06.03.2023 21:49
Hacı Şahinə olan sevgini qısqananlar - “daş” bu dəfə kimin başına düşdü?
İlahiyyatçı Hacı Şahin Həsənlinin dünyasını dəyişməsi Azərbaycanı yasa boğsa da bu hüznün içərisində çatlaq səslər də eşitdik. Hacı Şahinin şəxsiyyətinə olmasa da, ona olan xalq sevgisini hədəfə alan, qaralamağa çalışanlar oldu.
İlk gündən “fəallardan” biri də jurnalist Eynulla Fətullayev oldu. Əvvəlcə dəfn günü yaranmış izdihamı hədəfə alan Fətullayev indi də Hacı Şahini məzarı üstündə ziyarət edənləri hədəf göstərir. Diqqət yayındırmaq üçün isə son zamanların “ənənəvi” metoduna əl atır, Hacı Şahinin qəbri üstündə ağlayanları “daxili və ya xarici qüvvələrlə” əlaqəli olması haqda sual verir.
Əvvəla, Hacı Şahin nə qədər vətənpərvər, Azərbaycan kimliyinə bağlı bir şəxs olduğunu hələ sağlığında fəaliyyəti ilə isbat edib. Məhz elə kənar qüvvələrin dindən istifadəsinin qarşısının alınmasına çalışıb.
Odur ki, ona və onun sevənlərə bu iftiralar yapışmaz.
İkincisi, əgər qəbir üzərində hər hansı təxribat olarsa bununla məşğul olanlar var. Bunu ölkənin milli ənənələrinə təhlükəyə, “hansısa radikallığa” bağlamaq açıq qərəzdir, özü də iyrənc bir qərəz.
Sağlığında onminlərlə insana xitab edən, onların sevgisini qazanmış, dəfnində onminlərin iştirak etdiyi xalqın sevimlisi olan din xadimini yarımçıq sovet ziyalı jarqonu ilə “molla” deyərək öz aləmində aşağılamağa çalışmaq müəllifin dişsiz hikkəsinin əlamətidir. Molla isə “dolu adam” deməkdir. Azərbaycan tarixində, ədəbiyyatında imzası yaşayan onlarla molla adı ilə anılan ədiblər, mütəfəkkirlər var.
Gələk indi işin ittiham hissəsinə. Əvvəla, heç bir insanı zorla harasa aparmaq mümkün deyil. Dəfn günü və sonrakı günlər gündüz və gecə yüzlərlə insanın Hacı Şahinin məzarına axın etməsi, sağlığında onu dinləyən, tanıyan, sevən insanların qəlbindən gələn tələbatdır. Xalq belə şeylərdə dərindir, üfüqi genişdir, ağı-qaradan seçməyi, yaxşını-pisdən ayırmağı bacarır.
İkincisi, qəbir üstündə ağlamaq, mərsiyə demək, xüsusən də dünyasını dəyişən din xadimidirsə, xalqın yüz illərdir etdiyi işdir. Hacı Şahin bir ömür İmam Hüseynə (ə) matəm saxlayıb, sinə vurub və insanlara bunu öyrədib. İndi də onun məzarı üzərində İmam Hüseyni (ə) xatırlamaq, əza saxlamaqdan təbii heç nə ola bilməz.
O ki qaldı burda kənar qüvvənin iştirakına, absurd ittihamdır. Çünki Eynullanın qəsd etdiyi “kənar qüvvələrin” Hacı Şahinə münasibəti elə Eynullanın Hacıya münasibəti ilə eynidir. Onlar da Hacı Şahini gecə-gündüz qaralamağa çalışırdılar, hətta indi də çalışırlar.
Bakıda qəbir üstündəki mərasimi bir kənara qoyaq, bəs Arakanda, İspaniyada, Türkiyədə, Moskvada, eləcə də Azərbaycanın müxtəlif bölgələrində təşkil olunan məclisləri kim və hansı niyyətlə təşkil etmişdi?
Bəs yas mərasiminə, dəfnə gələn dövlət və ictimai-siyasi xadimlər? Milli Məclisin vitse-spikeri Adil Əliyev, deputatlar Qüdrət Həsənquliyev, Vüqar Bayramov, Ziyad Səmədzadə, Cavanşir Feyziyev, şou biznes əhlindən tutmuş digər incəsənət, media nümayəndələrinədək, ictimai şəxslərdən müxtəlif məzhəbli din təmsilçilərinədək, onlar da öyrədilmiş, “xarici qüvvələrin” təsiri altında bunu etmişdilər?
Onların da Azərbaycanla bağlı xüsusi planları var idi?
Bütün bunlar qərəzdən doğan absurd ittihamlar olmaqla yanaşı, həm də məqsədli, hiyləgərcəsinə xof yaratmaq və çirkli suda kirli əməlləri həyata keçirmək cəhdidir. Bu cür qarayaxmalar bir zamanlar Eldar Mahmudov dəstəsinin şantaj metodunu xatırladır.
Amma keçməz, bu dəfə heç keçməz.
Çox şükür ki, bu cür ittihamlar xalqın kimliyinə, inancına olan bağlılığına təsir edə bilmir. Bunun ən gözəl örnəyini Azərbaycan ötən həftə dəyərli din xadimi, inanc insanı Hacı Şahinə münasibətdə ortaya qoydu.
Kənan Rövşənoğlu
Xəbər 1228 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|