İndiki səfir keçmiş səfir Tələt Əliyev barədə Ukraynanın Baş Prokurorluğuna şikayət edib.
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bu ölkədəki sabiq səfirimiz Tələt Əliyev barədə Ukraynanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinə şikayət göndərib. A.Xudiyev iddia edir ki, T.Əliyev səfir olduğu dövrdə diplomatik nümayəndəliyin binasını təmir etdirərkən, böyük məbləğdə vəsaiti mənimsəyib. Səfirin şikayəti əsasında məhkəmə T.Əliyevin mənzilində axtarış aparılması barədə qərar çıxarıb.
XəzərNews.az bildirir ki, məsələnin təfərrüatına aydınlıq gətirmək məqsədilə Missiya.Az-ın əməkdaşı sabiq səfir T.Əliyevlə əlaqə saxlayıb. 2001-ci ildən 2010-cu ilə qədər səfir kimi fəaliyyət göstərmiş T.Əliyev uzun illərdir ki, Kiyevdə yaşayır və hazırda fəal diaspor üzvü kimi Ağsaqqallar Birliyinə rəhbərlik edir.
T.Əliyev bildirib ki, səfir A.Xudiyev ondan qisas almağa çalışır: “Məsələ burasındadır ki, mən Azərbaycanın Ukraynadakı səfiri olduğum vaxtlarda, Azər Xudiyev mənim diplomatım idi. O həmin vaxtlar özünü yaxşı aparmadığı üçün barəsində bəzi fikirləri Azərbaycanın Xarici İşlər Nazirliyinə yazmışdım. İndi isə o, burada səfir olub. Hazırda mənə qarşı axmaq hərəkətlər etməyə başlayıb. Məndən qisas almaq istəyir. Barəmdə Ukraynanın Daxili İşlər Nazirliyinə və Ukraynanın Paş Prokurorluğuna müxtəlif məlumatlar göndərib. Guya mən səfirliyi təmir etdiyim zaman, böyük məbləğdə vəsaiti mənimsəmişəm. Urkayna məhkəməsinin qərarı ilə evimdə axtarış da aparılıb. Bildirildi ki, səfirliyin 2002-ci ildən 2018-ci ilin yanvarına qədər olan blanklarını, mühasibatlıq, təsərrüfat və iqtisadi sənədlərini, möhürlərini və disklərini axtarırlar. Onlara sual verdim ki, 2010-cu ilin 15 iyulunda səfirliyi təhvil vermişəm. Həmin vaxtdan səfirliklə heç bir əlaqəm yoxdur. Siz məni hansı əsasla 2018-ci ilin yanvarına qədər yoxlayırsınız? Mənə dedilər ki, məhkəmənin qərarı var və biz axtarışlar aparmalıyıq. Əlbəttə, axtarış zamanı evimdən heç nə tapmadılar. Amma mənim həyat yoldaşımın işlədiyi şirkətin sənədlərini apardılar”.
T.Əliyevin sözlərinə görə, səfir A.Xudiyev onun həbs olunması üçün Ukraynanın hüquq-mühafizə orqanlarına ardıcıl müraciətlər göndərir: “Ulu öndərimiz Heydər Əliyev o vaxt mənə Fövqəladə və Səlahiyyətli səfiri dərəcəsi vermişdi. Bu ad indi də qüvvədədir. Səfir vəzifəsindən geri çağırılan zaman həmin adı mənim üzərimdən götürmədilər. Hazırda pensiyadayam. 9 ilə yaxındır ki, mənim səfirliklə heç bir əlaqəm yoxdur. Azər Xudiyevin mənimsəmə iddiasının təbii ki, heç bir əsası yoxdur. Ümumiyyətlə, Azər Xudiyevin mənə qarşı etdiyi bu haqsızlıq diplomatiya ənənələrində bu sahəyə xələl gətirən görünməmiş hadisədir. Təmir Azərbaycanın Xarici İşlər Nazirliyinin və Layihə İnstitutunun nəzarətində olub. Nazirlik təmir işlərini diqqətlə yoxlayıb. Heç nə ortaya çıxmayıb. Məndən sonra bir müddət müvəqqəti işlər vəkili fəaliyyət göstərdi. Sonra Eynulla Mədətli Ukraynada səfir oldu. Heç bir problem yaşanmadı. Amma Azər Xudiyev səfir kimi fəaliyyətini unudub insanlarla düşmənçilik aparır, qisas almağa çalışır. O, təkcə mənə qarşı deyil, ümumən buradakı Azərbaycan diasporunun nümayəndələrinə qarşı da eyni hərəkətləri edir. Başa düşmək olmur ki, məqsədi nədir, niyə Azərbaycan diasporuna qarşı belə düşmən mövqeyində dayanıb? Görünən odur ki, burada diasporu məhv etmək və insanları üz-üzə qoymağa, fəallara problemlər yaratmağa çalışır. Bunun üçün isə Ukraynanın hüquq-mühafizə orqanlarındakı şəxsi əlaqələrindən istifadə edir. Faktiki olaraq, bu gün Ukraynada yaşayan azərbaycanlıların səfirliklə əlaqələri kəsilib. Azər Xudiyevə görə heç kəs o binaya üz tutmaq istəmir. Ümumiyyətlə, Azər Xudiyev elə bir vəziyyət yaratmağa çalışır ki, buradakı diaspor fəallarının başı öz problemlərinə qarışsın. Dövlət maraqları, ümumi mənafe onu qətiyyən maraqlandırmır. Hazırda onun əsas işi diaspor fəalları barədə Ukraynanın hüquq-mühafizə orqanlarına əsassız şikayətlər yazmaqdan ibarətdir”.
T.Əliyev bildirib ki, baş verənlərlə bağlı Prezident İlham Əliyevə, Xarici İşlər Nazirliyinə və Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət hazırlayır: “Bundan başqa, gələn həftə Kiyevdə mətbuat konfransı da keçirməyi planlaşdırıram. Şəxsimə qarşı yönəlmiş mənəvi terror barədə ictimaiyyəti məlumatlandıracam. Azər Xudiyevin böhtanları, əsassız şikayətləri qarşısında susmayacam. Qoy hamı bilsin ki, Azər Xudiyev Ukraynadakı azərbaycanlılara, Azərbaycan üçün böyük işlər görmüş insanlara müharibə elan edib və o, səfir kimi vəzifələrinin icrası ilə deyil, şəxsi müstəvidə “razborkalar” aparmaqla məşğuldur. Mən ulu öndərimiz Heydər Əliyevə sadiq olmuşam, onu Azərbaycanın xilaskarı hesab etmişəm və bu gün öz mövqeyimdə qalıram. Onun böyük ideyalarının uğurlu davamçısı olan Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyən adamam və bu, həmişə belə olacaq. İndi mən şəxsi hikkəsinin əsirinə çevrilmiş bir səfirin əsassız ittihamları ilə üz-üzə qalmışam. Azər Xudiyevin belə fəaliyyət nümunəsi bilavasitə dövlət maraqlarına, ümummilli məsələlərimiz ətrafında birlik çağırışlarına zərbə vurur. O, öz hərəkətləri ilə Ukrayna ictimaiyyətində Azərbaycan və azərbaycanlılar barədə mənfi rəy yaradır. Ukraynada çox təhlükəli vəziyyət müşahidə olunur. Azər Xudiyevin sayəsində bu gün Azərbaycan səfirliyi ilə Azərbaycan diasporu arasında böyük bir uçurum yaranıb. Dövlət təcili olaraq müdaxilə etməlidir. Bu adamı bura Ukrayna-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində iş görməyə göndəriblər. Amma o, bunun yerinə Ukraynadakı azərbaycanlılara qarşı “Səlib yürüşü”nə çıxıb”.
Xəbər 4643 dəfə oxunub.