10.08.2024 17:41
Yazıb ki, sənin tay-tuşların qara daşdan baxır...
Yaradıcılığına hörmətlə yanaşdığım Seymur Baycanla uzun illər əvvəl kiçik bir mübahisəmiz olmuşdu. Seymur köşə yazılarının birində baba və nənələri, bir qədər də dəqiqləşdirsək, pensiya yaşına çatmış hər kəsi quru yuyub yaş sərmişdi.
Adaşımı qəzəbləndirən səbəb məişət səviyyəsindən o tərəfə keçmirdi. Sən demə, Baycan səhər işə gələndə metroda oturmağa yer tapmayıb. Qatardakı boş yerlərin hamısında yaşlı insanlar əyləşibmiş. Seymurun yaşlı insanlara ünvanladığı sözlər indiki kimi yadımdadır: “Səhər 9-da parka getməsəniz, dünya dağılacaq?! Oturun evinizdə, biz işə gedək, sonra gəzməyə çıxarsınız”.
Bizim o zamankı mübahisəmiz əvvəl müzakirəyə, sonra məqaləyə çevrildi. Həmkarım yaşlı insanları hədəf alan sərt bir məqalə yazdı. Üstündən 15 ildən çox zaman keçdiyinə görə, təfərrüatları xatırlamıram, bircə o cümləsi yadımdadır: “İndiki baba və nənələr nəvələrinin yoqurt payını yeyir”. dirnaq modelleri
Mən isə bunun əksini iddia etmişdim. Hələ də o fikirdəyəm ki, Azərbaycanda insanlar əvvəl övladları, sonra nəvələri üçün yaşayır. Ömür vəfa etsə, nəticə və kötücələrinin də dadına çatırlar.
Ustad jurnalist İlqar Əlfi ilə 1999-2000-ci illərdə bir yerdə işləmişəm. O vaxt İlqar müəllimin yaşı çoxdan 40-ı ötmüşdü amma hər gün 12 olmamış rəhmətlik anası Rəhilə xanım redaksiyaya zəng edirdi: “İlqar, yemək yemisən?”
Bütün ömrünü pedaqoji fəaliyyətə həsr edən, müəllimlərin müəllimi olan Rəhilə xanım bir yerdə işlədiyimiz təxminən 2 il ərzində gündə ən azı 3 dəfə zəng edib oğlunun qayğıları ilə maraqlanırdı. Bundan beş qat artıq qayğını isə nəvələrinə göstərirdi.
Bilmirəm bu söhbətə nə qədər dəxli var, amma yazıram: İndi də eyni şeyi mənim anam edir...
Fərqindəsiniz, son vaxtlar Azərbaycanda yaxşı insanlara qarşı münasibət mənfiyə doğru dəyişib. 3-4 gün əvvəl də yazmışdım, bizim ölkədə yaşı 70-i keçənləri az qala, borclu çıxarırlar ki, niyə ölmürsən?!
Bu gün saytda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə bağlı maraqlı bir xəbər dərc etmişik. Mənbə keçmiş səfirin yaxın dostlarından biridir. İddia edir ki, Polad müəllim deputat seçiləcəyi təqdirdə ona Milli Məclisdə vəzifə veriləcək. Dostu səfirin parlamentdə hansı vəzifəni tutacağını da açıqlayıb. O, P.Bülbüloğlunun Milli Məclisin Mədəniyyət komitəsinin sədri və Azərbaycan-Rusiya Dostluq Qrupunun rəhbəri olacağını bildirib.
Bir baş redaktor kimi xəbəri daha geniş auditoriyaya çatdırmaq mənim vəzifəmdir. Buna görə də vaxt itirmədən admin olduğum bütün qruplarda bu məlumatı paylaşdım. Aradan 5 dəqiqə keçməmiş şərh şərh dalınca gəldi. Görünür, Polad müəllim yaxşı sənətçi olsa da, yaxşı siyasətçi deyil. Çünki paylaşımların altında yazılan 10 şərhdən 9-u onun əleyhinədir. Əmin olun ki, əleyhinə sözü burada etika xatirinə işlədilib. Sosial şəbəkələrdə qarğış, söyüş havada uçuşur. Özünüz təsəvvür edin, ən “mədəni” şərh budur: “Sənin tay-tuşların qara daşdan baxır”.
Bayaqdan fikirləşirəm ki, bir neçə ay sonra 80 yaşını qeyd edəcək böyük bir sənətkara qarşı bu nifrətin qaynağı nədir?
Yəqin ki, onun bu yaşda deputat olmaq istəyi insanları qıcıqlandırır.
Belə, baxanda, 80 az yaş deyil. Söz verirəm, əgər mən o yaşa çatsam, bütün kürsülərə gözümü qapayıb əllərimi göyə açacağam.
Verdiyi bərəkətli ömürə görə Allaha dua etmək üçün...
Seymur VERDİZADƏ
Xəbər 5663 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|