AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


29.06.2024  15:23 

Qrizlar: keçmişdən bu günə





A+  A-

Azərbaycanda yaşayan xalqlardan biri də qrızlardır. Sərt təbii-iqlim şəraiti, təsərrüfat üçün torpaqların çatışmazlığı qrızların müəyyən hissəsinin düzənlik ərazilərə köçməsini əsrlər boyu şərtləndirib. Belə köçmələrin nəticəsi olaraq Quba, Xaçmaz, İsmayıllı rayonlarının ərazisində qrızların məskən saldığı Qrız Dəhnə, Əhmədoba, Palçıqoba, Çinartala və digər kəndlərin əsası qoyulub. Hələ İkinci Dünya müharibəsi illərinə qədər Qrızda 770-dən artıq ev olub. Burada əhalinin sıx yaşaması insanları bir çox çətinliklərlə üz-üzə qoyub. Sıx yaşamaq kənd camaatını məcbur edib ki, qırızlılar sıldırım qayaların başında ev tiksin, hər yerdə əkin-biçinlə məşğul olsun. Böyük Vətən müharibəsi dövründə Qrızda yaşamaq nəinki çətinləşib, hətta mümkünsüz olub. Buna görə də sıx olan evlər seyrəlməyə başlayıb. Kənddə neçə-neçə yurd boş qalıb. Vaxtilə 6 məhəllədən ibarət olan Qrız bu günkü vəziyyətinə gəlib çıxıb: 30-35 ev.

İgid qrızlı deyimi haradan qaynaqlanır?

Akademik Z.Bünyadov qeyd edir ki, qrızlar özlərini ciqb adlandırırdılar. Belə nəticəyə gəlmək olar ki, bu gün qrızlara igid qrızlı deyilməsi bununla bağlıdır. Çünki ciqb-ceqit türk sözünün bir variantıdır. Azərbaycanın şimalında orta əsrlər dövründə mövcud olmuş ən qüdrətli feodal dövləti olan Şirvanşahlar dövlətinin həm siyasi, eyni zamanda mədəni həyatında fəal rol oynayan qrızlar da az olmamışdır. Lakin Çar Rusiyası və onun davamçısı olan sovet rus ordusunun qısqanc münasibəti nəticəsində tariximizin öyrənilməmiş məqamlarının qalması bir çox tarixi həqiqətlərin üzə çıxarılmasına mane olmuşdur.

Azərbaycanda yaşayan digər xalqlar kimi qrızlar da Azərbaycan torpaqlarının müdafiəsi uğrunda erməni qəsbkarlarına qarşı mübarizəyə qalxıb, bu yolda qan töküb ölməyi özlərinə şərəf biliblər. Belə qeyrətli övladlardan biri də Qrız-Dəhnə kəndinin 19 yaşlı şəhidi Habil Qəmbərovdur.

Qrızların Cümhuriyyət sevgisi

1918-ci il may ayının 28-də bütün bəşəri prinsipləri əsas tutaraq yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması XIX əsrdə itirilmiş milli dövlətçiliyi bərpa etdi. Bu əlamətdar hadisə vətənimizin hər yerində, o cümlədən Qrız kəndində də böyük sevinc və coşquya səbəb olmuşdur. 1918-ci il dekabr ayının 7-də AXC-nin parlamentinin açılışı münasibəti ilə Qrız kəndindən təbrik teleqramı göndərilmişdir.

Tarixçi-tədqiqatçı M.Rüstəmbəyli özünün "Çarpışan qüvvələr” kitabında yazır:

"Qəzanın (Quba qəzası) Qrız kəndinin varlı adamları noyabrın 24-də bütün camaat adından parlamentə təbrik teleqramı göndərərək möhkəm dövlət hakimiyyətinin yaradılmasına ümid bəslədiklərini bildirirdilər.”

Qeyd edək ki, bu məlumat "Azərbaycan” qəzetində (1918-ci il 7 dekabr, N54) təsdiq olunur.

Qrız dili

Qrız dilinə ən yaxın dil buduq dilidir. Həmçinin Qrız dilində yaxın Qrız-Dəhnə, Cek, Əlik, Haput və Yergüc kəndlərində də danışılır. Bu kəndlərdə danışılan Qrız dilinin ləhcələri o qədər fərqlənir ki, bəzi alimlərin fikrincə, onları ayrı bir dil kimi götürmək olar. Lakin linqvist və alimlərin böyük əksəriyyəti bu dili Qrız dilinin ləhcələri kimi qəbul ediblər. Ən son araşdırmalar zamanı da Grimes (2000-ci ildə) bu dilləri Qrız dilinin dialektləri kimi qeyd edib. Qrız, Cek, Haput, Əlik, Buduq, Yergüc dillərinin leksikası, morfologiyası, sintaksisi, xüsusən sonsuzluğa qədər əşyaların cinsini bildirmək üçün meyar olan say sistemi, qohumluq bildirən sözlər demək olar ki, eynidir.



Qrız kəndində hamı iki dildə danışa bilir - Azərbaycan və Qrız dilində. Qrız dilini unutmamaq üçün bütün qrızlılar öz dillərində ünsiyyət qurur, uşaqlarını bu dildə dindirirlər. Ancaq yerli əhalinin dediyinə görə, başqa rayonlarda yaşayan qrızlılar öz ana dillərini qoruyub saxlaya bilməyiblər. Çünki bu dilin özünəməxsus xüsusiyyətləri çoxdur.

Gənc fransız tədqiqatçılarından Jil Otye Fransanın Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda "Qrız dilinin şərhi. Azərbaycanın şimal-şərqində Qafqaz dillərinin tədqiqi” mövzusunda kurs işi müdafiə edib. O, Azərbaycana gələrək, Qrız dilini öyrənib.

Qrızlar tədqiqat obyekti kimi...

Zəngin və özünəməxsus etnik mədəniyyətinə baxmayaraq, qrızlar bu günə kimi xüsusi etnoqrafik tədqiqat obyekti olmayıblar. Onlara aid ayrı-ayrı tədqiqatlar əsasən, bu xalqın dili və maddi-mədəniyyətinin bəzi aspektlərinə həsr edilib.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Etnososioloji tədqiqatlar şöbəsinin əməkdaşları Qrız kəndində də tədqiqat aparıb. İnstitutun Etnososioloji tədqiqatlar şöbəsinin müdiri, antropologiya üzrə elmlər doktoru, professor Əliağa Məmmədlinin başçılıq etdiyi ekspedisiyanın əsas məqsədi qrızların hazırkı etnomədəni vəziyyəti, etnik identikliyi, həmçinin qrız dilinin həmcins və polietnik mühitdə işlənmə dərəcəsinin öyrənilməsi olub.



Professor Ə.Məmmədli bildirib ki, Qrız kəndində etnoqrafik materialların yığılması zamanı əldə edilən məlumatlar onların öz qədim adət-ənənələrini bu günə kimi saxlamaları barədə ilkin nəticə çıxarmağa əsas verir:

"Tədqiqatlar zamanı müəyyən edilib ki, qrızlar İslamdan öncəki etiqadları, xüsusilə kəndin daxilində və ətrafında çoxsaylı pirləri, həmçinin alovla bağlı inancları hələ də qoruyub saxlayıblar. Bundan əlavə, qrızlarda xalçaçılıq sənətinin də yüksək səviyyədə inkişaf etdiyi müəyyənləşdirilib".

16 şagird yerlik modul tipli məktəb...

2021-ci il dekabrın 13-də Qubanın Qrız kəndində 20 şagird yerlik yeni modul tipli məktəb istifadəyə verilib. Dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşən Qrız kəndində istifadəyə verilən məktəbin kollektivi 16 şagird və 8 müəllimdən ibarətdir.
Kənddəki köhnə məktəb binası qəzalı vəziyyətə düşdüyündən tədris üçün yararsız idi.



Qeyd edək ki, modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddətdə istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.

"Qrız və qrızlılar haqqında" yeni kitab çap olunub. Kitabın müəllifi İsrafil Hümbətovdur. Kitab həm Azərbaycan, həm də qrız dillərindədir.

Qrız etiqadı – məscid və pirlər...

Sovet dövrünə qədər kənddə 7 məscid olub ki, onlardan 6-sı məhəlli, 1-i isə Cümə məscididir. Həftənin Cümə günləri namaz əhli məhəlli məscidlərdə deyil, bu böyük din ocağına toplaşardılar. Məscidin yaranması haqqında ətraflı məlumat qalmayıb. Deyilənə görə bu məscid Abumüslüm tərəfindən tikilib (980-cı ildə həlak olub).

Kəndin ərazisi kiçik olsa da, burda xeyli sayda inanc yerləri var. Hacı Muradağa piri öz möcüzəli rəvayəti ilə Qrıza gələnlərin diqqətini cəlb edir.

Belə ziyarətgahlar kənddə çoxdur. Bunlardan biri də qədim zamanlarda yeddi dəfə həccə gedib-gəlmiş Sabir qəbiristanlığıdır. Həmin adamın, o cümlədən onun yanında yeddi dəfə gedib-gəldiyi atı müsəlman adəti ilə kəfənləyib bu qəbiristanlıqda dəfn ediblər.

Etnik-dini baxımdan rəngarəngliyə malik olan bu yerlərin İslam dininə möhkəm bağlılığından soraq verən ən qədim məkanlar isə Əbu Müslim məscidləridir. Bu məscidlər dövrümüzə qədər tam şəkildə gəlib çatmasalar da, Qubanın ən qədim məscidləri olmaqla yanaşı, həm də Azərbaycan Respublikası ərazisindəki ən qədim məscidlər sırasındadırlar.



Tədqiqatçı Tərxan Paşazadə yazır ki, hazırda Quba rayonunun üç kəndində – Cek, Qrız və Xınalıq kəndlərində “Əbu Müslim” adlı məscidlər var ki, onların inşa olunma dövrü VIII əsrə - Əbu Müslimin hakimiyyəti illərinə və yaxud bir qədər ondan sonraya təsadüf edir. Ümumilikdə isə bu məscidlərin ilk tikilmə tarixinin Əbu Müslimin bu ərazilərə ilk gəldiyi illər - 740-cı illər olduğunu qəbul etmək olar:

“Bəs kimdir Əbu Müslim? Bəzi mənbələrdə 700, bəzi mənbələrdə isə 718-ci ildə indiki Əfqanıstanın Bəlx şəhərində anadan olduğu qeyd edilən Əbu Müslimin Əməvilər xilafətinin xəlifəsi əl-Validin qardaşı olduğu bildirilir. Abbasilər xilafətinin banisi Abbasın da məşhur sərkərdəsi olmuş Əbu Müslim əl-Xorasani VIII əsrdə Şirvanı və Dağıstanı işğal edərək İslamı yaymış, Azərbaycanın hakimi olmuşdur. Ehtimal olunur ki, Dağıstan xalqlarının bəzilərinin islamlaşması da məhz onun adı ilə bağlıdır. Çox güman ki, ceklilər, qrızlılar və xınalıqlılar da, həmçinin digər Şahdağ xalqları da Əbu Müslimin zamanında İslam dinini qəbul etmişlər”.

Hər üç məscidin tarixən tikildiyi ərazidə müşahidə apardıqda, onların necə möhtəşəm memarlıq abidələri olduğunu görmək mümkündür. Bu məscidlərin ətrafında geniş elmi-arxeoloji və memarlıq tədqiqatlarının aparılması çox vacibdir. Əgər onlar tədqiq edilərsə, Azərbaycanda İslam memarlığının, eyni zamanda milli memarlığımızın bir sıra nüansları işıq üzünə çıxa bilər. Tarixin sınaqlarından dəfələrlə üzüağ çıxmış bu məscidlər təəssüf ki, Sovet hakimiyyəti dövründə təyinatı üzrə istifadə olunmamış, ya dağıdılmış, ya da baxımsız vəziyyətə düşmüşlər.

Qrız kəndindəki eyniadlı məscidin mövcud vəziyyəti daha ağırdır. Ciddi dağıntılara məruz qalması səbəbindən Qrız kəndindəki Əbu Müslim məscidi hal-hazırda istifadəyə tamamilə yararsız vəziyyətdədir. Məscidin bərpa olunması və tarixi abidə kimi qorunması üçün müvafiq qurumlara müraciətlər edilsə də, hələlik bu istiqamətdə heç bir ciddi irəliləyiş yoxdur.

Tədqiqatçı Tərxan Paşazadə qeyd edir ki, bir neçə il öncə isə dövlət tərəfindən əsaslı şəkildə təmir olunub:

“Hazırda məscidin istifadəyə yararlı olan sahəsi 340 kvadratmetr, tutumu isə 340 nəfərlikdir. Kənd camaatı orada cümə namazlarını qılır: həmçinin, kəndə gələn yerli və xarici müsəlman turistlər də bu məscidi ziyarət edərək, burada yerli sakinlərlə birlikdə namaz qılırlar. Lakin bu məscid yalnız kişilər üçündür və qadınların namaz qılması üçün orada yer yoxdur”.

Qrız camaatı Qurban, Orucluq bayramlarında bura ziyarətə gəlib, hərə özü ilə bir şey gətirib burada bölüşdürürlər. Bu ənənə indinin özündə də davam edir.

Qrızların məşğuliyyəti – Xalçaçılıq

Əsrlər boyu bu kənddə yaşayan əhali natural təsərrüfatla da məşğul olub. Bundan başqa Qrızda geniş vüsət alan heyvandarlıq bu sahə ilə bağlı olan sənətlərin inkişafına şərait yaradıb. Belə ki, məşğuliyyət növləri arasında qoyunçuluğun geniş yayılması xalçaçılığın da inkişafına səbəb olub. Xalçaçılığın ən qədim növlərindən sayılan “Səlim ağacları” çeşnisi yalnız bu kəndin adı ilə bağlıdır. Kənd əhalisinin gündəlik həyatında digər məşğuliyyət növlərinin də rolu az deyil.

Qrız camaatı əkinçiliklə, yəni kartof əkmək, ot çalmaq, heyvandarlıqla təsərrüfatı ilə məşğuldurlar. Bu yerlərdə hava çatışmazlığı olduğu üçün ağac bitmir, torpaq daş tərkibli olduğu üçün ağac kök ata bilmir. Bir sözlə burda ağac yetişdirmək də çox çətindir, yalnız kol əkilir. Ağac çiçək açdığı vaxt isə hava soyuq olur, həmin çiçəklər tökülür və ağac bar gətirmir.

Qrızlıların dediyinə görə, buralarda heç sovetlər dövründə də maye qaz olmayıb. Bu yerlərdə ağac bitmədiyinə görə, yanacaq kimi heyvanların peyinindən istifadə edirlər. Ona görə də əhali üçün iribuynuzlu heyvanların əhəmiyyəti təsərrüfatda nə qədərdirsə, məişət işlərində də bir o qədər çoxdur.

Bu gün qrızların digər dağlıq bölgədə yaşayan əhali kimi yol, işsizlik, su problemləri var.

Həsən Hüseynov
Bu yazı “Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda birgəyaşayış: Azsaylı xalqların sosial-mədəni dəyərlərinin təbliği istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanıb.





Xəbər 25270 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +