“Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Azərbaycanda birgəyaşayış: Azsaylı xalqların sosial-mədəni dəyərlərinin təbliği istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində Quba rayonunun Səbətlər kəndində yaşayan tat icması ilə görüş keçirilib.
İB-dən Xəzərnews.az-a verilən məlumata görə, icma görüşündə İctimai Birliyin sədri Niyaz Niftiyev layihənin əsas məqsədinin müstəqillikdən sonra tatların sosial-mədəni inkişafının öyrənilməsi olduğunu bildirib.
“QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə hər il digər ictimai birliklər də bu istiqamətdə layihələr həyata keçirir, ayrı-ayrı xalqların tarixini, mədəniyyətini öyrənirlər. Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasəti elan olunub. QHT-mizin üç dildə multikultural.az internet portalı fəaliyyət göstərir və Azərbaycanda yaşayan azsaylı xalqlar, etnik qruplarla bağlı informasiyalar yayırıq”, - deyə N.Niftiyev əlavə edib.
N.Niftiyev əlavə edib ki, azlıqlar mediada çıxmaqda zəiflik nümayiş etdirirlər:
“Məsələn biz tat icması ilə bağlı yanlız Azəri-Tat Mədəniyyət Mərkəzindən informasiya ala bilirik. Düşünürəm ki, tat icması bu məsələdə fəal olmalı, məlumat bolluğu yaratmalıdırlar. Sosial şəbəkələrdə, tat müəllimlər, ziyalılar, həkimlər özlərinin təmsil etdikləri xalqla bağlı informasiya verməlidirlər. Bu informasiyaların verilməsində heç bir məhdudiyyət yoxdur. Siz (tat) öz bayramlarınızı, adət-ənənələrinizi, dilinizi, geyiminizi, mətbəxinizi qorumalısınız. Dövlət istəyir ki, sizin kimi xalqlar öz adət-ənənənələrini, mədəniyyətlərini qoruyub saxlasınlar”.
Görüşdə çıxış edən tanınmış ictimai xadim, tat icmasının fəal üzvü Əkrəm Qaflanoğlu tatların tarixi, mövcud vəziyyəti və xalçaçılıq ənənələrindən danışıb. Ə.Qaflanoğlu qeyd edib ki, tat yaşayan ərazilərdə müəyyən sosial problemlər var, amma bunlar zaman-zaman həll olunur:
“Azərbaycanın əksər bölgələrində, hətta Dərbənd, Gürcüstan və Ermənistanda da tatlar yaşayırlar. İstər birinci Qarabağ müharibəsi, istərsə də ikinci Qarabağ savaşı zamanı, tatlardan olan şəhid və qəhrəmanları olub. Bundan başqa, tat milli kimlikli generallarımız da Azərbaycan dövlətinə şərəflə xidmət edirlər”.
Ə.Qaflanoğlu əlavə edib ki, Azərbaycan mədəniyyəti və incəsənətinə töhfə verən çox sayda tat olub. O, tatların zəngin sənətkarlıq nümunələri və xüsusən də tat xalçalarında bəhs edib:
“1917-ci il Quba qəzasının 111 kəndinin 97-də 39997 nəfər xalçaçılıqla məşğul olub. “Çiçi” xalçaları dünyanın müxtəlif ölkələrinin muzeylərində sərgilənir. Biz buna misal olaraq Amerika və Fransanı göstərə bilərik”.
Görüşdə çıxış edən Azəri-Tat Mədəniyyət Mərkəzinin rəhbəri Elman Əhmədov tatların yaşadığı dağ kəndlərində bir sıra problemlərin olduğunu bildirib:
“Hazırda kəndlərimizdə su və yol problemi var. Su problemi ilə bağlı 3- 4 ildir aidiyyatı qurumlara dəfələrlə müraciət etməyimizə baxmayaraq nəticə yoxdur. Deyirlər ki, kənd çox olduğuna görə, tələbat da çoxdur. Yol da ki, bərbad gündədir. Biz kəndlərimizə gəlmək üçün 50-60 km yolu uzatmaq məcburiyyətindəyik”.
Moskvada yaşayan və hazırda Azərbaycanda səfərdə olan Aqşin Kişiyev tat olmasına baxmayaraq ana dilində danışa bilməməsindən təəssüfləndiyini bildirib:
“Sovet dövründə məktəbdə tat olduğumuzu deməyə utanırdıq ki, uşaqlar bizə güləcəklər. Halbuki sinfimizin əksəriyyəti tat idi”.
Səbətlər kənd sakini Aybəniz Quliyeva Çiçi kəndində doğulduğunu tat dilini də nənəsindən öyrəndiyini bildirib:
“Əlbəttə, təkcə tat dilini deyil, nənəmdən həm də xalça toxumağı öyrənmişəm. Nənəmin toxuduğu xalçalar indi tarix muzeyində qorunur. Çox istərdik ki, bu sənəti qoruyub saxlamağımız üçün bizə dövlət dəstəyi göstərilsin”.
Digər kənd sakini Təravət Sultanova da müəyyən yerin olacağı təqdirdə yenidən xalça toxumaq istədiyini və gənclərə də öyrədə biləcəyini bildirib.
Qeyd edək ki, görüş iştirakçılarına azərbaycançılıqla bağlı bukletlər və Niyaz Niftiyevin müəllifi olduğu “Mətbuatda multikulturalizm” kitab hədiyyə olunub.