10.02.2023 12:16
İmamcümələr və Həqiqətpur Azərbaycana qarşı
Tehrandakı səfirliyimizə terror hücumundan sonra başlamış gərginliklə bağlı Azərbaycan dövlətinin, dövlət rəsmilərinin və dövlət başçısının ittiham olunması kampaniyasına azəri vilayətlərinin imamcümələri də cəlb olunub. Ərdəbil imamcüməsi Seyid Həsən Amili ötənhəftəki cümə xütbəsində şimali və cənubi azərbaycanlıları vahid xalq olduğunu, min illərlə birgə yaşadığını qeyd edib. Səfirlikdə baş verənləri qınasa da, bunu azərbaycanlıların şəxsi qeyrət duyğusundan irəli gələn hadisə kimi təqdim edib və Yasin Hüseynzadənin xanımının səfrilik vasitsilə qaçırıldığı haqda rəsmi təbliğatın yalan tezislərini təkrarlayıb.
Səfriliyə hücum hadisəsinin Azərbaycanda “İslam əleyhinə kampaniya” aparılmaq üçün bəhrələndiyini iddia edən imamcümə əlavə edib ki, bu, heç bir nətivə verməyəcək.
İslam əleyhinə kampaniyaya nümunə olaraq Azərbaycanda Şah İsmayıl irsinin təhrif olunduğunu, onun fotolarının alkoqol içkiləri butulkasında istifadə olunduğunu deyən Amili Şah İsmayılın milli yox, dini lider olduğunu bildirib. Yeri gəlmişkən, Şah İsmayıl irsinə hücumlar, onun bizə dəxli olmamasə haqda bizdəki “sübutetmə kampaniyaları” adətən İrandakı analoji kampaniyalarla qəribə şəkildə sinxron baş verir.
Təbriz imamcüməsi Seyid Məhəmməd Əli Al Haşiminin çıxışında özünübəraət, rəsmi Bakını ittiham tezisləri daha qabarıqdır. O deyib ki, “Azərbaycan Respublikası hökuməti silahlı hücuma tələsik reaksiya verdi, ilk növbədə bunun araşdırılması lazım idi, lakin bu ölkənin ali orqanları mövqe tutdular, hətta öz səfirliklərini təxliyə etməyə başladılar. Azərbaycan Respublikasının nəcib xalqının İran xalqının, xüsusən də öz Azərbaycanımızın qəlbində yeri var. Onlar ayrılmazdır; İki Azərbaycan xalqı, İran və Azərbaycan Respublikası bir-birindən ayrılmazdır, ümid edilir ki, bu iki müsəlman xalqı tezliklə bir yerdə olsun”. Bu sözlərlə xütbədə əslində Azərbaycan Respublikasına növbəti dəfə ərazi iddiası səsləndirib. Nədənsə seyid nəcabətli imamcümə tələm- tələsik, istintaq aparmadan öz versiyasını təqdim edən və bu tələsik , əvvəlcədən hazırlanmış versiyanı zorla sırmaqda israr edən tərəfin Azərbaycan yox, Tehran Respublikası olduğunu, özünün də bu israra töhfə verdiyini “unudur”. Bizdə hər iki imacümənin vahid xalq haqda dediklərinə dərhal sevinclə reaksiya verənlər xütbələrin əsas məqamlarının üstündən sükutla keçirlər.
Yalnız vilayət dini liderləri yox, kiçik şəhərlərin axundları da kampaniya üçün səfərbər olunublar. Biləsuvar imamcüməsi Cabir Əzizi və Caharbürc (Qərbi Azərbaycan vilayətində şəhər) imamcüməsi Əsgər Cəlali də çıxışlarında Azərbaycanın mövqeyini tənqid etmiş, dövlətimizi “uzurpator sionist rejimi ilə əməkdşalığa görə” ittiham etmişlər.
Astara imacüməsi höccətülislam Məhəmməd Cavad Baqeri Urumi də də kampaniya öz töhfəsini verib. Xomeyniçi oxlokratik çevrilişin(Tehran Respublikasında bu hadisəyə “islam inqilabı” deyilir) gətirdiyi “böyük nailiyyətlər”dən , “pis Pəhləvilər və yanklilər” haqda ənənəvi zoğallamadan sonra əsas mətləbə keçib: “Qacar və Pəhləvi dövrlərində iranın düşmənləri İranı zəiflətmək üüçün Qafqazı bizdən ayrıdlar. Azərbaycan Respubliaksının bizə qarşı mövqeyi bu siyasətin davamıdır”. Daha sonra yoldaş- həzrət Urumi səfriliyə hücum haqda digər imamcümələrə Tehrandan göndərilmiş əsas tezisləri təkrarlayıb, “Azərbaycanın sehyonist rejimlə əlaqələrinin genişlənməsini” tənqid edib.
Xarici siyasət üzrə ekspert, parlamentin sabiq üzvü Mənsur Həqiqətpur isə Al Haşimin fikirlərini daha çılpaq ifadə edib. “İlham Əliyev bu vəziyyətlə bağlı əks fikirdədir və hesab edir ki, İranla oynamaq gücündədir... hərəkətləri və bu hadisənin mediada açıq şəkildə terror aktı adlandırıb və eyni bəhanə ilə Tehrandakı səfirliyini bağlayıb, lakin Təbrizdəki konsulluğunu saxlayıb.” O Şahçıraq terrorunda Azərbaycanı ittiham edərək Təbrizdəki konsulluğun casusluq məqsədilə saxlandığını iddia edib. Onun ididalrında əsas vurğular:
Antisəudiyyə vurğusu. Azərbaycan düşmənlərimiz və rəqiblərimiz üçün fitnə yuvasıdır. Bu gün Səudiyyə Ərəbistanı Azərbaycan Respublikasında vəhhabiliyi təbliğ edir və vəhhabi məscidi tikmək istəyir. Azərbaycanın İŞİD-ə silah ötürməsini Səudiyyə Ərəbistanının təşkil etdiyini unutmamışıq.
Antipakistan vurğusu.Pakistan bu gün Azərbaycan Respublikasında nə edir? Bakı ilə İslamabad eyni coğrafi ərazidə olmadığı halda, hətta ümumi sərhədi belə olmayanda onların arasında hansı ümumi maraqlar ola bilər?
Antisirail vurğusu.Sionist rejim Azərbaycan Respublikasında nə istəsə onu edir. 2013-cü ildə İsrail Natanza hücum etmək üçün Azərbaycan Respublikasındakı Selian kazarmasından pilotsuz uçan aparat atdı, lakin müdafiə qüvvələrimiz pilotsuz uçan aparatı taparaq məhv etdi.
Rəisi hökumətinin tənqidi.Azərbaycanın “anti-İran mövqeləri” ilə bağlı ölkənin diplomatik aparatının fəaliyyətsizliyini tənqid edən Həqiqətpur deyib: “Bu hərəkətsizlik İlham Əliyevi ilhamlandırdı... Azərbaycan İranın Avropa ilə əlaqəsini kəsməyi planlaşdırırdı, lakin Ali Rəhbər bunun qarşısını aldı. Təəssüf ki, prezidentimiz və Xarici İşlər Nazirliyi etinasızlıq nümayiş etdirir və biz gözləyirik ki, bu hərəkətsizlikdən çıxıb Bakının anti-İran hərəkətlərinə sərt reaksiya göstərsinlər.”
İran casuslarına təlimat .Bundan sonra isə o, Azərbaycandakıl İran casuslarına çağırış edib: “Əgər bu baş verməsə, o zaman bölgədəki Hizbullah xalqının ayağa qalxaraq bütün pantürk zibilləri Araz çayına tökməsi mümkündür.”
P.S. Bu gün cümədir, güman ki, yeni belə antiazərbaycan xütbələr oxunacaq.
Cəmaləddin Quliyev
Xəbər 1021 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|