10.10.2024 17:51
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Avropa İnsan Hüquqları Məhkəməsi keçmiş Baş prokuror və sabiq səfir, hazırda təyin edilmiş 10 il müddətinə azadlıqdan məhrumetmə növündə cəza çəkən Eldar Həsənovun Azərbaycana qarşı iddiası ilə bağlı qərarını elan edib.
Xəzərnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmə işi ərizəçi Eldar Həsənovun səfir işlədiyi müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, dövlət vəsaitini təyinatı üzrə istifadə etməmə, mənimsəmə, çirkli pulların yuyulması və Azərbaycanın Serbiyadakı səfirliyində törədilən saxtakarlıq cinayətlərinə görə tutulması və məhkəməyə qədər həbs edilməsi ilə bağlı olub.
Ərizəçinin şikayəti Avropa İnsan hüquqları Konvensiyasının 3-cü (qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi), 5-ci (azadlıq və təhlükəsizlik hüququna qanunsuz müdaxilə) və 18-ci (əsassız məhdudiyyətlərin tətbiqinin qarşısının alınması) maddələrinə əsaslanıb.
Məhkəmə 10 oktyabr 2024-cü ildə yayımladığı qərarına əsasən, Eldar Həsənova münasibətdə Konvensiyanın 3-cü maddəsinin və 5-ci maddəsinin 3-cü hissəsinin pozulduğu qənaətinə gəlib, ərizəçinin 13 avqust 2020-ci il və 2 iyul 2021-ci il tarixləri arasında həbsdə olarkən xəstəlikləri üçün adekvat tibbi müalicə almadığını bildirib.
Göstərilənlərlə əlaqədar ərizəçiyə maddi ziyana görə 6000 avro, xərclər və məsrəflərə görə 3234 avro ödənilməsi qərara alınıb.
Bununla belə, Avropa Məhkəməsi Eldar Həsənovun Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin pozulduğu, yəni onun həbsinin və həbsdə saxlanılmasının onun cinayət əməli törətdiyinə dair əsaslı şübhələrə əsaslanmadığı iddiasını rədd edib.
“İş üzrə sübutlar ərizəçini vəzifə səlahiyyətlərindən sui-istifadə və dövlət vəsaitlərinin təyin olunduğu məqsədlərdən kənar istifadəsi ilə bağlı cinayət əməli törətməkdə obyektiv olaraq əlaqələndirib və ona qarşı “əsaslı şübhə” yaratmağa kifayət edib. Bundan başqa, iş materiallarından görünür ki, təxminən bir ay sonra, ərizəçi həbs edildikdən və ona ittiham irəli sürüldükdən sonra, istintaq tərəfindən ilkin şübhəni dəstəkləyən əlavə sübutlar əldə edilib və o, daha sonra ona qarşı irəli sürülən digər cinayət əməllərində ittiham edilib”, - deyə Avropa Məhkəməsinin qərarında qeyd edilib.
Odur ki, Avropa İnsan Hüquqları Məhkəməsi Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi və 18-ci maddəsi üzrə şikayətləri məqbul hesab etməyib, bu hissədə pozuntu olmadığı qənaətinə gəlib.
Qeyd edək ki, Azərbaycanın keçmiş Baş prokuroru, həmin vaxt Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri vəzifəsini tutan Eldar Həsənov 2020-ci ilin avqust ayında Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə saxlanılıb, istintaqa cəlb edilərək həbs edilib.
Xəbər 7689 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|