05.10.2017 14:17
“Cahangir Hacıyevə isti paltar, dərman qəbulu qadağan edilib” - Vəkil
Cahangir Hacıyevin "kars"a salınması ilə bağlı Pentensiar Xidmətdən verilən açıqlamaya sabiq bankirin vəkili münasibət bildirib.
XəzərNews.az Musavat.com-a istinadən xəbər verir ki, vəkil Aqil Layıcov C.Hacıyevin həbsxanada davranış qaydalarını pozması ilə bağlı deyilənlərin həqiqət olmadığını bildirib.
"Müəssisə daxili davranış və intizam qaydalarına əsasən, bir məhkum telefonla danışanda başqa bir məhkumun dəstəyi alıb onun danışdığı adamla danışması intizam məsuliyyətinə səbəb ola bilməz. Penitensiar Xidmətin rəsmisi bu versiyanı elə səsləndirib ki, sanki qayda pozuntusu və qanuna zidd davranış varmış", - deyə vəkil bildirib.
A.Layıcov C.Hacıyevlə görüşə icazə verilmədiyini də qeyd edib:
"Ən azı, belə absurd bəhanədənsə, sualıma cavab versinlər ki, Cahangir Hacıyevin vəkilləri ilə görüşünə niyə imkan verilmir? Vəkillə görüşməyə heç bir halda, məhdudiyyət qoyula bilməz, hətta şəxs cərimə təcridxanasında olsa belə. On gündür ki, hər gün gedib-gəlməyimizə rəğmən müvəkkilimizlə görüşə bilmirik. Onun yaxınları ilə görüşünə də qadağa qoyulub. İsti paltarların, yemək və dava-dərman qəbulu qadağan edilib. Həmçinin digər hüquqları da əlindən alınır.
Penitensiar Xidmətin açıqlamasında bildirilir ki, guya Cahangir Hacıyev dəfələrlə intizam qaydalarını pozub. Bu, nöqtəsinə qədər yalandır. Bu cür bəyanatlar verəndə, niyə düşünmürlər ki, texniki tərrəqinin inkişaf çağında yalan bəyanatlar dərhal ifşa ediləcək".
Vəkil söyləyib ki, qanun pozuntuları ilə əlaqədar dəfələrlə ölkə başçısına, Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə, Ombudsman Aparatına müraicət ediblər: "Amma çox təəssüf ki, reallıq tam başqadır.
Cahangir Hacıyevin cərimə təcridxanasına salınmasına gəlincə, bunun yeganə səbəbi, onun mətbuada gedən qarayaxmalara öz mövqeyini bildirməsidir. Əgər bu, cinayətdirsə, onda Konstitusiyada, daxili qanunlarımızda və qoşulduğumuz beynəlxalq sənədlərdə qeyd olunan ifadə azadlığına dair mütərəqqi normaları leksikonumuzdan çıxaraq. Varsa, bu hüquqlarlardan hər kəs yararlana bilər, o cümlədən cəza çəkən şəxslər. Onun ancaq azadlığı məhdudlaşıb, digər hüquqları, məsələn, informasiya almaq, informasiya vermək kimi hüquqlar ona da aiddir. Bu hüquqlar məhdudlaşdırıla bilməz".
Xatırladaq ki, C.Hacıyev bir neçə gün əvvəl cərimə təcridxanasına köçürülüb.
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib ki, Cahangir Hacıyev başqa bir məhkumla əlbir olaraq, həmin məhkum telefonla danışdığı anda telefon danışıq otağına daxil olub və həmin məhkum dəstəyi Cahangir Hacıyevə verib: "Bununla da daxili nizam-intizam qaydalarını pozub.
Qanunvericiliyə əsasən telefon danışığına nəzarət edən əməkdaş telefon danışıqlarının dayandırılması barədə qərar qəbul edib. Bununla əlaqədar məhkum Hacıyev həmin əməkdaşa qarşı kobudluq edib. İntizama dəvət olunmasına baxmayaraq mövcud rejim qaydalarına riayət etməkdən imtina edib. O buna qədər də bir neçə dəfə daxili intizam qaydalarının pozulmasına yol verib. Lakin onunla aparılan profilaktik söhbətlər müsbət nəticə vermədiyinə görə cərimə təcridxanasına keçirilib".
Xatırladaq ki, Cahangir Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub. 2016-cı il oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilib.
Xəbər 1672 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|