Lifli çiyid, xarab gübrə və şor su. Bunlar birlikdə bu il Biləsuvarda bir çox fermerin dolanışığını alt-üst edib.
Biləsuvarın Aranlı kəndindən olan 26 yaşlı fermer Həsənəli İbayev illərdir pambıq əkini ilə 8 nəfərlik ailəsini dolandırdığını söyləyir. Deyir, hər il azı 35 – 40 sentner pambıq götürüb. Bununla birtəhər dolanıb. Bu il isə o, cəmi 13 sentner məhsul götürüb, rayonlarındakı pambıq zavoduna borclu qalıb:
“Sahədə alaq otu təmizləyən qadınlardan tutmuş, hamıya, hər yerə borcum var. Kəndə çıxa bilmirəm. Ödəməyə də pulum yoxdur. Bir ara dedilər ki, guya dövlət kompensasiya ödəyəcək, ondan da səs çıxmadı”.
Həsənəli İbayev deyir ki, hər il məhsula azot gübrəsi verib, narazı da qalmayıb. Bu ilə isə azot əvəzinə karvovit veriblər:
“Zavoda şirkətlərdən gəlir. Onlar da xaricdən gətirir. Deməli, mənim aldığım həmin gübrənin üzərində SOCAR-ın etiketi var idi. Təkcə mən yox, bu il rayonda məhsul əkənlərin hamısı o gübrədən istifadə edib. Hektarına 250 kilo almışdıq. Düşünürük ki, gübrə keyfiyyətsiz olub”.
Fermerlər bu il gübrə ilə yanaşı, quraqlıqdan da əziyyət çəkiblər. Həsənəli İbayev deyir ki, pambıq çox nazlı bitkidir, gərək onunla yaxşı davranasan. Bura vaxtlı-vaxtında suvarmaq, alaqlarını təmizləmək daxildir:
“Mən düşünürəm ki, minimum 5 dəfə su vermək lazımdır. Ancaq bu il sahəmə dövlət cəmi bir dəfə su açdı. O da min bir müsibətdən sonra. İcra Hakimiyyətinə getdim, qəbulda oldum. Həm də şəhid ailəsi olduğumuzdan bizim sahəyə bir dəfə su açdılar”.
Həsənəli İbayev bu il pambığa cəmi iki dəfə su verə bilib. Biri icra başçısının tapşırığı ilə açılan su, digəri isə şor su kollektorundan götürdüyü su ilə:
“Əslində məhsulu şor su ilə suvarmazlar. Amma əlacım qalmadı, məcburiyyətdən şor su kollektorunun önünü bağladım. Orda toplanan suyu motorla, borularla sahəyə verdim. Elə məhsuldarlığın bu səviyyədə olmasının bir səbəbi də həmin şor sudur. Bir sözlə, kəndlini pis duruma salmaq üçün əllərindən gələni edirlər”.
Daha bir problem isə çiyidlə bağlıdır. Həsənəli İbayev bildirir ki, bu il dövlətdən aldığı çiyid lifli olub.
Məhsuldarlığı pis olmasında onun da rolu var:
“24 hektarda pambıq əkmişdim. Gecə-gündüz işləmişəm. Sonda nəticəsi bu oldu. İş elə gətirdi ki, indi də gecə-gündüz Bakıda fəhləlik edib, gətirib zavoda olan borcumu ödəyirəm. Quzu almışdım, deyirdim kökəldim satım. Uşaqların geyiminə, anamın-atamın dərmanlarına, həkiminə xərcləyərəm. Onları da satıb borca verməli oldum. Bir sözlə, mən həm əziyyət çəkdim məhsul əkdim, indi də o məhsulun zibilinə düşmüşəm. Bütün günü işləyib borc qaytarıram. Ailəm də qalıb pis durumda. Bu gün qaza 250 manat borcum var, ödəyə bilmirəm. Yəqin bu gün, sabah onu da kəsərlər”.
“Gözüm qorxmuşdu, düşünürdüm ki, bu il heç nə əkmərəm. Rayon rəhbərliyi iclas etdi, söz verdilər ki, bu il belə problem olmayacaq. İnandıq, əkdik, başımıza da bu gəldi. İndi də deyirlər guya Prezident bu işlə məşğuldur, kompensasiya veriləcək. Hələ bir səs yoxdur, gözləyirəm”.
Həsənəli İbayev deyir ki, bu gün ailəsi başlarına gələn bu hadisəyə görə çətin durumda yaşayır:
“Atam ürək xəstəsidir, anamın qolunda şiş var. Bacımın uşağı xəstədir, hər yerə müraciət edirik, heç ona da kömək etmirlər. Bu gün deputat gəlib deyirlər, problemləri dinləyəcək. Gedəcəm qəbuluna, bir ümid. Görüm nəsə kömək edə bilərmi. Hər şey normal olanda özümüzü dolandırırdıq. Şərait yoxdur deyə, pis günə düşmüşük. Dövlət araşdırmalıdır, niyə su verilmir. O verilən gübrə niyə keyfiyyətsizdir”.
Kənd Təsərrüfat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov Meydan TV-yə bildirib ki, gübrə ilə bağlı iş onların nəzarətində deyil. Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmək lazımdır. Çünki ölkəyə gətirilən gübrənin keyfiyyətinə, tərkibinə onlar cavabdehdir:
Vüqar Hüseynov deyir ki, Qida Təhlükəsizliyi Agentliyinin özünün laboratoriyaları var və fermer müraciət edə, orada həmin gübrənin keyfiyyətini yoxlada bilər.
Qida Təhlükəsizliyi Agentliyindən problemlə bağlı cavab almaq mümkün olmayıb.
Biləsuvar Sukanal Sahəsindən bildirilib ki, bəli, 2 ildir ki, isti havalarda su qıtlığı yaşanır. Ancaq bu, ümumi problemdir və təkcə Biləsuvarda yox, yaxın bir neçə rayonlarda olub:
“Problemin həlli üçün müraciət olunub. Ümid edirik gələn ildən bu problemlə üzləşməyəcək fermerlər”.
Bu ilin iyulunda Biləsuvar sakinləri su probleminə görə hətta yolları da bağlayıb. Etiraz edənlər içində saxlananlar da olub.
Bir neçə il bundan əvvəl pambıqçılıq Azərbaycanda prioritet sahələrdən biri elan edilib. Rəsmilər son illər pambıqçılığın ölkədə inkişaf etdirildiyini vurğulayaraq əlavə ediblər ki, pambıq Azərbaycanın ixrac potensialında önəmli yer tutur. Hətta “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” da qəbul olunub.
Rəsmi məlumata görə, 2018-ci ilin 8 ayında ölkədə 156 min hektarda pambıq əkilib. Pambıq qəbulu məntəqələrinə isə 158 min 83 ton məhsul təhvil verilib. Dövlət Statistika Komitəsinin vurğulamasına görə, bu, 2017-cu ilin eyni dövrü ilə müqayisədə 38 min 343 ton çox idi.
2020-ci ilin iyulunda Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunan müzakirələrdə Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, 100 min hektardan çox sahədə pambıq əkini həyata keçirilib. Lakin qeyd edildiyinə görə, 7 min hektar sahədə birinci vegetasiya suvarması başa çatmayıb: “Eyni zamanda, 49 min hektar sahədə ikinci vegetasiya suvarması həyata keçirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 min hektar azdır. Pambığın suvarılmasında ən kritik faza ikinci vegetasiya suvarmasıdır. Pambığın ikinci vegetasiya suvarması vaxtında aparılmasa, məhsuldarlığın 25-40 faiz aşağı düşməsi ilə üzləşə bilərik”.
Onun qeyd etməsinə görə, pambığın suvarılması üzrə əsas problemlər daha çox Saatlı, Sabirabad, Biləsuvar, Zərdab, Salyan və Neftçala rayonlarında müşahidə olunur./Meydan TV
Xəbər 3562 dəfə oxunub.