“Nazirliyin idarəsinə girməyə məni qoymurdular, etiraz edirdilər. Sürücüm düşüb yolu açırdı, mən keçirdim. O zaman televiziyaya çıxıb əhaliyə bunun xeyirli iş olduğunu demək istəyirdim, amma həmin kütlə məni qoymadı. Onları qızışdıranlar, bunda marağı olanlar var idi. Rəhmətlik Vurğun Əyyub orada sədr olanda ona gözətçilər vermişdilər ki, sui-qəsd ola bilər. Testin əleyhdarı çox idi. İndi Pənah Hüseyn çıxıb deyir ki, testi Firudin gətirməyib. Pənah, vəziyyəti sənə danışanda özün mənə Əli adlı cangüdən verdin. Əgər bu şeylər yalandırsa, onu niyə verdin?”
Xəzərnews.az xəbər verir ki, Medianews.az-ın müsahibi filologiya elmləri doktoru, professor, sabiq təhsil naziri Firudin Cəlilovdur.
– Firudin müəllim, istərdik söhbətə hazırda gündəmdə olan ortaq türk əlifbası ilə bağlı sualla başlayaq. Bəhs etdiyimiz ortaq əlifba problemi türk xalqları arasında həllini tapmamış bir məsələ kimi xüsusi önəm daşıyırdı. İllərlə aparılan danışıqlar öz bəhrəsini verdi və bu, qəbul olundu. Sizin ortaq dil, ortaq əlifba ilə bağlı bir çox çıxışlarınız olub və sırf Azərbaycan türkcəsinin ortaqlıq baxımından daha yaxşı olduğunu demisiniz. Sizcə, vahid əlifbanın yaradılmasının əsas məqsədi nədir? Bu əlifbanın nə kimi üstünlükləri olacaq?
– Çox yaxşı mövzudur. Latın qrafikasına keçid söhbətini ilk dəfə Mirzə Fətəli Axundzadə gündəmə gətirib, amma o dövrün cahilləri bunu anlamırdılar. Məhəmməd Əmin Rəsulzadə və silahdaşları demokratik respublika qurandan sonra, daha dəqiq desək, 1919-cu ildə qərar qəbul etdilər ki, latın əlifbasına keçilsin. Ruslar buranı işğal edəndən sonra onlar da bu əlifbadan istifadə etdilər. Paralel həm ərəb, həm də latın əlifbasından istifadə edirdilər. Bütün türk xalqları üçün ortaq əlifbaya keçmək qərarı aldılar. Biz onsuz da işlədirdik. 1928-ci ildən 1939-cu ilədək türk xalqları bu əlifbanı işlətməyə başladı. Daha sonra Stalin buna qadağa qoydu və kiril əlifbasına keçid oldu. Bu gün Qazaxıstan, Qırğızıstan, tatarlar və sair o əlifbada yazır. Lakin Azərbaycanda biz 1991-ci ildə ortaq əlifbanı qəbul etdik. Hansı ki, ondan bir il öncə mənim xahişimlə İstanbulda Mərmərə universitetində 3 günlük bir ortaq türk əlifbası simpoziumu keçirildi. Orada müxtəlif türk ölkələrindən gələn akademiklər, dilçilər, professorlar arasında müzakirə getdi və bu əlifba qəbul edildi. Mən də daxil olmaqla, hər birimiz o protokola imza atmışıq. Bunlar çap olunub. Həmin variantı mən Azərbaycana gətirib parlamentdə tətbiq etdim. Niyə mən-mən deyirəm? Çünki o dönəmdə həm parlamentdə Elm, təhsil və mədəniyyət komitəsinin sədri idim, həm də Dövlət Əlifba Komissiyası yarandı və məni ora məsul katib təyin etdilər. Heç bundan xəbərim yox idi qəzetdə görmüşdüm. O işlər mənim boynumda idi. Çox çətinliklə keçdi. Çünki Ayaz Mütəllibov fərmanı imzaladıqdan bir saat sonra prezident aparatının qarşısında əlifbanın əleyhinə böyük mitinqlər keçirildi. Gələnlər İranın, Rusiyanın agentləri idi. Xüsusilə İranda kiril əlifbasında kitablar çap edib gətirib universitetlərdə paylayırdılar. Sonra tale elə gətirdi ki, mən 1992-ci ildə təhsil naziri oldum. Orada da bütün dərsliklər, əlifba mənim boynumda idi. Biz də gözləmədik ki, insanlar buna öyrəşsin. Elə birbaşa dərsliklərə latın əlifbasını tətbiq etdik. Artıq demək olar ki, o dövrdən bu günə qədər iki nəsil dəyişib. Biz ortaq türk əlifbasını 33 ildir işlədirik. Amma başda Türkiyə olmaqla, digər türk ölkələri hələ buna keçməyiblər. Azərbaycan bu məsələdə irəlidədir. O dövrdə bizimlə birlikdə tatarlar da bu əlifbaya keçdi. Ortaq əlifbanın prinsipi budur ki, 34 hərfdən ibarətdir. Türk xalqlarının hamısında bu qədər səs yoxdur. Qazaxlar 30-nu qəbul edir, Türkiyə 29-nu istifadə edir. Bizim də dilimizdə “w” hərfi olmadığı üçün qəbul etmədik. Bir səhvlik oldu ki, gərək Sağır nunu qəbul edərdik. Sadəcə ona gücüm çatmadı. Çünki çoxlu təpkilər var idi. “Ə, K, Ğ” səsini keçirmək üçün əziyyətlər çəkdim. Düzdür, mənə kömək edənlər də oldu – Bəxtiyar Vahabzadə, Əhməd Cavadın oğlu, Nəriman Həsənzadə və s. O ziyalılar olmasaydı mən keçirə bilməyəcəkdim. Sağır nun indi qəbul edilə bilər. Ortaq türk əlifbası ilə bağlı dilçilik institutu tədqiqat aparmalıdır ki, bizim dilimizdə hansı sözlər sağır nunla yazılmalıdır.
– Bəs, əleyhinə olanlar kimlər idi?
– Sonradan Xalq Cəbhəsi hakimiyyətinə gələnlər. Başda da yaxın dostum Əbülfəz Elçibəy. Bunları Türkiyədən qızışdırırdılar ki, elə türk əlifbasını götürün. Onlara başa sala bilmirdim ki, qardaş, biz ortaq türk əlifbasına keçirik. Mənim əleyhimə böyük kampaniyalar təşkil olunurdu. Təsəvvür edin, bu gün belə AXC-nin emblemində “H” hərfi yazılıb. 30 il keçib, amma hələ də bu onlarda qalıb. Biz İstanbulda ortaq türk əlifbasını qəbul edəndə türk alimləri dedilər ki, bizə “ə” lazım deyil. Soruşdum niyə? Dedilər bu, qapalı “e”dir. Ərəb dilindən alınıb və s. Dedim qardaşım, siz hələ qapalı sözünün mənasını bilmirsiniz, amma mənə dərs keçirsiniz? Yaxşı dilçiləri də var, amma 80 milyonluq xalqın o sahədə güclü elmi olmalıdır. Azərbaycan hər zaman, xüsusilə 1980-ci illərədək türk dilçiliyi, türkologiyanın mərkəzi olub. Ona görə də ilk türkoloji qurultay Bakıda keçirilmişdi, ilk islahatlar bizdə getdi. Məhəmməd Əmin Rəsulzadəgilin dövründən başlayan ortaq türk əlifbası 40-cı ilədək işləndi. Digər respublikalar bizdən 30-40 il geridə qalıblar. Daşkənddə Bəxtiyar adlı bir professor var. O, ortaq türk dili lüğəti hazırlayır. Seçdiyi lüğətin içərisindəki sözlərin çoxu Azərbaycan türkcəsində olan sözlərdir. Bu iş gedir. Hazırda türk ölkələri birliyi ideologiyası ki, gündəmə gətirilib. Bu, çox yaxşıdır alqışlamaq lazımdır. İttifaqın nəticəsi Avropa İttifaqı kimi olacaq, buradakı ölkələrin şansı daha yaxşıdır. Çünki Avropadan fərqli olaraq türk ölkələrinin ortaq dili və əlifbası ola bilər. Avropa ölkələrində dil bərbad vəziyyətdədir. Məsələn alman dilində bir “Ç” yazmaq üçün 4-5 hərfdən istifadə etməlisən. Dəyişə də bilmirlər. Çünki keçmiş yazı ilə əlaqə pozulacaq. Türklərin isə bu sahədə şansı yüksəkdir. Ortaq əlifba da qəbul edildikdən sonra daha da yaxınlaşacaqlar. Çünki yazı və oxu eyni olacaq.
– Bəs, ortaq əlifbadan sonra növbəti addım nə ola bilər?
– Ortaq dərsliklər, ortaq dil məsələsi olmalıdır. Məsələn bu gün türkdilli ölkələr arasında ortaq dil rus dilidir. Biz bunu götürüb yerinə ortaq bir türk dili qoymalıyıq. Lakin əlimizdə belə bir dil olmalıdır, onu hazırlamalıyıq. Bu da çox çətin məsələdir. Tarixən belə 2 dil olub. Birinə türki dili deyiblər. Qafqazdan tutmuş ta İstanbula, Suriyaya, Xorasana qədər bu dil işlədilib. Xəzərin o tərəfində isə Orta Asiyada ortaq dil kimi Cığatay dili işlənib. Bu, tarixən olubsa, demək mümkün haldır. Bunun yollarını arayıb, ağrısız-acısız layihə qoymaq lazımdır.
– Son illər dilimizə Türkiyə türkcəsindən keçən sözlərin sayı artıb. Bu mövzuda fikirlər bölünür. Bir kəsim öz sözlərimiz olduğu halda Türkiyə türkcəsindən keçən sözlərdən istifadə etməyimizi doğru hesab etmir. Digər kəsim isə istifadə etdiyimiz sözlərin çoxunun ərəb-fars mənşəli olduğunu, həmin sözlərdən istifadə etməkdənsə, türk sözlərindən istifadə etməyimizin daha məqsədəuyğun olduğunu vurğulayır. Siz bu haqda nə düşünürsüz?
– Günümüzdə Türkiyə türkcəsindən keçən sözlərin istifadəsindən qorxmaq lazım deyil. Sadəcə bir az ehtiyat edilməlidir. Vaxtilə bunlar eyni dil olub. Orta əsrlərdə Osmanlı İmperiyası, Azərbaycan imperiyaları yaranıb. Dövlətlər fərqli olduğu üçün dialektlər fərqlənib. Bu da normal haldır. Vaxtilə Yunus Əmrənin yazdığı şeiri ayırmaq olmur ki, bu Anadolu türkcəsidir ya Azərbaycan türkcəsi. Misal üçün, “Bu dünya bir pəncərədir, Hər gələn baxdı, keçdi”. Söz alış-verişində çalışılmalıdır ki, alınma sözlərin əvəzində həmin sözlər işlənsin. Misal üçün, Türkiyədə açara anahtar deyilir. Bu, yunan sözüdür. Onlar açarı bizdən alsalar bir alınma sözdən canları qurtarır. Biz isə təyyarə, samalyot deyirik. Türklərdən uçaq sözünü alsaq fars və rus sözünü çıxarırıq. Burada ehtiyatlı olmaq lazımdır. Çünki vaxtilə Türkiyədə bir virus atılıb. Gərək onun bizə keçməyini qoymayaq. Orada bir “ü” virusu var. Kultura əvəzinə kültür, Kuba əvəzinə Küba, Bakı əvəzinə Bakü və sair deyilir. Bu siyahını uzatmaq olar. Axı, bu kultura bütün dünyada işlədilən sözdür. 1930-cu ildə də bizdə bu adda bir jurnal çıxırdı. İndi görürəm ki, bəzi özünü türk sayan ziyalılarımız danışanda, yazanda kültür sözündən istifadə edir. Bu, ziyanlıdır, çünki o virus bura da keçsə, dilimizi yaman günə qoyacaq. Burada dilçilər bir az aktiv olmalıdır. Ehtiyac olan sözü almaq lazımdır.
– Firudin müəllim, öz əsərlərinizdə türklüyün mənşəyinin məhz indiki Güney Azərbaycanın ərazisində baş qaldırdığını vurğulamısınız. Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın yüz illərdir ki, təzyiq altında qalan dili və mədəniyyəti barədə dəfələrlə danışmısınız. Soydaşlarımızın Azərbaycan türkcəsində məktəb, milli dərs vəsaiti yoxdur. Əlifba məsələsi qarşılıqlı oxunmada bizə çox mane olur. Bütöv bir dilə ehtiyacımız var. Bu problemlə bağlı səsləndirilən ortaq bir fikir var: “Bir millətin nə üçün dili fərqli olmalıdır?”. Siz necə düşünürsünüz, bu məsələnin həlli yönündə nə kimi addımlar atıla bilər? Ortaq türk əlifbasının bu baxımdan üstünlükləri olacaqmı?
– 1991-ci ildə Latın əlifbasını çətinliklə keçirəndə bir arzum var idi ki, bu əlifba bizdən çox güneyli qardaşlarımıza lazım olacaq. Çünki onlar orta məktəblərdə ingilis, alman dillərini öyrənirlər bu hərfləri tanıyırlar. Buradakı kirillə yazılan mətnləri oxuya bilmirlər. Əlifba islahatının bir məqsədi də o idi. Mən 4 il TV-də canlı yayımda 3 saat Güneylə bağlı milli kimliyi tanıtmaq üçün çıxışlar etmişəm, effekti də olub. Məsələn, ilk verilişdə güneylilər sual verirdilər ki, “ağa, biz iranlıyıq bizə niyə türk deyirsən?”. Son verilişdə isə dedilər “ağa, qələt etmişik biz türkük” (gülür). Qafalarda kimlik məsələsi dəyişdi. Onun nəticəsidir ki, Təbrizdə 70 min gənc bozqurd işarəsi ilə Azərbaycan şüarı deyir. Bu gün milli hisslər Güneydə olduğu kimi heç yerdə yoxdur. Bu mənada onların ən ağrılı yeri təhsildir. Çalışmaq lazım idi ki, orta və ali məktəblərində Azərbaycan dilində dərsliklər olsun. Buna da imkan var, çünki 40 milyon azərbaycanlı yaşayır orada. Onların içərisində savadlılar daha çoxdur. Talantlı millətdirlər. Vaxtilə orada türk sözünü işlədənə cəzalar verilirdi, qadağa qoyulmuşdu. Uşaq məktəbə gedib alma deyəndə müəllimi ona bir sillə vururdu ki, farsca de. Ona görə də bir nömrəli ehtiyacları təhsildir. Amma son seçkilərdə bir şans yarandı.
– Məsud Pezeşkian seçkilərdən öncə “türkəm, evdə övladlarım da türkcə danışır” dedi. Oradakı soydaşlarımız da sevindilər ki, ana dili, təhsillə bağlı problemlər aradan qalxacaq, amma indi ümumi rəy belədir ki, gözləntilər bir o qədər özünü doğrultmadı.
– Prezidentin bu kəlməsindən sonra türk sözünün üzərindən qadağa götürüldü. Bunu müsbət addım hesab edirəm. Səslənən fikirlər bu yöndədir ki, ana dilli məktəblər açılmalıdır. Prosesin başlamasına ümid var. Təsəvvür edin, indi məktəblər açılsa, 10 il sonra Güney və Quzey Azərbaycan təhsil, əlifba, dil baxımından eyni olacaq. Mənəvi birlik qaçılmazdır. Mən ümidimi kəsmirəm. Gücüm çatdığı qədər bu yolda faydalı işlər görmüşəm.
– Siz həm də təhsil naziri kimi fəaliyyət göstərmisiniz. Hazırda ölkədə təhsilin səviyyəsini necə qiymətləndirisiniz? Narazı olduğunuz məqamlar varmı?
– Təhsil, səhiyyə, mədəniyyət kimi məsələlər toplumu maraqlandıran mövzulardır. Təhsil isə bunların başında gəlir. Təhsilə qoyulan sərmayə 10-15 il sonra özünü göstərir. Bu gün təhsilimiz acınacaqlı vəziyyətdədir. Çünki biz 1990-cı ildə sosialist sistemdən kapitalist sistemə keçid etmək istədik, amma keçə bilmədik. Bir ayağımız orada, bir ayağımız buradadır. Çoxu sosializmi pisləyir, amma bu gözəl quruluşdur. Sovet təfəkküründəki sosialistdən getmir söhbət. Məsələn, İsveçrənin bu gün adı demokratik də olsa, sosialist dövlətdir. Mən orada olanda paxıllığım tutdu ki, ədalət orada digər xalqlara nisbətdə daha yüksəkdir. Bizdə isə həm keçmişin qalıqları var, həm də yeniliklər gətiriblər. Ortada həftəbecər bir vəziyyət yaranıb. Bunun ağrısını şagirdlər çəkir. O qədər yükləyirlər ki, onları. Mənim birinci sinfə gedən nəvəm bir gün təhsil naziri Emin Əmrullayevi dəhlizdə tutub, yaxasından sallanıb şikayət edib. Səhəri gün nazir bizim xanıma deyib ki, “dünən sənin o balaca nəvən məni yıxıb-sürüdü. Yaxamdan yapışıb ki, sən necə nazirsən? Mən uşağam ey, bu qədər yükü necə daşıyım?” (Gülür) Yəni birinci sinif uşaqları özlərindən artıq yük daşıyırlar. 4-cü sinfin proqramında elə dərslər var ki, mən onu universitetdə müəllim işləyəndə 1-ci kurs tələbələrinə keçirdim. Təhsil proqramları sadələşməlidir. Orta məktəb asan, ali məktəbdə çətin olmalıdır. Bu, qəbul edilmiş bir normadır. Finlandiyada uşaq səhər oyananda məktəbə getmək üçün can atır. Bizdə isə uşaqlar məktəbə bir əzabverici qurum kimi baxırlar. Təhsil proqramı bizim ölkədə kökündən dəyişilməlidir. İkinci bir məsələ müəllimlərlə bağlıdır. O vaxt mənim təklifimlə müəllimlərə müəyyən güzəştlər edildi, maaşları üçqat artdı, kommunal xərclərdən azad olundular və s. Sonradan ləğv edildi. Müəllimlərin iqtisadi problemləri təhsilin keyfiyyətinə də təsir göstərir. Bu yaxınlarda “YouTube”də bir veriliş izlədim. Auditoriyadan bir şagird kişi müəllimə sual verir. O isə cavabında deyir ki, “sən kursa gəl, orada cavab verərəm”. Məgər bunu nazirlik yaxud Bakı Şəhər Təhsil İdarəsi görmür? Bu, dəhşətdir. Müəllim şagirdi məcbur edir yanına gəlməyə. Bu problemə ciddi yanaşmaq lazımdır. Digər bir məsələ müəllimlərin sertifikasiyası ilə bağlıdır. 30-40 ilin müəllimini göndərirlər, deyirlər sən çıx get, yumurtadan təzə çıxanı isə gətirirlər ki, dərs de. Tədris təkcə elm deyil, dünyagörüş, insanlara münasibət, qafaların cilalanmasıdır. Bu da təcrübə ilə gəlir. Bu məsələdə ehtiyatlı olmaq lazımdır. Bir də baxırsan deyirlər filankəsin 60 yaşı oldu göndərin təqaüdə. Qardaş, insan 70 yaşında da dərs deyə bilər, əgər sağlamlığı ona icazə verirsə. Bizim dövrümüzdən sonra cırlaşma getdi. “Bu, filankəsin qızıdır onu laborant götürün, 2 aydan sonra müəllim olsun”. “Pulu ilə gedib dissertasiya yazsın, kafedra müdiri təyin edin” və s. Bu proses son 20-30 ildə təhsilin belini qırdı.
– Təhsildən söz düşmüşkən, dərslik məsələlərinə də toxunmasaq olmaz. Bu sahədə problemlər tükənmir. Dərsliklərin bəziləri mürəkkəb yazılır, ya da tarixi faktlarla bağlı ciddi yanlışlıqlara yol verilir. Müəlliflər arasında fikir ayrılıqlarının olduğu açıq şəkildə nəzərə çarpır. Onlar nə üçün təhsillə, dərsliklərlə bağlı ortaq məxrəcə gələ bilmirlər
– Bu işlərlə ciddi alimlər məşğul olmalıdır. Bu prosesin ağrısını, qüsurunu bilən adamlar lazımdır. Ümid edirəm ki, problem həll olunacaq. Çünki ortaq əlifba yarandığı kimi, perspektivdə ortaq dərsliklər də yaranacaq. Ortaq dərslik problemi də yeni deyil. 1992-ci ildə Bişkekdə türk ölkələrinin təhsil nazirlərinin Zirvə toplantısı var idi. Orada biz qərara gəldik ki, toplantıdan qayıdan nazirlər öz ölkələrində ortaq dərsliklərin yazılması prosesinə başlayacaq. Mənim bir müavinim var idi Ədalət Tahirzadə. Ona tapşırdım. Müəllifi tapdı, ortaq türk coğrafiyası dərsliyini hazırladı və onu çap etdik. Bir neçə il də bu, davam etdi. O biri respublikaların heç biri bunu eləmədi. Lakin gün gələcək buna böyük ehtiyac olacaq. Ortaq əlifba kimi, buna da başlamaq lazımdır. Türkiyə belə bunu etmədi. Nə qədər maraqlı səslənsə də orada hər kəs türkəm deyə bilmir. Türk olmayanlar soyadına “türk” əlavə edir və türkçülüyü onlar idarə edir.
– Açıqlamalarınızda hər zaman bildirmisiniz ki, ədalət prinsipinə görə test üsulunu tətbiq etmisiniz. Bəs, bu üsulun qəbulu prosesində sizə qarşı müqavimətlər olurdumu?
– Əlbəttə, olurdu. O mane olanların adını çəkəndə düşürlər üstümə. Bir kanal var “YouTube”də, dalbadal Pənah Hüseyni, İsa Qəmbəri çağırır, efir verir onlara, başlayırlar mənim əleyhimə danışmağa. Onlar da deyir “Firudin səhv deyir”. Bu, “çete” işləyir. Hətta mən o dönəmdən sonra nazir keçdim. Nazirliyin idarəsinə girməyə məni qoymurdular, etiraz edirdilər. Sürücüm düşüb yolu açırdı mən keçirdim. O zaman televiziyaya çıxıb əhaliyə bunun xeyirli iş olduğunu demək istəyirdim, amma həmin kütlə məni qoymadı. Onları qızışdıranlar, bunda marağı olanlar var idi. Rəhmətlik Vurğun Əyyub orada sədr olanda ona gözətçilər vermişdilər ki, sui-qəsd ola bilər. Testin əleyhdarı çox idi. İndi Pənah Hüseyn çıxıb deyir ki, testi Firudin gətirməyib. Pənah, vəziyyəti sənə danışanda özün mənə Əli adlı cangüdən verdin. Əgər bu şeylər yalandırsa, onu niyə verdin? (Gülür). Bilirsiniz, mən onlarla üz-üzə gəlmək istəmirəm, cılız adamlardır, mənə yaraşmır. Mən baş nazirin müavini olanda düşündüm ki, imtahanları mərkəzləşdirək. Əvvəlki qaydada olmasın. Kasıb uşaqlar “konkursa” düşməsin, bilikli uşaqlar universitetə girsin. Onsuz da varlı adamların övladları bir yol tapıb institutlara girirdilər. Kasıb balalarına gün ağlamaq lazım idi. Bunun yolu isə test üsulunu tətbiq etməkdən keçirdi. Köməkçimə tapşırdım ki, bütün universitetlərə telefonaqrama yolla ki, hələlik qəbul imtahanları dayandırılır. Bu, may ayında baş verib. O zaman hələ Əbülfəz Elçibəy hakimiyyətdə deyildi. Jurnalist Elmira Axundova o dönəmlər məndən bu barədə müsahibə də alıb. Açıqlama çap edildikdən sonra Moskvadakı səfirliyimizdən zəng etdilər ki, məqalə burada səs-küy yaradıb, çap etmək istəyirik icazə versəniz. Dedim, əlbəttə. Bunlar mən baş nazirin müavini olduğum dövrdə baş verib. Ədalət bərpa olunsun deyə test üsulunu tətbiq etdik. Bəs, Pənah nə çıxıb ağzına gələni danışır? Getsin, qəzeti oxusun. Sonra Vurğun təyin olundu. O, payız aylarında test imtahanı keçirdi, özü də çox gözəl bir şəkildə. Onun yerində kim olsa, bunu edə bilməzdi. O vaxt hələ mən onu alqışlayırdım ki, mənim ideyamı gerçəkləşdirdin.
– Firudin müəllim, son olaraq ermənilərin Qafqaza, Qərbi Azərbaycana gəlib yerləşməsinin tarixi haqqında məlumat verməyinizi istərdik.
– Erməni sözü altında bir neçə məna var. Çoxu onu fərqləndirmir. Çox insan erməni deyəndə bugünkü İrəvan ermənilərini nəzərdə tutur. Bu, bir anlayışdır. Alimlər qıpçaq ermənisi deyəndə qədim türkləri nəzərdə tutur. Daha dərin alimlər erməni deyəndə isə ən qədim ərmən türklərini deyir. Deməli, Ön Asiyada – Mesopatamiyada Subar türkləri olub. Bunların içərisində ərmənboylar, urmuboylar və s. olub. Ərmi boyları Fərat çayının yuxarı axarlarında yaşayıblar. Urartular gəlib oranı tutandan sonra “eni” şəkilçisi əlavə ediblər. Məsələn İrəvanın adı türkcə Erbunidir. Urartular isə yazanda Erivuni deyə yazırlar. Elmi adında ermuni yazıblar. Amma onların indiki ermənilərə aidiyyəti yoxdur, onlar qədim türklərdir. Onlar bir az yuxarı çəkiliblər. İndiki Ərzurum dağlarına. Qədim yazarlar Ərmən yazanda o bölgəni nəzərdə tutublar. Xristianlıq yaranandan Ərmən boyları o bölgədə bu dini qəbul ediblər. Onlar xristian oldular. Bugünkü ermənilər isə haylardır. Gəlib o bölgəyə yerləşdikləri üçün xristianlığı qəbul ediblər, onlar da ərmən adlandırılıb. Xristian qıpçaqların türk kitabları var. Ərmən deyəndə artıq bir din anlaşılırdı.
– Məsələn, deyirlər erməni-müsəlman davası…
– Bəli, gözəl məqama toxundun. Müsəlman adı altında ərəb, fars, kürd, talış və s. olduğu kimi, ərmən adının altında da bugünkü haylar, kürdlər, tatlar, qıpçaq türkləri var. 1990-cı illərə qədər Şamaxıda, Xaçmazda tat kəndləri var idi, adına Ərmən kəndi deyirdilər. Gedib danışırdın məlum olurdu ki, ermənicə bilmirlər, İrandan köçüblər. Xristian olduqları üçün erməni adlandırılıblar. Kilsəyə gedirdilər, uşaqları erməni əlifbasında yazıb-oxuyurdu. Fikir verdinizmi erməni sözünün altında nələr var. Bundan istifadə edən Avropa alimləri, türk düşmənləri hay dilində yazılmış kitablarda belə yazırlar: “Hay dünyası, hay tarixi” rusca və fransızcaya çevirəndə o sözü erməni ilə əvəzləyirlər. Orijinalda erməni deyil. Belə edərək erməni sözünü haya yüklədilər. 18-19-cu əsrlərdə hay bir millət kimi gündəmə gəldi. Bu gün də həmin haylar özünə erməni demir. Bu qədər gerçəkliyi görməzdən gəlmək olmaz axı. Ona görə tarixdə harada erməni varsa, onlar bunlardır demək yanlışdır. Ərmən boyları nəinki Anadolu, Güney Qafqazda, İranın Quzeyində, həmçinin Avropanın içərisində də var. Məşhur ərmən dağları var. Onların bu ermənilərə aidiyyəti yoxdur. 1993-cü ildə rəhmətlik Turqut Özal Orta Asiyadan Bakıya qayıtdı. Həmin günün axşamı Əbülfəz Elçibəy mənə zəng etdi ki, Özal görüşmək istəyir. Mən də eşitmişdim ki, yol filan onu yorub hoteldən çıxmır. Dedim bəy, ona əziyyət verməyim nə sözü olsa, sənə desin. Söylədi səni görmək istəyir. Dedim sabah ona doktorluq ünvanı veriləcək sən də ora gəl, üçümüz oturub bir otaqda söhbət edərik. Elə də oldu. Özal dedi ki, səhv etmişəm. Biz həmişə üzümüzü Avropaya tuturuq, ora gedirik qapını bağlayırlar. Orta Asiyanı gəzəndən sonra gördüm qardaşlarımız buradadır. Arxa bağçamız buradır. Biz bunlarla birləşib birlik yaratmalıyıq. Amma adam qayıdandan 2-3 gün sonra onu öldürdülər. Türkiyədən mənə bir zəng gəldi ki, ensiklopediya buraxırlar orada qədim erməni tarixini mənim yazmağımı istədilər. Onlara ermənişünas olmadığımı bildirdim. Dedilər bir neçə adamdan maraqlanıblar, sizi məsləhət görüblər. Dedim yaxşı yazaram, amma bir şərtlə. Ermənilərin və hayların tarixi adlı iki məqalə yazacağam. O telefonda quruyub qaldı ki, ilk dəfədir belə bir şey eşidir. Yazıb göndərdim çap da edildi. Erməni sözündən hürkmək lazım deyil. Qıpçaq erməni türk qatı var. Ayırmaq lazımdır. Nizaminin “Xosrov və Şirin”ində Şirin ərmən qızıdır. Ərmən dağına istirahətə gedir. Onun bu ermənilərlə nə aidiyyəti var? Haylar Vedibasara dünən – Türkmənçay müqaviləsindən sonra gəliblər. Qarabağ ermənilərinin 90 faizinin kökü türk olan ermənilərdir. Onlarla İrəvan ermənilərinin dili ayrıdır. Hətta İrəvan erməniləri onlara “dönmə” deyirlər. Bunlar alban türkləri kimi, vaxtilə xristian olublar. Sonralar erməni əlifbasından istifadə etdikləri üçün ərəblər buranı işğal etdiyinə görə erməniləşmə prosesi gedib. Din yolu ilə həmin dönmə ermənilər yarandı. Bilirsiniz, dönmələr əsl ermənilərdən daha qəddar olur. Qarabağ savaşında da həmin bölgədəki ermənilər daha qəddar idilər, içlərində kin var idi. Bu mənada erməni məsələsi olduqca ciddidir.
Xəbər 5116 dəfə oxunub.