Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


16.11.2022  19:02 

“Qanunsuz balıq ovuna qarşı mübarizə gücləndirilməlidir”





A+  A-

Qloballaşan Dünyaya İnteqrasiya İctmai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi” layihəsini həyata keçirir. Bu müsahibə layihə çərçivəsində təqdim edilir.

Təbii sərvətlərin mühüm tərkib hissəsini bioloji müxtəliflik təşkil edir. Bioloji müxtəliflik bütün yaşayış mühitlərində, o cümlədən quruda, dənizdə və digər su ekosistemləri və ekoloji komplekslər də daxil olmaqla, bütün canlı orqanizmlərin növ müxtəlifliyi deməkdir. Buna görə Birləşmiş Millətlər Təskilatı biomüxtəliflik anlayışı haqqında məlumatların daha geniş ictimaiyyətə təqdim edilməsi üçün hər il may ayının 22-ni beynəlxalq Biomüxtəliflik günü elan edib. Bioloji müxtəlifliyinə görə Azərbaycan dünyada özünəməxsus yerlərdən birini tutur. Ancaq bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də biomüxtəlifliyin pozulmasına təsir edən amillər var.

Müsahibimiz “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərlidir:

- Bu gün biomüxtəlifliyin azalmasında əsas səbəb kimi iqlim dəyişikliyi göstərilir. Doğrudanmı bu sahədə mövcud problemlərin əsasında yalnız iqlim dayanır?

- Biomüxtəlifliyin, yəni, heyvan və ya bitki növlərinin azalması, nəsillərinin kəsilməsi xeyli dərəcədə qlobal iqlim dəyişikliyi ilə bağlıdır. Hazırkı qlobal müxtəliflik itkisi nisbəti əvvəlkindən 100 dəfələrlə daha yüksəkdir və növbəti illərdə daha da yüksələcəyi güman edilir. Lakin heyvan və ya bitki növlərinin azalması, bəzi hallarda nəslinin kəsilməsi həm də insan fəaliyyətinin nəticəsidir. Son zamanlar planetimizdə antropogen fəaliyyət nəticəsində ekosistemlər deqradasiyaya uğrayıb, bir çox fauna növləri isə məhv olub və ya onların sayı kəskin surətdə azalıb. Bioloji müxtəlifliyin belə sürətli itkisi Yer kürəsini və bütövlükdə canlı aləmi ciddi təhlükədə qoymaqla, qlobal faciəyə səbəb ola bilər. Yer kürəsində bioloji müxtəlifliyi beynəlxalq əməkdaşlıq yolu ilə xilas etmək məqsədi ilə 1992-ci ilin iyun ayında Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş “Yer kürəsi” sammitində Birləşmiş Millətlər Təşkilatının "Bioloji müxtəliflik haqqında" Konvensiyası imzalanıb. Azərbaycan Respublikası 2000-ci il 14 mart tarixində bu Konvensiyaya qoşulub. “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı” təsdiq edilib.

- Xəzərdə flora və faunanın azalmasında hansı amillər üstünlük təşkil edir?

- Xəzər dənizində flora və faunanın azalmasının əsas səbəbi ekoloji çirklənmə və qlobal iqlim dəyişikliyi, o cümlədən subyektiv amillərdən doğan çay sularının azalmasıdır. Son illər aparılan araşdırmalar göstərir ki, Xəzərin səviyyəsində kəskin dəyişmələr var. Araşdırmalara görə, 100 il əvvəl Xəzərin səviyyəsi 2 metr yüksək olub. XX əsrin 30-cu illərində səviyyə 1?5 metr enib, 1978-1995-ci illər arasında 2,7 metr yüksəlmə baş verib. 2005-ci ildən başlayaraq isə ildə səviyyə 10 santimetr enməkdədir. Ekspertlər bildirir ki, bu dəyişmə 25-30 il davam edərsə, Xəzərin Şimal-Şərq hissəsi Aral dənizinin aqibəti ilə üzləşə bilər. Coğrafi mövqeyinə və okeanlarla əlaqəsinin olmaması səbəbindən Xəzərin səviyyəsi qidalandığı çaylardan, yağıntılardan çox asılıdır. Balıqlar yazda kürü tökmək üçün çaylara üz tuturlar. Lakin bu gün o çaylar müxtəlif səbəblərdən quruyub. Kür çayının durumu göz önündədir. Cənubda Lənkərançay, Qumbaşıçay, Viləşçay dənizə gəlib çatmır. Çayların quruması qlobal iqlim dəyişikliyi ilə əlaqədardır. Amma eyni zamanda, insan amili də şirin su mənbələrinin qurumasına səbəb olur. Nasoslar vasitəsilə çaylardan su çəkilir, təsərrüfatlara sərf olunur. Bu da çaylarda suyun kəskin azalmasına gətirib çıxarır. Yəni təkcə qlobal iqlim dəyişikliyi əsas səbəb deyil. Planetimizdə insanların sayı artıb. Bu qədər insanın qidalanması üçün kənd təsərrüfatı sahələri artmalıdır. Kənd təsərrüfatı sahələrinin böyüməsi meşələrin, otlaq sahələrinin hesabına baş verir. Eyni zamanda artan təsərrüfat sahələrinin suvarılması məsələsi gündəliyə gəlir. Çayların suyu çəkilir, bu da su hövzələrində faunanın inkişafına təsir edir. Xəzər dənizində flora və faunanın azalmasına səbəb olan amillər sırasına qanunsuz balıq ovunu da aid edə bilərik. Bu gün çaylarda suyun azalması, dənizin çirklənməsi, ekoloji tarazlığın pozulması, qanunsuz balıq ovu və digər amillər Xəzər dənizində balıq növlərinin nəslinin kəsilməsinə səbəb olub. İş o yerə çatıb ki, artıq bazarda Xəzər balığı tapmaq mümkün deyil. Bazara çıxarılan balığın əksəriyyəti təsərrüfat üsulu ilə yetişdirilir. El dilində desək “göl balığı”dır. Yəni süni artırılma yolu ilə yetişdirilir. Ya da xarici ölkərdən, İrandan, Rusiyadan gətirilir. Təsərrüfat üsulu ilə yetişdirilən balıq bazarın əksəriyyətini təşkil edilir. Bakıda yerli məhsullar Naxçıvandan gətirilən “Xanı”, “Farel”, şimaldan gətirilən “Belomor”, cənub bölgəsindən gətirilən “Sazan” balıqlarıdır.

- Bu gün qanunsuz balıq ovuna qarşı mübarizə yetərlidirmi? Bir sıra balıqların nəsli kəsilmək üzrə olsa da küçə ticarətində belə, istənilən balıqlara rast gəlinir. Bu problemi necə həll etmək olar?

- Xəzərdən bazara çıxarılan balıq və balıq məhsulları azalıb, amma bazarı təmin etmək lazımdır. Rusiyanın Həştərxan vilayətindən, İrandan Azərbaycan bazarına balıq və balıq məhsulları gətirilir. Daxili bazarı təmin etmək üçün balıqyetişdirmə təsərrüfatları fəaliyyət göstərir. Balıq məhsulları yüksək risk qrupuna daxil olan qida məhsulu sayılır. O üzdən balıq və balıq məhsullarının ovlanması, saxlanması və daşınması zamanı qaydalara ciddi riayət olunmalıdır. Küçədə balıq satışı tənzimlənməlidir. Bəzən Bakıda insanların gediş-gəlişi çox olan yerlərdə, metro çıxışlarında balıq və balıq məshullarının satışına rast gəlirik. Səyyar küçə satıcıları balıqları bəzən altına karton, sellofan qoyub asfalt üstünə düzürlər. Təbii ki bu, doğru deyil. Balıq və balıq məhsullarının satışı üçün xüsusi yerlər ayrılmalıdır. Balıq xüsusi yerlərdə saxlanmalıdır. Xüsusilə hisə verilmiş balıq məhsullarının hazırlanması və satışı bizdə durum bərbaddır. Bəzən dəniz sahilində yaşayan insanlar sanitar-epidemik qaydalara uyğun olmadan bu məhsulları hazırlayır və satışa çıxarırlar. Bu da çox zaman insanlarda zəhərlənmə hallarının yaranmasına gətirib çıxarır.

- Ümumiyyətlə, ölkədə bu istiqamətdə həyata keçirilən tədbirləri necə dəyərləndirirsiniz? Hansı tədbirlərin reallaşdırılmasını vacib hesab edirsiniz?

- Qanunsuz balıq ovuna qarşı mübarizə gücləndirilməlidir. Bəzən ov həvəskarları qaydalardan kənara çıxır, biomüxətlifliyin pozulmasına, ekomühitin korlanmasına səbəb olan üsullardan istifadə edirlər. Bu məsələyə nəzarət gücləndirilməli, qaydaları pozanlara qarşı kimliyindən asılı olmayaraq sərt cəzalar, cərimələr tətbiq edilməlidir. Səyyar balıq satışına Qida Təhlükəsizliyi Agentliyi nəzarət etmir. Bu, hüquq-mühafizə orqanlarının səlahiyyətindədir. Vətəndaşların müraciəti əsasında AQTA hüquq-mühafizə orqanları ilə birgə monitorinqlər keçirir və qanunsuz satışla məşğul olanlar cərimələnir. Fikrimcə, bu məsələdə vətəndaşlar da diqqətli və məsuliyyətli olmalıdır. İstehlakçı öz hüququnu bilməlidir. İnsan orqanizminə zərərli olan qida məhsulları ilə bağlı televiziyalarda, sosial şəbəkələrdə çoxsaylı sosial çarxlar, maarifləndirici məlumatlar var. İstehlakçı nə aldığını bilməli, satıcıdan keyfiyyətli məhsul tələb etməlidir. Biz nə qədər diqqətli və məsuliyyətli olacağıqsa, satıcı da ona uyğun davranacaq./1news.az



Xəbər 1024 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +