27.02.2025 14:08
Həkimdən nazirə ŞOK müraciət: Bizi niyə utandırırsınız?
"Hörmətli səhiyyə nazirimiz Teymur müəllim, istəyirəm ki, indidən oğlumun stomatoloq ixtisasına marağını artırım. Bunun üçün onunla söhbət etmişəm, nəticəsi də var. Onun 11 yaşı var, planlarımızı indidən qururuq. Mənim kimi bir çox kolleqalarım da bu mövzuda öz övladları ilə söhbət edirlər. Amma şəxsən sizə bir neçə sualım var, ümid edirəm ki, bu yazı sizə də çatacaq və bu suallara cavab alınacaq. Çünki planımızın reallaşması sizin cavabınızdan asılıdır".
Bu sözlərin sosial şəbəkədə Rəsul Nəsrəddinov adlı həkim yazıb.
XəzərNews.az həkimin müraciətini olduğu kimi təqdim edir:
"Biz həkimləri çox incidirsiniz, sertifikasiya imtahanlarında suallara səhv cavab yazmağı tələb edirsiniz ki, imtahan komissiyası onu düzgün kimi dəyərləndirsin. Bununla da sertifikasiya sənədimiz əlimizdə olsun ki, ali təhsilimiz növbəti 5 ildə tamamlanmış hesab olunsun; bizə sertifikasiya imtahanlarında lazımsız sualları verirsiniz; bizdən 50 qəpiyə satılan, gülüş doğuran xəstəlik kartlarını doldurmağımızı tələb edirsiniz ki, klinika cərimələnməsin; klinikalara lisenziyanın alınması üçün lazımsız tələblər qoyursunuz.
Bilirəm, bəlkə də bu publikasiyadan sonra başım ağrayacaq, amma yenə də həm vətəndaşlıq borcumu, həm də atalıq borcumu ödəyirəm. Vətəndaş kimi istəmirəm ki, xaricdə Azərbaycanın səhiyyə sistemi haqqında danışanda bizi bürokratik əngəllərdə ittiham etsinlər. Ata kimi istəmirəm ki, mənim oğlum da stomatoloq olanda 2025-ci ildə olan biabırçılıqla üzləşsin. Əgər hər şey belə davam etsə, ölkədə həkim valideynlər öz övladlarını həkim kimi görmək istəməyəcək və ya xaricdə fəaliyyətləri üçün çalışacaqlar. Bu, nə sizin, nə bizim, nə də dövlətimizin marağında deyil.
Mən istəyirəm ki, İvana, Georgiyə, Mehmetə, Abdullaha, Miroslava, Moişaya, Kimə, Maykla, Alfioya, Qerasimə, Dursunbekə, Kanata, Tarasa deyim ki, bizim səhiyyə nazirimiz səhiyyənin maraqlarını qoruyur, güclü reforma edir, xarakter göstərir, bizə ağsaqqallıq edir, bizi müasirliyə yönləndirir. Çox heyif ki, mən yuxarıdakı faktları sadalasam, Armenlər, Arsenlər, Aramlar üçün sevindirici xəbər olacaq.
Bizə 50 qəpiyə satılan xəstəlik kartını (kağızı) görsələr kimə və nəyə güləcəklərinin fərqindəsinizmi?
Bizi niyə utandırırsınız?
Nə vaxta qədər sizə həvalə olunan xalqın həkim qismi sizin səhvlərinizdən əziyyət çəkməlidir?
Bəlkə bizi eşidəsiniz?
Axı sizin bu mövqeyinizi illərin həkimləri dəstəkləmir, sizin yanlış yolda olduğunuzu deyir.
Biz nə edək ki, bizi eşidəsiniz?
Səhiyyəmizdə olan böyük problemlərin həlli yollarını kim cənab nazirimiz Teymur müəllimə bizdən daha yaxşı çatdıracaq?
Bizim məqsədimiz ancaq səhiyyəmizin və həkimlərimizin inkişafıdır".
Xəbər 408 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|