Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


17.08.2024  12:27 

Türkiyə siyasətində iz qoyan azərbaycanlı ailə - Ağaoğlular





A+  A-

Türkiyənin ilk qadın vəkili

Professor Aygün Attar professor Səbahəddin Şimşirlə birgə yazdığı "Tarixdən günümüzə Türkiyədə yaşayan Azərbaycan türkləri" adlı kitabında Türkiyənin “düşüncə, ideoloji, siyasi və elmi həyatına damğasını vurmuş üç azərbycanlı”nı fərqləndirir: “Fikri və ideoloji sahədə Türkiyə ziyalıları üçün bir yol açmış olan Əli bəy Hüseynzadə, siyasi sahədə Əhməd Ağaoğlu və elm, xüsusilə türkologiya sahəsində Əhməd Cəfəroğlu” ( Aygün Attar ve Sabahattin Şimşir.“Tarihten günümüze Türkiye’de yaşayan Azerbaycan türkleri” -“Türkiye’de Faaliyette Bulunan Azerbaycanlılar (1920-1991)”, səh. 149).



Osmanlının son 10 ilinin və Türkiyə Respublikası quruluşunun ilk 10 ilinin siyasi həyatında rol alan, “türk axını”nın liderlərindən biri, pantürkist, ittihadçı, daha sonra cümhuriyyətçi, liberal kemalizmin banisi, mütəfəkkir, ideoloq-siyasətçi, A. Attarın “türk siyasi həyatının rəsmi simalarından biri” kimi səciyyələndirdiyi Əhməd Ağaoğlunun övladları – Sürəyya Ağaoğlu, Tezer(Təzəxanım) Taşkıran və Səməd Ağaoğlu da atalarının yolunu davam etdirdilər, Türkiyənin ictimai-siyasi həyatında öz izlərini qoya bildilər.

1903-cü ildə Şuşada anadan olan və uşaqlıq illərində ailəsi ilə İstanbula yerləşən Sürəyya xanım Ağaoğlu Türkiyənin ilk qadın vəkili, tanınmış qadın hüquqları müdafiəçisi, Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidentidir. “Atasının vəzifəsi və ideoloji baxışlarına görə uşaqlıq və gənclik illəri “Türk ocaqları”nda, Mustafa Kamal Paşanın dostları arasında keçmişdi” ("İlk kadın avukat kimdir? İlk Türk kadın avukat Süreyya Ağaoğlu`nun hayatı". www.hurriyet.com.tr (türk). Haziran 14, 2021)

1925-ci ildə İstanbul Universitetinin hüquq fakültəsini bitirdikdən iki il sonra -1927-ci ildə Ankara Barosuna (vəkillər kollegiyası) üzv olur və 1928-ci ildə sərbəst vəkillik rüsxəti alaraq Türkiyənin ilk qadın vəkili kimi rəsmən fəaliyyətə başlayır.

1921-ci il iyulun 18-də İstanbulun "Pera-Palas" hotelinin önündə Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşirin erməni Torlakyan tərəfindən qətlə yetirilməsinin əhəmiyyətli detallarını Sürəyya Ağaoğlu "Bir ömür də belə keçdi" adlı memuarında qələmə almışdı. Onda Sürəyya Ağaoğlu hüquq fakültəsinin tələbəsi kimi məhkəmədə iştirak edirdi və hər şey onun gözləri qarşısında baş veriridi.

1925-ci ildə hüquq fakültəsindən məzun olması Avropada hüquqşünaslar arasında böyük marağa səbəb olmuşdu, ona Rokfeller Fondu tərəfindən Parisdə üç aylıq seminar keçmək təklif olunsa da, Türkiyə tərəfi bu səfərə icazə vermir.

Mustafa Kamal Atatürk ilə Əhməd Ağaoğlu arasında sıx dostluq münasibətləri var idi və bu səbəbdən də onlar mütəmadi olaraq bir-birinin evlərini ziyarət edirdilər. Həmin vaxtlar universiteti yeni bitirən və Ankarada staj keçən Sürəyya xanım günorta yeməklərini yeyə bilmək üçün yaxınlıqda yeganə münasib yer olan yeməkxanaya gedir. Bu, ora gələn insanlarda narahatlıq yaradırdı. O zamanlar ictimai yeməkxanalara qadınların daxil olması yaxşı qarşılanmırdı. Sürəyya xanım ziyarətlərin birində bu hadisə barədə Mustafa Kamal Atatürkə məlumat verir. Söhbət əsnasında Əhməd bəyin məsələ ilə bağlı narazılığını dəstəkləyən Atatürk ertəsi gün günorta yeməyinə dəvət etmək üçün Sürəyya xanımı götürməyə gedir. Sürəyya xanım bunu çaşqınlıq və sevinclə qarşılayır. O, maşına oturduqdan sonra hərəkət edən avtomobil həmin yeməkxananın yanından keçəndə Atatürk sürücüyə saxlamağı əmr edir. Hamının eşidə biləcəyi bir səslə ona “Bu gün Sürəyyanı evimizə aparıram, amma sabah bura gələcək, yeməyini bu yeməkxanada yeyəcək”, - deyir.

Sürəyya Ağaoğlu 1975-ci ildə prezident Fahri Korutürkdən mükafat aldığı zaman çıxışında eyni məsələni vurğulayaraq, dövrün sosiologiyasını və psixologiyasını anlamaq üçün çox əhəmiyyətli olan bu məlumatları verdi. “Burada Atatürk türk qadınlarına başqa bir sahədə başqa bir yol açdı. Demək istədiyim odur ki, qadınlar hər sahədə kişilərlə bərabərdirlər. İstəsə restorana gedə, ya da işə gedə bilər, onu burada rəhmətlə xatırlayıram, türk qadınları olaraq ona çox şey borcluyuq”.
S. Ağaoğlunun Lətifə xanımla xüsusi yaxınlığı sonrakı günlərdə də davam etdi. Yəni Atatürkdən boşandıqdan sonra əksər dövlət məmurlarınən yan ötdüyü, görmək istəmədiyi Lətifə xanımla dostluğu o, 12 iyul 1975-ci ildə vəfat edənə qədər davam etdi və Lətifə xanımın dəfn mərasimində belə iştirak etdi.(Atatürk ensiklopediası.

1928-ci ildə fərdi iş lisenziyasını alaraq Türkiyənin, eləcə də bütün türk dünyasının ilk qadın vəkili kimi tarixə düşən Sürəyya xanım həyatı boyu vəkillik karyerasını davam etdirir.

Amerikada səyahətdə olan Sürəyya Ağaoğlu orada kimsəsiz uşaqlar üçün yaradılmış mərkəzi görür və qayıtdıqdan sonra belə bir mərkəzi Türkiyədə də yaratmaq qərarı verir. Qayıtdıqdan sonra Türkiyənin bir çox tanınmış iş adamını evinə dəvət edən Sürəyya Ağaoğlu bu məqsədlə Türkiyə tarixində ilk dəfə “Uşaq Dostları” dərnəyini yaradır. Elə bu məqsədlə də Sürəyya xanım özünə məxsus əraziləri iş adamlarına verərək uşaqlar üçün sığınacaq tikdirir. Hazırda bu binanın fəaliyyəti sayəsində 450-dən artıq tələbə təqaüd alır.

Sürəyya xanım 1950-ci illərin əvvəllərində alman hüquqşünas Verner Taşenbrekerlə ailə qurur. Onların bu izdivacdan övladları olmur. Nikah 1960-cı illərdə dağılsa da, onların arasındakı dostluq münasibətləri ömürlərinin sonuna qədər davam edir.

İngilis və fransız dillərini bilən Sürəyya Ağaoğlu peşəkar həyatı boyunca bir çox beynəlxalq konfranslarda Türkiyəni təmsil edib. 1946-cı ildə etdiyi cəhdlər nəticəsində İstanbul Vəkillər Kollegiyası Beynəlxalq Vəkillər Kollegiyasına üzv olur, 1946-1960-cı illərdə bu birliyin idarə heyətinin yeganə qadın üzvü olaraq qalır. Sonralar o, Beynəlxalq Qadın Hüquqşünaslar Assosiasiyasının üzvü, Qadın Hüquqşünaslar İttifaqının BMT-nin Cenevrə Təşkilatındakı nümayəndəsi, Hüquqşünas Qadınlar Federasiyasının vitse-prezidenti seçilmişdi.

1980-ci ildə uzun illərdən sonra Sürəyya xanım doğma Vətəninə - Azərbaycana gəlir.Ağaoğlu ailəsinin üzvü Nigar Axundova bu səfərlə bağlı xatirələrini AZƏRTAC-a belə bölüşmüşdü:

“1980-ci illərin əvvəlində Sürəyya xanımın Bakıya gəlməsi ilə bağlı Nazirlər Şurasından bizə xəbər gəldi. Bizim üçün gözlənilməz xəbər idi və çox həyəcanlı idik.O, Bakıda bu qədər qohumunun olduğunu bilmirdi. Hamımızla mehribanlıqla görüşdü. Bu, ailəmiz üçün çox əlamətdar hadisə idi. Həmin səfərdən sonra biz davamlı olaraq bir-birimizlə əlaqə saxlayırdıq. O, Şuşaya getməyi çox istəyirdi, lakin bu, ona qismət olmadı”.

Sürəyya Ağaoğlu sonuncu dəfə 1989-cu il dekabrın 29-da İstanbulda “Qadın haqları və müasirləşmə” mövzusunda konfransda iştirak edir. Konfransın keçirildiyi binadan çıxarkən pilləkənlərdən yıxılan Sürəyya xanım beyin qanaması keçirərək həyata gözlərini əbədi olaraq yumur.

Sürəyya xanımın vəfatından sonra bir sıra dövlətlərin rəsmiləri tərəfindən onun vəqfinə başsağlığı mesajları göndərilir.

S.Ağaoğlunun Türkiyənin mədəni, ictimai-siyasi həyatına töhfələri misilsizdir:

- Türkiyədə ilk dəfə qadına hüquq fakültəsi tələbəsi olmaq haqqının tanınmasına nail olur. İstanbul Universitetinin rektoru Haldun Tanerin müqaviməti qırılaraq qadınlar üçün ayrıca hüquq fakültəsi açılır.

- Türk cəmiyyətində qadınların rolu barədəki stereotipləri dağıdaraq ilk qadın vəkil olmağı bacarır.

- Beynəlxalq nüfuzu sayəsində 1946-cı ildə İstanbul Barosunun (vəkillər kollegiysı) Beynəlxalq Vəkillər Birliyinə üzvlüyünə nail olur. 1960-cı ilədək Birliyinin İdarə Heyətinin tək qadın üzvü olmuşdu.

- 1952-ci ildə Beynəlxalq Qadın Hüquqçülar Birliyinin üzvü, 1960-cı ildə bu təşkilatın BMT-nin Cenevrə təşkilatında təmsilçisi olur, 1980-1982-ci ildə Hüquqçu Qadınlar Federasiyasının 2-ci sədri seçilir.

- Azad düşüncə, insan hüquqları və azadlıqları sahəsində bir sıra vətəndaş cəmiyyəti təşkilatları (QHT) yaradır və ya qurulmasında rol alır:

- Azad Fikirləri Yayma Dərnəyi

- Türk-Amerikan Universitetlər Cəmiyyəti

- Universitetli Qadınlar Cəmiyyəti.

- Türk Hüquqşünas Qadınlar Cəmiyyəti

- Soroptimistlər (optimist bacılar) İstanbul Klubu

- Uşaq Dostları Cəmiyyəti ("Süreyya Ağaoğlu kimdir ve aslen nerelidir? Babası kimdir? Süreyya Ağaoğlu hayatı ve biyografisi..." 2023-07-31).


O, hüquq və digər mövzularda bir neçə məqalənin, o cümlədən “Londonda gördüklərim” və “Bir həyat belə keçdi” kitablarının müəllifidir. Hazırda İstanbulun mərkəzi bölgələrindən olan Şişli rayonunda küçələrdən birinə Sürəyya xanımın adı verilib.

Pakistan Qadınlar Birliyinin konfransından (1952) sonra bəzi türk qəzetlərinin hücumuna məruz qaldığı zaman belə bir cavab yazmışdı:

"İnqilab qurşağa qədər açıq gəzmək və ya başını örtmək deyil, bir zehniyyat məsələsidir. Bir məmləkətin adət və vərdişlərinə uyğunlaşıb baş örtmək inqilaba qarşı çıxmaq demək deyil. İnqilabı öyrənməyə ehtiyacım yoxdur, zira mən inqilabın rəmziyəm" (Olaylar.az. 11 mart 2014).

S.Ağaoğlu yalnız tanınmış hüquqşünas deyildi, fəal qadın siyasətçi idi.

1930-cu ildən Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü idi. 27 may 1960-cı ildə Türkiyədə baş verən ilk dövlət çevrilişindən sonra Yassıada məhkəmələrində mühakimə olunan qardaşı S. Ağaoğlunun vəkili olmuşdu. Həmin dövrdə Əkrəm Əlicanın liderliyində qurulan Yeni Türkiyə Partiyasının (YTP) üzvü kimi siyasətə qədəm qoyan S.Ağaoğlu partiyanın İstanbul vilayət şöbəsinin sədri olur (Milliyet Gazetesi Arşivi, Süreyya Ağaoğlu, YTP İl Başkanı Oldu, Milliyet Gazetesi, 28.08.1962). YTP 27 may çevirilişindən sonra Demokrat Partiyasının (DP) qapadılması ilə siyasi həyatda yaranmış boşluq fonunda 1961-ci il fevralın 13-də qurulmuşdu. Sıralarında DP Cəlal Bayar- Adnan Menderes xəttinə qarşı çıxan mərkəzi qanadının üzvləri də yer almışdı və DP-nin varisi kimi ortaya çıxan Ədalət Partiyasına qarşı hərbi xuntanın dəstəyini ala bilmişdi.



Amma YTP-nin proqramı siyasi və iqtisadi konsepsiyası etibarilə liberal xarakterli idi və liberal dünyagörüşünə sahib S. Ağaoğlunu özünə cəlb edə bilmişdi. Lakin onun siyasi ömürlüyü uzun sürmədi. Siyasi səhnədəki ilk addımları uğurlu olan və 1961-ci ildə Türkiyə parlamentində 65 deputatla təmsil olunan YTP sonra siyasi varlığını davam etdirə bilmədi və 1973-cü ildə özünü buraxdı (Ahmad, Feroz; Turgay, Bedia (1976). Türkiye`de Çok Partili Politikanın Açıklamalı Kronolojisi: 1945-1971. İstanbul: Bilgi Yayınevi. s. 267; "Cumhuriyet Döneminde Kurulan ve Kapanan Siyasi Partiler 20 Ekim 2019 tarihinde Wayback Machine sitesinde arşivlendi.")

P.S. Yazıda Aygün Attarın Səbahəddin Şimşirlə birgə yazdığı "Tarixdən günümüzə Türkiyədə yaşayan Azərbaycan türkləri", Azərbaycan Türk Ocağı” İctimai Birliyi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə ərsəyə gətirilmiş “Şuşadan İstanbula Sürəyya Ağaoğlu yolu” kitablarından, eləcə də Azərbaycanda və Türkiyədə dərc olunmuş çoxsaylı məqalələrdən istifadə edilmişdir.

Q. Bayramov

P.S. Məqalə “Səməndər Sosial Araşdırmalar və İnformasiya Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Türkiyədə çoxpartiyalı sistemin formalaşmasında iştirak etmiş azərbaycanəsilli siyasətçilər” adlı layihəsi çərçivəsində dərc olunub.

Xəbər 4113 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +