç üç addım atmamış ətrafdan səslər eşitdim. Başımı qaldıranda 15-ə yaxın düşmən əsgərin məni əhatəyə aldığını gördüm. Əlimdə qranat vardı, düşünürdüm ki, əsir düşməmək üçün özümü partladacam və özümlə bərabər ən azı bir düşmən də olsa məhv etməliyəm. O da elə oldu ki, yenidən huşum özmüdən gedib və onu edə bilmədim. Özümə gələndə gördüm ki, əllərim bağlı yuxarı aparırlar. Onların dediyinə görə ilk olaraq Xankəndinə, bir gün orada qalandan sonra səhəri Şuşa həbsxanasına apardılar. Bir aya yaxın orda qaldım, Şuşanın azad olunmasına 2-3 gün qalmış məni oradan çıxardıb Gorusa, bir müddət orada qalandan sonra digər bir istiqamətdəki həbsxanaya, ən sonda isə Yerevan həbsxanasına apardılar. Bu günlər ərzində bir Allah bəndəsinin etməyəcəyi işgəncələr ediblər. Ayağım yaralı olduğu halda avtomatın başı ilə yaralı ayağıma vururdular, günlərlə ac-susuz qalırdım,heç yadlarına düşmürdüm.

- Azərbaycandan digər əsirlərin olduğunu nə vaxt bildiniz?

- Gorusdan Yerevana gətiriləndə ad soyad oxuyurdular, həmin vaxt bildim ki, məndən başqa da burada azərbaycanlı var. Həmin şəxs Yevlax sakini Yolçuyev Nurəddin idi. Sən demə, ona da deyiblər ki, burada başqa bir azərbaycanlı daha var. Hətta Qırmızı Xaç Komitəsindən nümayəndə gələndə onlara dedim ki, burada daha bir azərbaycanlı var. Soruşdular ki, hardan bilirsən? Dedim ki, adı oxunanda eşitmişəm. Daha sonra ikimizə də bildirdilər ki, eyni rayondansız. Divarın bir tərəfində Nurəddin Yolçuyev, digər tərəfində isə mən idim. Divarı tıkkıldatmaqla bir-birimizdən xəbərdar olurduq. Yəni aramızda sadəcə divar var idi.

- Əsirlikdə olanda ən çox nə üçün darıxırdız?

- Ailəliyəm, iki oğlum var. Lakin ağlıma ancaq döyüş yoldaşlarım gəlirdi. Ən çox onlar və Vətənimiz üçün darıxırdım. Düşünürdüm ki, ordumuz görəsən, nə qədər irəliləyib, hansı əraziləri azad etmişik, döyüş yoldaşlarım görəsən, necədirlər, ancaq bu fikirlər ilə gecəni gündüz edirdim.



- Əsirlikdən qurtulacağınıza ümidiniz var idi?

- Elə olub cənab Ali Baş Komandanı yuxumda görmüşəm ki, “səbrli olun, hər şey yaxşı olacaq, torpaqlarımızla birlikdə siz də geri qayıdacaqsız” deyirdi. Yəni mən bunu açıq-aşkar yuxumda görmüşəm. Həmin yuxudan sonra ümid, inam hissi daha da artdı. Amma orada ürəyimə elə bir hiss gəlirdi ki, ordumuz mütləq Qələbə qazanacaq. İnanın ki, bu hiss heç vaxt ürəyimdən çıxmayıb. Hətta Qırmızı Xaç Komitəsindən qırğız əsilli Çingiz adlı oğlan üz təraşı üçün bizə ləvazimatlar gətirəndə ayın tarixini ondan soruşdum dedi ki, dekabrın 5-dir. Düşünürdüm ki, yəqin 31 dekabrda nəsə olacaq və bizi Vətənə qaytaracaqlar. Bir növ bu hisslər də ümidimi artırırdı.

- Ailəniz əsirlikdə olmağınızı necə öyrənib?

- Əsirlikdə olanda ermənilər mənim foto və videomu çəkib öz saytlarında, sosial şəbəkələrində paylaşmışdılar. Daha sonra həmin şəkillərim bizim sosial şəbəkələrdə yayılmağa başlayıb. Ailəm, yaxınlarım, qohumlar da mənim şəklimi görüb biliblər ki, əsirlikdəyəm. Daha sonra Qırmızı Xaç Komitəsindən gələn nümayəndələr vasitəsilə ailəmə məktub yazdım. Düzdür, məktubu yazanda inanmırdım ki, evimizə çatdıracaqlar. Çünki o qədər işgəncələr, əziyyətlər görmüşdüm, orada heç kimə inanmırdım. Amma yenə də evimizə göndərmək üçün məktub yazdım.

- Nə vaxt sizi Vətənə qaytardılar və bu necə baş verdi?

- Bizi dekabrın 31-i Vətənə qaytararlar deyə düşünürdüm, amma şükürlər olsun ki, dekabrın 14-də sülhməramlılar kontingentinin komandanı general Rüstəm Muradov və onun nümayəndə heyəti gəldi, əlimizi, gözümüzü bağladılar. Soruşdum ki, hara gedirəm, dedilər sakit ol, qəti məlumat vermədilər. Səsdən hiss edirdim ki, hava limanındayam, amma yenə də inanmırdım ki, Vətənə gedirəm. Təyyarəyə minəndən sonra gözümüzü açdılar və sonra bildik ki, 12 nəfərik. Təyyarə Heydər Əliyev adına hava limanında eniş etdi. Həmin an pəncərədən baxanda Vətəndə olduğumuzu görüb hədsiz sevindik, qucaqlaşdıq və əllərimzi qaldırıb Allaha şükür etdik. Həkimlər, hökumət nümayəndələri bizi qarşıladılar. Qələbə xəbərini ilk dəfə məhz təyyarədən düşəndə bildik. Mən inanırdım ki, Zəfər bizim olacaq. 70 günlük əsirlik həyatımda həmişə Qələbə qazancağımıza inanırdım. Başqa cür heç vaxt fikirləşmirdim. Buna görə Ali Baş Komandanımız cənab İlham Əliyevə ailəm və öz adımdan dərin minnətdarlığımı bildirirəm.

- Haqq savaşımızda Qələbə qazandıq. Xidmətləriniz dövlətimiz tərəfindən də qiymətləndirilib...

- Bu qələbəni Allaha, Ali Baş Komandanımıza, şəhidlərimizə, qazi qardaşlarımıza, əsgər və zabitlərimizə borcluyuq.

Bəli, cənab Prezident İlham Əliyevin sərəncamları ilə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşam. Qarabağın azadlığı uğrunda aparılan bütün mübarizələr öz nəticəsini verdi. Güclü ordumuz xalqımıza qələbə sevincinin dadını yaşatdı. Mən bu qələbəni bizə yaşada şəhidlərimizin ailələrinə səbr, qazi qardaşlarımıza da can sağlığı arzulayıram! Allah bütün şəhidlərimizi rəhmət eləsin!





Xəbər 7014 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +