31.05.2017 09:26
Bank sektorunda nə baş verir? - İkinci dalğa
Manatın devalvasiyasından və bir sıra bankların ardıcıl bağlanmasından sonra Azərbaycanda banklara olan inam nisbətən azaldı, bu sektorda tənəzzül başladı. Bu yaxınlarda Azərbaycan Beynəlxalq Bankdakı (ABB) vəziyyət və Maliyyə Bazarlarına Nəzarət Palatasının daha 5 bankı nəzarətə götürməsi ilə bağlı açıqlamalardan sonra bank sektorunun gələcəyi ilə bağlı məsələ yenidən və daha ciddi şəkildə gündəmə gəlib.
Ölkədə bank sektorundakı proseslər bundan sonra necə cərəyan edəcək? Yaxın gələcəkdə başqa bankların da bağlanması ehtimalı varmı? Bank sektorundakı proseslər əhaliyə, biznesə, ümumən iqtisadi proseslərə necə təsir edəcək?
XəzərNews.az xəbər verir ki, Milli.Az-ın bu suallarına aydınlıq gətirən istisadçı-ekspert Pərviz Heydərov bildirib ki, bank sektorunda mövcud olan problemlər, əslində, həll olunmamış qalır. Sadəcə, ümumi iqtisadi atmosfer nisbətən sabitləşdiyindən sektordakı böhranlı vəziyyət "kəskinliyini və şiddətini" hiss olunacaq dərəcədə azaldıb:
"Bu ilin I rübü mənfəətlə başa vurulub. Belə ki, 2017-ci ilin aprel ayının 1-nə olan məlumata görə, bank sektorunun xalis mənfəəti 123,4 milyon manat təşkil edib. Ötən il isə 1 milyard 667,6 milyon manatla zərərlə yekunlaşmışdı. Ancaq bu, çox kövrək nəticədir. Əgər manatın ucuzlaşması prosesi davam etsəydi, təsəvvür etmək belə çətindir ki, hazırda banklar nə vəziyyətdə olardı".
Ekspertin fikrincə, ümumiyyətlə, ölkəmizin bank sektorunda problemlər hələ illər öncədən də mövcud idi: "İstehlak kreditlərinin necə gəldi paylanması, xarici maliyyə qurumlarının səxavətli olmasından böyük zövqlə və həvəslə yararlanlmaq və s. amillər sistemi çoxdan uçuruma aparırdı. 2012-ci ildən etibarən, bütün bunlar artıq narahatlıq doğurmağa, ciddi nəzarət tədbirləri görmək lazım gəldiyi haqda danışılmağa və ölkədə istehlak kreditlərinin verilməsinə dair şərtlərin sərtləşdirilməsinin zəruri olduğu vurğulanmağa başlanmışdı. Amma artıq gec idi...
Düzdür, bankların nizamnamə kapitallarını tədricən artırmağa, kreditləşdirməni sərtləşdirilməyə və s. tədbirlərə start verildi. Mərkəzi Bank (AMB) tərəfindən ölkədə fəaliyyət göstərən banklar qarşısında 2014-cü ilin əvvəlindən istehlak kreditlərinin verilməsi prosedurunun məhdudlaşdırılması haqda tələbi, habelə onların nizamnamə kapitalları həcminin 10 milyon manatdan 50 milyona qaldırılması barədə əvvəlcə (2012-ci ilin iyul ayının 25-də verilən qərara əsasən) 2014-cü ilin əvvəlinədək, sonra isə 1 il uzadılaraq 2015-ci ilin yanvarın 1-dək uzadılması qərarlarını xatırlamaq kifayətdir.
Ancaq neftin qiymətinin 2014-cü ilin iyununda düşməyə başlaması "yaranın üstünü" tez açdı və birinci də, təbii olaraq məhz, ABB üzrə mövcud "biabırçı" vəziyyət üzə çıxdı.
Yeri gəlmişkən, neftin qiyməti düşəndən sonra bank sektorunda yaranan yeni situasiya ilə əlaqədar AMB bir ara istədi ki, sərt addımlar atsın. Belə ki, 2015-ci il dekabrın 21-də 2-ci devalvasiyadan sonra bir sıra bankların lisenziyalarının alınması, o cümlədən bəzilərinin birləşdirilməsi üçün cəhdlər edildi. Lakin bu cür tədbirlər effektsizliyə məhkum idi. Bunu, əslində, 1-ci devalvasiyadan əvvəl etmək lazım idi. Belə ki, AMB-nin nizamnamə kapitalına qoyulan tələbi artırmaq, istehlak kreditlərinin verilməsi şərtlərini məhdudlaşdırmaq kimi dolayı tədbirlərinə neftin qiyməti baha olanda nail olmaq lazım idi. Odur ki, bunların heç biri alınmadı. Əslində, bir sıra tədbirləri həyata keçirtmək üçün 1-ci devalvasiyadan sonra da gec deyildi. Ancaq təəssüf ki, AMB tamamilə əks mövqe tutdu və ölkədə devalvasiya tədbirlərindən sonra fəaliyyət göstərən kommersiya bankları daha güclü sığortalandı. Hazırda isə, əslində, bütün banklara güclü maliyyə dəstəyi tələb olunur".
İqtisadçı hesab edir ki, yaxın gələcəkdə bank sektorunda vəziyyətin yaxşılaşması gözlənilən deyil: "Məsələ bundadır ki, banklar bu gün kredit verə bilmirlər. Əvvəla, iqtisadi aktivlik yox dərəcəsindədir. İkincisi, real sektorda risk səviyyəsi yüksəkdir. Üçüncüsü, manata inam əvvəlki kimi deyil. Kredit vəsaitləri də ucuz başa gəlmir. Əhalidən 15 %-lə əmanət cəlb edən bank biznes kreditini neçə faizdən təklif etməlidir? Qeyd olunur ki, hazırda kapitalla bağlı problemi olan 5 bank xüsusi nəzarət altındadır, ilin ortasına qədər onlar kapitallaşma ilə bağlı problemi həll etməlidir. Keçən il 11 bank bağlandı. Bu il ikisi birləşdi. Bu gün ortada 31 bank fəaliyyət göstərir. Yerdə qalanların əksəriyyətinin kapital vəziyyətləri yaxşı görünsə də, kövrək xarakter daşıyır. Odur ki, ölkədə bank sektorunun sağlam vəziyyətə gəlməsi üçün hələ uzun vaxt tələb olunur".
Xəbər 1547 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|