Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


20.08.2024  09:45 

Ərbakan, Özal və Ərdoğanın şəkili mürşidi





A+  A-

Türkiyə siyasətinə yön verən İsgəndər Paşa camaatı o yaratmışdı.

Türkiyə siyasətinə, ictimai-siyasi həyatına, ideoloji mühitinə təsir etmiş azərbaycanlılardan bəhs edəndə bu ölkədə siyasi ideologiyaların xeyli dərəcədə islamdan təsirləndiyini, mühafizəkar olmasını da unutmamaq lazımdır. Karter V. Findley “Modern Türkiyə tarixi. İslam. Milliyyətçlik və Modenizm” əsərində (İstanbul 2019 Timas yayınları, səh 45) qeyd edir ki, II Mahmudun 1839-cu il noyabrın 3 də imzaladığı Gülxanə Xətti Hümayunu (Tənzimat fərmanı) özündə Avropa liberalizminin mövzularını ehtiva etsə də, bunu islami, xüsusən nəqşbəndi terminləri ilə ifadə edir. Müəllif qeyd edir ki, istər Osmanlı xilafəti, istərsə Respublika dövründə nəqşbəndiyyə, xüsusən onun xalidiyyə qolu Türkiyə siyasi-icitmai həyatında ciddi rola malik olub.

Tanınmış siyasətçilərin bir çoxu, o cümlədən Tuqut Özal, Nəcməddin Ərbakan, Rəcəb Tayyib Ərdoğan xalidiyyə cərəyanına mənsub idilər.

Nəqşbəndi mürşidləri arasında “Şirvani” nisbəsi daşıyan, əsasən 19-cu əsrin əvvəllərində Şirvandan, xüsusən Kürdəmir mahalından köçənlərin varisləri də var. Amma biz bu yazıda digər nəşqbəndi mürşidi, Türkiyə mənbələrinin “Azərbaycanın Şirvan bölgəsinə məxsus Nuxa (Şəki) şəhərindən” olduğu qeyd edilən Məhməd Zahid Kotku haqda məlumat verəcəyik. Şəkinin Şirvana bağlı şəhər kimi göstərilməsi, çox güman ki, nəqşəbəndi liderlər içərisində Şirvan əsilli şəxslərin çoxluğu ilə bağlıdır. Türk müəllifləri yaxın bölgələri fərqləndirə bilməyiblər.

Məhməd Zahid Kotku, 1897-ci ildə Bursa Hudavendigarda dünyaya gəlib. Atasının adı İbrahim Əfəndi, anasının adı isə Sabirə xanım idi. Ailəsi Osmanlı-Rusiya hərbindən (1877-1878) sonra 1879-cu ildə Şəkidən Anadoluya köçmüş, Bursaya yerləşmişdi. O zaman atası İbrahim Əfəndinin 16 yaşı vardı. İbrahim Əfəndi Bursada, Həmzəbəy mədrəsəsində təhsil aldıqdan sonra müxtəlif məscidlərdə imamlıq (axundluq) etmişdi. İbrahim Əfəndinin şəcərəsinin həzrəti Məhəmmədin soyundan gələn seyidlərə bağlı olduğu da söylənilir.

Məhməd Zahid 3 yaşında olanda, yəni 1900-cu ildə anası Sabirə xanım vəfat edir. Atası İbrahim Əfəndi, Dağıstandan Anadoluya köçmüş Fatma xanımla evlənir. Atası 1929-cu ildə 76 yaşında vəfat edib.

Məhməd Zahidin doğma böyük qardaşı Əhməd Şakir Qüdsdə və Çanaqqalada hərbçi olmuş, səngərdə xəstələnmiş və 28 yaşında vəfat etmişdi. Özündən balaca qardaşı isə bir neçə aylıq uşaq ikən dünyasını dəyişmişdi.

İbtidai təhsilini doğulub boya- başa çatdığı Bursada, Orucbəy adına məktəbdə alan Məhməd Zahid daha sonra Maksemdə məktəbi bitirib. Ardından Bursa İncəsənət məktəbinə yazılsa da, I Dünya müharibəsinin başlananda 18 yaşında cəbhəyə yollanıb. Osmanlı ordusunun Suriyadan çəkilməsindən sonra böyük bir əziyyətlə İstanbula gəlir. 1914-cü il iyulundan etibarən 25-ci hərbi hissədə katib vəzifəsində işləyərək əsgərliyinə davam edir. İstanbulda qaldığı müddətdə müxtəlif dini məclislərdə, xüsusi dərslərdə və məscidlərdəki moizələrdə iştirak edir. 1915-ci ildə İstanbulda, Gümüşxanavi dərgahına gedərək dağıstanlı Şeyx Ömər Ziyaəddinin tələbəsi olur.

Şeyxin vəfatından sonra onun yerinə keçən Təkirdağlı Mustafa Feyzinin dini məclislərinə gedir, təsəvvüf təhsilini tamamlayır. Bunun davamı olaraq Bəyazid, Fateh və Ayasofiya məscidlərində oxuyur. Bir müddət sonra şeyxin razılığı ilə müxtəlif qəsəbə və kəndlərdə din müəllimliyi edir.

1929-cu ildə anadan olduğu şəhərə - Bursaya dönən Məhməd Zahid 15 il boyunca atasının imam olduğu İzvat kəndinin məscidində imamlıq edir. Soyad qanunu qəbul edildikdən sonra o, “təvazökar” mənasını verən “Kotku” soyadını götürüb. Bursa şəhər mərkəzindəki Uftadə Məscidinə imam seçilir və 1945-1952-ci illərdə həmin vəzifədə çalışır. 1952-ci ilin dekabrında İstanbula dönən Məhməd, Fateh qəsəbəsindəki Çivizadə məscidinə imam təyin olunur. 1958-ci ilin oktyabr ayından ömrünün sonunadək Fateh qəsəbəsindəki İskəndər Paşa məscidinin imamı olur.

Məhməd Zahid sadə xalq dilində danışar, müsəlmanların birlik və bərabərlik içində olmalarını xüsusi ilə təbliğ edərdi:

“Görmürsünüz? Yağış nə qədər çox yağır yağsın, qətrəcikləri dərhal birləşir. Beləliklə, sellər, çaylar əmələ gəlir. Nəticədə böyük su məcralarını doldururlar. Bu suyla elektrik stansiyaları işləyir, torpaqlar suvarılır, şəhərlərə elektrik verilir. Bu nemət sayəsində insanlar rahatlıq tapır, işləri asanlaşır. Böyük səadət elə budur. Bundan ibrət alıb xalqın birliyinə çalışmalıyıq. Nə qədər dindar olsaq da, birlik və bərabərliyə çalışmasaq, heç bir irəliləyiş əldə edə bilmərik”.



Ömrünün son illərini xəstəlikdən əziyyət çəkən M.Zahid, 1979-cu ildə uzun bir müddət yaşamaq üçün getdiyi Hicazdan (Səudiyyə Ərəbistanı) 1980-ci ilin fevralında dönəsi olmuşdu. Təqribən bir ay sonra, 1980-ci il martın 7-də mədəsindən ağır bir əməliyyat keçirsə də, tədricən yaxşılaşdığından həmin ilin bütün Ramazan ayı boyunca oruclarını tutur, yenidən həccə gedir. Həccdən döndükdən sonra təkrar xəstələnir, 1980-ci il noyabrın 6-da böyük çətinliklə İstanbula geri dönür. Dönüşündən bir həftə sonra, noyabrın 13-də vəfat edir və İstanbulda Süleymaniyyə məscidinin qəbristanlığında, müəllimlərinin yanına dəfn olunur.

Müasirləri M.Zahidi gülərüzlü, şəfqətli, təvazökar şəxs kimi təsvir edirlər. Heç kimin qəlbini qırmamağa çalışar, dəqiq bildiyi bir məlumatı belə ilk dəfə eşidirmiş kimi böyük həvəslə dinlərmiş. Söhbətləri xoş, xütbələri çox həyəcanlı keçər, tanıyıb tanımadığı adamlara salam verər, kimsədən birbaşa bir şey istəməz, üstü örtülü ifadə edərmiş. Gecə və gündüz ibadətlərini diqqətlə yerinə yetirər, tələbələrinə də məsləhət görərmiş.

Türkiyənin mədəni, iqtisadi və siyasi problemlərinə biganə qalmırdı. Müsəlmanların güclü ola bilmələri üçün mütləq sənayeləşməyə ehtiyac olduğunu hər söhbətində izah edərmiş:

“Bu qapının önündəki avtomobillər məni narahat edir. O avtomobillərin yerinə fabriklər, zavodlar inşa olunsa və vətəndaşlarımıza iş imkanları yaradılsaydı, əcnəbilərin köləsi olmazdıq” deyərmiş.

Ətrafındakılar tərəfindən sevilən, xütbələri maraqla dinlənən Kotkunun təbliğat missiyası ilə ardıcıllarının sayı artaraq icmaya çevrildi. İskəndərpaşa Camaatı, adını xütbələrin başladığı İskəndərpaşa məscidindən aldı.

M.Kotkunun söhbətlərində iştirak edənlər arasında çoxsaylı türk siyasətçiləri, bürokratları, deputatlar vardı. Necmettin Erbakan, Turqut Özal, Yıldırım Akbulut, Rəcəb Tayyib Ərdoğan, Recai Kutan, Korkut Özal, Cevat Ayhan, Ahmet Tekdal, Akif Gülle, Hüseyin Ceylan, Təməl Karamollaoğlu, Nevzat Yalçıntaş, Numan Kurtulmuş, Celal Adan Hasan Celal Güzel, Fahrettin Koca, Ahmet Özal, Muhsin Yazıcıoğlu , Hüsnü Doğan, Həsən Aksay kimi bir çox məşhur şəxslər İsgəndər Paşa camaatına mənsub idilər. Kotku Turqut Özalın da olduğu bir məclisdə yanındakılara belə demişdi:

“Bu mühəndislərə kömək edin. Bunlar irəlidə Türkiyəni dəyişdirəcək, inkişaf etdirəcək”.

Qorqud Özal qardaşı Turqutun M. Zahidlə 1960-cı illərdən tanış olduqlarını, çox yaxın münasibətləri olduğunu deyirdi. Professor Nazif Gürdoğan “Görünməyən Universitet” adlı kitabında yazır:

"Ustad ölkənin Osmanlıdan Respublikaya keçidinin canlı şahidi idi. Bir çox problemləri açıqca görürdü. Türkiyənin istehsalatda geri olduğunu söyləyirdi. Türkiyənin sənaye ölkəsinə çevrilməsinin labüdlüyünü izah edirdi. Anadolu insanına böyük düşünməyi o öyrətmişdi.”

Nəcməddin Ərbakanın da M.Zahidlə yaxın dostluq əlaqələri vardı. Ərbakan, onu çox sevər, dərin hörmət göstərərdi. 1980-ci ildə Türkiyədə hərbi çevriliş olmuş, Ərbakan həbsə atılmışdı. O günlərdə M.Zahid ağır xəstə idi. Kotkunun vəfat xəbərini eşidən Ərbakan, mürşidinin cənazə mərasimində iştirak etməsi üçün həbsxana müdiriyyətində icazə istəmiş, fəqət bu istəyi rədd edilmişdi.

M.Zahidin ilk ustadı Gümüşhaneli həzrətlərinin bir milyondan çox müridinin olduğu deyilir. "İkinci Əbdülhəmid 1880-ci illərdə xilafətin İslam dünyasındakı təsirini artırmaq üçün müxtəlif İslam ölkələrinə dərviş karvanları göndərdi. Gümüşhaneli dərgahın dərvişləri də Qəmər adalarına göndərildi. Bölgəmizdə o zaman azlıqda olan müsəlman əhalisini çoxluğa çevirdi, "Hələ də var olan və aktiv olan Qəmər Adalarında Gümüşhaneli dərgahının üzvünün mənəvi zövqü ilə sizi iyarət etməkdən şərəf duyardım." Bu sonuncu abzas 1976-cı ildə İstanbulda keçirilən İslam ölkələri xarici işlər nazirlərinin toplantısında iştirak edən Qəmər İslam Respublikasının xarici işlər nazirinin M.Kotku Əfəndiyə söylədiyi sözlərdir.

M.Kotkunun xatirəsi bu gün də Türkiyədə ehtiramla yad olunur. Hər il onu anma mərasimləri, xatirə gecələri keçirilir. Bursada adına imam xətib litseyi fəaliyyət göstərir. Zahid Əfəndi dövrünün insanlarına başa düşəcəkləri dildə əsərlər yazmışdır (“Sufi əxlaqı”, “Cənnət yolları”, “Nəfsin tərbiyəsi”, “Əhli-sünnə imanı”, “Hədislər və nəsihətlər”, “Möminlərə xütbələr”)
M.Zahiddən sonra İsgəndər Paşa camaatının şeyxi olan Mahmud Esad Coşan da onun tələbəsi idi. Türkiyə Sağlam Düşüncə Partiyasının qurucusu, Server Qrupunun Fəxri Başçısı İskəndərpaşa Camaatınən indiki şeyxi Muharrem Nurəddin Coşan isə M. Kotkunun qız nəvəsidir.

Mənbələr:

V. Findley “Modern Türkiyə tarixi. İslam Milliyyətçlik və Modenizm” (İstanbul 2019 Timas yayınları)

http://sunna.az/index.php/component/k2/item/2015-shaekili-oevliya-maehmaed-zahid-zhotzhu

https://minber.az/s%C9%99kili-allah-dostlarindan-mehmet-zahid-kotku-k-s

https://mec.foundation/Kurumsal/Kurucumuz

https://web.archive.org/web/20021203020521/http://www.sagduyupartisiorg/default.asp

https://www.cumhuriyet.com.tr/turkiye/onay-bakanliktan-cemaatin-insaati-icin-130-agaca-idam-fermani-2207315

http://www.evliyalarimiz.com/mehmed-zahid-kotku-efendi-hazretleri

https://bursamehmetzahidkotkuaihl.meb.k12.tr/meb_iys_dosyalar/16/15/761376/icerikler/mehmet-zahid-kotku-hazretleri_3615912.html

C.İsmayıl

P.S. Məqalə “Səməndər Sosial Araşdırmalar və İnformasiya Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Türkiyədə çoxpartiyalı sistemin formalaşmasında iştirak etmiş azərbaycanəsilli siyasətçilər” adlı layihəsi çərçivəsində dərc olunub.


Xəbər 4658 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +