Ukraynaya vurulan raket zərbələri sanki yaddaşıma dəyir. Xatirələrim dağılır… Onları dağıntıların altından toplayıb yerinə qoymağa çalışıram.
Gəlin bir neçəsini birlikdə bərpa eləyək:
Marinski parkında gəzirəm. Dizə kimi qar yağıb. Sərçələr acından civildəşir, qonmağa buzsuz budaq axtarırlar. Ukraynalılar qadınlı-kişili parka səpələnib sərçələri yemləyirlər. Bütün ağacların köksündə dənlə dolu plastmas qablar var… İnsanların nəcibliyindən təsirlənib görüntünü lentə alıram…
***
Xanım dostumu restorana dəvət etmişəm. Görüşən kimi sual verir:
- Kak Toni?
Keçən il gələndə Kiyevdən alıb apardığım zil qara "ovçarka" balasını soruşur. Nə cavab verəcəyimi bilmirəm. Düşünürəm ki, elə doğrusunu deyim.
- Onu satdım getdi.
Az qala, dik atılacaq səviyyədə reaksiya verir.
- Poçemu?
- Devalvasiya oldu, bir az çətinlik yarandı, saxlaya bilmədim. Dedim elə satım getsin…
Bu dəfə sakitcə ayağa durub getməyə hazırlaşır. Paltosunu geyinə-geyinə "Sən öz dostunu necə sata bilərsən?" - deyib restoranı tərk edir. Xəcalətimdən yerimdən tərpənə bilmirəm. Bu hadisəni uzun müddət unuda bilmirəm. Sonralar özümə söz verirəm ki, bu, heç vaxt təkrarlanmayacaq…
İtlə bağlı daha bir xatirə yadıma düşür:
Kirayələdiyim evin həyətində oturmuşam. Bir qadın itini səhər gəzintisinə çıxarıb. Olduqca qoca görünən bu it, həm də üçayaqlıdır. Qadın əlindəki parça ilə tez-tez divara-daşa sürtünüb qanayan yaralı ayağı qurulayır.
Təəccübümü saxlaya bilməyib soruşuram:
- Axı bu vəziyyətdə o sizin nəyinizə lazımdır?
Cavab güllə kimi ürəyimin başından dəyir:
- Mən ona on dörd ildir ki, bu şəkildə baxıram…
Gedib yaxınlıqdakı köşkdən bir dəstə çiçək alıram. Gülü qadına uzadıb sədaqəti üçün təşəkkür edirəm. Çiçəkləri alanda gözləri dolur. İndicə ona qoşulub ağlayacağımdan qorxaraq qaçıb gedirəm. Uzaqdan geri dönüb baxanda qadının yerə çöməlib çiçəkləri itə qoxlatdığını görürəm. Düşünürəm, yəqin itə təşəkkür edir ki, ona görə sahibinə gül bağışlanıb…
Ümumiyyətlə, Ukraynada adamlar heyvanlarla insan kimi söhbət edirlər…
***
Daha bir xatirəm Dnepropetrovskdan yadıma düşür:
Trolleybusa minmişəm. Nəqliyyat demək olar ki, doludur. Növbəti dayancaqda bir nəfər minir. Adam boynundan torba asıb dilənir. Ancaq proses fərqli qaydada gedir. O çox gözəl səslə "Pidmanula pidvela" kimi yadımda qalan bir mahnı oxuyur. Az keçməmiş bütün trolleybus ona qoşulur. Xora qoşula bilməsəm də, cibimdən 100 qrivni çıxarıb torbasına atıram. Pula tərəf heç baxmır da…
***
Yay vaxtı Kiyevin mərkəzindəki parkların birində gəzirəm. Diqqətimi fəsildən asılı olmayaraq, paltoya bürünmüş bomj çəkir. Oturduğu skamyada böyür-başına azı əlli qəzet tökülüb. Onlardan birini iki əlində tutub geniş şəkildə açaraq oxuyur. Jurnalist marağı məni dəli eləyir. Telefonumu çıxarıb görüntünü lentə alıram. Bu zaman bomj kim olduğumu və nə etmək istədiyimi soruşur. Jurnalist olduğumu deyirəm. Qayıdıb tələb edir:
- Pokajite udostoverenie!
Gülmək məni tutur və əlimi cibimə atıb "Qafqazinfo"nun vəsiqəsini göstərirəm. Alıb baxır və özümə qaytararaq çəkilişə etiraz etmir.
***
Daha bir mənzərəni Maydan hadisələrindən xatırlayıram. Bu hadisələrdən çox az sonra Kiyevdəyəm. Qaldığım "Dnipro" hotelindən çıxıb hər gün Marinski parkına gəzməyə gedirəm. Minlərlə ukraynalı az qala, hər gün Maydanda öldürülən insanları xatırlamaq üçün onların qətlə yetirildiyi yerlərə şamlar düzür, gül qoyurlar. Demək olar ki, düz asfaltın ortasında baş verən bu hadisə məni dəhşətə gətirir. Güllər və şamlar adamlar harada can veribsə, ancaq ora qoyulur. Bu isə yolun düz ortasıdır. Avtomobillərin böyük tıxacına və gülləri əzib keçməmək üçün yollarını dəyişməsinə səbəb olur. Ancaq heç kəs etiraz etmir…
Gördüyüm mənzərənin fonunda şəkil çəkdirib ehtiramla baş əyirəm.
***
Donbasda müharibə gedir. Yeni seçilən Prezident Poroşenkonun televiziyanın canlı yayımında həlak olan hərbçilərin ailə üzvləri ilə görüşünə baxıram. Həyatını itirmiş polkovnikin medalla təltif olunduğu elan olunur. Qadın medalı almaq üçün dəvət olunanda hönkürür. Prezident qadını qucaqlayaraq ona qoşulur. Göz yaşları içində tez bu kadrları telefonuma çəkirəm.
***
Kiyevdən Bakıya uçuram. Yanımda yaşlı bir göygöz ukraynalı kişi oturub. Avropa oyunlarını görmək üçün Bakıya getdiyini deyir. Haradan ucuz hotel tapa biləcəyi ilə maraqlanır. İndiyə "boş yer qalmaz" deyirəm, həm də ucuz yer tapmağın çətin olacağını izah edirəm. Bunu qayğı götürür. Bəs mən nə edəcəyəm? Bakıda təyyarədən düşəndə onu götürüb evimizə gətirirəm. Bir neçə gün bizdə qalır. Sonra münasib bir ev kirayələyib ora yerləşdirirəm.
Ayrılanda oxuduğum universitetdə dərs deyən qızına zəng edir:
- Lenoçka, day Elbrusu “pyaterku”...
***
Dili zəif bildiyimdən imtahanda demək olar ki, heç bir suala cavab verə bilmirəm. Müəllimə gözəl bir ukraynalı xanımdır. Durumumu anlayışla qarşılayıb qiymətimi yazır. Ona necə təşəkkür edə biləcəyimi soruşuram:
- Gələn dəfə gələndə qəzetlərinizdən bir neçəsini gətirin…
***
Kreşatikdə gəzirəm. 12-13 yaşlarında bir qız qarşıma çıxıb əlindəki göyərçini almağımı istəyir. Quşu alıb qızdan dərsə niyə getmədiyini soruşuram. Təbii olaraq, ehtiyacdan burada olduğunu deyir. Göyərçinin pulunu ödəyib özünə qaytarıram. Nə üçün aparmadığımı soruşur. Ona saxlamaq imkanımın olmadığını deyirəm və başqasına satmağı məsləhət görürəm. Ovcunun içindəki pula baxıb gömgöy gözlərindən yaş tökür. Oradan uzaqlaşandan bir qədər sonra geri çevrilirəm. Yerində dayanıb hələ də arxamca baxdığını görürəm…
***
Mejiqoryeyə gedirəm. Devrilmiş və ölkədən qaçmış Prezident Yanukoviçin iqamətgahına turist səfərləri təşkil edirlər. Yanukoviçdən xeyir görə bilməyən ukraynalılar heç olmasa, onun iqamətgahından faydalanmaq istəyiblər. Ona görə də həmin iqamətgahın girişində "Çto bı ya tak jil" yazıb muzeyə çeviriblər.
Evi dağıtmaq, xaraba qoymaq ağıllarına gəlməyib. Hətta onun həyətdə saxladığı toyuq-cücənin, ördəyin, itin-pişiyin belə sərgisini yaradıblar. Böyük bir ərazidə yerləşən həmin iqamətgah indi də muzey kimi istifadə olunur. Hər gün ora minlərlə turist axışır…
İçimdən bu yazını yaza-yaza yenidən Ukraynaya getmək, ölkənin harasında olmuşamsa, oralara baxmaq, raketlə vurulub dağıdılan xatirə yerlərimə çiçəklər düzmək keçir… Sərçələri belə yemləyərəm…
Elbrus Ərud
Xəbər 8022 dəfə oxunub.