Şəki Ağır Cinayətlər Məhkəməsində Göyçay rayon Qarabaqqal bələdiyyəsinin sədri Ramin Nəbiyev, Göyçay rayon İcra Hakimiyyəti Başçısının Qarabaqqal kəndi üzrə icra nümayəndəsi Qurban Kərimov və ETSN-nin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçisi Mübariz Hacıyevin məhkəmə işi başa çatsa da təqsirlənirilən şəxslər çıxarılan hökmdən narazıdır.
Onlar 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sabiq rəisi, hazırda 11 saylı Regional Ekoligiya və Təbii Sərvətlər İdarəsinin Ətraf Mühitin Manitorinqi və Ekoloji Marifləndirmə sektorunun müdiri vəzifəsində çalışan Rafiq Ədilovun heç nə olmamış kimi prosesdən kənarda qalmasını ədalətli qərar hesab etmirlər. İddia edirlər ki, necə ola bilər ki, heç bir sərəncam vermək hüququna malik olmayan məsləhətçi Mübariz Hacıyev 6 il azadlıqdan məhrum edilir, lakin bu işlərin iştirakçısı olan – Mübariz Hacıyevi bütün sövdələşmələrə göndərən Rafiq Ədilov isə sadəcə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsindən çıxarılaraq başqa işə keçirilir. Baxmayaraq ki, ittiham tərəfinin məhkəməyə təqdim etdiyi səs yazısındakı dialoqlardakə qanunsuz torpaq daşınmasında Rafiq Ədilovun bilavasitə iştirakı təsdiqlənir.
İbtidai istintaq zamanı mənə təzyiq oldu...
Təqsirləndirilən şəxs Nəbiyev Ramin məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərib ki, İlham özü ona zəng edib əlaqə saxlayıb, sonra onunla görüşüb. İlhamla ilk dəfə görüşəndən təxminən 1 ay, ay yarım sonra torpaq daşınması ilə bağlı razılaşma əldə olunub, amma torpaq aparmayıb.
Qeyd edib ki, ibtidai istintaq zamanı verdiyi ifadəni xatırlamır və təsdiq etmir. İbtidai istintaq zamanı ona təzyiq olub. Mübariz Hacıyevi tanıyır, onunla eyni rayonda yaşayıe, lakin dostluq münasibəti olmayıb. İlhamın 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları ilə etdiyi söhbətlərdən onun xəbəri olmayıb. Bu işlə bağlı onun Mübariz Hacıyevdən xahişi olmayıb, İlham ona pul verən zaman Mübariz Hacıyevlə bağlı aralarında söhbət də olmayıb. İlhamla Mübariz arasında olan söhbətləri xatırlamır, həmin zaman onların yanında deyilmiş. Habelə onun, Mübariz Hacıyevlə görüşü olmayıbr.
Foto: Ramin Nəbiyev
İbtidai istintaq zamanı Mübariz Hacıyevlə aralarında üzləşmə istintaq hərəkəti olub, Mübariz Hacıyevlə arasında olan üzləşmə istintaq hərəkəti zamanı məhkəmədə dediklərini deyib. Bələdiyənin maddi imkanı olmadığından, onlar Mübariz müəllimlə məsləhətləşiblər ki, torpağı başqa ərazidən vermək mümkündür ya yox? O da mümkün olmayıb. Mübariz müəllim də karyer yerindən torpaq verilməsinə etiraz etməmişdir. Ekologiya İdarəsinə İlham özü müraciət edib, onlar müraciət etməyib.
Ora idarə rəisinin göstərişi ilə getmişəm…
Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Hacıyev Mübariz Hüseyn oğlu ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, tarixini dəqiq xatırlamadığı gündə İlham Əzimov işlədiyi idarəyə gəlib və o, İlhamla birlikdə idarə rəisinin yanına gedib. İlham Göyçay rayon Qarabaqqal kənd bələdiyyəsinə məxsus ərazidən torpaq daşımaq üçün icazə istəyib. Sonra isə həmin gün axşam saatlarında onlar birlikdə restorana gedib orada yemək yeyib. İlhamdan torpağı hara daşıyacağını soruşub, İlham da torpağı Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən körpünün altına aparacağını deyib. İlham təkidlə hər kub metr torpağa görə 1 manat pul təklif edib. Həmin vaxt ona həmin ərazidə olan karyerdən torpaq apara biləcəyini bildirib. 16 aprel 2021-ci il tarixdə təxminən 10:00- 10:30 radələrində işlədiyi idarəyə gedib və işlədiyi idarədən də evə qayıdıb, sonra isə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Foto: Mübariz Hacıyev
Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərib ki, Ramin Nəbiyevlə 02.04.2021-ci il tarixdə görüşməyib, ondan hər hansı məbləğdə pulu qəbul etməyib, ümumiyyətlə Ramin Nəbiyev və İlham Əzimovla yalnız bir dəfə rayon ərazisində restoranların birində yemək yeyərkən görüşüb, həmin vaxt ora idarə rəisinin göstərişi ilə gedib, orda İlhama yalnız karyer ərazisindən torpaq aparmağı barədə icazə verilə biləcəyi bildirib, bunun üçün də ekspertiza idarəsindən icazə alınmasının məcburiliyi ona deyilib. Ondan hər hansı bir məbləğdə pul tələb edilməyib və alınmayıb.
Rəis ona… sən get axşam Mübariz Hacıyevlə görüşərsən
Cinayət işinin materiallarında olan 03.02.2021-ci il tarixli “Ərizə”dən görünür ki, Əzimov İlham Yusif oğlu həmin tarixdə yazılı ərizə ilə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edərək Göyçay rayonu Qarabaqqal kənd Bələdiyyəsinin sədri Nəbiyev Ramin Cavanşir oğlu və Göyçay rayon İcra Hakimiyyəti başçısının Qarabaqqal kənd icra nümayəndəsi Kərimov Qurban Ağarəhim oğlunun qanunsuz əməllərinin müəyyən edilərək onların məsuliyyətə cəlb edilməsi məsələsinə baxılmasını xahiş etmişdir.
Şahid İlham Əzimov da məhkəməyə verdiyi ifadəsində bildirib ki, ekologiya idarəsinin Vüqar adlı hüquqşünası ona zəng edib idarəyə dəvət etmişdir. Ekologiya idarəsində rəis ilə görüşdüyü zaman rəis ilk öncə imtina etmiş, o da Ramin Nəbiyevə, rəisin onunla razılaşmadığını bildirmiş, Ramin müəllim rəislə danışdıqdan sonra, rəis ona bildirmişdir ki, sən get axşam Mübariz Hacıyev ilə görüşərsən.
Hüquqşünasla söhbət əsnasında hansı səbəbdən gəldiyini demiş, sonuncu isə bu məsələnin idarə rəisinin səlahiyyətinə aid olmasını deyib onu rəisin qəbuluna salacağına söz vermişdir. Hüquqşünasla aralarında işin detalları, habelə pul ilə bağlı danışıq olmamış, o, Vüqara pul təklif etməmiş, Vüqar da ondan hər hansı məbləğdə pul istəməmişdir. Hüquqşünasla bir qədər danışdıqdan sonra sonuncu onu həmin idarənin Rafiq adlı rəisinin qəbuluna salmışdır.
Rəisin qəbulunda olarkən də videoyazı və səsyazma cihazı işlək vəziyyətdə olub. Qəbulda olarkən rəisdən Qarabaqqal kəndi ərazisində 100 maşın torpaq sahəsini daşımağa icazə almaq üçün müraciət etdiyini bildirib, bununla bağlı köməklik göstərməsini xahiş edib, danışıq zamanı ilkin olaraq Rafiq müəllim bunun mümkün olmadığını bildirsə də söhbətlərinə inzibati binanın həyətində davam edən zaman Rafiq işi kiminlə görəcəyini maraqlanıb, o, Qarabaqqal bələdiyyəsinin sədri ilə iş görəcəyini deyib, həmin əsnada Ramin mobil telefonla zəng edib, vəziyyəti izah etdikdə Ramin dəstəyi Rafiq müəllimə verməyini xahiş edib, danışıqdan sonra Rafiq müəllim həmin vaxt yanlarında olan, sonradan adının Mübariz olmasını bildiyi həmin idarənin əməkdaşına axşam Qarabaqqal kəndinə gedib orada onun iştirakı ilə Raminlə bu barədə görüşüb danışmağı, görüşün nəticəsi barədə ona məlumat verməyini tapşırıb…
Bundan sonra o, həmin gün bir yol maşını ilə Mingəçevirdən Göyçaya, daha sonra Qarabaqqal kəndinə gəlib, Raminlə zəng edib onunla kafelərdən birində görüşüb, görüş zamanı ekologiya idarəsində baş verənlər barədə, habelə Mübarizin axşam onlarla görüşəcəyi barədə məlumat verdikdə, Ramin Ekologiya İdarəsinin rəisi Rafiq müəllimin onun xarici görünüşcə işgörən adam olmadığı qənaətinə gəlməsini, buna görə onunla açıq danışmadığını deməsini bildirib, daha sonra Ramin Mübarizə zəng edib olduqları yer barədə məlumat verib.
Mübariz gələnə qədər Raminlə işlə bağlı danışıqlar aparıb, habelə hələ Mübariz gələnə qədər Ramin ondan verəcəyi puldan 3.000 manat verməyi tələb etdiyindən, o da pul qabından çıxarıb sayaraq həmin pulu Raminə verib. Mübariz gələnə qədər Raminlə işlə bağlı danışıq olsa da əhəmiyyət kəsb edəcək başqa hadisə baş verməyib.
Qeyd edib ki, həmin gün Raminlə görüşəndən həmin görüş qurtarana qədər üzərində videoçəkiliş və səsyazan qurğu olub, bütün söhbətlər qeydə alınıb.
Mübariz rəisi ilə danışıb razılıq aldıqdan sonra dəqiq söz deyəcəyini bildirdi…
Mübariz gəldikdən sonra söhbət əsnasında rəisi Rafiq Ədilovun guya 100 maşın torpağı daşımağı üçün sonuncuya onun 2.000 manat pul təklif etdiyini deməsini bildirdikdə o, Rafiqlə arasında pul barədə danışıq olmamasını deyib. Belə olan halda Mübariz rəisin ona onun həmin işin müqabilində ən çoxu 2.000 manat verəcəyini düşünməsini ehtimal etdiyindən belə deməsini yəqin edib, habelə rəisin 100 maşın torpaq aparacağını deyib reallıqda 150 maşın aparacağını düşündüyünü deməsini bildirib, bundan başqa danışıq zamanı 150 deyil, maksimum 120 maşın torpaq apara biləcəyini, buna görə danışıqlar zamanı o, kimi xitab etdiyi, əslində isə rəisi Rafiqi nəzərdə tutaraq sonuncunun bu iş üçün 5.000 manat pul tələb etdiyini deyib…
Foto: Rafiq Ədilov
Lakin Mübariz yalnız rəisi ilə danışıb razılığını aldıqdan sonra dəqiq söz deyəcəyini bildirib. Bundan başqa İ.Əzimov ona ünvanlanan
“31.03.2021-ci il tarixdə Mingəçevir şəhərində yerləşən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati binasında habelə sonradan həyətində aparılan gizli çəkilişin görüntüləri, habelə həmin görüntülərə baxış keçirilməsi haqqında protokol sizə təqdim edilməklə həmin görüntülərdəki şəxslərin kimliyi, protokolda göstərilənlər yəni danışıqlar zamanı şəxslər tərəfindən işlədilmiş sözlərin doğruluğu barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq göstərib ki, videogörüntüyə baxdı, baxış protokolu ilə tanış oldu, baxış protokolunda qeyd edilənlər tam doğrudur, həmin vaxt danışıqlar onunla həmin idarənin hüquqşünası Vüqar, daha sonra idarənin rəisi Rafiq, bundan sonra, onun mobil telefonundan istifadə etməklə Ramin Nəbiyevlə Rafiq Ədilov, sonradan isə Rafiq Ədilovla onun və idarənin əməkdaşı Mübariz Hacıyev arasında aparılıb. Baxış protokolunda göstərilənlərlə videogörüntüdə olan danışıqlar tamamilə uyğundur.
Sövdələşməni əvvəl Rafiq Ədilov aparır…
WhatsApp Audio 2021-04-15 at 11.00.16 (3) adlı səs faylına baxış zamanı İlham Əzimov həmin danışığın onunla regional idarənin Rafiq adlı rəisi arasında 30.03.2021-ci il tarixdə aparıldığnı bildirib. Danışığın məzmunu aşağıdakı kimidir:
Rafiq Ədilov müdir (bundan sonra R. Ə.): Salam əleyküm.
İlham Əzimov (bundan sonra İ. Ə.): Salam Əleyküm.
R. Ə.: İlhamdır danışan?
İ. Ə.: Bəli.
R. Ə.: İlham müəllim, Rafiqdir sizi narahat edən. Sən iranlısan yoxsa bakılı?
İ. Ə.: Mən, bakılı.
R. Ə.: Sənin yanında iranlı var, bu kərpiczavodla bağlı.
İ. Ə.: Bəli, bəli.
R. Ə.: Ay İlham, bildin niyə narahat elədim? Mən uzun müddət bu Abşeronda olan kərpiczavodlarla yoldaşlığım olub, işləmişəm, indi bir məsələniz var idi, o mənə də gəlib çıxmışdı ona görə maraqlandım, zavodunuz haradadır sizinki?
İ. Ə.: Bizim zavodumuz Biləcəridədir. Biləcəridə Binəqədi yolunun üstündə.
R. Ə.: Ay qardaş, mən birinci dəfədir orda sex eşidirəm. Siz kərpic buraxırsız yoxsa keramika zad buraxırsız?
İ. Ə.: Müəllim, biz sexi təzə götürmüşük, biz hələ əlvan metalları qəbul edirik. Sonra buraxacağıq.
R. Ə.: Əlvan metalları qəbul edirsiz?
İ. Ə.: Nə gəldi, yəni torpaqları gətirəndən sonra, sözün açıqı bizim müdirimiz, mənim əmimoğludu, bir də iranlı onun şərikidir. Onlar pul buraxır, mən işləyirəm.
R. Ə.: İranlılardan kimdir? Köhnə iranlılardandır, təzədir?
İ. Ə.: Vallah, indi təzə tanış olublar, köhnədir onları özləri bilərlər.
R. Ə.: Nadir zad deyilki?
İ. Ə.: Xeyr, xeyr. Həsəndir.
R. Ə.: Əvvəldən burda işləyəndir? Al-ver zad edəndir?
İ. Ə.: Hə, əvvəldən Bakıya gəlib-gedəndir. Bakının hər tərəfin tanıyır.
R. Ə.: O, meyvə işinə, meyvə-tərəvəz işinə baxmır ki? Bilmirsən?
İ. Ə.: Yox. İndi ancaq əmioğlu ilə o optovoy işlərinə baxırlar.
R. Ə.: Optovoy nəyinə?
İ. Ə.: Optovoy, xaricdən, Türkiyədən, Kitaydan mal vururlar burda dükanlara paylanır.
R. Ə.: Nə malları?
İ. Ə.: Nə bilim, baxırlarda, ən çox zapçast satırlar, maşın zapçastları.
R. Ə.: Bu köhnə anbardandırsa mən onu tanımamış deyiləm.
İ. Ə.: Adı Həsəndir.
R. Ə.: Bu nömrə mənimdir, sən Həsənə lazım olsa, ehtiyyac olsa bu nömrəni verərsən. Bir dənə o gil məsələniz var ona görə mən maraqlandım.
İ. Ə.: Bəli, bəli.
R. Ə.: Qurmusuz oranı? Hazırdır uje?
İ. Ə.: Hazırdıye, prosto, mən oların yanında bir dəfə yalançı çıxmışam, yəni sözün açığı, mənə arxayın deyillərki get danış, söhbətini elə burax maşınları qoy daşısın, mən də bunlara söz verdimki hazırdır, danışıblar hazırdır. Mən gedib camaatla görüşürəm, camaatın söhbətin edirəm, maşınlar daşıyır da gilləri. Gəldim alınmadı. Alınmadı, indi təzədən onlara demişəmki alınıb da yəni işıq yolu var, ekologiya ilə danışılıb. Deyirlər, danışılıb, sabah get görüş kim ilə lazımdısa nədi, nə deyil, söhbətini elə, maşınlar daşısın.
R. Ə.: Sən kiminlə danışmısan ekologiyanı?
İ. Ə.: Ekologiyanı mən danışmadım, mən Raminlə danışmışam.
R. Ə.: Ramin kimdir?
İ. Ə.: Bələdiyyə.
R. Ə.: Harada?
İ. Ə.: Qarabaqqalda.
R. Ə.: Hə, Ramin dedi ki, mən sənə şərait yaradaram daşıyarsan?
İ. Ə.: Yox, mən getdim, Ramin dedi ki, belə problem yoxdur daşıya bilərsən, amma ekologiya dedi mənlik deyil. Ekologiya dedi icazə vermir, Bakıdan yoxlama zad gəlirdi. 1 həftə dedi burda olacaqlar hələ. Ekologiyaya görə bizim işimiz alınmadı. Bilmək olar, siz kim idiz?
R. Ə.: Elə mən o köhnə dostlardan tanışlardan, əvvəllər kömək lazım olanda mən onlara kömək eləmişəm. Amma indi biraz o məsələlər qəlizləşib də. Ekologiya qoymur, icazə vermir.
İ. Ə.: Bildim, haranın işçisisinizki?
R. Ə.: Mən elə Bakıda yaşayıram, oralarda lazım olanda kömək etmişəm həmişə.
İ. Ə.: Allah razı olsun, Allah köməyiniz olsun. Köməklik edirsinizsə, bizə də edin də.
R. Ə.: Siz elə, kimə demisinizsə onunla görüşün, görün nə kömək edir nə deyir sizə, sonra nəsə lazım olsa deyərsən.
İ. Ə.: Bizə bir dobro verilməyib axı.
R. Ə.: Siz kimə demisinizsə, onunla bir də danışın görün nə deyir.
İ. Ə.: Yəni siz onunla danışmısız? Mən ona yığım?
R. Ə.: Siz gedin oturun görüşün...
İ. Ə.: Mən əvvəldən dedim ki, telefon söhbəti deyil, mənə dobro versinki mən gedim onunla görüşüm. Mənə dobro vermir, mən necə gedim onunla görüşüm? Belə oldu söhbətimiz qaldı.
R. Ə.: Sən elə denənki, ordan dobro almasa da get görüş gör nə deyir.
İ. Ə.: Oldu.
Aşağıdakı dialoq isə Rafiq Ədilovla Bələdiyyə sədri Ramin Nəbiyev arasında baş verib:
Rafiq: Qardaş, gələrsən bura, hamısın başa salaram. Heç bu kişinin o işdən xəbəri yoxdur. Bu kişini elə göndəriblər gedir o başa, gəlir bu başa. Bu pulun yiyəsi var, bu işin yiyəsi var. Bu kişinin deyil bu iş.
İ. Ə.: Onlar mənlikdi müəllim.
Rafiq: Sənə pul veriblər ki, get bu işi gör. Ona görə Mübariz axşam gələcək də, onunla görüşərsən danışarsan. Mübariz sənə bu günki vəziyyəti başa salar. Qardaş işi gərək elə görəsənki, sabah özündən səviyyəsizin qabağında alçalmayasan.
R. N.: Müəllim, üzr istəyirəm. Adınız nə oldu?
Rafiq: Rafiq.
R. N.: Biz görüşməmişik?
Rafiq: Yox
R. N.: Rafiq müəllim, dediyin çatdı.
Rafiq: Axşam Mübarizlə görüş, orada onu ətraflı müzakirə edərsiz.
Bax belə…
Göründüyü kimi, bütün ifadələr, səs yazıları və dialoqlar bu “cinayətin” ideoloqunun Rafiq Ədilov olduğunu göstərir. Amma cəzanı başqası çəkir…
Mövzunu davam etdirəcəyik...
Yusif Əli
XəzərNews.az
Xəbər 3734 dəfə oxunub.