07.07.2022 14:42
Narkotiklə şərləmə necə olur?
Həbsxanalar narkotik ittihamı ilə həbs olunanlarla doludur. Yaxın vəkillərin dediyinə görə indi həbsdə oturanların ən azı yarısı Cinayət Məcəlləsinin narkotiklə əlaqəsi olan maddələri ilə ittiham olunub. Və onların da böyük qismi satma, daşıma ittihamlarıdır.
Amma hamısı elədirmi? Bu ittihamlarda həqiqət payı nə qədərdir?
Dünən vəkil Vasif İsrafilovun maraqlı bir açıqlamasını oxudum. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik satışı), 237.1-ci (narkotik yetişdirmək) və 188.1-ci (torpaq üzərində icarə hüququnu pozma) maddələri ilə ittiham olunan İbrahim İbrahimov adlı şəxsin vəkilidir. Vasif İsrafilov ölkəmizdə insan taleyinin necə heçə sayıldığını konkret faktla göstərib.
Deyir ki, müdafiə etdiyi şəxs narkotik becərdiyi üçün saxlanılıb. O, həmin çətənə kollarını öz istifadəsi üçün becərirmiş. Həyətdə 12 çətənə kolu aşkar edilib. Evdən də 200 qram mariuxana aşkar olunub. Vəkil yazır: “Üst-üstə cəmi 350 qram narkotik olub. Amma istintaq bunu şişirdərək 1315 qram göstərib. Videoda ərazidən 13-14 kolun götürülməsi görünür, istintaq isə 54 ədəd kol yazıb”.
Amma məsələ bununla bitməyib. Hüquq-mühafizə orqanlarımızın əməkdaşları həyətdən çıxarılan çətənə kollarını köklü-köməcli, yarpaqlı-budaqlı narkotik hesab edərək çəkini 13 450 qrama qaldırıblar.
Necədir, sizin üçün? Əsrarəngiz möcüzə...
Vəkil deyir ki, bunların hamısı əməliyyat zamanı çəkilmiş videodan aydın görünür. Buna görə də, Şəki Ağır Cinayətlər Məhkəməsi faktlara diqqət yetirib və İbrahim bəraət alıb. Bundan əsəbiləşən istintaq orqanı apelyasiya verib və onun 7 il 6 ay müddətinə azadlıqdan məhrum etməsinə nail olub.
Əvvəllər kimisə həbs etmək lazım gələndə onun cibinə narkotik qoyulurdu. Hətta “cibinə narkotik qoyub tutmaq” ifadəsi zərb-məsələ çevirilmişdi. İndi bu köhnə metod hesab olunur. Xırda iş sayılır. Vəzifə irəliləyişinə nail olmaq üçün kiminsə cibindən narkotik çıxarmaq yetərli deyil. Çəkisi çox olmalıdır.
Başqa bir hadisə bir neçə gün əvvəl olub.
Bir ildən çox narkotik ittihamı ilə həbsdə olan Abşeron rayon sakini Anar Hüseynov bəraət alıb. Onun da evindən 6.5 kiloqram narkotik “tapılmışdı”. O özü məhkəmədə həmin narkotikin evinə polislər tərəfindən qoyulduğunu demişdi. Bu şərləmə əməliyyatı o qədər qeyri-peşəkar həyata keçirilmişdi ki, faktlar göz çıxarırmış. Ona görə də Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Anarı məhkəmə zalından azadlığa buraxıb.
Məhkəmə qərarında həmçinin bu cinayət işi üzrə istintaqa nəzarət etmiş prokurora tapşırılıb ki, evdən tapıldığı iddia olunan 6.5 kiloqram marixuananın kimə məxsus olması, o mənzilə necə gedib çıxması məsələsi araşdırılsın.
Araşdırılacaqmı? İnanmaq istəyirəm...
Nəinki araşdırılmasını, həm də o narkotiki evə qoyan hüquq-mühafizə orqanının əməkdaşının üzr videosunun yayılmasını da arzulayıram. Əgər kimdənsə üzr tələb edirsənsə, birinci növbədə bu mədəniyyəti özün göstərməlisən.
Ədalət nisbidir. Hüquq isə konkretdir. Qanunun qorunmasına cavabdeh olan qurumlar özü onu pozanda, oyun quranda hüquq da nisbi olur, fərdiləşir, qanunlar ünvanlı olur. Bu dünyada insan taleyindən mühüm heç nə yoxdur. İnsan taleyi üzərində mənsəb qurmaq isə çirkin işdir.
Dünən jurnalist Aytən Məmmədova yazmışdı: “Bizim Ali Məhkəmənin binası saraya oxşayır. Kaş at tövləsinə oxşayaydı, amma içində ədalət olaydı…”.
Gözəl arzudur...
Elnur Məmmədli
Xəbər 1624 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|