10.08.2023 14:15
“Prezidentə dediklərimdə yaltaqlıq yoxdur” – Rasim Balayev
Prezident İlham Əliyevdən “İstiqlal” ordenini qəbul edən xalq artisti Rasim Balayevin ölkə başçısını Babəklə müqayisə etməsi sosial şəbəkələrdə onun tənqidinə səbəb olub. Belə ki, müxalif fəallar xalq artistini ziyalıya yaraşmayan sözlər deməkdə, Prezidentə yarınmaqda günahlandırıb.
Rasim Balayevin özü isə Gununsesi.info-ya müsahibəsində onu tənqid edənlərdən danışıb.
– Rasim müəllim, ölkə başçısının imzası ilə sizə verilən “İstiqlal ” ordenini həm də onun özünün əlindən qəbul etdiniz. Təəssüratlarınız necədir?
– Mən təşəkkür elədim Prezidentə. Çox böyük mükafat verib. Oradakı nitqimdə səmimi idim. Doğrudan ürəyimdən keçən səmimi sözləri dedim. Fürsətdən istifadə edib kinomuzun vəziyyətinə diqqətini çəkdim.
Bildirdim ki, bu günləri Azərbaycan kinosu o qədər də yaxşı vəziyyətdə deyil. Amma biz borcluyuq ki, yeni filmlər çəkək. Çünki, biz böyük qələbə qazanmışıq, bunları ekrana gətirib çıxara bilməmişik.
– Prezident təşəbbüsünüzü dəstəklədimi?
– Təbii ki, dəstəklədi. Çox ürəyindən oldu. Bu qədər bizim şəhidlərimiz olub, qəhrəmanlarımız olub. Bunları ekrana gətirmək lazımdır. Bizdən sonra gələn nəsillərə örnək olaraq kino vasitəsi ilə təqdim etmək lazımdır. Bu hamımızın borcudur. İnşallah, bu borcumuzdan çıxmaq istəyirik.
– Rasim müəllim bu gün sosial şəbəkələrdə sizin prezidentə “Əsl Babək sizsiniz, biz onun obrazını oynayırıq” deməyiniz tənqidlərə səbəb oldu. Sizi Prezidentə yarınmaqda günahlandıranlara bir sözünüz varmı?
– Tənqid edənlər bilirsiniz necədir? Mən onlara belə də bir söz demirəm. Mənim ağlıma gəlmirdi ki, nə zamansa Qarabağı azad edəcəyik. Bu heç kimin, ordan qaçan, ordan çıxanın da ağlına gəlmirdi. Hamımız Qarabağdan əlimizi üzmüşdük. Bu adam getdi oranı aldı. Belə deyək də, mən sərkərdə kimi, baş komandan kimi dedim ki, elə bu günün Babəki sizsiniz. Burada yaltaqlıq yoxdur.
Ermənilər, ruslar nə qədər bizim yerimizi alıblar heç vaxt qaytarmayıb. Birinci adamdır ki, getdi, onların aldığı yerləri qaytardı. Mən belə simvolik mənada dedim ki, elə bu qəhrəman necə olur? Qəhrəman belə olur. Mən bunu yaltaqlıq mənasında yox, öz səmimiyyətimlə dedim. Mənim ağlıma gəlmirdi, mən dedim.
Bu gün camaatı ora köçürdür. Heç kimin ağlına gəlmirdi ki, mən Laçında olacam. Bu adam orda böyük işlər görür, hər günü oradadır. İndi o gedib hansısa bir yerdə, yaxşı sərin yerdə kef edə bilərdi, amma düşüb Qarabağ Qazax və s gedib gəzir. Bu camaata xoş gəlmir?
– Yeri gəlmişkən bəzi adamlar dedilər ki, Akif İslamzadənin də 75 yaşı oldu, amma o unuduldu. Çünki, zamanında o tənqidçi olub.
– Akif çox istedadlı adamdır. Özü də mənimlə bir ildə anadan olub, onun da 75 yaşı olur. Amma çox təəssüf ki, uzun müddətdir bu adamın səsi batdı, oxuya bilmir. Kaş ki, Akifin əgər səsi yerində olaydı. Düzdür, onsuz da qəlblərdə qalıb, oxuduqlarını verirlər və sevilir. Mən bilən Akifə qarşı elə bir pis bir münasibət yoxdur. Dedi-qodulara fikir vermək lazım deyil.
Xəbər 6695 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|